• şənbə, 27 Aprel, 02:58
  • Baku Bakı 14°C

Turist sayı artır, xidmətlər də yaxşılaşmalıdır - Fotolar

08.06.17 17:37 2023
Turist sayı artır, xidmətlər də yaxşılaşmalıdır - Fotolar
"Azərbaycanda turizm sənayesi mövsüm açılışına hazırdır. Ölkədə iyunun 15-dən sentyabrın 15-ə kimi yay mövsümünün olması nəzərdə tutulub”. Milli Turizm Təbliğat Bürosunun gəlmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşündə səslənən bu fikirlər həmçinin ölkənin turizmi sahəsində mövcud olan problemləri də gündəmə gətirdi.
"İşimizi düzgün qursaq...”
Fevral ayından fəaliyyətə başlayan Milli Turizm Təbliğat Bürosu ölkə turizminin inkişafı istiqamətində təbliğati işlərini gücləndirib. Belə ki, ixtisaslaşmışturizmsənayesinin inkişafına dairStrateji Yol Xəritəsinin tələblərinə uyğun olaraq, turizm potensialının təbliği istiqamətində koordinasiyalı fəaliyyətin qurulması, Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, turistlərin məlumatlandırılması, turizm firmaları, dövlət və özəl qurumlarla birgə işlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin qurumun 2017-2020-ci illər üzrə Fəaliyyət Planı hazırlanacaq. Səmərəli fəaliyyətin təşkili məqsədilə xarici kommunikasiyalar vasitəsilə əməkdaşlığı həyata keçirmək üçün qurum onlayn platforma yaradacaq.

Ölkədə turizm potensialının artırılması və daha çox turist gətirilməsini, həm ölkə büdcəsinin, həm də yeni iş yerlərinin artırılmasına nail olmağı əsas məqsədlərdən hesab edən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev rəhbərlik etdiyi qurumun bu sferada yerli turizm şirkətləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etdi: «Ölkənin turizm imkanları və gələn turistlərin sayının artırılması üzrə işlər qarşılıqlı şəkildə həyata keçirilməlidir. Bu işdə turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. Ölkəyə turistlərin cəlbi və onların sayının artırılmasında hər birimiz maraqlıyıq. Həmçinin birgə fəaliyyət sayəsində mövcud problemləri aradan qaldırmalıyıq. Bu istiqamətdə ölkədə fəaliyyət göstərən turizm şirkətləri ilə əməkdaşlığa hər zaman hazırıq». Direktor turistlərin məmnunluğunun vacib amil olduğunu vurğuladı: "İşimizi düzgün qursaq ölkə büdcəsinə, ümumilikdə ümumdaxili məhsulun 5 milyona qədər artırılmasına töhfə vermiş olarıq”.

MTB-nin marketinq üzrə mütəxəssisi Cəmilə Talıbzadə qurumun marketinq sahəsinə yanaşmasını bölüşdü: «Turizm eksport məhsuludur. Ancaq biz indi onu ölkədən çıxartmağa deyil, ölkəyə cəlb etməyə çalışırıq. Biz bütün ölkələrlə işləyə bilmərik. Bunun üçün tədqiqatlar aparılmalı, seçim edilməli və hədəf bazarı müəyyənləşməlidir». Hər bir hədəf bazarı üçün ayrıca strategiyanın hazırlanmasının vacibliyini bildirən C.Talıbzadə Azərbaycanın bu gün dünya üçün o qədər populyar olmadığını da etiraf etdi: «Biz bazara daxil olanda ən azı Gürcüstan, Rusiya və Türkiyə kimi ölkələrlə döyüşməli oluruq». Marketinq rəhbəri Azərbaycanın yeni distansiya olduğu üçün başqa ölkələrdə yaşayan insanların ölkəmiz haqqında məlumatlar əldə etmələrinin vacibliyini qeyd etdi: «Xarici ölkələrdə keçirilən Mədəniyyət günləri və s. tədbirlər zamanı biz öz turizm məhsullarımızı təqdim edə bilərik. Həmçinin xarici ölkələrə infoturlar təşkil olunmalı, ölkəmiz haqqında çoxlu məlumatlar verilməli, digər ölkələrin turoperatorları ilə sıx əlaqə saxlanmalı, onları Azərbaycana dəvət etməliyik».
Turizm mənzərəsinə kölgə salan amillər

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Milli Turizm Təbliğat Bürosunun öz fəaliyyətini daha çox müasir texnologiyalar üzərində qurmasını yüksək qiymətləndirdi: «Müasir texnologiyalardan, internet şəbəkəsindən istifadə yolu ilə turizm potensialının təbliğinə önəm verilməsi təqdirəlayiqdir. Təəssüf ki, bəzən turizm şirkətləri bu innovasiyalardan səmərəli istifadə etmirlər, ya həvəsləri çatmır, ya maraqları yoxdur». Nazir MTTB-nin həm Novruz bayramı ərəfəsində, həm İslam Həmrəyliyi Oyunları zamanı, həm də Şoppinq festivalı günlərində müxtəlif məkanlarda fərqli təqdimatlar keçirməklə turistlərin diqqətini cəlb edə bildiklərini qeyd etdi: "Bu, gözəl başlanğıcdır və belə də davam etməlidir. Azərbaycan bu büronun və turizm şirkətlərinin vasitəsilə beynəlxalq səviyyədə turizm xidmətləri təklif edə bilər”. Nazir qurum və turoperator rəhbərlərinə səslənərək: "Hesab edirəm ki, yeni turizm xidməti və yeni turizm anlayışı ilə ölkəmizi ucaldan məhsul ortaya qoymaq mümkündür. İnternet, media, fotolar, nəşrlər və s. vasitələrlə buna nail olmaq olar. Əgər bu məhsulu ortaya qoya bilməyəcəksinizsə, onda nəyi təbliğ edəcəksiniz” - deyə nazir sual etdi: "Azərbaycan bu gün dünyada turizm anlamında özünəməxsus yer tutur. Ölkəyə turist axını çoxalıb. Nəhayət, turizm şirkətləri arasında da rəqabət yaranır. Onlar «Kim turizm sərgisinə gedəcək?», «Niyə mənə yer vermədilər?» və s. fikirlərlə rəqabət aparırlar”. Ə.Qarayev bütün turizm sərgilərində şirkətlərin iştirakını pullu həyata keçirəcəklərini qeyd edərək, bunun bütün dünyada belə olduğunu bildirdi: "Turizm sərgisində iştirak etmək təkcə təqdim etdiyimiz stendin qarşısında durmaqdan ibarət deyil. Sərgiyə gedən adam öz şirkətinin və ölkəsinin təbliğatını aparmalı, müqavilələrin bağlanmasında və s. iştirak etməlidir. Hansı şirkətlər bunları etməyə hazırdırsa, onlarla da iş görüləcək. Turizm şirkətlərinə lisenziyaların ləğvindən sonra xidmət səviyyəsinin aşağı düşməsi ilə bağlı səslənən fikirlərə toxunan nazir "Baxmayaraq ki, bu gün lisenziya mövcud deyil, amma hər bir şirkət uğurlu olmasını düşünmək üçün ilk növbədə xidmətlərini təkmilləşdirməlidir”-deyə səsləndi.

Nazir yaradılacaq Dövlət Turizm Reyestrinin hamı üçün açıq olacağını bildirərək turizm şirkətlərinə öz xidmətlərinin keyfiyyətini artırmağı tövsiyə etdi: "Nazirlik müvafiq ictimai qurumlarla birlikdə öz namizədliyini yazmış insanın və ya şirkətin göstəricilərini yoxlayır. Biz təkcə biznes haqqında deyil, həmçinin istehsalçılar, turistlər, vətəndaşlar, xaricdən gələn qonaqlar haqqında düşünməliyik. İstəməzdim ki, sabah bələdçi yalan məlumat versin, internetdə qeyri-dəqiq məlumat yerləşdirilsin və ya hansısa şirkət insanlara turizm xidmətləri göstərmək adı ilə pul yığıb dələduzluq etsin. Bütün bunlar bizim turizm mənzərəsinə kölgə salan amillərdir. Turizm şirkətlərinin hamısı turizm sənayesinin iştirakçıları kimi bu işdə məsuliyyət daşıyırlar”. Ə.Qarayev turizm şirkətlərinin ölkədə fəaliyyət göstərən assosiasiyalara üzv olmalarını da tövsiyə etdi: "İlkin mərhələdə assosiasiyaya üzvlük ümumi mərhələyə qoşulmağı göstərir. İctimai qurumlara üzv olmaqla ümumi turizm maraqlarını tutmalısınız”.
Bakının brendi
Nazir Milli Turizm Təbliğatı Bürosunun əsas vəzifələrindən birinin Bakının brendinin formalaşdırılması olduğunu qeyd etdi: «Bakının brendi haqqında hər kəsin öz fikri ola bilər. Yəqin ki, bu da müsabiqə yolu, təfəkkür daşıyıcılarının iştirakı ilə həyata keçiriləcək. Biz Bakı deyəndə gah "Qız qalası”nın, gah "Alov qüllələri”nin şəkillərini təqdim edirik. Ancaq bunlar, bütün Bakı deyil. Təəssüf ki, bu günə kimi Bakı şəhərinin brendi yoxdur”. Ə.Qarayev qurum qarşısında duran digər bir vəzifənin turizm məhsullarının hazırlanmasından ibarət olduğunu söylədi: "Bu məsələdə də hər bir turizm şirkətinin tövsiyəsi lazım olacaq. İstərdim ki, təklifləriniz çeşidli olsun. Burada tarixi, macəra, ziyarət, idman turizmi formalarında təkliflər olmalıdır». Ə.Qarayev nazirliyin qarşısında duran məsələlərə də toxunaraq «Turizm haqqında” qanunun yenidən qəbul olunacağını bildirdi: «Qanunvericilikdə nəzarət və ciddi normaların tətbiqi ilə yanaşı, turizm şirkətlərinin tam sərbəst və lazımsız müdaxilələrdən azad olunması qeyd olunur. Ümidvarıq ki, Milli Məclisin payız sessiyasında sənəd qəbul olunacaq. Digər məsələ ölkədə Dövlət Turizm Reyestrinin formalaşdırılmasıdır. Burada da könüllülük əsasında otellərin dərəcəsi müəyyənləşdiriləcək və burada hostellər də yer alacaq. Ulduzsuz olsa belə, xidmətləri varsa, reyestrin siyahısına daxil ediləcək». Nazir turizm sahəsində təhsilin formalaşdırılması, peşə məktəblərinin açılması məsələsinə də toxundu: «Bu, bizim maliyyədən asılıdır. Növbəti ildə 3 regionda peşə məktəblərinin açılması planlaşdırılır». Ə.Qarayev turizm şirkətlərinə Azərbaycan Turizm İnstitutu ilə sıx əməkdaşlıq etməyi tövsiyə etdi: «Xaricdə bütün təhsil müəssisələrinin maliyyələşdirilməsinə böyük turizm şirkətləri, otellər sərmayə qoyurlar ki, yüksək səviyyəli kadrlar hazırlansın. Bununla da onlar öz kadr potensialını hazırlayırlar. Hələlik bu qaydanın tətbiqini Azərbaycan üçün real görmürəm. Amma bu olmasa, xidmətləriniz mükəmməl olmayacaq. Təhsildə pərakəndəlik yolverilməzdir. Siz indidən kadr hazırlığı haqqında düşünün. O cümlədən, bələdçilərin, xidmətçilərin işlərinin qurulması haqqında fikirləşin. Bələdçilərin hamısına Reyestr tərəfindən sertifikat veriləcək. Ölkədə sertifikatsız bələdçi olmamalıdır”.
200 mindən artıq turist artımı

Nazir Azərbaycanda istirahət edən insanların sayının artdığını dedi: "Bu il ötən ilə nisbətən Azərbaycana xaricdən gələn qonaqların sayı daha da çox olacaq. Bu yay da Azərbaycana ərəb ölkələrindən, Rusiyadan, İrandan gələcək turistlərin sayının çoxalacağı gözlənilir. "Formula 1” yarışlarının keçiriləcəyi müddət üçün ölkəmizdəki böyük mehmanxana şəbəkələrinin yerlərinin 95 faizi dola bilər. Artıq həmin müddət üçün sifarişlər verilib”. Azərbaycana son iki ildə gələn turistlərin sayını açıqlayan nazir rəqəmlərdə artım olduğunu diqqətə çatdırdı: "Keçən ilin may ayında Azərbaycana 174 min, bu ilin mayında isə 211 min nəfər turist səfər edib. Bu, kifayət qədər böyük rəqəmdir və artım yüksəkdir. Təxminən 30 faiz artım müşahidə edilib. Ümumilikdə ötən ilin beş ayında ölkəyə 768 min turist gəlmişdisə, bu il onların sayı 956 minə çatıb. Bu, 200 mindən çox turist artımı deməkdir. Bu, artımlar viza rejiminin sadələşdirilməsi ilə birbaşa bağlıdır. Bu gün biz 90-a qədər ölkəyə qapımızı açmışıq. Bu axının qarşısında turizm sənayesinin yüksək səviyyədə təqdim etdiyi xidmətlər olmalıdır. Xidmətlərin formalaşması isə hamımızın işidir”. Nazir təkcə xaricdən gələn insanlar üçün deyil, həmçinin Azərbaycan vətəndaşları üçün səviyyəli, maraqlı, təhlükəsiz istirahət təşkil etməyin turizm şirkətlərinin vəzifəsi olduğunu bildirdi: "Ölkə vətəndaşlarının asudə vaxtlarının təşkili elə yüksək səviyyədə olmalıdır ki, bu, öz əks-sədasını versin. Azərbaycan sakinlərində yeni turizm anlayışını formalaşdırmaq lazımdır. İnsanların hər birinin cibinə uyğun xidmətlər verilməlidir. 10 manata da, 50 manata da, 1000 manata da istirahət etmək olar. Ancaq sizin vəzifəniz 10 və ya 20 manata malik insanların da istirahətini keyfiyyətli təşkil etməkdir. Mən turizm bürosunun məhz bu istiqamətdə fəaliyyətini arzulayıram. Qurumun vəzifəsi bu xidmətlərə inam yaratmaq, dünya səviyyəsində inamlı məlumat mərkəzinə çevirmək və Azərbaycanı tanıtmalıdır».

Nazir Azərbaycanda turizm bazarında mövcud olan qiymət siyasətinə də toxundu: "Qiymətlər kifayət qədər qəbulolunandır. İnternetlə bütün rayonlar üzrə qiymətlərin təhlili aparılıb. Elə rayonlar, məkanlar var, orada adamları 10-30 manata yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Yerləşdirmənin adambaşına qiyməti təxminən 15 manata düşür. Düşünmürəm ki, bu gün kimsə beş manata, yaxud üç manata istirahət edə bilər. Bu, mümkün deyil. Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Lakin mənim də sualım var. Siz istəyirsiniz ki, xidmətlər tam pulsuz olsun?”

Görüşdə yerli turizm operatorlar və turizm şirkətləri ölkə turizmi ilə bağlı ictimai müzakirələrdə iştirak edərək yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması istiqamətində turizm firmalarının qarşılaşdığı problemləri və onların həlli ilə bağlı birgə əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Təranə Məhərrəmova




banner

Oxşar Xəbərlər