• cümə axşamı, 18 aprel, 17:12
  • Baku Bakı 22°C

ABŞ-ın Türkiyə planı – Strateqin Vaşinqton səfərinin pərdəarxası

16.03.23 14:38 1055
ABŞ-ın Türkiyə planı – Strateqin Vaşinqton səfərinin pərdəarxası

“Prezident Rəcəb Tayyib Ərdoğan seçki dövründə Vaşinqtonla münasibətləri genişləndirmək və dəstək qazanmaq istəyir. Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-a səfər edib. Vaşinqtonda o, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb. Kalın eyni zamanda ABŞ Ticarət Evində keçirilən ABŞ-Türkiyə biznes forumunda da iştirak etməklə yanaşı, kifayət qədər geniş çıxış edib”.

Kaspi.az xəbər verir ki, bu barədə politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, Kalın və Sallivan arasında keçirilən görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal mövzular, o cümlədən Ukraynadan taxıl daşınması, Cənubi Qafqazda sülh prosesi müzakirə olunub.

Politoloqun sözlərinə görə, görüşdə regional və qlobal məsələlərdə qarşılıqlı hörmətə əsaslanan və iki müttəfiq ölkənin maraqlarının təmin edilməsi əsasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb: “Türkiyə-Amerika əlaqələrinin strateji əhəmiyyəti qeyd edilib. Həmçinin vurğulanıb ki, iki ölkə arasında ticarət dövriyyəsi illik 100 milyard dollara çatdırılmalıdır. Ancaq təbii ki, Türkiyədə president və parlament seçkilərinin başladığı və gündəmi seçkilər mövzusu zəbt etdiyi dönəmdə Ərdoğanın ən yaxın adamlarından olan İbrahim Kalının ABŞ-a səfər etməsi qarşıdan gələn önəmli seçkilərlə izah olunur. Kalın Türkiyənin xarici siyasətinin formalaşmasında iştirak edən məmurlar siyahısına daxildir. Hətta Kalının vitse-prezidentliyə namizəd kimi seçki kampaniyasına qatılacağı və seçki kampaniyasında Ərdoğanı dəstəkləyəcəyi ehtimal olunur. Digər tərəfdən, Kalın ABŞ-da təhsil alıb və Vaşinqtonda siyasi əlaqələri mövcuddur”.

Politoloq deyib ki, seçkilərin rəsmi elanından dərhal sonra İbrahim Kalının Vaşinqtona səfəri iki əsas amillə bağlıdır: “Birincisi, Kalın Vaşinqtonda ABŞ siyasi dairələri ilə seçkini müzakirə edəcək. Ola bilsin ki, Vaşinqtonda Türkiyəyə yaxın siyasi qüvvələrdən seçki prosesində AKP hökumətini aktiv şəkildə dəstəkləmələrini istəyəcək və Vaşinqtondan Türkiyədəki seçkilərdə mümkün qədər bitərəfliyə nail olmağa çalışacaq. Çünki hazırkı bəzi neqativ rəylərə görə, ABŞ Ərdoğanı siyasi səhnədən çıxarmaq üçün mümkün təsir rıçaqlarından istifadə edəcək. Bu, ən azı AKP iqtidarı üçün seçki kampaniyasında mənfi bir imici formalaşdırır. İkinci mühüm səbəb ABŞ-da güclü türk diasporu ilə seçkiqabağı fəaliyyətlərin koordinasiyasıdır. Çünki türk diasporunun həm birbaşa seçkilərdə səs vermək, həm də seçkiqabağı kampaniyaya dəstək vermək baxımından ciddi imkanları var. Onu da qeyd etməliyik ki, son seçkilərin nəticələrinə görə, ABŞ-da cəmi 106 min türk seçicinin olduğu üzə çıxıb. Aydındır ki, onların səsləri ümumi seçkilərə ciddi təsir göstərə bilməz, lakin unutmaq lazım deyil ki, xaricdəki vətəndaşlar Türkiyədə seçicilərdən əvvəl səs verir və bununla da seçki əhval-ruhiyyəsinə təsir edə bilərlər”.

Politoloq bildirib ki, yüksək rütbəli dövlət xadimlərinin, nazirlərin və prezidentin mətbuat katibinin ABŞ-a səfəri zamanı heç bir sənəd və saziş imzalanmayacaq: “Kalının Vaşinqtona işgüzar səfərinin onun növbəti dövrdə xarici siyasət üzrə vitse-prezident təyin olunması üçün məşq olması da mümkündür. Bütün hallarda bu səfərin mayın 14-də keçiriləcək seçkilərlə bağlı olduğunu indidən söyləmək olar. Güclü strateq kimi özünü nümayiş etdirən və çoxlarının hormətini qazanan cənab Kalının Vaşinqtondan hansı güzəşt və imtiyazlarla gəldiyini seçki kampaniyasının gedişində görəcəyik”.

Alpər TURAN

 

banner

Oxşar Xəbərlər