• cümə, 26 Aprel, 15:40
  • Baku Bakı 23°C

Yeni peyvəndin tətbiqinə başlanılır Araşdırma

13.09.13 09:31 3030
Yeni peyvəndin tətbiqinə başlanılır Araşdırma
"Azərbaycanda 10 xəstəliyə qarşı peyvəndləşmə-vaksinasiya aparılır. Bunlardan biri də pnevmakok vaksinin aparılmasıdır ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında həyata keçiriləcək. Bu prosesin qısa müddətdə başlanılması gözlənilir". Bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavininin sözlərinə görə, bu yaxınlarda Azərbaycanda 1 yaşına qədər uşaqların pnevmakok peyvənd edilməsi planlaşdırılır: “İnfeksiyalara qarşı mübarizə Azərbaycan səhiyyəsinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz dünya təcrübəsinə uyğun olaraq peyvəndləmə işləri aparır".
Qeyd edək ki, uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə hazırlıq işlərini qiymətləndirəcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri avqust ayında Bakıda səfərdə olaraq yerlərdə vəziyyətə baxış keçiriblər. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, Azərbaycana ayrılan yeni pnevmakok peyvəndlər Belçika istehsalıdır: “Qiymətləndirmə missiyası ilə birgə soyuducuların vaksinləri qəbul etməyə hazırlıq səviyyəsi yoxlanılıb. Bundan sonra vaksinlərin Azərbaycana gətirilməsinə başlanılacaq. Çünki artıq ölkəmizə lazımi qədər pnevmakok peyvəndlər ayrılıb”. A.Əliyeva qeyd edib ki, pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq: “Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi çox azalacaq”.
13 vaksindən 11-i
Respublikanın baş pediatrı Nəsib Quliyev qəzetimizə açıqlamasında ölkədə pnevmakok çöplərinə qarşı peyvəndə hazırlığı müsbət qiymətləndirib: «Bu, yeni peyvənddir. Əvvəllər bizim maddi imkanımız yox idi ki, bu peyvəndi ala bilək. Nəhayət, dövlətimiz bu preparatı əldə edib. Bu peyvəndi yalnız Avropa ölkələrində həyata keçirirlər. Artıq ölkəmiz də inkişaf etmiş ölkələr səviyyəsində peyvənd tətbiqi həyata keçirməyə hazırlaşır”. Baş pediatr deyib ki, artıq proseslə bağlı lazımi hazırlıqlar həyata keçirilib və bu günlərdə vaksinləşmə işinə başlanılacaq: «Bütün hazırlıq tədbirləri yerinə yetirilib. Preparat Azərbaycana daxil olan kimi poliklinikalara paylanılıb vaksinləşmə həyata keçiriləcək”. N.Quliyev qeyd edib ki, pnevmakok vaksini ilə artıq Azərbaycanda 11 vaksin tətbiq olunmağa başlanılacaq. Dünya ölkələrində isə vaksinlərin sayı 13-dür. “İki əlavə vaksin isə suçiçəyinə və sətəlcəmə qarşı tətbiq olunur”.
Baş pediatrın sözlərinə görə, pnevmakok vaksini əsasən pnevmaniya xəstəliyinin törədicisi olan pnevmakok infeksiyasına qarşı həyata keçirilir. “Pnevmakok çöpləri uşaqlarda sətəlcəm, iltihab, tənəffüs yollarının xəstəliklərini törədir. Bu xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvənd tətbiq olunur. Pnevmakok çöplərinin 10 növünə qarşı bir vaksinlə peyvənd aparılacaq». N.Qyliyeb bildirib ki, uşaqlar arasında ağır sətəlcəm və infeksiya xəstəliklərini törədən faktorlar içərisində birinci yerdə tənəffüs yolları xəstəlikləridir: “Bu gün ölkəmizdə uşaqlar 10 yolxucu xəstəliklər üzrə peyvənd edilir. Dünya ölkələrində peyvənd təqviminə 15 yolxucu xəstəlik daxildir. Bunların eləsi var ki, bizim ölkə üçün aktual deyil. Eləsi də var ki, onları sonradan çatdırmışıq. Pnevmakok əleyhinə tətbiq edilən preparat ən təkmildir. Körpələrə 2-4-6 aylığında və yaş yarımlıqda tətbiqi planlaşdırılır. 3 dəfə ardıcıl olaraq vaksinasiya aparılır, 1 il fasilədən sonra tətbiq edilir Vaksinin tətbiqi uşaq orqanizmində immunitet yaradılır. Qorxulu fəsad göstərmir”.
Çox peyvəndlər lazım deyil
Professor Telman Şimşək “Kaspi”yə açıqlamasında pnevmakok peyvəndin artıq dünya ölkələrində 7 il, Türkiyədə isə 5 ildir ki, tətbiq olunduğunu bildirdi: «Pnevmakok uşaqlarda beyin sətəlcəmi, pnevmaniya, tənəffüs yollarının xəstəliklərinə səbəb olur. Bu, çox vacib peyvənddir, daha tez həyata keçirilməsi lazım idi. Gec də olsa, bu qərarın verilməsi sevindiricidir”. Professorun sözlərinə görə, hər il dünyada milyonlarla uşaq pnevmakok çöpləri üzündən xəstələnir və tələf olur: “Bu peyvənd məhz həmin xəstəliklərin qarşısının alınması üçün icad edilib. Peyvəndlə bağlı əks-təsirlər yoxdur. Belə ki, vaksindən sonra yalnız 1-2 gün ərzində körpədə azacıq qızdırma müşahidə oluna bilər”.
Valideynlərin övladlarının peyvənd edilməsi üçün tərəddüdlərinə gəlincə, T.Şimşək bildirib ki, uşaqlara vurulan bütün peyvəndlərə ehtiyac yoxdur. Amma peyvəndin olunmaması daha təhlükəlidir: «Mən həkim kimi çalışdığım müddətdə çoxlu peyvənd olunan uşaqlar görürəm. Bu qədər peyvəndin olunmasına ehtiyac yoxdur. Artıq riskləri gözə almaq lazımdır. Peyvənd uşaqların qorunması üçündür. Peyvəndin edilmədiyi ölkələrdə epidemiyaların yayılması və körpələrin tələf olması mütləqdir. Belə bir vəziyyətdə uşaqlar risk altında olur». Professorun bildirdiyinə görə, peyvənd normalda körpələrə 2, 4 və 6-cı aylarında, o cümlədən yaş və yaşyarımlıq olanda tətbiq edilir. “Səhiyyə Nazirliyinin qəbul etdiyi qaydalara görə, 7 infeksiyaya qarşı 1-2 peyvənd vurulur. Həmçinin körpə 1 yaşında olanda təkrar qızılcaya qarşı peyvənd edilir. Əgər qız uşaqlarında qızılcaya qarşı peyvənd olunmazsa və o, ailə qurana qədər qızılça keçirməzsə, hamiləlik zamanı qızılça keçirərsə bətnindəki uşaq anormal doğular. Bu üzdən bütün peyvəndin tətbiqi çox zəruridir». T.Çimşək həmçinin körpələrə zamanında suçiçəyinə qarşı peyvəndin vurulmasını da vacib hesab edir: “Bu peyvənd də dövlət proqramına salınarsa, çox yaxşı olar. Çünki suçiçəyi bəzən ağır keçən xəstəlikdir. Peyvənd vurulan zaman uşaq bunu yüngül keçirər və ya bəzən ömür boyu bu xəstəliyə tutulmaz. T.Şimşək ümumilikdə hesab edir ki, hər hansı körpəyə zamanında peyvənd vurulmazsa o, xəstəliklərdən sığortalana bilməz. Eyni zamanda, gələcəkdə travma alanda o, tetanoz xəstəliyinə, həmçinin “”Hepatit B”-yə yoluxa bilər: «Mən Azərbaycanda böyük yaşlı insanlarda “Hepatit B” xəstəliyinə çox rast gəlirəm. Ancaq körpələr vaxtında peyvənd olunduğu zaman onlarda “Hepatit B” xəstəliyi olmur”.
Qeyd edək ki, BMT-nin uşaq təşkilatı UNİSEF-in məlumatına görə, son 20 ildə Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında uşaq ölümü 52 faiz azalıb. Uşaq ölümü halları ən çox doğuşun uğursuz keçməsi, sətəlcəm və ishal nəticəsində baş verir.
Onu da qeyd edək ki, ölkəmizdəki valideynlərin övladlarının peyvənd edilməsinə münasibəti hələ də birmənalı deyil. Bəziləri “peyvənd vurulmasına imkan verməyəcəyəm” desə də, bəziləri “Əgər həkimlər məsləhət bilirlərsə, olsun”- deyə bildirirlər. Baş pediatrın bu cür fikirlərə cavabı isə birmənalıdır: “Valideyn buna da etiraz edə bilər. Lakin bu imtinanın gələcək ziyanını anlamır. Kimdəsə fiziki problem varsa, onu həmin peyvəndə hazırlamaq, sonra isə icra etmək lazımdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər