• cümə axşamı, 18 aprel, 21:57
  • Baku Bakı 21°C

“Şuşanın gözəlliyi də, məhz tarixiliyində olacaq” - Faiq İsmayılov

23.01.21 10:00 2544
“Şuşanın gözəlliyi də, məhz tarixiliyində olacaq” - Faiq İsmayılov
AİOƏTMAMT İB sədri: "1-2 il ərzində şəhərdə böyük dəyişikliyi müşahidə edəcəyik”
28 il düşmən tapdağında olan tarixi və gözəl Şuşa şəhəri ötən il öz azadlığına qovuşdu. Artıq şəhərdə Azərbaycan bayrağı dalğalanır. Ancaq düşmən, şəhərin həm gözəlliyinə, həm də tarixiliyinə həddindən artıq zərər vurub. Hazırda əsas olan odur ki, biz qayıtmışıq və Prezident İlham Əliyev Şuşaya səfəri zamanı dedi ki, Şuşanı dünyanın ən gözəl şəhərlərindən biri edəcəyik.Bu gözəlliyin bərpası üçün isə şəhərdə aparılacaq quruculuq, memarlıq işləri xüsusi önəm kəsb edir. Bu işlər zamanı nələrə diqqət edilməsi də sual doğuran məsələlərdir. Bu istiqamətdə olan suallar ətrafında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət AbidələriniMüdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovlasöhbətləşdik.
- Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək üçün quruculuq, memarlıq işi necə aparılmalıdır?
- Şuşada quruculuq, memarlıq işinin aparılması ilə bağlı danışanda, burada tarixi və mədəni abidələrimizin bərpası da mühüm yer tutur. Çünki şəhərin qoruq zonasında, ətraf ərazilərdə kifayət qədər yeni memarlıq işləri görüləcək. Yəni bu ərazilərdə ən yeni texnologiyalarla, yeni və davamlı planlar həyata keçiriləcək. Əsas məsələ Şuşadakı 350 hektarlıq qoruq zonasında olan malikanələr, yaşayış evləri, inzibati binalar və s-dir ki, onlar öz köhnə görkəmlərinə qayıtmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Şuşanın əvvəlki vəziyyətinə qaytarılmasının vacibliyini vurğulayıb. Bu, doğrudan da belədir. Şuşada planlaşdırılan yenidənqurma işləri, güman edirəm ki, şəhərin əvvəlki gözəlliyini özünə qaytaracaq.
- Şəhərin bərpası ilə bağlı danışanda, çox adam tarixiliyin itəcəyindən narahatdır. Bu işlər necə aparılmalıdır ki, tarixiliklə müasirlik uzlaşsın?
- Qoruq zonasında tarixilik mütləq şəkildə qorunmalıdır. Müasirlik, qoruğun ətraf ərazilərində ola bilər. Şuşada tarixiliyimizin qorunması üçün çoxsaylı həlli vacib məsələlər var. Qoruq ərazisində, hardasa 17 məhəllə, 17 məhəllə məscidi, 17 hamam, 17 bulaq, saraylar, malikanələr və digər inzibati binalar olub. Bunların hər biri özünəməxsus spesifik memarlıq quruluşuna sahibdir. Bunlarda insanı özünə cəlb edən, tarixiliyindən başqa, necə zövqlə işlənməsidir. Tarixi memarlığımızın bu günə qədər qorunub saxlanmasına Bakıda İçərişəhəri misal çəkə bilərik. İçərişəhərdə hansısa müasir binanın tikilməsi o ərazinin korlanması demək olar. Eyni zamanda, Şuşa qoruğunda da müasirləşdirmə o ərazidəki tarixiliyi tamamilə məhv edə bilər. Binaların olduğu kimi qalması üçün, olduğu kimi bərpa edilməlidir. Şuşanın gözəlliyi də, məhz tarixiliyində olacaq. Digər tərəfdən, hətta sovet dövründə Şuşanın mərkəzində Yay klubu olub. Sovet dövründə belə, Qarabağdakı erməni rəhbərlərin təkidi və tələbi ilə həmin Yay klubu sökülmüş, yerində 3 və 5 mərtəbəli binalar tikilmişdi. Şuşanın 28 illik işğalı dövründə hər gün orda bizim tariximiz qazıldı, memarlıq abidələrimiz, görkəmli şəxslərin yaşadıqları evlər, malikanələr, inzibati binaların hamısı ilbəil dağıdılırdı. Şuşanın sökülərək erməni stilinə uyğunlaşdırılması üçün Ermənistan genişmiqyaslı planlar həyata keçirirdi və hər il bunun üçün 30 milyon dram pul ayırırdı. Yəni hər il bizim Şuşa şəhərində 30 milyon dramlıq vandalizm aktı həyata keçirilirdi. Dağıdılırdı, sökülürdü, yerində müasir kotteclər, restoranlar və s. tikilirdi. Yəni biz qədim, tarixi Şuşa şəhərimizə qayıtmaq istəyiriksə, Şuşanın tarixi əhəmiyyətli binalarını olduğu kimi bərpa etməliyik. Hətta sovet dövründə də Şuşanın bərpasında ciddi nöqsanlara yol verilirdi. Belə ki, Şuşa şəhərində Zöhrabbəyovların mülkü vardı, 80-90-cı illərdə "Azərbərpa” Layihə İnstitutu tərəfindən bərpa olunmuşdu. Həmin bərpa Zöhrabbəyovun mənzilinin orijinal görkəmini tamamilə dəyişdirmişdi. Buna yol vermək olmaz və bu işə ciddi nəzarət etmək lazımdır. Şuşanın tarixi yerlərinin bərpası zamanı orada layihəçilər və bərpaçılardan əlavə, mütəxəssislərdən ibarət bir nəzarət qrup da yaradılsın ki, bərpa zamanı buraxılan nöqsanlar vaxtında aşkar olunsun və aradan qaldırılsın. Çünki bərpa bitdikdən sonra onun dəyişdirilməsi çox çətin məsələ olur.
- Tikinti işləri aparılarkən ekoloji tarazlığın qorunması üçün hansı addımlar atılmalıdır?
- Ekoloji tarazlığı qorumaq üçün ilk növbədə orada olan bağ-park, monumental tikililər yerinə qoyulmalıdır. İkinci tərəfdən, relyef nəzərə alınmalıdır. Şuşada bu gün 8-9-10 mərtəbəli binalar tikilərsə, görkəm pozulacaq. Yəni o, insana zövq də verməyəcək. Şuşada və Şuşa ətrafında çoxlu mineral su ehtiyatları, bulaqlar, turizm üçün əhəmiyyətli ərazilər - Çətir şəlaləsi, İsa bulağı, Daşaltı dərəsi və s. var. Şuşa başdan-başa təbiət abidələrindən ibarətdir. Bu təbiət abidələr qorunmalı, yaşıllıqlar artırılmalıdır. Mən bu yaxınlarda Qarabağ zonasının yaşıllıqlar diyarına çevrilməsinin planlaşdırılması ilə bağlı xəbərə rast gəldim. Bu, çox gözəl olardı. Yaşıllıq özü insan üçün xüsusi zövqdür, gözəllikdir. İnsanı daha çox cəlb edir. Bu baxımdan təbiətimizi qorumaq və yaşıllıqları artırmalıyıq. Mən işğaldan azad ediləndən sonra Şuşaya birinci gedən 60 nəfərlik komissiyanın tərkibində olmuşam. Təbiətimizin dağıldığını, ağaclarımızın kəsildiyini gördüm. Bunlar da bərpa olunmalı, yerinə qaytarılmalıdır.
- Şuşada tarixilik-müasirlik-təbiət tandemini yaratmaq çətin olacaq?
- Düşmənin vurduğu ziyan çox böyükdür. Bizə bir deyil, çoxsaylı istiqamətdə böyük zərər vurublar. Həm ekoloji, həm mədəni, həm təhsil, həm tibb və s. müəssisələrin dağıdılması və s. bizə çox böyük xərclər bahasına başa gələcək. Amma heç bir vaxt bizim Azərbaycan üçün bu tandemi yaratmaq çətin olmayacaq. Çünki Azərbaycanın daim inkişafda olan nümunəvi iqtisadi potensialı var. O baxımdan, əminəm ki, nəinki təkcə Şuşa şəhərini, eyni zamanda işğaldan azad olunmuş bütün inzibati yaşayış mərkəzlərini əvvəlki görkəminə qaytara biləcəyik. Bir şərtlə ki, həmin ərazilərdə bir məhəlləmi, bir neçə evmi, yaxud hər hansı bir ərazimi konservasiya olunub öz indiki formasında saxlansın ki, ermənilərin etdiklərini biz gələcək nəsillərə öz gözləri ilə görmək imkanı yaradaq.
