Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd olunub - Fotolar
Bu gün
Beynəlxalq Mətbuat Mərkəzində Zərdabişünas alim Esmira Cavadovanın 75 illik
yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov açaraq, yubilyarın yaradıcılığından, Azərbaycan elmi və
jurnalistikası qarşısında xidmətlərindən danışıb. Bildirib ki, Esmira Cavadova öz
həyatını jurnalistikaya, araşdırmaya, elmi tədqiqata həsr etmiş alimdir.
Yubilyarın hazırda
Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun
əməkdaşı olduğunu diqqətə çatdıran millət vəkili deyib ki, Esmira xanım gənclik
illərində hansı həvəslə, şövqlə yaradıcılığa başlayıbsa, indi də o ruhda
yaradıcılığını davam etdirir: "Şəkidə anadan olan, Bakıda böyüyən, paytaxt
şəhərimizdə ali təhsil alan, gənclik illərində bir çox kitabxanalarda işləyən
Esmira xanım 1920-ci ilə qədər olan Azərbaycan jurnalistikasının zəngin
kartotekasını hazırlayıb. 1980-ci ildən etibarən araşdırma ilə məşğul olmağa
başlayıb. Onun yaradıcılığının əsas hissəsini Azərbaycan milli mətbuatının
banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar təşkil
edir. Esmira xanımın elmi işi də məhz Həsən bəy Zərdabi ilə bağlı olub. "Həsən
bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti”
mövzusunda fundamental araşdırma ortaya qoyub. Bu müddətdə bir sıra sanballı
məqalələrlə çıxış edib. Bu məqalələr yalnız Azərbaycan daxilindəki mətbu
orqanlarda deyil, keçmiş SSRİ-də, ümumittifaq səviyyəsindəki media
qurumlarında, elmi jurnallarda işıq üzü görüb. Onun elmi işi də Belarusda
müdafiə olunub. Bununla yanaşı, Esmira xanım Həsən bəy Zərdabinin 1897-1907-ci
illərdə Bakı Dumasındakı fəaliyyəti ilə əlaqədar də fundamental araşdırma
aparıb. Həmin əsərdə Zərdabinin Dumada qaldırılan məsələlərə münasibəti öz
əksini tapıb. Həmin dövrdə Zərdabi xalqımızın taleyüklü məsələlərini, o
cümlədən elm və təhsillə bağlı qayğılarını, müxtəlif problemlərdən dolayı
narahatlıqlarını dilə gətirib. Esmira xanım Həsən bəy Zərdabinin elmi köməkçi
bioqrafik göstəricilərini hazırlayaraq çap etdirib. Mətbuat Şurası Esmira
xanımın yaradıcılıq fəaliyyətini, öz araşdırmaları ilə Azərbaycan
jurnalistikasına xidmətlərini yüksək qiymətləndirib, onu Ali Media Mükafatına
layiq bilib. Bu gün isə Mətbuat Şurası Esmira xanımı yubileyi münasibətilə
xüsusi diplomla təltif edir. Biz ona yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq”.
"Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva da
tədqiqatçı Esmira Cavadovanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə
bağlı sanballı araşdırmalar, əsərlər, elmi məqalələr ortaya qoyduğunu dilə
gətirib. Bildirib ki, E.Cavadova öz araşdırmalarında H.Zərdabini olduğu kimi
kəşf edib: "Zərdabinin dərdi-səri Azərbaycan xalqının məişətini göstərmək
deyildi. Əslində, o, bu kimi üsullardan yararlanaraq, Azərbaycan milli mətbuatının
əsası sayılan "Əkinçi” qəzetini yaratdı. Bununla da Azərbaycan xalqının
maariflənməsinə, milli şüurun oyanmasına, millətin mədəni yüksəlişinə öz
töhfəsini verdi. Bu mənada Həsən bəy Zərdabinin yaradıcılığı, fəaliyyəti böyük
bir məktəbdir. Bütün bunları Esmira xanım çox dəqiqliklə duya bilib, öz
araşdırmalarında ortaya çıxarıb və elmi məqalələr, kitab halında nəşr
etdirərək, geniş oxucu auditoriyasına çatdırıb. Esmira xanım alim, əlində qələm
olan yaradıcı şəxs, sözə vəfalı ziyalıdır. Yubileyi münasibətilə onu təbrik
edir, gələcək fəaliyyətində də uğurlar arzulayıram”.
