AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Üzvlərin sayı artdıqca, Milli Şuranın iş qabiliyyəti aşağı düşəcək

Üzvlərin sayı artdıqca, Milli Şuranın iş qabiliyyəti aşağı düşəcək

Müsahibə
25 İyun 2013, 10:18 1353
Milli Şuranın ilk sessiyası, quruma üzv olanlar arasında ciddi fikir ayrılığının hökm sürməsi, vahid namizəd məsələsi, kinorejissor Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışı və sairlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır.

- Sərdar bəy, demokratik qüvvələr tərəfindən iyunun 7-də elan olunan Milli Şura ötən həftə ilk sessiyasını keçirdi. Sözsüz ki, müxalifətyönlü partiya sədri kimi siz də bütün bu prosesləri izləyirsiniz. Bilmək olarmı, son hadisələrə münasibətiniz necədir?

- Mənə elə gəlir ki, müxalifətin real birliyi məsələsi zaman baxımından gecikibdir. Çünki təxminən bir il bundan əvvəl gərək biz müxalifətin birliyi məsələsini reallaşdıraydıq. Bununla bağlı o zaman çox cəhdlər etdik, amma alınmadı. Müxalifətin indiki birliyi isə doğrudan da bu birliyin aydın və birmənalı şəkildə dərk edilməsi, mövqeləri, maraqları, məqsədləri eyni olan qüvvələrin bir araya gəlməsi ilə meydana çıxmayıb. Burada həm bir-birindən fərqli maraqları olan qüvvələr var, həm də bu qüvvələr özləri də dərk etməkdən daha çox Rüstəm İbrahimbəyov vasitəsi ilə hansısa bir prosesləri həyata keçirməkdədirlər. Artıq seçkilərə üç ay qalıb. Guya Milli Şura Azərbaycanda hakimiyyət dəyişikliyini həyata keçirməlidir. Halbuki Şura heç təşkilati məsələləri, nizamnaməsini, digər daxili problemləri həll edib ortaya çıxara bilməyib. Ona görə də düşünürəm ki, şura bu templə prezident seçkilərinə qədər də bir qurum kimi təşəkkül tapmayacaq. Proseslər ona aparır ki, Milli Şura qarşıdan gələn prezident seçkilərində heç bir ciddi nailiyyət əldə etməyəcək. Zahirən belə görünür ki, Milli Şuraya çox böyük ümid bağlayan “siyasi qüvvələr” əslində, qarşıdan gələn prezident seçkilərində onları gözləyən məğlubiyyətin məsuliyyətini kiminsə üzərinə yıxmaq, uğursuzluqda kimisə günahlandırmaq məqsədi ilə bu qurumu xüsusi qaydada qabağa verirlər. Bu məqsədlə şuranı dəstəkləyirlər, hər şeyi onun öhdəsinə buraxırlar. Çünki gözlənilən nəticə alınmasa, ictimai qınaq obyekti Rüstəm İbrahimbəyov olacaq. Ondan başqa heç bir müxalifət lideri qınaq hədəfinə çevrilməyəcək. Məhz buna görə də onlar vahid namizəd kimi Rüstəm İbrahimbəyovu görürlər. Digər tərəfdən, Rüstəm İbrahimbəyovun özünün də şuradan vahid namizəd kimi seçilməsi çox problemli görünür. Bəzi Milli Şura üzvləri namizədin mütləq Azərbaycanda olması, hansısa bir başqa təşkilatdan namizədliyinin irəli sürülməsi və bu kimi şərtlər qoyublar. Rüstəm İbrahimbəyov isə namizədliyi irəli sürülməyənə qədər Azərbaycana qayıtmayacağını bəyan edib. Bunun özü də göstərir ki, bu məsələlərdə Milli Şurada problemlər meydana çıxacaq. Hər halda, xalqımızın və dövlətimizin maraqlarına uyğun bir istək, nailiyyət əldə ediləcəksə, biz bunu alqışlaya biləcəyik.

- Sessiyada bəzi məsələlərin müzakirəsi müxtəlif narazılıqlar yaradıb. Məsələn, Şuranın fəaliyyəti ilə bağlı 17 komissiyanın yaradılması təklif olunsa da, hətta bu, üzvlərin özləri tərəfindən də narazılıqla qarşılanıb. Siz bunu nə ilə əlaqələndirirsiniz? Bu səriştəsizlikdən irəli gəlir, yoxsa, cəmiyyətin gözünə kül üfürüb özlərini güclü təşkilat kimi göstərmək istəyindən?

- Burada məqsəd öz nəhəngliyini, böyüklüyünü, potensiallı olduğunu nümayiş etdirməkdir. Bir də bu insanlar belə vərdişlərlə daha çox adamları Milli Şura ilə maraqlandırmaq, bu prosesə cəlb etmək istəyirlər. Əslinə qalsa, 3 ay ərzində şuranın belə komissiyalar yaratmağına heç bir ehtiyac yoxdur. Əvvəla bu komissiyalar formalaşmayacaq, ciddi bir iş görülməyəcəkdir. İkincisi də bu dəqiqə Milli Şuranın əsas diqqəti seçkilərə yönəlməlidir. Lakin indiyə kimi seçki ilə bağlı bir addım da olsa atılmayıb.

- Milli Şuranın üzvü olan hüquqşünas Ənnağı Hacıbəyli də R.İbrahimbəyovun vahid namizəd olması üçün bəzi hüquqi maneələrin olduğunu açıq şəkildə ifadə edir. Sizcə, müxalifət bütün bunları bilə-bilə nə üçün R.İbrahimbəyovun namizədliyi üzərində dayanır?

- Birincisi, yeganə ümid Rüstəm İbrahimbəyovun da üzv olduğu “Milyarderlər ittifaqı” ilə bağlıdır. Digər məsələni də gizlətmək lazım deyil. Azərbaycan müxalifətinin mövcud resursları heç bir liderə imkan vermir ki, o, seçkilərdə ciddi nailiyyətlər əldə etsin. Faktiki olaraq, real müxalifətin öz aralarında birləşməsi alınmadı. Ona görə də Rüstəm İbrahimbəyov “Milyarderlər ittifaqı”nın üzvü kimi çox parıltılı və cazibədardır. O, “Milyarderlər ittifaqı”na üzv olana qədər heç bir müxalifət liderinin ağlına da gəlmirdi ki, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləsin. O dövrdə biz Rafiq Əliyevin namizədliyinin irəli sürülməsini təklif edirdik. Bu gün Milli Şuraya toplaşan partiyalar demək olar ki, həmin vaxt o təklifə barmaqarası, qeyri-ciddi baxırdılar. Ancaq Rüstəm İbrahimbəyov “Milyarderlər ittifaqı”na üzv olandan sonra onun namizədlik məsələsi dərhal aktuallaşdı, siyasi partiyalar da buna dəstək verdilər.

- Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı da ciddi fikir ayrılıqları sezilməkdədir. Bəs, bu nə ilə əlaqədardır? Niyə bəziləri şuranın böyüməsinə etiraz edirlər?

- Burada təcrübəsizlik göz önündədir. Əgər təşkilat yaradılırsa, qabaqcadan müəyyən işlər görülməlidir. Öz təcrübəmdən bilirəm ki, Azərbaycanda müxalif birliklərin dağılmasının səbəblərindən biri də bu işlərin görülməməsidir. Yəni kəmiyyətin keyfiyyətə, keyfiyyətin kəmiyyətə çevrilməsi deyilən bir şey var. Nə qədər çox təsadüfi adamlar Milli Şuraya daxil olursa, bu qurum bir o qədər tez dağılacaq. Milli Şura üzvlərinin sayının artırılması orada təmsil olunan bəzi liderlərin qurumda qruplar yaratmaq, dəstəkçilərinin sayını artırmaq meylindən irəli gəlir. Onlar çalışırlar ki, Milli Şurada öz tərəfdarlarının sayını artırsınlar ki, gələcəkdə səsvermədə öz maraqlarını müdafiə edə bilsinlər. Bu cür süni şəkildə say artımını kənara qoyub qabaqcadan bəlli edilməliydi ki, Milli Şuranın aqibəti necə olacaq, üzvlərinin sayı neçə olacaq. Ümumiyyətlə, bu Milli Şura qeyri-legitimdir, qeyri-demokratikdir. Legitim olmaq üçün bura üzvlərin hansı qaydada daxil olması üçün vahid meyar, prosedur olmalıdır. Bəzi adamları bura partiyaları göndərib, bəziləri özləri gəlib, bir qismini isə Milli Şurada kimlərsə təşkil edib. Görünür ki, Milli Şuranın formalaşması üçün 3-4 cür metod tətbiq olunur. Bunun özü də bu təşkilatın qeyri-demokratik, xaotik yolla təşkil olunduğunu göstərir. Burada adamların sayı artdıqca, Milli Şuranın işləmə qabiliyyəti aşağı düşəcək. Adamlarının orada çoxluluğu təşkilatın ciddiliyinə də xələl gətirir. Bəlkə də bir qədər əvvələ kimi bəziləri Milli Şuradan ciddi nəticələr gözləyir, həqiqətən ciddi birliyin yaradılacağını umur, hətta qarşıdan gələn seçkilərdə ciddi nəticə əldə edəcəyinə inanırdı. Lakin son proseslər bütün bu ümidləri alt-üst edib. Hətta Milli Şuranın alovlu təbliğatçılarının özləri də bu qurumla bağlı çox pessimist fikirlər söyləyir, inamsızlıqlarını nümayiş etdirirlər. Bu kimi səbəblərdən Milli Şuradakı liderlər çoxsaylı adamları bu quruma cəlb etməklə, gələcəkdəki məğlubiyyətin məsuliyyətini daha çox insanın üzərinə yıxmağa çalışırlar.

