Türkiyənin gücünü göstərən “Sülh bulağı”

Türkiyənin gücünü göstərən “Sülh bulağı”

Siyasət
10 Oktyabr 2019, 18:26 856
Yaxın Şərq bölgəsində münaqişələr başladıqdan sonra Türkiyənin şimal sərhədlərində vəziyyət gərginləşdi. Suriyada gedən müharibə nəticəsində milyonlarla suriyalı Türkiyəyə üz tutdu. Bütün bunlara baxmayaraq, Türkiyə, sərhədlərinə yaxın ərazidə baş verənləri sakitliklə izləyə bilməzdi. Hansı ki, Suriyanın şimal ərazilərində kürd terror qruplaşmaları getdikcə Türkiyə dövlətinə təhdidə çevrilirdi. Bu məsələ əlbəttə ki, dəfələrlə Türkiyə prezidenti tərəfindən dünya dövlətlərinin diqqətinə çatdırılıb. Rəsmi Ankara dəfələrlə bəyan etməsinə baxmayaraq, müttəfiq dövlətlər bunu çox sakitliklə qarşılayırdılar. Lakin Türkiyə son qərar qəbul edərək, oktyabrın 9-dan Suriyanın şimalında "Sülh bulağı” hərəkatına start verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinə (TSQ) əmr verməsindən sonra terrorçulara məxsus ərazilər bombalanıb. Əməliyyatlar başlar-başlamaz, terrorçulara məxsus 180-dən çox hədəf məhv edilib. Qeyd edək ki, əməliyyatlar davam edir. Türkiyənin belə bir əməliyyata başlaması ölkənin gücünü xarakterizə edirmi? 
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, bu bölgənin problemləri çoxşaxəli və mürəkkəbdir: "Yəni bu bölgədə son illər ərzində, ən azından 2009-2010-cu ildən bəri mürəkkəb proseslər gedib. Bəzi dövlətlərin məxfi xidmətlərinin planları ucbatından bütün dünyanın terror qüvvələrinin hamısı Suriya və İraq ərazisinə yerləşdirilib. Aydın məsələdir, burada ən böyük istək ondan ibarət idi ki, ümumiyyətlə, Yaxın Şərqin siyasi xəritəsi köklü şəkildə dəyişdirilsin və yeni dövlətlər yaradılsın. O planlardan biri də "kürd dövləti”nin yaradılması ilə bağlı idi. Bu baxımdan həmin planın qarşısını almaq istəyən dövlətlərin sırasında Türkiyə də yer alırdı. Düzdür, əvvəlcə Türkiyə ABŞ-la birgə addımladı. Ancaq sonra bəlli oldu ki, müttəfiq ölkələrin niyyətləri tam başqadır və bir-biri ilə ziddir. Təsadüfi deyil ki, bölgə dövlətlərinin bəziləri ilə "Qərb koalisiyası” yaradılanda "Şərq koalisiyası” da yaradıldı. Buraya Rusiya, İran, İraq, Suriyanın qanuni hökuməti və sair daxil idi. Onlar planların hamısını alt-üst etdilər. Lakin bəzi dövlətlər, o cümlədən ABŞ tərəfindən axırıncı "yara”nı müalicə etməyə istək ortaya qoyulmadı. Türkiyə bölgədə, xüsusilə cənub sərhədləri boyunca çalışır ki, vəziyyəti taraz şəraitdə formalaşdırsın, terrorçu dəstələrdən təmizləsin və təminatlı, sabit rejim yaratsın. Ancaq bu, çox çətin məsələdir”.
 
T.Abbasov qeyd etdi ki, Türkiyə, həqiqətən güclü dövlətdir və ordu potensialına görə NATO sıralarında 5-ci yerdədir: "Bu, çox güclü bir göstəricidir. Ancaq məsələ ondadır ki, Suriyanın şimalında tam miqyaslı hərbi kampaniya aparmaq mümkün deyil. Belə başa düşürəm ki, kürd yaraqlıları "partizan müharibəsi”nə keçəcəklər və onlara da dəstək verənlər çox olacaq. Bunlar həm İsrail, həm ABŞ və eləcə də Avropa dövlətləri olacaq ki, onların bir çoxunun ərazisində kürdlərin mühacir qrupları, təşkilatları fəaliyyət göstərir. Bu təşkilat və qruplara dəstək verirlər, onlara maliyyə yardımı ayırırlar. Düşünürəm ki, bu məsələdə Türkiyənin gücü böyük səmərə verməyə bilər. O cümlədən Türkiyə diplomatiyasının manevr imkanları genişdir. Bu mənada hesab edirəm ki, hərbi seqmentlə bərabər, incə diplomatiya işə düşəcəksə, o halda Türkiyə bu əməliyyatı qısa zaman kəsiyində sona çatdıracaq. Ancaq təcrübə onu göstərir ki, bu, çox çətin məsələdir. Yəni müharibəni başlamaq asandır, ancaq onu sona çatdırmaq qat-qat çətindir”.
 
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Türkiyə uzun müddətdir kürd terrorizmi ilə üz-üzə qalıb: "Belə olan təqdirdə, bir neçə dəfə Türkiyə prezidenti tərəfindən istər Bəşər Əsədə, istər Rusiyaya, istərsə də ABŞ-a, Avropa İttifaqına müraciət olunmuşdu ki, bununla bağlı tədbir görmək lazımdır. Çünki Suriyanın şimalı həqiqətən də Türkiyənin milli təhlükəsizliyi üçün təhdiddir. Lakin təəssüflər olsun ki, bütün bu illər ərzində "Qərb koalisiyası” Türkiyənin yanında olmaq əvəzinə, kürd terrorçularını silah-sursatla təmin etdi, eyni zamanda faktiki olaraq siyasi dəstəyini verdi. Belə olan təqdirdə, Türkiyənin, prezident Ərdoğanın başqa seçimi yox idi. Ona görə də, biz bu gün Türk ordusunun Suriyanın şimalında görməkdəyik”.

Z.Məmmədov vurğuladı ki, BMT və NATO baş katiblərinin, eyni zamanda Avropanın ayrı-ayrı ölkələrinin bəyanatları təəssüf doğurur: "Amma onlar bilmədilər ki, onsuz da Türkiyə öz yolundan dönməyəcək və mütləq şəkildə terrorçuları Suriyanın şimalından təmizləyəcək. Kürdlər, bu mənada çox səs-küy salıblar. Lakin əslində burada söhbət çox kiçik ərazidən gedir. Çünki Suriyanın böyük şimal-şərq hissəsi kürdlərin əlindədir və Türkiyə heç də onları oradan təmizləmək, yaxud da qovmaq niyyətində deyil. Türkiyənin əsas işi orada 500 kilometrlik civarında olan ərazidəki kürd terror qruplaşmalarına qarşı mübarizə aparmaqdır ki, bu da tam olaraq Ərdoğanın haqqıdır. Bu məsələdə ABŞ-ın, Rusiyanın əslində Türkiyəni dəstəkləməmək kimi seçimi yoxdur. Çünki Türkiyə ordusu Suriyanın şimalındadır və elə bunun nəticəsidir ki, Moskva vəziyyəti sakitliklə izləyir. Təbii ki, əməliyyatlardan öncə Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Putinlə telefonla danışıb. Eləcə də, Türkiyə prezidentinin Trampla da telefon danışığı olub və ABŞ prezidenti öz hərbiçilərini sakit şəkildə həmin ərazidən çıxardaraq, faktiki olaraq Türkiyəyə yaşıl işıq yandırıb”.

BƏXTİYAR