• şənbə, 27 Aprel, 08:55
  • Baku Bakı 12°C

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin əhəmiyyəti

23.11.17 16:15 3177
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin əhəmiyyəti
Nəzərə alsaq ki, Azərbaycanda yerli özünüidarəetmə praktikası ölkənin ən gənc institutlarındandır bu qurumlarının ölkənin sosial-iqtisadi həyatında iştirakçılıq səviyyəsinin inkişaf etdirilməsi və eyni zamanda ötən dövr ərzində cəmiyyətdə formalaşan mənfi təəssüratın aradan qaldırılması yollarından biri şəffaflıq və hesabatlılığın gücləndirilməsi ola bilər. Belə ki, beynəlxalq praktikanın təhlili zamanı aydın olur ki, idarəetmə yaxud icra qurumlarının reputasiyası onların fəaliyyətinə nəzarət imkanlarının miqyasından, hesabatlılıq və məlumatların əlçatanlığından asılıdır. Qurumlar hesabatlı olduqda onların fəaliyyətinin təşkili və öhdəliklərinin icrasında icmanın dəstəyi daha asan əldə edilir.
Nə üçün bələdiyyələrin (yerli özünüidarəetmə orqanı) fəaliyyətinə nəzarət vacibdir sualını cavablandırmaq üçün qurumların iqtisadi əsaslarına nəzər yetirmək lazımdır: Ölkə qanunvericiliyinə uyğun olaraq bələdiyyələrin mülkiyyəti aşağıdakı mənbələr hesabına formalaşır:
- Yerli vergilər və ödənişlərdən formalaşan yerli büdcə vəsaiti;
- Bələdiyyənin büdcədənkənar fondları;
- Bələdiyyə əmlakı;
- Bələdiyyə müəssisələri və təşkilatları;
- Bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları;
- Dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyələrin təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri
Bundan başqa yerli büdcələrin gəlirləri və xərclərinin strukturu da kifayət qədər genişdir. Beləki, bələdiyyələrin büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşır:
- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxsləri əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi;
- küçə (divar) reklamlarının yerləşdirilməsi və yayımı üçün ödəniş;
- kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər;
- Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar;
- bələdiyyə əmlakının özəlləşdirilməsindən;
- bələdiyyə əmlakının icarəyə verilməsindən;
- yerli lotereyalardan, reklamlardan daxil olan vəsait;
- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
- dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaitləri.
İdarəetmə, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin saxlanılması, ümumi istifadəyə aid küçə, həyət və bağların saxlanması, yerli sosial müdafiə, iqtisadi inkişaf, ekoloji problemlərinin həllinə yönələn proqramların maliyyələşdirilməsi xərcləri bələdiyyələrin əsas xərc istiqamətləri hesab edilir.
Göründüyü kimi, bələdiyyələr ictimai əhəmiyyətli vəsaitlərin toplanması, idarə edilməsi və xərclənməsi üzərində kifayət qədər geniş səlahiyyətə malik qurumlardandır. Hazırda bu qurumların reputasiyası müəyyən qədər zəifdir və əksər hallarda öz funksiyalarını yerinə yetirmək gücündə deyillər. Buna baxmayaraq gələcəkdə yerli özünüidarəetmənin əsas institutlarına çevrilməsi dövrün çağırışıdır. Beləliklə də idarəetmənin mühüm institutlarından olan bələdiyyələrə ictimai nəzarət ənənələrinin yaradılması və inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
"Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyə qulluğu haqqında”, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, "Yerli vergilər və ödənişlər haqqında”, "İctimai iştirakçılıq haqqında”, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanunları daxil olmaqla onlarla digər qanunlar yerli özünüidarəetmə qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və ictimai nəzarətin təşkili üçün xeyli imkanlar yaradır.
Qeyd edək ki, icma nümayəndələri daxil olmaqla, mətbuat, vətəndaş cəmiyyəti institutları və s. ictimai nəzarət təşkilatları hazırda mümkün nəzarət mexanizmlərindən zəif istifadə etməkdədirlər. Eyni zamanda bələdiyyələr də şəffaf və hesabatlı fəaliyyət göstərməkdə maraqlı görünmür. Ölkədə 1607 bələdiyyə fəaliyyət göstərsə ən yaxşı halda onlardan bir neçəsi öz rəsmi veb səhifəsini yaradıb. Doğrudur ki, xüsusi ilə də kəndlərdə fəaliyyət göstərən əksər bələdiyyələrin veb səhifə yaratmaq imkanları (maliyyə) məhduddur. Lakin, qanunların tələbinə uyğun olaraq illik hesabatların dərc edilərək bələdiyyə binaları üzərində yerləşdirilməsi ciddi maliyyə resursu tələb etmir. Praktikada biz bu kimi imkanlardan yararlanaraq öhdəlik daşıdığı icma qarşısında öz fəaliyyəti haqqında hesabat verən az sayda bələdiyyələrlə rastlaşırıq. Nəticədə cəmiyyətdə bələdiyyələrin fəaliyyətinə ictimai inam hər ötən gün daha da zəifləyir. Vətəndaş yerli vergilərin ödənişində maraqlı olmur, ümumi maraqlara xidmət edən sosial-iqtisadi layihələrdə iştirakdan yayınır, seçkili qurum olan bələdiyyələri digər orqanlara qarşı müdafiə etmir. Başqa sözlə hesabatlılıqdan yayınan, icma qarşısında öhdəliklərini yerinə yetirməyən bələdiyyə orta və uzunmüddətli dövr üçün öz fəaliyyətinə ciddi əngəllər formalaşdırmış olur.
Kimsə hesabatlı olmayan, yerli problemlərə həssaslıq nümayiş etdirməyən, icma maraqlarının müdafiəsini təmin etməyən quruma vergi verməkdə və yaxud qrand yardımı etməkdə maraqlı olmur. Beynəlxalq təcrübə isə göstərir ki, hesabatlı yerli özünüidarəetmə qurumları icmalar tərəfindən ciddi maliyyə dəstəyi ala bilirlər. Bu isə fərdi maraqlardan ictimai maraqlara doğru ümumi inkişafı dəstəkləməklə icmanın sosial, iqtisadi, humanitar və s. istiqamətlərdə uğurlu müdafiəsini gücləndirən katalizatora çevrilir.
Hazırda Azərbaycanda bu istiqamətdə bütün steyholderlərə hədəflənən təşviqedici mexanizmlərin işlənib hazırlanmasına zərurət hiss edilməkdədir. Bu məqsədlə aşağıdakı təkmilləşdirmələrin aparılmasını təklif edirik:
1) Bələdiyyələrin dövlət büdcəsində aldıqları subsidiya ilə onun hesabatlılığı və icma ilə işləmə bacarıqları arasında konkret asılılığın müəyyən edilməsi – bu mexanizmə əsasən şəffaf və hesabatlı bələdiyyələrə daha çox büdcə dəstəyinin verilməsi, digərlərinin isə əksinə subsidiya alma hüququndan məhdud və yaxud tam şəkildə məhrum edilməsi təmin edilməlidir. Beləliklə də bələdiyyələrin prosesdə maraqlandırılması yolu ilə şəffaflığı artırılmasına nail olmaq mümkün olar.
2) Vahid veb səhifənin yaradılması - məlumat əlçatanlığının artırılması məqsədi ilə hər bir bələdiyyənin fəaliyyəti haqqında ( gəlirlər, xərclər, satınalmalar, müqavilə şərtləri, bələdiyyə mülkiyyətinin idarə edilməsi şərtləri və s.) geniş məlumat bazasının əksini tapdığı vahid veb səhifəsi yaradıla və hesabatların bu səhifədə məcburi əsaslarla yerləşdirilməsi haqqında hüquqi baza formalaşdırıla bilər. Beləliklə də hər bir bələdiyyənin rəsmi veb səhifəsinin yaradılması üçün əlavə vəsaitə ehtiyac aradan qalxa, həmçinin hesabat verməkdə maraqsız olan bələdiyyələr üçün manevr imkanları məhdudlaşdırıla bilər.
3) Bloqer Assosiasiyasının yaradılması - beynəlxalq təcrübədən yararlanaraq bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə Bloqerlər Assosiasiyası yaradıla bilər. Müstəqil bloqerlərin təhlil və informasiya əldə etmə bacarıqları bu istiqamətdə səfərbər edilməklə bələdiyyələri hesabatlılığa sövq etməklə yanaşı icma üzvlərinin prosesdə iştirakçılıq səviyyəsini artırmaq olar. Bloqer Assosiasiyasının yaradılması müxtəlif dövlət və qeyri-dövlət fondları tərəfindən maliyyələşdirilə bilər.
Yuxarıda sadalanan təkliflərin hər biri son nəticədə Azərbaycanda yerli özünüidarəetmənin daha da inkişaf etdirilməsi, hesabatlılıq və effektivliyin təmin edilməsi yolu ilə qurumların reputasiyasının yüksəlməsi kimi mühüm məqsədlərə nail olmaqda əhəmiyyətli rol oynaya bilər.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən icra edilən "Yeni sosial-iqtisadi çağırışlar fonunda yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Rəşad Həsənov


banner

Oxşar Xəbərlər