AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

Cəmiyyət
20 Oktyabr 2020, 19:31 400

Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyi nəzərə alınaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
APA-nın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyanat verib.
Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı körpü (inv. 13) isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

Qeyd edək ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Bu da bir daha Ermənistan Respublikası tərəfindən "Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Bu il oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.