Sonra S.Vəliyeva Esmira Cavadovaya "Kaspi” qəzetinin diplomunu təqdim edib.
Professor Cahangir Məmmədli H.Zərdabinin
ruhunun dolaşdığı və yaşadığı yerlərdən birinin də Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsi olduğunu vurğulayıb. Deyib ki, fakültədəki Mətbuat
tarixi kafedrasında klassiklərimizin, o cümlədən H.Zərdabinin həyat və
yaradıcılığı, fəaliyyəti dərindən tədqiq olunur, gələcək nəsillərə,
jurnalistika ixtisası üzrə ali təhsil alan tələbələrə öyrədilir:
"Klassiklərimizi dərindən öyrənərkən Qərbdən götürdüyümüz yeni demokratik
ənənələrə diqqət etdik. Gördük ki, Qərb özü həmin demokratik ənənələrə bu gün
sahib çıxmır. Sonra təkrar geriyə baxdıq və gördük ki, bizim klassikamız,
klassiklərimiz Qərbin qeyd etdiyim demokratik dəyərlərindən qat-qat artıq fikir
və ideyaları bizlərə miras qoyub gediblər. Klassiklərimizin çox dəyərli,
demokratik prinsipləri var. Bu sırada olan şəxslərdən biri də Həsən bəy
Zərdabidir. Sevindirici haldır ki, Zərdabini tədqiq edən, ümumilikdə klassikaya
müraciət edən insanların sayı xeyli artıb. Esmira Cavadova da Zərdabi həyat və
yaradıcılığını dərindən tədqiq edən, Zərdabişünaslıq məktəbinin ön sıralarında
gedənlərdən biridir. Esmira xanımı Jurnalistika fakültəsinin indiyə qədər olan
məzunları, həmçinin hazırda bu ixtisas üzrə ali təhsil alan tələbələrin hər
biri tanıyır, onun imzasına çox böyük hörmətlə yanaşırlar”.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş
redaktoru Hikmət Babaoğlu bildirib ki, milli mətbuatımızın banisi H.Zərdabi
tədqiq olunduqca, öyrənildikcə, onun yalnız jurnalist deyil, eyni zamanda
siyasətçi, pedaqoq, kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxs olması
üzə çıxır. Millət vəkilinin sözlərinə görə, Esmira Cavadova kimi alimlərimizin
H.Zərdabi yaradıcılığını bu cür dərindən tədqiq etməsi, gələcək nəsillərə
çatdırması hər birimiz üçün dəyərli olan tarixi şəxsiyyətlərimizin daha yaxşı
tanıdılmasına xidmət edir. H.Babaoğlu deyib ki, həmin tarixi şəxsiyyətləri
öyrənməklə gələcəyimizi inşa etmiş olarıq: "Akademiya səviyyəsində hər hansı
tədqiqatçının elmi işi, nailiyyəti kiçik bir icma üçün bəlli olur, tanınır. Eləcə
də ali təhsil müəssisələrində aparılan tədqiqatlar bəlli auditoriyaya məlum
olur, onlar üçün əlçatan olur. Təqdirəlayiq haldır ki, Esmira xanımın sanballı
elmi tədqiqatı akademiya və ali təhsil müəssisələri ilə yanaşı, bu tədbirlərlə
həm də geniş auditoriyaya çatdırılır. Tarixi şəxsiyyətlərimizin öyrənilməsi,
tanıdılması baxımından bu tədbir həm təbliğatdır, həm də təşviqat. Esmira
Cavadova kimi tədqiqatçılarımıza verilən dəyəri geniş ictimaiyyət görür və
gələcək tədqiqatçılar üçün bu, stimul rolunu oynayır”.
Tədbirdə Bakı
Humanitar Kollecinin hazırda təqaüddə olan müəllimi Mehparə Qədirova, fəlsəfə
elmləri doktoru İzzət Rüstəmov, Zərdabişünas Eldəniz Həsənov, "Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlı, jurnalist Tahir Aydınoğlu və başqaları da çıxış
edərək, tədqiqatçı alim Esmira Cavadovanın elmi fəaliyyətindən söhbət açıb,
yubiley münasibətilə onu təbrik ediblər.
Tədbirin
sonunda çıxış edən Esmira Cavadova ona göstərilən diqqətə görə hər kəsə
minnətdarlığını bildirib.
Rufik İSMAYILOV