AZE | RUS | ENG |


Şirin yalanlar ustası

Şirin yalanlar ustası
İllüziyaçı Tofiq İsgəndərli: “Kağızı pula çevirmək mümkün olsaydı, milyonçu olardım”

Bu gün elə vəziyyət yaranıb ki, bəzən gözümüzlə gördüyümüz yalanlara da inanırıq. Bəlkə də özümüz bilərəkdən inanmaq istəyirik. Yaşadığımız dövrdə o qədər yalanlarla qarşılaşırıq ki, bəzən "şirin yalan”a ehtiyac duyuruq... Ötən gün məşhur illüziyaçı, aparıcı, daha çox uşaqların və uşaq təbiətli insanların sevimlisi olan, Tofiq əmi kimi tanıdığımız Tofiq İsgəndərli qonağımız oldu. 
2001-ci ildə Çində keçirilən İllüziyaçıların beynəlxalq festivalında ilin 20 ən yaxşı illüzionçusundan biri seçilən Tofiq əmi bizimlə söhbətində Azərbaycanda bu sənətə olan münasibətdən bəhs etdi. Azərbaycandakı "Tİ-MAGİC” illüziya teatrının yaradıcısı, Azərbaycan İllüzionistlər Assosiasiyasının prezidenti olan müsahibimiz həm də Azərbaycan dilindəki "Fokuslar” kitabının müəllifidir. 
O, bizimlə söhbətində dövlət patenti almış altı illüziya nömrəsindən də danışdı. Hazırda Bakı Uşaq Teatrının aktyoru olan Tofiq İsgəndərli "Şou magiya” adlı böyük illüziya proqramı ilə çıxışlar edir. Müsahibimiz nə az, nə çox - ömrümün düz 35 ilini bu sənətə həsr  edib.

- Tofiq müəllim, bu gün fokusa tələbat varmı?

- Əlbəttə var. Fokusun əsası təzadlardır. İllüziya insanların real həyatda gerçəkləşdirə bilməyəcəkləri xəyallarını səhnədə realizə edən bir sənətdir. Misal üçün, insan xəyal edir ki, kaş uça bilərdim. Ancaq fokus bunu gerçəkləşdirir. Fokusun alt qat sirrinin hesabına bunu reallaşdıra bilərsən. İnsanlar özünün bacarmadığı, real olmayan şeyin həyata keçdiyini görəndə sevinir. Fokus yeganə sənətdir ki, tamaşaçı baxır və aldandığına sevinir. Sözün birbaşa mənasında tamaşaçı istəyərək aldanır. Ona görə fokusa məcazi mənada şirin yalan demək olar. Bir dəfə fokusa "müqəddəs yalan” demişdim. Ancaq sonradan düşündüm ki, yalan müqəddəs ola bilməz. Fokus müqəddəs deyil, şirin yalandır. Fokus insanın beynini inkişaf etdirmək, zəkanı işıqlandırmaq üçün çox gözəl vasitədir. 

- Ötən həftə sosial şəbəkədə "Bizimkiləri səhnəyə çıxarmaq, qalaktikada yeni planet kəşf etmək kimi çətin bir işdir” deyə  bir status yazmışdınız. 

- Bu problem bizdə hər zaman olub. Tamaşaçını səhnəyə çağıranda, gəlmir, bunu özünə kompleks edir. Elə düşünürlər ki, səhnəyə çıxsalar, onlara nəsə edəcəyik. Xarici ölkələrdə illüziya şousu göstərərkən tamaşaçılar özləri can atırdılar ki, səhnəyə çıxsınlar. Xaricdə şou göstərərkən elə nüanslar olub ki, həyat yoldaşı xanımını səhnəyə göndərib və qürur hissi keçirib ki, mənim xanımım səhnəyə çıxdı. Onlar bununla fəxr edirlər. Xaricilər böyük məmnuniyyətlə, ləzzətlə səhnəyə çıxıb iştirak edir və bundan zövq alırlar. 

- Tofiq müəllim, bizə maraqlı gələn məqamlardan biri odur ki, siz şou göstərərkən qutunun içinə birini salır, sonra o qutunu 3 yerə bölürsünüz. Bunun sirrini bizə açarsınızmı? 

- Sirrini açsam, o zaman bu, şou olmaz. O, kiçik yeşikdir. Qız oturur yeşiyin içərisinə, onu dəmir plastikalarla 3 yerə bölüb şişlərə taxıram. Yeşik üç hissəyə bölünür. 

- Bəs birdən qəza olsa?

- Fokus göstərərkən qəza qaçılmazdır. Çalışdığım illər ərzində qəza etməsəm də, müəyyən çatışmazlıqlar olub. Onu da tamaşaçıların bir hissəsi görüb. Fokusun 6 qızıl qaydası var. Həmin qaydalardan biri də odur ki, fokusun hər hansı bir hissəsi alınmasa, tamaşaçı ona gülsə, sən də tamaşaçı ilə birlikdə gül və özünü elə göstər ki, bu belə də olmalıdır. 

- Tofiq müəllim, bizə digər maraqlı bir məqam kağızın pula çevrilməsi prosesidir. Siz doğrudan kağızı pula çevirə bilirsiniz?

- (Gülür) O ən sevilən fokuslardan biridir. Bir dəfə Dənizkənarı bulvarda dövlət tədbirlərinin birində iştirak edirdik. Hava çox soyuq idi, fasilə zamanı bir nəfər mənə yaxınlaşıb dedi ki, sizə manat versəm, dollar edə bilərsinizmi? Cavabında dedim ki, manatı dollar edə bilsəydim, bu soyuq havada üşüyərək gəlib burada illüziya göstərərdim? Kağızı pula çevirmək mümkün olsaydı, milyonçu olardım. Tamaşaçıların 80 faizi inanır ki, bu, realdır. Ancaq bu heç cür real ola bilməz. İllüziya yanlış təsəvvür deməkdir. Sözün kökü latınlardan gəlib. Sən görürsən, ancaq hər şey göründüyü kimi deyil. Bu yalan insana şirin gəlir. 
Bəzən görürsən ki, illüzionçular insanın ayağını bədənindən ayırır. Əslidə bu, həyatda belə deyil. Deməli bu, şirin yalandır. 

- Bir ara sosial şəbəkələrdə bir rolik yayılmışdı. Gənc illüzionçu küçədə kişi ilə qadının bədənlərini yarı bölüb, bir-birlərinə birləşdirir və onlar hərəkət etməyə başlayırlar. Doğrudan da real həyatda belə bir şey ola bilərmi?  

- Həmin roliki mən də izləmişdim. O, videomontajdır, real deyil. Həmin rolikin iştirakçıları olan kişi ilə qadın fiziki qüsurlu insanlardır. Belə ki, qadının qurşaqdan aşağısı yoxdur. İllüzionçu isə bundan istifadə edib. Diqqətlə baxsanız, görəcəksiniz ki, o videorolik bir günə çəkilib. Əvvəlcə kölgə sağ tərəfdən vurur, bir də baxırsınız ki, kölgə soldadır. O sırf televiziya üçün çəkilmiş reklam xarakterli rolikdir. Orada effekti kəsib gücləndiriblər. O fokus nömrəni amerikalı Kevin Jamesdən başqa  heç kim edə bilmir. Onun ifasında bu, tər-təmiz fokusdur. Kevin James bu fokusun mexanizmini tapıb, rahat da işləyir. Orada mütləqdir ki, iştirakçıların biri yarımçıq – yəni fiziki qüsurlu insan olsun. Ancaq o, küçədə olan qədər effektli deyil. Çünki küçədəki şou canlı deyil. Bunu canlı göstərəndə o birisindən heç də geri qalmır. 

- Tofiq müəllim, İllüzionistlər Assosiasiyasının prezidentisiniz. Bu Assosiasiya haqqında o qədər də məlumata sahib deyilik. İstərdik ki, bu barədə bizə bir az məlumat verəsiniz.

- Belə bir Assosiasiya mövcuddur. Bu, nə özəl, nə də pul üzərində qurulmuş bir şirkət deyil, sırf ictimai təşkilatdır. Burada illüziya sənətinin inkişafından bəhs olunur, fikir mübadilələri aparılır. İllüzionistlər Assosiasiyası ictimai birlikdir. Elə fokus göstərənlər var ki, onlar çörəkpulu qazanmaq üçün günə 20 manata işləyirlər. Həmin fokus ustaları bizim sahib olduğumuz sənəti ucuzlaşdırırlar. Assosiasiya belə illüzionçuların zərərsizləşdirilməsi ilə məşğuldur. Bu sənəti mühafizə etmək, səviyyədən salınmasına icazə verməmək üçün çalışırıq. Xaricdən illüzionçu qonaqlar gələndə orada yığışıb görüşürük. 

- İllər öncə sizin aparıcılıq etdiyiniz "Sehrli güzgü” uşaq verilişi ilə böyümüşük. İndi o tipli uşaq verilişləri hazırlanmır. 

- "Sehirli güzgü” verilişi 15 ilə yaxın efirdə nümayiş olundu. 15 ilin 10 ilini mən orada aparıcılıq etdim. Çox reytinqli veriliş idi. Televiziyada rəhbərlik dəyişikliyi olandan sonra verilişi bağladılar. 

- Bəlkə siz özünüz televiziya kanallarına müraciət edəsiniz?

- Bütün kanallarla münasibətim yaxşıdır. Heç kimlə problemim yoxdur. Onu qeyd etməliyəm ki, mənim illüziya ustası kimi tanınmağımda Azərbaycan Dövlət Televiziyasının rolunu heç vaxt unutmaram. Elə bilirəm ki, o kanal mənə vəsiqə verib. Duzdur, bu sənətə min bir əziyyətlə sahib olmuşam.
Bir dəfə kanallarımızın birinə uşaqlar və böyüklər üçün layihə verdim. Mənə dedilər ki, bu layihəyə baxıb deyəcəklər ki, bu elə AzTV-dəki Tofiq əmidir. Mənə aydın olmadı. Aktyor bir filmə çəkildikdən sonra başqa bir filmə çəkilmir? Bundan başqa, bir-iki telekanaldan təklif aldım. Ancaq o qədər də qaneedici olmadı. Aparacağım veriliş elə olmalıdır ki, "Sehrli güzgü”dən qat-qat yaxşı olsun. "Sehrli güzgü” öz zəmanəsinin ən reytinqli və baxımlı verilişlərindən oldu. Az.TV-də olan şərait nə o vaxt, nə də indi heç bir televiziyada yoxdur. 

- Uşaqlarımız daha çox xarici verilişlərə meyil edirlər. Bu verilişlər isə həmin ölkələrin mentalitetinə uyğun hazırlanır...  

- Uşaqlar onlar üçün hazırlanan verilişləri izləyərək böyüməlidir. Bizdə uşaq yazarları da, onların psixologiyasını yaxşı bilən mütəxəssislər də var. Həmin mütəxəssisləri tapıb televiziyaya gətirmək bir az çətin məsələdir. Uşaq verilişlərini əmioğlu, xalaoğluna tapşırmaq lazım deyil. İlk növbədə uşaqları sevmək, onların psixologiyasına bələd olmaq zəruridir. Aparıcı kimi çalışdığım 10 il müddətində gördüm ki, uşaq verilişi aparmaq üçün ilk növbədə uşaqları sevmək, onlarla uşaq kimi davranmaq lazımdır. 

- Uşaqlardan bəhs etmişkən, şou proqramında uşaqlar üçün ayrı, böyüklər üçün ayrı illüziya hazırlayırsınız, yoxsa hər ikisi eynidir?

- Uşaqların psixologiyasına təsir edən ekstrim fokuslar onlarda qorxu hissi yaradır. Ancaq buna baxmayaraq, sirkin demək olar ki, tamaşaçıları uşaqlardan ibarətdir. Valideynlər uşağı başa salmalıdırlar ki, bu, sadəcə bir fokusdur. 

- Sirk demişkən, artıq sirkdə çalışmırsınızmı?

- Mən sirkdən çıxıb Bakı Uşaq Teatrında işləməyə getdim. Hazırda Bakı Uşaq Teatrının aktyoruyam. Bizim maraqlı tamaşalarımız var. Həftənin şənbə və bazar günləri Malakan bağında saat 19:00-dan 21:00-a qədər tamaşalarımız olur. 

- Sizi uşaqdan böyüyə hər kəs "Tofiq əmi” kimi tanıyır. Bu kəlmə sizi narahat edirmi?
 
- Qətiyyən. Əksinə, "Tofiq əmi” deyə müraciət edəndə mənə çox xoş olur. Bəzən məndən bir neçə yaş aşağı olan insanlar da "Tofiq əmi” deyə müraciət edirlər. O zaman həm çox məyus, həm də çox şad oluram. Ona görə məyus oluram ki, zamanın bu qədər tez gəlib getdiyini hiss etməmişəm. 35-40 yaşından sonra insan yaşlandığını hiss etmir. Ancaq bu müddət ərzində uşaqların sürətli şəkildə böyüyüb cəmiyyətin bir üzvü olmaları sevindirici haldır. Burada xətrə dəyməli bir şey yoxdur. Əgər mənə "Tofiq əmi” kimi müraciət edirlərsə və tanıyırlarsa deməli, insanların yaddaşında az da qalmışam. 

- Geriyə baxanda heç peşmançılıq hissi keçirmisinizmi?
 
- Heç vaxt. Bu sənətə yoluxdunsa, çıxa bilmirsən. Biri var hobbi, bir də var peşəkarcasına yanaşmaq. Məndə bu, xəstəlik halını alıb. Fokus ustası olduğum üçün heç vaxt peşman olmamışam. Əlimdən çox iş gəlsə də, başqa sahədə çalışmıram. Peşmançılığa elə bir əsas yoxdur. Həyatda nə əldə etmişəmsə, bu sənətlə qazanmışam. 

- Ekstrasenslərə inanırsınızmı?

- Qətiyyən. 

- Özünüz illüziya sənətinin peşəkarısınız. Bəlkə inanmamağınıza səbəb budur?

- Elədir. Tələbə vaxtı bu sənətin dərinliyinə qədər getdim. Milli Kitabxanaya gedib orada ekstrasenslərlə bağlı bütün məlumatları əldə edirdim. İnsanın beyni o qədər inkişaf etməyib ki, Allahın verdiyindən o tərəfə keçəsən. Ekstrasenslərin əvvəli yaz dələduz, ya həbsxanada yatmaq, ya da avaraçılıq olub. Siz heç oxumuş, ali savadlı ekstrasens görmüsünüzmü? Ekstrasenslərin xüsusi bir bacarıqları olmur. Onlar insanları aldatmaqla məşğuldurlar.
 




Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7043
GBP 1 İngilis funt sterlinqi 2.1569
TRY 1 Türk lirəsi 0.4820
KWD 1 Küveyt dinarı 5.6058
SEK 1 İsveç kronu 0.1946
EUR 1 Avro 1.9015
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7022