• çərşənbə axşamı, 19 mart, 14:08
  • Baku Bakı 8°C

Uşaqlarımızı qoruyacaq qanun

25.04.17 12:30 1292
Uşaqlarımızı qoruyacaq qanun
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin iclasında "Uşaq hüquqları haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklər 2015-ci il 15 may tarixində qəbul olunmuş "Reklam haqqında” Qanununa uyğunlaşdırılmışdır. Burada məqsəd uşaq hüquqlarının və sağlamlığının qorunması, onları zərərli vərdişlərdən və informasiya qəbulundan uzaq tutmaqdır. Kütləvi informasiya vasitələrində yayımlanan bəzi reklamların uşaqlar üçün qadağan edilməsi ictimaiyyət tərəfindən necə qarşılanır, bu qanun layihəsinin qəbulu nə dərəcədə əhəmiyyətli olacaq? Qadağalar reklam bazarına necə təsir edəcək? Bu suallarla bağlı ekspertlərin fikirlərini öyrəndik.
Proses balanslaşdırılmış şəkildə aparılmalıdır
Uşaq hüquqları üzrə QHT alyansının milli koordinatoru Nabil Seyidov hesab edir ki, bu, çox ciddi və Azərbaycan uşaqlarının qorunması üçün əhəmiyyətli bir qanun layihəsidir. "Əslində bu istiqamətdə üzün müddətdir ki, həm qeyri-hökumət təşkilatları , həm Milli Məclis, həm də dövlət qurumları səviyyəsində müntəzəm işlər aparılır. Biz uşaqlara zərərli olan reklamlardan danışırıqsa, burada söhbət yalnız onların fiziki sağlamlığından deyil, həm də psixi sağlamlığından, həmçinin onların inkişafına, təhsilinə, sosial həyatına təsirdən söhbət gedir. Ona görə də, bu qanun layihəsində nəinki uşaqların fiziki sağlamlığına zərər yetirəcək reklamlar qadağan edilməli, o cümlədən, onların psixi sağlamlığına təsir edən reklamlar da yığışdırılmalıdır. Zorakılığı nümayiş etdirən, onu təbliğ edən, bundan əlavə, uşaqların emosional vəziyyətinə təsir göstərən istənilən reklamın yayımı dayandırılmalıdır. Qeyri-sağlam qidalanma ilə bağlı çəkilən reklamlar da buraya daxildir. Bu kimi reklamlar qəzetlərdə, televiziya və radiolarda, küçələrdə də qadağan edilməlidir”.
N. Seyidov deyir ki, reklam bazarının tənzimlənməsi əslində çox asan bir işdir: "Artıq uzun müddətdir ki, dünya ölkələri bu istiqamətdə işlər görür. Azərbaycan da dünya ölkələrinin təcrübəsindən istifadə edir. İlk növbədə hər şey düşünülmüş şəkildə edilməlidir. Həm reklamçılarla, həm də biznes qurumları ilə birgə hazırlıq işləri görülməlidir. Bu layihənin hazırlanmasında onun aktlarının tərtib olunmasında bütün ictimaiyyət nümayəndələrinin fikirləri nəzərə alınmalıdır. Amma bir şeyi qeyd etmək lazımdır ki, uşaqların fiziki və psixoloji sağlamlığı hər şeydən vacibdir. Həm konstitusiyaya, həm də uşaq hüquqları haqqında qanuna, həmçinin BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasına görə uşaqların hüquqları müdafiə olunmalıdır. Təbii ki, əgər reklam zərərli deyilsə, o, qadağan olunmaya bilər. Çünki sahibkarların da hüququ var. Bütün hallarda, balans qorunmalıdır. Bir insanın və ya bir qurumun hüququ digər bir insanın və ya qurumun hüququnu tapdaladığı halda, məhdudlaşdırılmalıdır. Əgər çəkilən reklam çarxı həqiqətən uşaqlarının hüquqlarını pozursa, bu zaman müəyyən qadağalar ola bilər. Uşaqlar tez təsir altına düşür. Buna görə də dövlət və valideynlər uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verməlidir. Müvafiq qanun layihələrinin qəbul edilməsi və bəzi qanunlara dəyişikliklərin olunması bu istiqamətdə aparılan əsaslı tədbirlərdir. Amma yenə də deyirəm, istəməzdim ki, burada iqtisadi sferaya da zərər toxunsun. Yəni bu proses balanslaşdırılmış şəkildə aparılmalıdır”.
Məqsəd uşaq müdafiəsi işinin səmərəli təşkil olunmasıdır
"SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasının İctimai Vəkillik üzrə Mütəxəssisi Cavid İmamoğlu deyir ki, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaq prinsipləri əsasında tərbiyə almaq hüququ vardır və dövlət bu hüquqların təminatçısıdır: "Uşaq hüquqlarının müdafiəsi, onların zərərli informasiyalardan, inkişaflarına maneə olacaq kadrlardan qorunması milli qanunvericiliklə tənzimlənir. Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi istiqamətində güclü qanunvericilik mövcuddur. Təbii ki, zaman keçdikcə bura əlavələr edilir ki, məqsəd uşaq müdafiəsi işinin səmərəli təşkil olunmasıdır. Hazırda qüvvədə olan qanunvericilik aktlarında ölkə ərazisində dövriyyədə olan bütün növ informasiya məhsullarının uşaqların mənafeyinə uyğun olaraq yayılması ilə bağlı müddəalar məhduddur. Bu istiqamətdə bir sıra əlavə və dəyişikliklərin edilməsi bu sahədə olan boşluqların aradan qaldırılması ilə nəticələnəcək”.
C. İmamoğlu deyir ki, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi hazırlanması da bu qəbildəndir: "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununa "Reklamda uşaqların müdafiəsi” adlı yeni 11-1 maddəsinin əlavə edilməsi nəzərdə tutulub. Həmin müddəada uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda valideynin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi, başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması, həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə, uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi və başqa zəruri məqamlar əksini tapmışdır”.
Təmsil etdiyi təşkilatın bu istiqamətdəki fəaliyyətini qeyd edən müsahibimiz əlavə etdi ki, "SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası olaraq, uşaq müdafiəsi istiqamətində ictimai vəkillik fəaliyyətini həyata keçirirlər: "Unutmayaq ki, uşaqların müdafiəsi hər kəsin maraq dairəsində olmalıdır. Əgər belə olarsa, uşaqlarımızın sağlamlığına və ya inkişafına zərər vura biləcək bütün hallardan uzaq olmalar üçün münbit şərait yaradılacaqdır. Uşaqların zorakılıqdan müdafiə hüququ var. Bu o deməkdir ki, hər bir uşaq sevgi, hörmət və qayğının olduğu mühitdə böyümək və tərbiyə almaq, həmçinin fiziki, emosional və seksual zorakılığın bütün formalarından müdafiə olunmaq hüququna malikdir ”.
Reklamçının və ya televiziyanın günahı deyil, valideynin günahıdır
Psixoloq Elnur Rüstəmovbildirdi ki, əslində reklamın günün hansı saatında və hansı verilişdə verilməsinə fikir vermək lazımdır: "Tutaq ki, alkoqollu içkinin reklamı gecə saat on birdə və ya on ikidə verilir və uşaq buna baxırsa, bu zaman valideynə sual etmək lazımdır ki, uşaq bu vaxtı niyə yatmayıb? Yəni uşağın konkret yuxu vaxtı var və həmin vaxt o, oturub reklama baxırsa, bu, reklamçının və ya televiziyanın günahı deyil, valideynin günahıdır. Digər bir tərəfdən isə bu cür reklamların uşaqlara qadağan olunmasına səbəb isə hələ də Azərbaycanda uşaqlar üçün efir tezliyinin olmamağıdır. Əgər belə bir kanal olarsa, bu problem müəyyən qədər həllini tapar. Uşaq televiziyasında da onlara uyğun reklam çarxları nümayiş edilər. Məsələn, uşaq geyim dükanının, uşaq qidasının, təhsil müəssisələrinin reklamı ola bilər. İndi demək olar ki, bütün uşaqların əlində telefon var və istənilən videoya baxa bilirlər. Yəni zərərli reklamlar qadağan edilsə belə, telefonla onlar digər zərərli informasiyaları qəbul edəcəklər. Ona görə uşağı zərərli reklamlardan qorumaq və hüquqlarını müdafiə etmək üçün valideyn nəzarəti olmalıdır.
Bu layihənin hazırlanması gözəl təşəbbüsdür. Amma baxır tətbiq mexanizmi necə olacaq. Düşünürəm ki, diqqəti bu məqama çəkmək lazımdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər