• şənbə, 27 Aprel, 08:57
  • Baku Bakı 12°C

Təhsilə büdcədənkənar dəstək

31.10.17 13:00 1800
Təhsilə büdcədənkənar dəstək
Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Layihədə qeyd edilir ki, elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır. Bununla yanaşı, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da sənəddə prioritet istiqamət kimi qeyd edilib. Ölkədə elmi kadrların hazırlanmasını tənzimləmək məqsədi ilə təşkilatların və ali məktəblərin təklifləri əsasında elmi kadrların hazırlanmasının vahid planı hazırlanması da nəzərdə tutulur. Büdcədənkənar vəsaitlərin elmə cəlb olunmasının növbəti mərhələdə hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü bu addımın elm sahəsində çalışan adamlar üçün çox yaxşı motivasiya olduğunu deyir: "Hazırda ölkəmizdə müxtəlif fondlar mövcuddur. Məsələn, "Bilik”, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu bunlardandır. Bundan başqa, bir sıra şirkətlər var ki, bunlar sosial proqramlara müəyyən miqdarda maliyyə vəsaiti ayırırlar. Həmçinin xarici donorlar var. Onlar qrant proqramları üçün nazirliklərə layihələr verirlər. Mən düşünürəm ki, büdcədənkənar maliyyənin cəlb edilməsi deyəndə, bunlar nəzərdə tutulur. Bunun təsirini isə gələcək göstərəcəkdir. Ən əsası, elm sahəsində çalışan adamlar üçün çox yaxşı motivasiya yoludur. İkinci tərəfdən, bu həm də, maddi texniki bazanın gücləndirilməsi deməkdir. Bilirsiniz ki, bu gün xüsusən də akademiya strukturlarında elmi-metodiki, həmçinin ədəbiyyat baxımından vəziyyət günün tələblərinə cavab vermir. Kənar maliyyə vurğuladığım bəzi çatışmazlıqları aradan qaldırmağa kömək olacaq. Maddi texniki bazanın möhkəmləndirilməsi, laboratoriya işləri, müasir tələblərə cavab verən müxtəlif cihazların alınması istiqamətində bir sıra addımlar atılacaq”.
Təhsil eksperti Etibar Əliyev deyir ki, büdcədənkənar vəsaitlər deyiləndə qrant vəsaitləri nəzərdə tutula bilər. Digər bir tərəfdən, elmi tədqiqatlara marağı olan, müəyyən sahə ilə bağlı tədqiqat işi sifariş edən şirkətlərin və yaxud da digər təşkilatların, ayrı-ayrı fondların dəstəyi ola bilər: "Bundan başqa, alimlərin fəaliyyəti maliyyələşdirilə bilər. Yəni büdcədənkənar maliyyələşmə deyiləndə bu nəzərdə tutulur. Ümumiyyətlə, dünyada belə bir qayda var ki, elmin inkişaf etdiyi ölkələrdə elmə ayrılan vəsait daxili məhsulun 2 faizdən 5 faizə qədərini təşkil edir. Biz də isə bu rəqəm heç 1 faiz deyil. Lakin buna baxmayaraq ölkə başçısı İlham Əliyev elmin inkişafı naminə müxtəlif addımlar atır. Eyni zamanda neft kapitalının insan kapitalına sürətli çevrilməsi üçün çox səmərəli işlər görülür. Xüsusilə də, texniki elm sahələrinin inkişafı ilə bağlı işlər görülür. Elmə ayrılan vəsait artarsa, Azərbaycan elmi müəyyən qədər irəliləyişlər əldə edə bilər. Bir məsələni də qeyd edim, son dövrlər gənclərin elmə cəlb olunması sürətlənib. Bu Elm haqqında qanuna edilən tövsiyə ilə bağlıdır. Magistrant və doktorantlara hərbi xidmətdən möhlət hüququ verildi. Yəni oğlanlar bakalavr pilləsindən sonra dərhal ordu sıralarına yollanırdılarsa, indi möhlət veriləcək ki, təhsillərini davam etdirə bilsinlər. Bu da elmə olan marağı artırdı. Hər halda, Azərbaycanda elmi-tədqiqat müəssisələri və fərdi olaraq alimlər dünyanın elmi maliyyələşdirən təşkilatları ilə əlaqələri genişləndirməlidirlər. Eyni zamanda, daxildə də bu sahə ilə məşğul olan şirkətlərlə münasibətlər qurulsa, büdcədənkənar vəsaitin artması mümkündür. Elmin inkişafı birbaşa maliyyə ilə bağlıdır. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun da rolu böyükdür. Müəyyən layihələr maliyyələşdirilir ki, bu da elmin inkişafına xüsusi təkən verir. Yəni dövlət büdcəsi ilə yanaşı büdcədənkənar vəsaitlər hesabına inkişaf edə bilər. Ancaq mən hesab edirəm ki, elmi tədqiqata marağı olan bəzi şirkətlər bu işdə əllərindən gələni əsirgəməməlidirlər. Çünki bizim qarşımıza dünya elmi tədqiqatları ilə bizim tədqiqatların rəqabət məsələsi ortaya qoyulur. Mütləq Azərbaycan da elmi işlərinin aktivlik indeksinə görə müəyyən qədər irəliləməlidir. Bu göstəricilərə görə, ölkəmiz elə də ürək açan yerdə deyil. Bunun üçün də elmə büdcədənkənar vəsait artımı yalnız və yalnız elmi tədqiqatların səmərəliliyinə və effektivliyinə səbəb ola bilər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər