Başımızı və şəhərimizi eyvanlardan atılan “daş”dan necə qoruyaq?

"Bakıda binadan avtomobilin
üzərinə paltaryuyan maşın atıblar. Hadisə Nəsimi rayonu ərazisində, "Moskva”
univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8-ci
mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS”
markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə
düşüb”. Saytlarda yer alan bu informasiya əslində hər birimizin gündəlik
müşahidə etdiyimiz və nə qədər şikayətlənsək də həllini tapmayan durumu yenidən gündəmə gətirdi. Hadisə
həmçinin insanlarımızın yaşadıqları ərazilərdə, ictimai yerlərdə birgəyaşayış
qaydalarını kobudluqla pozmalarını bir daha sərgilədi.
Hər binanın
yanında nəzarətçi qoymağa imkan yoxdur
Təxminən iki həftə əvvəl sosial
şəbəkədə paylaşdığım status da oxşar mövzuda idi. Belə ki, Nizami rayonu, Tofiq
Abbasov 39A ünvanda "Azərsu”nun yarımçıq hasara aldığı su nasoslarının
yerləşdiyi ərazi sakinlər tərəfindən əsil zibilliyə çevrilib. Məişət
tullantılarını 100 metr kənarda yerləşən zibil qablarına atmağa ərinən sakinlər,
zibil bağlamalarını həmin ərazidə qalaqlayıblar. Hələ ağacların dibinə,
pilləkənlərin üstünə, qonşunun qapısına zibil bağlamalarını atanlar da az
deyil. Bir sözlə, "təki zibil evimizdən çıxsın” düşüncəsi ilə yaşayan sakinlər
zibili hara gəldi atırlar. Məsələn, yuxarıdakı qonşu pilləkəni süpürüb
aşağıdakı pillələrə tökür. Və ya zibil bağlamalarını başqasının qapısının
ağzına qoyurlar. Siqaret kötüklərini, qutularını pillələrə səpə-səpə düşürlər. Körpələrin
pamperslərini də balkonlardan, evlərin pəncərələrindən aşağı tullayırlar. İş
ondadır ki, bunu azyaşlı uşaqlar deyil,
onlara tərbiyə verməli olan böyüklər edir. Baxmayaraq k, hündür mərtəbəli
binaların eyvanından küçəyə zibil atanlar üçün qanunvericilikdə 50 manat
dəyərində cərimə müəyyən olunub, ancaq insanlar öz vərdişlərindən əl çəkmirlər.
Xətai rayon, İlqar Zülfüqarov kücəsi 27/29-cu binanın sakini Azər
Nuriyev deyir ki, hətta kamera ola-ola liftin içərisinə belə zibillər
atılır: "Blokda pillələri düşəndə sakinlərin atdıqları siqaret kötükləri və
qutular, və s. məişət tullantıları ilə qarşılaşırsan. Valideynlər çox vaxt
zibili atmaq üçün uşaqlara verirlər. Onlar da əllərindəki bağlamanı ya həyətə,
ya küçəyə, ya da qonşunun qapısının ağzına atırlar. Həyətlərdəki binaların
divarlarına, hara gəldi zibil atanların ünvanına təhqiredici sözlər yazılsa da,
əhəmiyyət verən yoxdur”.
El arasında daha çox "JEK” kimi tanınan Mənzil
Kommunal İstismar Sahələri (MKİS) də məişət tullantılarının hara gəldi tullandığı
və sakinlərin şikayətləndiklərini etiraf edirlər. Nizami rayon 121 saylı MKİS-in əməkdaşı
Mədinə Abışova bizimlə söhbətində məişət tullantılarının hara gəldi
atılması ilə bağlı çalışdığı "JEK”-ə çoxlu şikayətlərin daxil olduğunu dedi:
"Sakinlər şikayət edərək qonşuların məişət tullantılarını zibil qablarına
deyil, ətraf ərazilərə atdığını deyirlər. "JEK” əməkdaşları şikayət əsasında
maraqlanır, əraziyə baş çəkirlər. Amma "JEK” nə edə bilər? Hər binanın yanında nəzarətçi qoymağa imkan
yoxdur. Bunu insanlar özləri düşünməlidir. Bütün binaların həyətində zibil
qabları yerləşdirilib və vaxtaşırı zibilin daşınması həyata keçirilir. İnsanlar
səliqə-sahmana və təmizliyə özləri riayət etməlidirlər”.
İnsanlar başa
düşmək istəmirlər ki...
Təəssüf ki, məişət tullantıları
ilə zibillənmə təkcə yaşayış binalarının ətrafında, həyətində və ya blokunda
baş vermir. Faktdan kənara çıxsaq, yayda istirahətə gedənlər təbiətə səxavətlə
öz "töhvə”lərini verməkdən çəkinmirlər: onların istirahətindən sonra dənizin
kənarında, meşədə və s. yerlərdə plastik butulkalar, qablar, ərzaq qalıqları
yadigar qalır. İnsanlar antisanitariyanı sanki qəsdən yayırlar. Ətraf aləmin
çirklənməsinin sağlamlığa nə qədər ziyanlı olduğunun fərqinə varan tapılmır.
Sürücülərin
avtomobili idarə edərkən maşının pəncərəsindən küçəyə zibil tullamaları isə ətraf
aləmin çirklənməsinə ayrıca "hədiyyə”dir. Yol polisinin bununla bağlı
sürücülərə müraciəti də olub: "Avtomobildə gedən sərnişinlər,
sürücülər bayıra siqaret kötüyü, kağız, cürbəcür əşyalar atırlar. Bəlkə heç
özləri də fikir vermirlər ki, belə hərəkətlər kənardan çox pis görünür. Bu, əsl
mədəniyyətsizlik göstəricisidir. İnsanlar başa düşmək istəmirlər ki, hər sürücü
küçəyə, yola bir siqaret kötüyü atsa, onda hansı mənzərə yaranar? Təəssüflər
olsun ki, belə sürücülər bir yox, minlərlə, yüz minlərlədir. Axı niyə zibillik
içində qalmalıyıq? İnsanın gərək daxili mədəniyyəti olsun. Bəzi insanlar var
ki, bu hərəkətlərə fikir vermirlər. Amma kənardan baxanda bu hərəkətlər ümumilikdə
millətimizə başucalığı gətirmir. Bu əməllər haradasa bizim mədəniyyət
səviyyəmizə mənfi təsir göstərir”. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi
Kamran Əliyevin bir müddət əvvəl səsləndirdiyi bu fikirlər bu gün üçün daha da
aktuallaşıb. K.Əliyev deyib ki, küçəyə zibil atan sürücüləri aşkar edib
cərimələmək bir qədər çətindir: "Bunu aşkar etmək üçün sürücü və ya sərnişin
yol patrul xidməti əməkdaşının qarşısında küçəyə nəsə atmalıdır, yaxud da, bunu
sübut edəcək video olmalıdır. Belə olduqda, İnzibati Xətalar Məcəlləsində
sürücüləri 40, sərnişinləri isə 30 manat cərimə etmək mümkündür. Amma yenə
deyirəm ki, bu halları aşkar etmək çətindir”. Bununla yanaşı, DYP rəsmisi
bildirib ki, əgər vətəndaşlar küçəyə zibil atan sürücü və sərnişinlərin
foto-videosunu yol polisinə təqdim edərlərsə, həmin xəta ilə bağlı tədbir
görülə bilər: "Əgər kimdəsə belə foto və videolar varsa, çox xahiş edirik ki,
onları bizə təqdim etsinlər. Bundan əlavə, düşünürəm ki, belə sürücülərin
görüntülərini sosial şəbəkələrdə, ayrı-ayrı internet saytlarında,
kütləvi-informasiya vasitələrində yayıb ictimai qınağa cəlb etmək lazımdır.
Yəni, bu gün bəzilərinə 30-40 manat cəriməni ödəmək daha rahatdır. Amma
belələri istəyər ki, etdiyi hərəkəti, küçəyə zibil atmasını başqaları görməsin.
Belə insanların, sürücülərin, sərnişinlərin ən böyük cəzası ictimai qınağa cəlb
olunmaqdır. Qoy həmin şəxslər etdiyi hərəkətin
mədəniyyətsizlik olmasını dərk etsinlər”.
İnzibati
məsuliyyət, yoxsa ictimai qınaq?
Meşələrin, sahil zolağının,
küçələrin zibillənməsinə görə İnzibati Xətalar Məcəlləsində müəyyən qədər
cərimələr nəzərdə tutulmasına baxmayaraq, insanların ciblərinə zərər dəyməsi də
vəziyyəti yaxşılığa doğru dəyişdirmir.
Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəninsözlərinə görə, nəzərdə tutulmayan yerlərə zibil atılması inzibati məsuliyyət
yaradır. Buna görə də cərimələr tətbiq olunub. "Ancaq iri həcmli bir əşya evin
pəncərəsindən və ya balkonundan həyətə atılırsa və bundan kiminsə avtomobili
zərər çəkirsə, bu, inzibati məsuliyyətdən başqa, məhkəmə predmeti olan
məsələdir. Yəni dəymiş zərərin ödənilməsi üçün mülki qaydada iddia qaldırıla
bilər. Həmçinin maddi və mənəvi zərərin
dəyməsi məsələsi də ortaya qoyula bilər. Yəni maşın əzilən zaman sahibinin
keçirdiyi stress, ona dəymiş maddi və mənəvi zərər və s. məhkəmə predmeti ola
bilər. Məhkəmə qaydası ilə qərar qəbul edib həmin şəxsin cəzalandırılması
mümkündür”. Millət vəkili hesab edir ki, əgər avtomobili idarə edən şəxs
siqaretin kötüyünü küçəyə atırsa, bu, artıq mədəniyyət məsələsidir. Və ya
vətəndaş evindəki zibili 50 metr kənarda olan zibilqabına atmaqdansa,
qonşusunun qapısının ağzına atırsa, bu, mədəniyyətsizlikdir: "Həmçinin binanın
yuxarı mərtəbəsindən aşağı zibil atanlar da olur. Bu istiqamətdə maarifləndirici
işlər olmalı, təbliğat aparılmalıdır ki, valideynlər öz övladlarını
tərbiyələndirəndə bu kimi işlərdən çəkindirsinlər. Çünki ana və ya ata zibili
atarkən övlad görür və elə hesab edir ki, belə də olmalıdır. Təəssüf ki, bu cür
hallar bizdə çoxdur. Yol gedəndə insanların əllərindəki tullantıları küçəyə
atdığının şahidi olursan. Heç kəs başa düşmək istəmir ki, bu şəhər, bu küçə, bu
ölkə bizimdir. Biz bunun qayğısına qalmasaq, sabah gələn əcnəbidən nəyi tələb
edə bilərik? Bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının
tərəfdarıyam. Millət vəkili hesab edir ki, çox vaxt inzibati metodlarla
istənilən nəticəni əldə etmək olmur. Məsələn, yolu keçən piyadaların
cərimələnməsi nəzərdə tutulub. Ancaq nə qədər cərimələr olsa da, yenə də
insanlar bu qaydanı davam etdirirlər. Məktəblərdə də bu istiqamətdə təbliğatlar
aparılmalıdır ki, birgə yaşayış qaydalarının həyata keçirilməsi yolları
uşaqlara öyrədilsin. KİV də öz növbəsində bu məsələləri işıqlandırmalıdır».
Məişət tullantıları ilə ətrafın zibillənməsi
gerçəkdən özünə hörmət edən, mədəni səviyyəsini gözləyən və birgəyaşayış
qaydalarını yüksək tutan insanları narahat edir. Onlar hər gün üzləşdikləri
problemdən çıxış yolları arayırlar. Şikayət edirlər, gileylənirlər, müxtəlif
instansiyalara üz tuturlar. Ən böyük problem isə məsələnin heç bir instansiya tərəfindən
həllini tapa bilməməyidir. Problemi nə "JEK”lər, nə icra hakimiyyətləri, nə də
hüquq mühafizə orqanları həll edə bilmir, əksinə, get-gedə daha da pisləşir. Problem
insan faktorudur – inzibati məsuliyyəti, cərimələri, ictimai qınağı gözə
almayanlardır. Necə deyərlər, "qurunun oduna yaş da yanır...”
Təranə Məhərrəmova
