• cümə, 26 Aprel, 20:20
  • Baku Bakı 22°C

Unutduğumuz sənət fədaisi

24.12.19 10:00 728
Unutduğumuz sənət fədaisi
O, sənətkar qürurunu ömrünün sonuna kimi qorudu

Nədəndirsə, hər zaman Gəncə Dövlət Dram Teatrının binasına daxil olarkən burada olan ab-hava mənə bir çox sənətkarları xatırladır. Bəlkə də, əksəriyyətini həyatda və səhnədə gördüyüm üçün onları tez-tez xatırlamalı oluram. Bu gün də belədir. Xatırladığım aktyor hər zaman səhnədə tipik xarakterlər ustası kimi yaddaşlarda yaşayır. Obrazlarından asılı olmayaraq və hansı rolda oynamasına baxmayaraq, öz ifaçılıq məharətilə daima diqqət mərkəzində olmağı bacarırdı. O, hər zaman səhnədə xarakterik surətləri güclü formada böyük ustalıqla ifa edirdi. Deyim ki, həm də təbiətcə də çox ciddi xarakterli bir insan idi. Heç zaman artıq bir kəlmə belə danışmaz, zarafatları xoşlamazdı. Xarakterində olan qürur, elə səhnədə obrazlarına da sirayət edirdi.
Gəncə Dövlət Dram Teatrının qocaman səhnə ustalarından biri, Respublikanın əməkdar artisti Rza Nadirovu tanıyan hər kəs təsdiq edər ki, o, sənətkar qürurunu ömrünün sonuna kimi qorudu. Maraqlı cəhət buarsındadır ki, aktyorun səhnədə yaratdığı obraz epizodik olsa belə, onu ürəkdən, böyük ustalıqla yaradırdı. Onunla səhnədə işləyən rejissorlar da yaxşı bilirdilər ki, obrazın mahiyyət etibarı ilə xarakterik formada yaradılmasında Rza Nadirovun istedadı kifayət qədərdir. Bununla da, məhz Rza Nadirov səhnədə milli aktyor sənətimizin klassik ənənələrinə söykənərək, özünün yeni üslubda və baxışda olan sənət məktəbini yaratmağa müvəffəq olmuşdur. Sözsüz ki, aktyor üçün istedad ilkin şərtdir və bunu heç kəs, xüsusən teatr sənətində səriştəli olanlar inkar edə bilməzlər. Ancaq ki, səmimiyyət, səhnə məlahəti, cazibədarlığı, şirinliyi olmayanda, istedad da bir az gücsüz görünür və özünün lazımı yaradıcılıq bəhrəsini tam dolğunluqla göstərə bilmir. Bu baxımdan Rza Nadirov səhnədə də xoşbəxt taleliaktyorlarımızdan biri idi. Bu sadalananlar onun bir tipik xarakterlər ustası olaraq yetişməsində əsas şərtlərdən idi.
Rza Abbas oğlu Nadirov 10 oktyabr 1912-ci ildə Bakıda anadan olub. Orta məktəbin səkkizinci sinfinə kimi təhsil alıb. Sonradan gəmi tərsanəsində (tanker və müxtəlif təyinatlı gəmilər istehsal edəcək zavod) çalışıb. Burada eyni zamanda tərsanənin dram dərnəyinə üzv olub. Bir müddət Bakı Dəmiryolçular Evinin dram kollektivində fəaliyyət göstərib. 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Təhsil aldığı müddətdə müxtəlif mədəniyyət evlərində, az müddətdə isə Akademik Milli Dram Teatrının yardımçı heyətində çalışıb. 1939-cu ildən isə taleyini Gəncə Dövlət Dram Teatrına bağlayıb. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən altı il sonra, yəni 1951-ci ildən yenidən Gəncə Dövlət Dram Teatrında fəaliyyətini aktyor olaraq davam etdirib.
Hər zaman bir insana xas olan hissin, iradənin və zəkanın vəhdətini xarakter adlandırırıq. Əslində nəticə etibarı ilə xarakter psixoloji anlayışdır. Hər bir obraz isə özlüyündə xarakterdir. Elə bu kimi xüsusiyyətləri də estetik planda götürdükdə, obraz estetik anlayışlı olur. Rza Nadirovun Gəncə Dövlət Dram Teatrının səhnəsində yaratdığı obrazlar məhz estetik anlayışlı olmaqla, bəzən də komediya janrında daha şövqlü nəzərə çarpırdı. Rza Nadirovun ifasında hər bir xarakterik obraz dramatik əsərlərdə daha çox qarşılıqlı təsirdə, mübarizədə tamaşaçını həyəcanlandıran hadisələrin axınında böyük şövqlə təqdim edilirdi. Aktyor səhnədə məharətli ifa tərzi ilə xarakterik obrazları hər zaman fabula, dramatik hadisə və situasiyalarla ayrılmaz surətdə bağlaya bilirdi. Onun ifasında M. F. Axundzadənin "Hacı Qara”sında Kərəməli və Xəlil yüzbaşı, "Lənkəran xanının vəziri”ndə Səməd bəy, C.Məmmədquluzadənin "Ölülər”ində Hacı Kazım, Ə.B.Haqverdiyevin "Bəxtsiz cavan”ında üçüncü kəndli, "Pəri cadu”da İblis, S.S.Axundovun "Tamahkar”ında Məhərrəm bəy, H.Cavidin "Səyavuş”unda Yalçın, "Şeyx Sənan”ında Şeyx Hadi,
C. Cabbarlının "Yaşar”ında Nüsrət, "Aydın”ında Pirqulu, "Almaz”ında Baloğlan, "Nəsrəddin şah”ında Məmiş, "1905-ci ildə” tamaşasında Polismeyster, "Solğun çiçəklər”ində Molla Möhsün, S.Vurğunun "Vaqif”ində Təlxək, "Fərhad və Şirin”ində Topal kimi surətlər, cərəyan edən hadisələrin vəziyyətinə uyğun olaraq xarakterlərin baxışında qəti konfliktlərdə, toqquşmalarda və başqa sınaqlarda inkişaf edə bilirdi. Onun yaradıcılığında obrazın fabulası hər an səhnədə xarakterindən asılı olaraq mühüm formada səciyyələnirdi. Aktyorun məharətli səhnə ifasında ayrı-ayrı müvəffəqiyyətli xarakterlər ümumi quruluşdan asılı olaraq digər xarakterik obrazlarla əlaqəsi olmasa belə, dramatik fabula bədii gerçəkliklə təqdim edilirdi.
Respublikanın əməkdar artisti Rəhilə Məmmədova bu gün ustad sənətkarı xatırlayarkən deyir: "Mən 1986-cı ildə Gəncə Dövlət Dram Teatrına gələrkən burada böyük sənətkarlar məktəbi vardı. Bu sənətkarlarla çiyin-çiyinə çalışmaq böyük xoşbəxtlik idi. Bu dövrdə Rza Nadirov da bu silsilə sənətkarlarımızdan biri hesab edilirdi. O, həddən ziyadə çox təmkinli və ciddi xarakterli insan idi. Deyim ki, ciddi xarakteri elə səhnədə yaratdığı obrazlarına da sirayət edirdi. Mən onunla bir neçə tamaşada tərəf müqabil olmuşam. Ancaq onunla bir səhnədə oynadığım, quruluşçu rejissor, respublikanın Əməkdar incəsənət xadimi Yusif Bağırovun hazırladığı Əlibala Hacızadənin "İtgin gəlin” iki hissəli dramında olan səhnəni heç zaman unuda bilmirəm. O, bu səhnə əsərində Qəryədər Qulam obrazında çıxış edirdi. Mənə isə Cahan obrazı tapşırıldı. Bu obraz xalq artisti Rəmziyyə Veysəlovadan sonra mənə həvalə edilmişdi. Çox çətin idi belə bir sənətkardan sonra bu obrazı ifa etmək. Ancaq Rza Nadirov səhnədə bir tərəf müqabili olaraq mənim bu obrazı oynamağım üçün böyük ustalıqla köməkliyini əsirgəmədi. Onun səhnədə olan xeyirxahlığını heç zaman unuda bilmərəm”.
Əgər dramaturq süjetin quruluşunda təzahür edilməyən xarakter cizgilərini göstərmək məqsədilə üzvü surətdə inkişafedən konfliktlərdən kənar xüsusi, ayrıca bir səhnə yaradırdısa, o zaman dramın ümumi kompozisiyasını pozmamaq şərti ilə səhnədə Rza Nadirov bunu dəqiqliklə duyur və tamaşaçıya müxtəlif səhnə çalarları ilə təqdim edə bilirdi. Bu da aktyorun ustalıqla və səhnə texnikasından irəli gəlməklə böyük sənət məktəbindən xəbər verirdi. Bununla da Rza Nadirovun səhnədə yaratdığı hər bir obraz öz xarakterik konfliktini, inkişafını müəyyənləşdirirdi. Onun səhnə məziyyətlərində realizm tipik şəraitlərdə tipik xarakterlərin əksi olaraq təqdim edilirdi. Onun ifasında hətta mövcud cəmiyyətdə geniş yayılan hadisələr deyil, həm də hələlik geniş yayılmayan, amma artıq kök salan xarakterik hadisələr də tipikləşdirilirdi. Səhnədə hər zaman xarakterin aktyor ifasında bədii tipikləşdirilməsi Rza Nadirovun müşahidələri əsasında baş verirdi.
Çağdaş Azərbaycan dramaturqlarının pyeslərinin səhnə təfsirində yaratdığı İ.Əfəndiyevin "Üçatılan”ında Hakim, "Atayevlər ailəsi”ndə Cahangir, İ.Səfərlinin "Göz həkimi”ndə Fərəc əmi, M.Təhmasibin "Çiçəkli dağ”tamaşasında Simnar xan, Q.Rəsulovun "Əlvida Hindistan!”ında Böyük Ramo, Ə.Məmmədxanlının "Şərqin səhəri”ndə Mayor Ed-Braun, B.Vahabzadənin "Vicdan”ında Əşrəf, Y.Əzimzadənin "Nəsrəddin”ində Əhməd kişi, "Anacan”ında İmran, N.Gəncəlinin "Düşmənlər içində”sində Zənci Ceyms, "Məhəbbət körpüsündə” Kozlov, A.Zeynallının "Nəriman ata”sında Əli Bayramov, K.Ağayevanın "Məhsəti Gəncəvi”sində Gəncə hökmdarı, İ.Qasımovun və H.Seyidbəylinin "Uzaq sahillərdə” əsərində Tinti, "Böyük ürək”də Muradov, İ.Şıxlının "Dəli Kür”ündə Həsən əmi, "Odlu çarpazlar”ında polkovnik Ulçenko, N.Həsənzadənin "Atabəylər”ində Əcəmi surətləri aktyorun həyat müşahidələrinin böyük ustalıqla yaradılan səhnə bəhrəsi idi.
Mübaliğəsiz qeyd etmək lazımdır ki, Rza Nadirovun səhnə ifasında tamaşaçıya təqdim olunan xarakterləri, onun ayrı-ayrı təzahürləri ilə müəyyənləşərək, ifanın böyük ustalıqla anlanacaq formada bütöv təqdimini nümayiş etdirirdi. Aktyor bununla dahəm də səhnədə dram qəhrəmanının ayrı-ayrı hərəkətlərini, onun xarakteristikasını müəyyənləşdirə bilirdi. Onun hər bir obraza müraciəti və tamaşaçıya təqdimi dramın qəhrəmanı olaraq bizim qarşımızda məqsədli, iradəli cəhdin fasiləsiz axınında dayanırdı. Səhnədə onun obrazlarının ayrı-ayrı replika və hərəkətləri vahid hərəkətin vahid xəttinə qovuşurdu. Bununla da Rza Nadirovun səhnə texnikası dramatik qəhrəmanın xarakterindən asılı olaraq, özünün vahid hərəkəti ilə məhdudlaşırdı. Bilirik ki, xarakteristika konkret təzahürlərlə təhrif edilməməlidir. Obraz-xarakter özünün dramatik inkişafında bütöv qalmalıdır. Rza Nadirovun səhnə ustalığında da, vahid hərəkət, obrazın və xarakterin əsası olaraq təqdiminə çalışırdı.
Bu gün Rza Nadirov yaradıcılığından söhbət düşərkən sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli deyir: "Atam Novruz Gəncəli hər zaman Gəncə Dövlət Dram Teatrı ilə sıx əlaqə saxlayırdı. Yaxşı xatırlayıram, 1951-ci il idi. Atam Novruz Gəncəli "Düşmənlər içində” adlı pyesini teatra təqdim etmişdi. Bu tamaşanın quruluşçu rejissoru Yusif Yulduz, rəssamı isə Süleyman Hacıyev idi. Respublikanın əməkdar artisti Rza Nadirov bu pyesdə orijinal bir surət yaratmağa müvəffəq olmuşdu. Onun ifasında Zənci Ceyms obrazı maraqla baxılan surətlərindən biri idi. Daha sonra atam 1970-ci ildə "Məhəbbət körpüsü” adlı pyesini qələmə aldı. Pyes Gəncə Dövlət Dram Teatrının səhnəsində 1970-ci ildə xalq artisti Vaqif Şərifov tərəfindən böyük ustalıqla səhnəyə qoyuldu. Bu pyesdə də Rza Nadirov Kozlov obrazında çıxış etdi. Mən o illərdə Rza Nadirovun böyük istedad sahibi olduğunun şahidi oldum. Aktyor ona tapşırılan hər iki obrazı böyük ustalıqla, məharətlə və rejissor traktofkasından irəli gələrək dəqiq mizanlarla təqdim etməyə müvəffəq ola bilmişdi”.
Aktyor 1981-ci ildə Respublikanın əməkdar artisti fəxri adı ilə təltif olunub. Rza Nadirov 15 dekabr 1995-ci ildə Gəncədə vəfat edib.
Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Respublikanın əməkdar artisti Rza Nadirovun vəfatından 24 il ötməsinə baxmayaraq, onunla bağlı dövrü mətbuatda yazılar dərc edilmir və xatırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi istiqamətində də heç bir addım atılmayıb. Bu gün Gəncədə nə adına bir küçə, nə də ki, yaşayıb-yaratdığı ünvanında xatirə-barelyef lövhəsi yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fədailərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?
Anar Bürcəliyev, teatrşünas
banner

Oxşar Xəbərlər