• cümə, 26 Aprel, 08:17
  • Baku Bakı 12°C

“Son zəng” – müstəqil həyatın ilk zəngi

14.06.17 10:00 22307
“Son zəng” – müstəqil həyatın ilk zəngi
14 iyun. Bu gün orta məktəblərdə "Son zəng” tədbirləri keçirilir. Bu gün on minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir. Biz də bu dəfə ilboyu bizi mədəni tədbirlər barədə xəbərdar edən, mətbuat nümayəndələri ilə mütəmadi şəkildə çalışan, onların bütün suallarını yorulmadan, usanmadan cavablandıran mədəniyyət ocaqlarımızın mətbuat katiblərindən məktəb illəri və "Son zəng” xatirələrini xəbər aldıq.
Bizim son zəngimiz indikindən daha maraqlı keçib
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova bizimlə söhbətində bildirdi ki, məktəbi 1983-cü ildə bitirib. Bakıxanov qəsəbəsində 107 nömrəli məktəbdə rus bölməsində təhsil alan Arzu xanım həmin illər məktəb həyatının yerinin tamam başqa olduğunu deyir: "Bizim dövrümüzdə məktəbdə daha çox tədbirlər keçirilirdi və biz tədbirlərdə fəal iştirak edirdik. Hər bayramda xüsusi tədbirlər keçirirdik, səhnələşdirilmiş tamaşalar nümayiş etdirirdik. Hətta rayon üzrə fəallıq göstərirdik. "Son zəng”də önlük və ağ paltar geyinirdik. Mən məktəbdə "komsomol”un üzvü idim. Rayon Komsomol Komitəsinin tədbirlərində fəal iştirak edirdim. "Son zəng”də mənə Rayon Komsomol Komitəsinin diplomunu verdilər. İndi cürbəcür çələng, güllər, bəzəklər var. Bizim dövrümüzdə belə şeylər yox idi. Biz o dövrdə sinfi bəzəmək üçün şarı güclə tapırdıq. Bizdə o vaxt müəllimlərə münasibət fərqli idi. İndi isə şagirdlərlə müəllimlər arasında pərdə yoxdur. Biz müəllimlərimizə çox hörmət edirdik. Neçə illər keçsə də, yenə müəllimlərimizlə, sinif yoldaşlarımızla əlaqə saxlayırıq. Hər il müəllimlərimizi ziyarətə gedirik. Bizim "Son zəngim”iz maraqlı keçib. Sinifdə 36 uşaq idik. Çox mehriban kollektivimiz var idi. Məktəb illəri ilə bağlı o qədər danışa bilərəm ki... İndiyə qədər bütün müəllimlərimin adları və soyadları yadımdadır”.

İndiki şagirdlərin əvvəlkilər kimi olmadığını deyən Arzu Əhədova hazırda məktəbi bitirən şagirdlərin əksəriyyətinin "şükür ki, məktəbi qurtardıq və bir də onların üzünü görməyəcəyik” kimi kəlmələrdən istifadə etdiyini deyir: "Bizim dövrümüzdə məktəbə münasibət tamamilə fərqli olub. "Son zəng” gününü çox böyük və möhtəşəm keçirdik. Mayın 25-i keçirirdik. Bizim "Son zəng”imiz indikindən daha maraqlı və yaxşı keçib”.

"Son zəng”ə gedəndə 4 maşın almışdım
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı 2003-cü ildə Cəlilabad şəhəri 8 saylı orta məktəbi bitirib. Ona bu mövzu ilə bağlı müraciət edəndə, bir anlıq düşündü: "Siz "Son zəng”lə bağlı xatirələr barədə sual verəndə bir anlıq tərəddüd etdim və bircə saniyədə beynimdən yüz fikir keçdi: xatirələrin hansından başlamalı? Yaxud, "bəlkə birinci sinfə gedəndə başıma gələn hadisəni deyim”, deyə düşündüm. Məsələ ondadır ki, mənim birinci sinfə getdiyim gün daha yaxşı yadımda qalıb. Anam qonşunun bağından yığdığı güllərdən dəstə bağlayıb, məni məktəbə yol saldı. Özümdən böyük qonşu uşaqlarından eşitmişdim ki, məktəbi bitirənlər "Son zəng” günü bütün uşaqlara hədiyyə verirlər. Açığı, məktəbə də elə bu ümidlə getmişdim. Həmin təntənəli tədbir bu gün də gözümün qabağındadır. Məktəblə vidalaşan uşaqlar bir-birinin köynəyini yazır, deyib-gülür, gül dəstələrini gücləri çatdığı qədər göy üzünə atırdılar. On birinci sinfi bitirənlər hədiyyələri tanıdığı birincilərə verirdilər. Qonşuya, qohuma, dost uşağına... Mən kənarda dayanıb onlara yaxınlaşmağa utanırdım. Tərslikdən, məktəbi bitirən bir kimsəmiz də yox. Qəfildən əlində böyük maşın oyuncağı olan bir nəfər gülə-gülə mənə sarı gəldi. Başımı sığalladı, hədiyyəsini verib, gül dəstəsini əlimdən aldı. Gözümə inanmırdım. 25 il əvvəl yaşadığım o sevinci ifadə etməyə çətinlik çəkirəm. Və qəfildən elə bil zəlzələ oldu, yer-göy başıma dolandı. Həmin oğlanın səsi hələ də qulaqlarımdan çəkilməyib: - Maşını ver, səni səhv salmışam. Və maşını əlimdən alıb başqa uşağa yaxınlaşdı. Onu öpdü, qucağına aldı, gözdən itdi. Bir ilğım kimi. Xəyal kimi. İllər ötdü, mən böyüdüm. Özüm həmin məktəblə vidalaşan oğlanın yaşına çatdım. Bu dəfə mən hədiyyə verəcəkdim. "Son zəng”ə gedəndə 4 maşın almışdım. Hamısını da kənarda dayanan, utanıb-çəkinən uşaqlara verdim. Deyəsən, əllərini mənə sarı uzadıb utana-utana "sağ ol” deyən o balacalar illərin o üzündən keçib gələn mənim öz uşaqlığım idilər. Bir az utancaq, bir az qorxaq, bir az nisgilli. Və təsəllim bircə bu idi: heç kim onların hədiyyəsini əlindən alıb ilğım kimi, xəyal kimi gözdən itməyəcəkdi”.

"Son zəng”imizi göz yaşları, kədərlə qarşılamışdım

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Quliyeva isə dedi ki, 11 il keçməsinə baxmayaraq, "Son zəng”ini dünən olmuş kimi xatırlayır: "2006-cı ildə bütün dövrlərin öndə gedən təhsil ocaqlarından biri sayılan A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin 11 j sinfinin məzunu olmuşam. Öncəki illərdə bizdən yuxarı siniflərin "Son zəng”lərinə həsədlə baxıb, "bizdə nə zaman belə bir gün olacaq?” deyə düşünərkən, öz "Son zəng”imizi göz yaşları, kədərlə qarşılamışdım. Çünki 11 il bir parta arxasında əyləşdiyin, sinif yoldaşı və müəllimlərdən daha çox doğmaların kimi yaxın hiss etdiyin insanlarla bir də görüşməyəcəkdik. Hər nə qədər bir-birimizə "hər il bu gün mütləq görüşəcəyik” vədləri versək də... Bütün siniflərdən fərqli olaraq qızlarla sözü bir yerə qoyub ağ köynək, çəhrayı ətək tikdirmişdik. Bununla da hər kəsdən fərqlənmək imkanı qazanmışdıq... Oxuduğum sinif məktəbdə ziyanvericiliyi ilə ad çıxarmışdı. Və bizdən fərqli olaraq müəllimlər yəqin ki, həmin günü çox böyük səbirsizliklə gözləyirdilər. Çünki hər nə qədər gülsələr də, üzlərində "axır ki, sizdən canımız qurtardı” kimi ifadələr var idi”.

H.Quliyeva bu gün "Son zəng”i çalınan bütün məzunları ürəkdən təbrik edərək onlara tələbə adı qazanmağı arzu etdi: "Qoy bu "Son zəng” sizin ilk müstəqil addımlarınızın və uğurlarınızın təməli olsun”.

İndi də sinif yoldaşlarımla əlaqə saxlayıram

"Cinema Plus”un piar meneceriNara Həsənovanın bizimlə söhbətindən aydın oldu ki, o, 6 nömrəli məktəbi bitirib və məktəb illərini hələ də unutmayıb: "Mənim "Son zəng”im 1994-ci ildə olub. Şagirdlər məktəbin həyətində toplaşmışdılar. Hamı eyni ağ və qara geyimdə idi. Hər bir məktəblini əlindəki kiçik gül dəstəsi daha da bəzəyirdi. Bəzi uşaqlar hətta mahnılar oxumuş və milli rəqsləri ilə çıxış etmişdilər. Müəllimlər məzunlara vida çıxışlarını etdikdən sonra məktəbin direktoru şəhidlərlərimizi yad etməklə çıxışları davam etdirmişdi. Davamında Azərbaycanın himni səslənmiş və adət üzrə məzunun çiynində birinci sinif şagirdi lent bağlanmış zınqırovla keçərək "Son zəngi" səsləndirmişdi. Mən indi də sinif yoldaşlarımla əlaqə saxlayıram və görüşürəm, baxmayaraq ki, indi onlar dünyanın müxtəlif guşələrində yaşayırlar”.
Kəndli qızının şəhər macəraları

Abdulla Şaiq adına Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məktəb illərinin hər birimizin həyatında müxtəlif dönəmlər üçün bir çox xatirələrlə yadda qaldığını bildirdi. Təbii ki, onların içərisində müxtəlif nisgillər, kövrək məqamları olub: "Mən birinci sinfə Cəlilabad rayonu Şamil Nəsirov adına Abazallı kənd orta məktəbində getmişəm. Həmin illər valideynlərim işlə bağlı Qazaxıstanda idilər. Məktəbə getdiyim ilk günü valideynlərim məni məktəbə yola salmadılar. Əslində bu mənə psixoloji olaraq çox təsir etmişdi. 11 il bu nisgil, kədər məni müşayiət etdi. Həmişə birinci sinif şagirdlərinə baxanda, onların valideynlərini yanlarında görürdüm və kədərlənirdim. Hər bir uşaq istəyər ki, valideyni onun yanında olsun. Məndə bir arzu yaranmışdı ki, kaş, mən yenidən birinci sinfə qayıdaydım və valideynlərim yanımda olaydı. Bizim dövrümüz bir qədər çətin oldu. 1987-ci ildə orta məktəbə başladım. 80-ci illərin şagirdləri çox çətinlik gördü”.

8-ci sinifdən sonra təhsilini Binəqədi rayonunda yerləşən 30 saylı məktəbdə davam etdirən H.Rüstəmova kənddən şəhər məktəbinə necə gəlməyini xatırlayır: "Vorovski” deyilən qəsəbədə müxtəlif təbəqələrdən - daha çox varlı, sərbəst, rahat həyat yaşamış uşaqların çoxluq təşkil etdiyi bir məktəb idi. Kənd mühitindən gəlmiş, geyim, təhsil, münasibətlər baxımından fərqli yeniyetmə bir qız üçün şəhər məktəbinə adaptasiya olmaq çətin idi. Mən burda çox çətinliklər çəksəm də, özümə yaxşı dostlar qazandım. İndi də onlarla dostluq münasibətim davam edir. 11-ci sinfi bitirəndə təsəvvürümdə kənd məktəbini canlandırdım. Hələ də özümü həmin məktəbdə, dostlarımın arasında hiss edirdim. Oradakı müəllimlərim, dostlarım hər zaman məni öz şagirdləri hesab ediblər. Bakıda 3 il təhsil aldım. Sona qədər mühitə adaptasiya ola bilmədim. Məzun günümüzdə məktəbimizdə 11-ci sinif oğlanlarının davası düşdü. Bilirsiniz ki, həmin yaş dövrü çılğınlıq dövrüdür. Tədbir keçirilən akt zalının şüşələrini qırdılar. Şüşələr məktəbin içinə töküldü. Böyük bir qarmaqarışıqlıq oldu. Mənim məzun olduğum məktəbdə indi qızım təhsil alır. Hazırda həmin məktəbdə hər şey başqa cürdür. Bakıda aldığım 3 illik təhsil mənim ali məktəb yolumu daha da yaxın etdi”.

"Son zəng”də geyindiyim paltarımı özüm tikmişdim

Bakı Uşaq Teatrının mətbuat xidmətinin rəhbəri Leyla Həşimova deyir ki, "Son zəng”də geyindiyi formanı özü tikibmiş: "Müşfiqabad qəsəbəsində 274 saylı məktəbi bitirmişəm. Bizim "Son zəng”imiz 25 may 2000-ci ilə təsadüf edib. Həmin gün axşam bütün 11-ci sinif şagirdləri yığışıb, məktəbin həyətini bəzədik. Lövhələrə boyayla müxtəlif şəkillər çəkdik. Onda forma qara don, ağ önlük idi. Yadımdadır ki, "Son zəng”də geyindiyim formanı özüm tikmişdim. Önlüyün altından geyindiyim dona qədər öz əl işim idi. Qızların önlüklərinə, oğlanların ağ köynəklərinə ürək sözlərimizi yazırdıq. Mən riyaziyyat təmayüllü sinifdə oxumuşam. Atam da müəllimim olub. Müəllimlərim həmişə ən çox sevdiyim insanlar olub. İnanıram ki, onlar da mənim haqda eyni fikirləri deyərlər. Məktəb bizim məbəd yerimiz olub”.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər