• çərşənbə axşamı, 19 mart, 08:25
  • Baku Bakı 8°C

XİN: ÜAK-ın ləğvi Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər

16.05.17 15:20 1520
XİN: ÜAK-ın ləğvi Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər
"Rusiya prezidentinin etnik icmalar arasında münasibətlərin inkişafına və Rusiyanın ictimai-siyasi həyatında daha yaxından iştirakına yönəlmiş siyasəti fonunda Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Ədliyyə Nazirliyinin vəsatəti əsasında ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur”.
BunuAPA-ya müsahibəsində Rusiya Ədliyyə Nazirliyinin vəsatəti ilə Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarı şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu təşkilat Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb, ÜAK nümayəndələri dəfələrlə Rusiyanın ali rəhbərliyi tərəfindən təltif edilib: "Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi mövcud olub. Konqres qeyri-hökumət təşkilatı kimi Rusiya qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılıb. Rusiyada Konqreslə yanaşı, müxtəlif etnik və milli qrupları birləşdirən qeyri-hökumət təşkilatları, o cümlədən Rusiya erməniləri İttifaqı fəaliyyət göstərməkdədir. Siyasi müstəvidə milli azlıqların qeyri-hökumət təşkilatlarına münasibətdə, Konqresə qarşı bu cür ayrı-seçkilik münasibətinin göstərilməsini qeyri-dost addım kimi qiymətləndiririk. Hesab edirik ki, bu cür yanaşma Rusiyada millətlərarası münasibətlərin tarazlığına, ölkədə aparılan islahatların konsepsiyasına, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xidmət etməməklə bərabər, Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmayacaq. Biz bu addımda Rusiya vətəndaşları olan insanlara qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibətlərin təzahürlərini görürük. Təbii ki, siyasiləşmiş erməni diaspor dairələrinin Rusiyanın daxili və xarici siyasətində bu qədər təsir gücünə malik olduğu qənaətinə gəlsək, bunun, heç şübhəsiz, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin perspektivi baxımından təhdid olduğu bizdə məyusluq doğurur”.
XİN rəsmisi bildirib ki, son illərdə Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dinamik inkişafı və dərinləşməsi şəraitində bu cür anlaşılmaz və gözlənilməz addımın atılması ilə erməni siyasətinin Rusiya-Azərbaycan münasibətlərinə vura biləcəyi zərbənin nə dərəcədə təhlükəli olduğu görünür: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində əsas vasitəçilərindən biri kimi Rusiya Federasiyası öz üzərinə mühüm öhdəliklər götürüb. Bu öhdəliklərin vicdanla yerinə yetirilməsi, eyni zamanda, tələb edir ki, millətlərarası münasibətlərin tənzimlənməsi məsələsində balans qorunub saxlanılsın və ədalət prinsipi pozulmasın. Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi və Rusiya erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və Azərbaycan millətindən olan vətəndaşlarına qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər ki, bu da Rusiya Federasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər”.
banner

Oxşar Xəbərlər