- Hündürmərtəbəli binalar məsələsinə toxundunuz. Müasir memarlıq deyəndə, hündürmərtəbəli binalar da göz önünə gəlir. Şuşanın relyefi hündürmərtəbəli binaların tikintisi üçün nə dərəcədə uyğundur?
- Şuşa dəniz səviyyəsindən 3000 metrdən daha çox yüksəklikdə yerləşir. Ərazi və relyef baxımından Şuşada hündürmərtəbəli binaların tikintisi yolverilməzdir. Əgər müasir memarlıq deyiriksə, Bakıdakı Heydər Əliyev Mərkəzinə baxaq. Nümunəvi bir memarlıq qurğusudur. Bəli, çoxmərtəbəli deyil, amma gözəldir. Mən hər dəfə o binanın yanından keçəndə, yeni bir element axtarıram, yeni bir element görürəm. Müasirlik o demək deyil ki, orda 16-20 mərtəbəli binalar inşa etməliyik. Bu, Şuşada mümkünsüzdür. Belə tikinti işləri Şuşada fəlakətlə nəticələnə bilər. Yer sürüşmələri, zəlzələlər və s. kimi gözlənilməz təbiət hadisələrini nəzərə alınaraq, çox güman ki, buna yol verilməyəcək. Şuşanın relyefinə və tarixi quruluşuna uyğun, onun ətraf ərazilərində müasir binaların tikilməsi məqsədəuyğundur və mütləq şəkildə olacaq.
- Dağlıq Qarabağ ətrafındakı rayonların yenidən qurulmasında Türkiyə modelinin tətbiq olunacağı bildirildi. Bu, necə bir modeldir? Şuşaya nə qatacaq?
- Bununla bağlı çoxlu modellər təklif olunur, layihələr müzakirə olunur və mütəxəssislər tərəfindən ölçülüb-biçilir. Həm də hər rayonun özünün fərqli relyef quruluşu var. Bir model götürüb hər rayonda tətbiq edilməyəcək. Hər rayona xüsusi yanaşılacaq və ona uyğun modeldən istifadə olunacaq. Ağdamda tətbiq edilən üsul Laçın və Şuşada tətbiq olunmaya bilər. Ərazini, bölgəni baxımlı edən fərqlilik, müxtəlif çeşidli memarlıq nümunələridir. İstər öz memarlarımızın, istər türk, italyan, istərsə də digər ölkələrin təklif etdikləri modellər müzakirə oluna bilər. Baxılacaq, hansı uyğun olsa, onlardan istifadə ediləcək.
- Düşmənin Şuşaya vurduğu ziyan böyükdür. Bəs şəhərin əvvəlki gözəlliyinin və tarixiliyinin bərpası nə qədər vaxt apara bilər?
- Bərpanın icra prosesinin nə qədər vaxt aparacağını demək çətin məsələdir. Bərpa prosesi vaxt alan işdir. Adi bir tikinti prosesini çox sürətləndirmək də olar, müasir tikinti mexanizmlərindən istifadə etməklə, hətta bir-iki aya böyük bir tikinti quruluşunu yerinə qoymaq olar. Amma bərpa belə deyil. Bərpa olduqca ağır, olduqca gec aparılır. Ona görə ki, orada tarixi-ornamental görüntülər, bədii nümunələr, daş yazıları, nəqqaşlıq işləri və s. var. Onların olduğu kimi bərpası olduqca vaxt aparan bir iş olur. Amma ümid edirik ki, biz bunların öhdəsindən gələ, Şuşamızın görkəmini geri qaytara bilərik. Güman edirəm ki, 1-2 il ərzində Şuşada böyük dəyişikliyi müşahidə edəcəyik.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər