Azərbaycanın ilk qorxu filmindən bir hissə yayıldı - Fotolar - Video

Gənc və istedadlı rejissor
Elvin Abdullayevin rejissorluğu ilə Azərbaycan kino tarixində ilk qorxulu filmi
olan "Xənnas” çəkilib. Son bir həftədir ki, filmin bir hissəsi yayılıb. İlk
paylaşımdan filmin bu fraqmenti böyük marağa səbəb olub.
Filmin rejissoru Elvin
Abdullayev "Kaspi”yə açıqlamasında "Xənnas” filminin ideyası haqqında çoxdan
düşündüyünü və nəticədə belə bir film çəkmək qərarına gəldiyini dedi: "Azərbaycanın
kino sənayesində qorxu janrı yoxdur. Hətta heç sovet dövründə də çəkilməyib.
Əslində bu layihə ilə heç də bir ilkə imza atmaq kimi fikrimiz yox idi. Yeni
bir janr üzərində işləmək istəyirdik. Fərqli bir şey etmək istəyirdik. Çox
düşündük və belə qərara gəldik ki, madam, bizdə qorxu janrında film çəkilməyib,
bu janrda film çəkək”.
Sözügedən filmin mayın
əvvəli nümayişi gözlənilir. Rejissor deyir ki, demək olar ki, film hazırdır və
son dəyişikliklər edilir: "Çəkilişlər çox çətin şəraitdə keçdi. Təsəvvür edin
ki, qış ayları, Şəkidə dağın başında çəkilişlər aparmışıq. 48 gün gecələr
çəkilişlər etmişik. Oktyabr, noyabr aylarında gecə necə soyuq olduğunu təsəvvür
etmək mümkünsüzdür. Çəkiliş prosesi zamanı bir çox hadisələrlə rastlaşmışıq. Ancaq
heç bir çətinlik bizi fikrimizdən döndərməyib.
Özümüz də hiss etmədən Azərbaycan kino tarixində qorxu filminin tarixini yazdıq. Heç
bir şişirtməsiz, yalansız. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda qorxu
filminin imzasını biz atdıq”.
Rejissora "Bu filmdən
gözləntiləriniz nələrdir?”-deyə sualla müraciət etdik. Elvin Abdullayev deyir ki, film nümayiş
olunduqdan sonra tamaşaçıların reaksiyasını görmək istəyir: "Güman edirəm ki, o
zaman film uğrunda çəkdiyim bütün əziyyətlərin yorğunlıuğu çıxacaq. Qeyd edim
ki, bir çox peşəkar kino mütəxəssisləri bu filmə baxıb və filmi çox yüksək
qiymətləndiriblər. Hətta bu filmin xarici şirkətə satılması ilə bağlı
danışıqlar gedir. Əgər elə olsa bu ilk xaricilərə satılan Azərbaycan filmi olacaq”.
Məlumat üçün bildirək ki, "Xənnas” filmində Azərbaycanda
gənclər aktyor və aktrisaları arasında kifayət
qədər tanınan və sözünü demiş peşəkarlar rol alıb. Onlardan Qorqud Cəfər,
Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina
Qurbanovanı misal gətirə bilərik.
Qeyd edək ki, Elvin
Abdullayev bundan öncə bir neçə filmdə ikinci rejissor vəzifəsini yerinə
yetirib, bununla bərabər bir çox reklam çarxlarına quruluş verib. Bu onun
quruluşçu rejissor kimi tammetrajlı ilk bədii filmidir. Gənc olmağına
baxmayaraq, Elvin bir çox uğurların sahibidir. Buna misal olaraq, lentə aldığı
"Məriz” qısametrajlı filmi ilə "Bakı Oskarı” film festivalında "ən yaxşı aktyor
işi”, "ən yaxşı aktrisa işi”, "ən yaxşı operator işi” və "ən yaxşı film”
nominasiyaları üzrə 4 mükafat qazanmasını göstərmək olar.
Xəyalə Rəis