- Sessiyadakı müzakirələr zamanı Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bir neçə dəfə, - “Belə davam edərsə, Milli Şuradan gedəcəyəm”- deyə, mesaj verib. Sizcə bu təhdidçilik əhval-ruhiyyəsi ilə Milli Şuranı hansı perspektiv gözləyir?

- Mən onların daxili işlərinə qarışmaq istəmirəm. Lakin bu faktın özü də təsdiq edir ki, Milli Şura üzvləri arasında ciddi fikir ayrılığı var. Adicə, şuraya üzvlərin seçilməsində, həmçinin vahid namizədin müəyyənləşməsində, təşkilati məsələlərdə ortaq mövqeyə gələ bilmirlər. Bu fikir ayrılığını aradan qaldırmaq üçün möhkəm prinsiplərə əsaslanan nizamnamənin olması, hamının bu nizamnamə çərçivəsində hərəkət etməsi mütləqdir. Bu sənəd isə olmadığına görə, hər kəs istədiyi cür hərəkət edir. Bununla da Milli Şura İctimai Palatanın səviyyəsinə düşür. Çünki İctimai Palata təsis olunanda da bu cür süni say artımı və sair məsələlər olmuşdu.

- Müzakirələr zamanı “EL” Hərəkatının sədri Eldar Namazovun fikirlərinə hörmətsizlik də müşahidə olunub. Hətta bir neçə dəfə onun təklif səsləndirmək cəhdi boşa çıxıb. Axı, nə baş verib ki, Milli Şuranın əsas fiqurlarından biri sayılan E.Namazov qurum daxilində bu qədər hörmətsiz olub?

- Səmimi olaraq qeyd edilməlidir ki, Milli Şurada təmsil olunanların sırasında Eldar Namazova tapşırılan vəzifə ona qoyulan ən böyük hörmətdir. Xalq hərəkatından çıxmış adamlar, müstəqillikdən bu yana siyasi proseslərdə kifayət qədər aktiv olan adamlar onun rəhbərliyi altına keçiblər. Bu baxımdan onun postu kifayət qədər nüfuzludur. Amma reallıq budur ki, Eldar Namazovun həmin postda özünü doğrultması üçün potensialı yoxdur. Onun siyasi təcrübəsi çox azdır. Müxalifətçilik, təşkilatçılıq təcrübəsi yoxdur. Eldar Namazov bu dəqiqə nə Əli Kərimli ilə, nə də İsa Qəmbərlə müqayisə edilə bilməz. Eldar Namazov onların hər birindən zəif fiqurdur. Bu vəziyyətin özü də Milli Şuranı məğlubiyyətə aparan amillərdəndir.

- R.İbrahimbəyov Azərbaycana qayıdışını iyul ayının əvvəlindən axırına keçirib. Sizcə bu nə ilə əlaqədardır? Ümumiyyətlə, o, Azərbaycana gələ biləcəkmi?

- Rüstəm İbrahimbəyovun son açıqlamalarından da hiss olunur ki, o, Azərbaycana gəlməkdən qorxur. Hətta həbs olunmaq qorxusunu da yaşayır. Amma, bütün hallarda dəqiq proqnoz vermək çətindir. Bir də görərsən ki, şərtlər onun gəlməsini zəruri edər, yaxud əksinə. Bu kimi məsələlər Azərbaycan ətrafında cərəyan edən geopolitik proseslərin gedişində daha da aydınlaşacaq. Kimlər ki, Rüstəm İbrahimbəyovu oyuna salıblar, ola bilsin sabah onların özü kinorejissorun gəlişini məhdudlaşdırsınlar. Düşünmürəm ki, Rüstəm İbrahimbəyov müstəqil şəkildə addım ata bilər, istədiyi hərəkəti edə bilər.

Rufik İSMAYILOV