• cümə, 26 Aprel, 20:58
  • Baku Bakı 22°C

Soçi görüşündə Qarabağ niyə müzakirə mövzusu olmadı?

05.05.17 09:30 1175
Soçi görüşündə Qarabağ niyə müzakirə mövzusu olmadı?
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüş keçirilib. Rusiya liderinin Soçidəki "Boçarov ruçey” iqamətgahında prezidentlər əvvəlcə təkbətək görüşüblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb. O, əlavə edib ki, Rusiya prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək.

Görünən odur ki, hər iki ölkənin liderinin bu görüşündə Qarabağ məsələsinə toxunulmayıb. Ümumiyyətlə, bu görüşün regiona necə təsir edəcəyi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı heç bir açıqlamanın verilməməsinin səbəbləri diqqət mərkəzindədir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirib ki, Türkiyə və Rusiya yaxınlaşmanı mərhələli şəkildə keçməlidirlər: "Çünki iki ölkə arasında münasibətlər soyumuşdu, biri-birilərinə qarşı düşmən mövqedə idilər. İndi bu proses ardıcıl şəkildə bərpa olunur. Dağlıq Qarabağ probleminin indidən müzakirə edilməsi, düşünürəm ki, bəlkə də tezdir. Bunlar arasında olan münasibətlər bərpa edilməlidir. Amma özü-özlüyündə bu görüş region üçün müsbət bir amildir. Çünki bir tərəfdən Rusiya Minsk qrupunun aparıcı oyunçusudur və vasitəçiliklə məşğul olan dövlətdir. Burada onun maraqları artıq dərəcədə çoxdur. Digər tərəfdən Türkiyə müttəfiqimiz olan qardaş dövlətdir və onlarla münasibətlərimizi həmişə yüksək səviyyədə inkişaf etdirəcəyik, biri-birimizin yanında olacağıq. Mənə elə gəlir ki, bu görüşlərin növbəti mərhələlərində Qarabağla bağlı müzakirələr ola bilər. Açığını deyək ki, burada bir çox məsələlər də həll olunmalıdır. Bir sıra böyük dövlətlərin öz maraqları var. Bu maraqlar da, görünür, öz təsirini göstərir və bəzi hallarda bu təsir mənfiyə doğru olur. Ona görə də bir sıra məqamları nəzərə alaraq, düşünürəm ki, yaxın gələcəkdə Qarabağ məsələsi iki dövlətin liderləri arasında müzakirə mövzusuna çevriləcək”.
F.Sadıxov Türkiyə və Rusiya prezidentlərinin Qarabağ məsələsini cüzi şəkildə müzakirə etmələri ehtimalının olduğunu da deyib: "Amma o qədər də ciddi müzakirələr aparılmayıb. Çünki ciddi müzakirələr aparılsaydı, onun müəyyən nəticələri də ola bilərdi. Ona görə də istisna etmək olmaz ki, Qarabağ məsələsinə toxunublar. Amma bizim üçün əsas nəticədir. Əgər bu nəticə yoxdursa, bu haqda açıqlama verilməyibsə, bu mərhələdə müzakirələrin Azərbaycan üçün xeyri yoxdur. Ona görə də düşünürəm ki, ciddi şəkildə müzakirələr aparılmayıb”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə ilə Rusiya arasında gərginlik yaşananda, bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da mənfi təsirləri olur: "Çünki Türkiyə bizim strateji müttəfiqimiz, Rusiya isə tərəfdaş dövlətdir və ikisinin Cənubi Qafqazda maraqları var. Ona görə də Azərbaycanın, Qazaxıstanın vasitəçilik təşəbbüsləri nəticəsində bu məsələ həll olundu və gərginlik aradan qaldırıldı. Artıq ötən ilin avqustundan bu yana faktiki olaraq Rusiya və Türkiyə dövlət başçıları az qala hər ay görüşürlər, telefonla danışırlar. Bu yaxşıdır, xeyirlidir ki, iki ölkə arasında gərginlik mühiti ortadan qaldırılsın. İndiki durum bizim üçün də xeyirlidir. Ancaq həqiqətən Soçi görüşündə Qarabağdan danışılmadı, əsas müzakirə mövzusu Suriya oldu. Çünki Suriyada vətəndaş müharibəsi gedir, milyonlarla qaçqın var, müxtəlif dövlətlərin maraqları toqquşur. Rusiya və Türkiyə ordusu faktiki Suriyadadır. Ona görə də bu onlar üçün əsas mövzudur, müzakirə edirlər və vəziyyətdən çıxış yolları axtarırlar.Dağlıq Qarabağa gəlincə, cəbhə xəttində atəşkəs ara-sıra pozulsa da, müharibə getmir. Ona görə də sanki böyük dövlətlər narahat deyillər. Amma keçən ilin aprel ayında döyüşlər başlayanda, hamının narahatlığı üzə çıxdı. Əslində Türkiyə prezidenti Ərdoğan Qarabağ məsələsini hər zaman gündəmdə saxlayır və Rusiya prezidentləri ilə keçmiş görüşlərində hər zaman bu problemdən danışır və Ermənistana təzyiq etməklə məsələnin sürətlə həll olunacağını diqqətə çatdırır. Çox təəssüf ki, Rusiya tərəfindən addım atılmır”.

E.Şahinoğlunun fikrincə, ona görə Soçidə Ərdoğan Qarabağ mövzusundan danışmayıb ki, qarşı tərəfdən buna münasibət görməyib: "Münasibət görmədiyinə görə, digər mövzulara üstünlük verib. Bura Suriya, iqtisadi ticarət, enerji əməkdaşlığı və sairə daxildir. Bu bizə də onu sübut edir ki, işğal altındakı torpaqların taleyi bizim öz əlimizdədir. Kimsədən, o cümlədən strateji müttəfiqimiz olan Türkiyədən gözləməməliyik ki, bu məsələni hər yerdə gündəmə gətirəcək. Əlbəttə, istəyimiz var ki, məsələ müzakirə olunsun. Amma bu, müzakirə olunmursa, kimdənsə məsələyə münasibət göstərməsini gözləməyə ümid etməməliyik. Ona görə də Qarabağ probleminin həlli ilə özümüz daha çox məşğul olmalıyıq və həllinin sürətləndirilməsi üçün müxtəlif addımlar atmalıyıq. Hadisələrin gedişatı göstərir ki, böyük dövlətlər Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Bunu aprel döyüşləri bir daha göstərdi. Nə Rusiya, nə Türkiyə, nə də Amerikadan gözləntimiz olmalıdır”.

E.Şahinoğlu əlavə edib ki, əgər Qarabağla bağlı hər hansı danışıqlar olsaydı, birinci növbədə Ərdoğan fikir bildirərdi: "Çünki "pomidor” məsələsində razılığa gəlinməmişdi, bu, mətbuat konfransında deyildi. Eləcə də silahlı kürd birləşmələri ilə bağlı məsələ açıq qalıb. Hesab edirəm ki, hətta qapalı görüşdə belə, Qarabağ məsələsi müzakirə mövzusu olmayıb”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər