Turizm obyektləri “Novruz axını”na hazırdır?
Ölkə əhəmiyyətli qeyri-neft sahələrinin inkişaf etdirilməsindən
danışdıqda, bu istiqamətdə vacib sektorlardan biri də turizmdir. Neftin qiyməti
düşməsi fonunda, turizm ölkəmiz üçün müəyyən qədər gəlir gətirmək gücünə
malikdir. Manatın dollara nisbətən kursunun zəifləməsi, regionda baş verən
hadisələr və üstəlik də viza sisteminin sadələşdirilməsi ölkəmizə gələn
turistlərin sayında ciddi şəkildə özünü göstərməkdədir.
Bayram günlərində isə turist sayının çoxluğu daha qabarıq şəkildə
özünü büruzə verir. Məsələn, ötən il Novruz bayramında daha çox turist qəbul
etmişdik. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov
trend-ə açıqlamasında bildirib ki, martın ortalarından Azərbaycana yenidən
turist axınının başlayacağı gözlənilir. Onun sözlərinə görə, turist axınının
martın sonuna qədər davam edəcəyi gözlənilir.
"Turistlər
üçün əsas maneə viza ilə bağlı idi”
M.Ağakərimov əlavə edib ki, artıq indidən bəzi hotellərin yerləri
mart ayının ortaları üçün bronlaşdırılıb. Bu yerləri bronlaşdıranlar isə
əsasən, ərəb ölkələrindən və İrandan olan turistlərdir. M.Ağakərimov qeyd edib
ki, Azərbaycana turistlərin daha çox Novruz bayramı günlərində gələcəyi
gözlənilir: "Əsasən, ərəb ölkələri - İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər və
İrandan daha çox turist gələcək. Yay aylarında isə Rusiyadan gələn turistlərin
sayı çoxalır. Eyni zamanda, müalicə turizmi ilə əlaqədar Qazaxıstandan
Azərbaycana turistlərin gələcəyi gözlənilir”.
M.Ağakərimovun fikrincə, indiyədək Azərbaycana gəlmək istəyən
turistlər üçün əsas maneə viza ilə bağlı idi: "Əvvəllər turist viza almaq üçün
müəyyən prosedurlardan keçməli idi. İndi isə elektron viza tətbiq edilib.
Elektron viza tətbiq edildikdən sonra Azərbaycanla maraqlanan turistlərin sayı
artıb. Artıq hətta Malayziya, Sinqapur, İndoneziya, Hindistan, Pakistan kimi
uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Buna görə həmin
ölkələrdən də Azərbaycana turistlərin gələcəyi gözlənilir”.
Qeyd edək ki, verilən məlumata görə, 2016-cı ilin dekabr ayının ortalarınadək
olan müddət ərzində Azərbaycana gələn turistlərin sayı 2015-ci ilin müvafiq
dövrü ilə müqayisədə 11 faiz artıb.
2016-cı il ərzində Azərbaycana Rusiyadan gələn xarici ölkə
vətəndaşlarının sayı 7,1 faiz, İrandan gələn vətəndaşların sayı 58 faiz ,
Qazaxıstandan gələn vətəndaşların sayı 15,8 faiz artıb.
"Turistlərin
sayı baxımından rekord göstərici gözləyirik”
İstədiyimiz turist idi, o da gəlir və sayı da artmaqda davam edir.
Bəs turistlərin sayı ötən ilkindən daha çox olsa, bizim onları qəbul etmək
imkanlarımız varmı? Turizm obyektlərimiz Novruz axınına hazırdırlarmı? Bayram
günləri üçün xüsusi olaraq nələr ediləcək?
"Şahdağ” Turizm Mərkəzinin
marketinq meneceriGülnar Mustafayeva "Kaspi”yə açıqlamasında bildirdi ki, hələ ki,
bayram hazırlıqlarına başlanılmayıb. Amma ümumilikdə kompleksdə bayram
ərəfəsində Novruzun atributlarını özündə əks etdirən tədbirlər təşkil edilir: "Bayram
hazırlıqlarına hələ başlamasaq da, turist qəbul etməyə həmişə hazırıq. Amma
Novruz bayramı üçün xüsusi bayram paketləri və s. hələ hazır deyil. Zənglər
qəbul edirik, bayram paketlərimiz hazır olmadığı üçün satış başlamayıb.
Ümumiyyətlə, Novruz bayramı ərəfəsində otelimizdə bayramın bütün atributları
olur. Kosa, keçəl, bahar qızı, ənənəvi bayram şənliklərimiz olur. Yeni il
bayramı ərəfəsində Şahdağ Turizm Mərkəzi turistlərin sayı baxımından rekord
vurmuşdu. Novruz bayramında da eyni rekordu gözləyirik. Viza məsələsinin
sadələşdirilməsi, xüsusilə ərəb ölkələrindən gələn turistlərin sayının
artmasına səbəb olmuşdu. Novruz bayramında da daha çox turistlərin gəlməsini
gözləyirik və qarşılamağa da hazırıq”.
Atlant Ailəvi İstirahət və Əyləncə
Mərkəzindən bildirildi ki, bayram ərəfəsində turistlərin sayında nə qədər
artım olsa, problem yoxdur, qəbul etməyə hazırdırlar. Bayram günlərində isə
Novruzla bağlı müxtəlif şənliklər təşkil ediləcək.
"Bu il turist axını daha
çoxdur”
Lerikdə yerləşən "Relaks”
İstirahət Mərkəzinin icraçı direktoru Aytən İbrahimovanın sözlərinə görə, artıq onlarda bayram
günləri ilə bağlı sifarişlər var: "Martın 19-dan 25-nə qədər Novruz bayramı ilə
əlaqəli xüsusi bayram günlər olur. Həmin günlərdə demək olar ki, otel tam dolu
olur. Bayram şənlikləri təşkil edirik, milli folklorumuz nümayiş etdirilir. Bu ərəfədə
İrandan daha çox sifariş olur. Amma müxtəlif ölkələrdən qonaqlarımız da gəlir.
Müəyyən qədər biletlərimiz satılsa da, hələ ki, bayram üçün boş yerlərimiz var.
Kampaniyamız da var. İstirahət mərkəzində iki gün dincələnlər üçün bir gün
pulsuzdur”.
A.İbrahimova onu da bildirdi ki, bu il turist axını daha çoxdur, ona
görə bilet satışı da tez başlayıb. O, turist sayı çox olacağı təqdirdə, qəbul
etmək üçün şəraitin olduğunu da qeyd etdi.
"Heç
Avropa ölkələrində də turistlərin təhlükəsizliyinə belə təminat verilmir”
"Luna
Travel”turizmagentliyinin direktoru, hüquqşünas Rəhman
Quliyev isəbildirdi ki, regionda gedən son siyasi prosesləri
nəzərə alsaq, Azərbaycana daha çox turist cəlb etmək mümkündür. Daha çox turist
cəlb etmək üçün ilk növbədə qiymət siyasətimizi daha uyğun aparmalıyıq:
"Turistlər üçün biletlərin, otellərin qiymətləri normallaşdırılmalıdır.
Azərbaycanda elə istiqamət var ki, ölkə vətəndaşı üçün 50, xarici vətəndaş üçün
70 manatdır. Bunu doğru qiymət siyasəti hesab etmirəm. Kommersiya baxımından
bəlkə də belə məsləhətdir, amma belə hallar olmasa, daha yaxşı olar. Xaricilərə
daha güzəştli kampaniyalar verməliyik ki, ölkəmizə gəlməkdə maraqlı olsunlar.
Azərbaycanda ictimai asayiş yüksək səviyyədə qorunur. Bu da turistlərin
rahatlıqla ölkəmizə gəlmələrinə imkan verir. Heç Avropa ölkələrində də turistlərin
təhlükəsizliyinə belə təminat verilmir. Bunu turistə aşılamaq lazımdır”.
R.Quliyev deyir ki, Avropaya, İstanbula gedə biləcək qədər turist
ölkəmizə gəlsə, onları ölkəmizdə qarşılamaq üçün kifayət qədər yer də var,
imkan da: "Turizm obyektləri, otellər, otel tipli müəssisələr var. Bununla
yanaşı, regionlarda əhaliyə şərait yaradılıb ki, turistləri qonaqlama imkanına
sahib olsunlar. Bu həm onların sosial vəziyyətinin yaxşılaşdırılması üçündür,
həm də turistlər üçün sərfəli qalma yerlərinin sayının artması deməkdir”.
"Böyük
səməni festivalı, kosa, keçəl...”
R.Quliyevin sözlərinə görə, bayram günlərində daha çox turist cəlb
etmək üçün Novruzu bir növ brendləşdirilmiş şəkildə qonaqlara təqdim etməliyik:
"Mən hər zaman təklif edirəm ki, turizm komplekslərində Novruzun simvolu olan
Səməni ilə bağlı festival keçirilsin. Səməni festivalı Azərbaycanın bir rəmzi
brendi olaraq turistlərə təqdim edilə bilər. Bu, xaricdən gələn turistlərə daha
maraqlı gələcək, onları bura daha çox cəlb edəcək. Bu gün turistlər Dubaya
şopinq festivalına, Braziliyaya karnavala görə gedirlərsə, Azərbaycana da
"Səməni festivalına gedirik” kimi bir fikir yaratmaq lazımdır. O
nöqteyi-nəzərdən, bayramı turistlər üçün daha maraqlı etmək olar. Turistlər
üçün quru bayramlar maraqsız olur. Ocaqdan tullanma, böyük səməni festivalı,
kosa, keçəlin olması və s. bayram əhval-ruhiyyəsi olmalıdır. Yavaş-yavaş buna
start vermək lazımdır”.
R.Quliyev onu da bildirdi ki, Novruz bayramını son illər beynəlxalq
aləmdə ictimailəşdirmişik. Amma növbəti illərdə bunu daha da genişləndirməliyik
ki, daha çox turist cəlb edə bilək: "Turizmlə bağlı xarici ölkələrdə sərgilərdə
bunu daha da çox işıqlandırmaq lazımdır. Dünyanın istənilən yerində hansısa
turistdən Braziliyaya nə vaxt getmək istədiyini soruşsalar, " karnaval vaxtı
gedərdim” cavabını verər. Novruz bayramını da biz bu cür şüur altına oturda
bilərik”.
"Bayram
hər regionda özünəməxsus şəkildə təşkil edilsin”
Azərbaycan
Turizm və MenecmentUniversitetinin Turizm və qonaqpərvərlik
fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, artıq turizm obyektlərinin bir çoxunda
Novruz bayramı ilə bağlı hazırlıqlar gedir. Və bayram ərəfəsində ötən ilkindən
iki dəfə çox turist gəlməsi gözlənilir: "Bu mövsüm daha çox turist
qəbul edə biləcəyik. Xüsusilə, qonşu İranda martın 15-dən 30-nadək qeyri-iş
günüdür. 15 gün ərzində həm İran, həm Ərəb ölkələrindən daha çox turist axını
olacağı gözlənilir. Keçən ilkinin 2 qat artığı bizdə müşahidə oluna bilər.
Turizm şirkətləri, mehmanxanalar indidən buna hazırlıq görürlər. Azərbaycanda
gündəlik 40 min turistin qalması üçün yer var. Bu yetərli olsa da, yaxın 5-10
il ərzində bu rəqəmin 100 min olmasına çalışılır ki, daha çox turist qəbul edə
bilək”.
R.Səfərovun sözlərinə görə, bayramlar turizm sektorunda "tədbirlər
turizmi”nin tərkibinə daxildir. Bu tədbirlər isə elə təşkil edilməlidir ki, bir
dəfə gələn turist bir də gəlmək istəsin: "Tədbiri elə təşkil etməliyik ki,
turistlər böyük zövq alsınlar. Bunun üçün təklif edirik ki, bayram hər regionda
özünəməxsus şəkildə təşkil edilsin. Çünki turistlər təkcə Bakıya deyil,
regionlara da üz tutacaqlar. Fərqlilik turizmə canlılıq gətirir. Turist bir
zonamızdan digərinə keçəndə fərqli bir mədəniyyət, mətbəx, fərqli nə isə
olacağını gözləməlidir və biz hər regionda onu təqdim etməliyik. Bu sistemi
qura bilsək, növbəti ildə həmin turistlərin yenidən ölkəmizə gəlmələrinə nail
ola bilərik. Hər zonanın özünəməxsus rəqsləri, mətbəxi öz əksini tapmalıdır.Bizdə də bu istiqamətdə hər il müəyyən dəyişikliklər edilir. Növbəti
illərdə biz daha fərqli işlər görülməsinə nail olmağa çalışmalıyıq”.
Aygün Asimqızı