AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

YAP tərəfindən “Zəfər salnaməsi” kitabı nəşr olunub

YAP tərəfindən “Zəfər salnaməsi” kitabı nəşr olunub

Cəmiyyət
18 Fevral 2021, 13:21 166
Yeni Azərbaycan Partiyası tərəfindən"Zəfər salnaməsi” kitabı nəşr olunub.
 
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhəsində apardığı uğurlu və qətiyyətli mübarizə, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı döyüş meydanında öz sözünü deməsi və xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.
 
"Şərq-Qərb” mətbəəsində işıq üzü görən 536 səhifəlik nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan həqiqətləri, müharibə reallıqları ilə bağlı dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və  qəzetlərinə verdiyi müsahibələr, Türkiyənin,  eləcə də müxtəlif ölkələrin  hökumət və dövlət başçıları ilə  görüşləri zamanı çıxışları, Azərbaycan xalqına müraciətləri, xüsusilə də Şuşanın işğaldan azad olunması ilə əlaqədar Şəhidlər xiyabanından xalqımıza səslənişi öz əksini tapıb.

Ən əsası, kitabda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!” fikirlərinin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində yer alan, bu gün də fəxrlə ifadə etdiyimiz  "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” sözlərinə yer verilib.
İlham Əliyevin bəzi nüfuzlu nəşrlərin, informasiya agentliklərinin və televiziya kanallarının jurnalistlərinə verdiyi müsahibələri də ətraflı şəkildə "Zəfər salnaməsi”ndə yer alıb.
 
Kitabda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinə də geniş yer ayrılıb.
"Zəfər salnaməsi” Bakının Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş Zəfər paradı ilə tamamlanıb. Bu hissədə dövlətimizin başçısının dərinməzmunlu nitqi və tarixi əhəmiyyətə malik fikirləri öz əksini tapıb.
 
Bunlarla yanaşı, ölkə Prezidentinin işğal altında olan torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi ilə bağlı "Twitter” səhifəsində paylaşdığı müjdəli xəbərlər də kitabın səhifələrini əksini tapıb.