Seyid Camal Əzimbəyli çağırış etdi
"Bütün
dünyanın bəlasına çevrilən koronavirus təhlükəsinə qarşı Azərbaycan xalqını
dövlət tərəfindən həyata keçirilən operativ tədbirlərə tabe olmağa səsləyirəm”.
Bu çağırışı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli
edib. Onun sözlərinə görə, ölkə vətəndaşlarının Nazirlər Kabineti yanında
yaradılan Operativ Qərargahın bütün təlimatlarını qeyd-şərtsiz yerinə yetirməsi
həm hüquqi, həm də mənəvi baxımdan əməl etməsi üzərində bir vəzifədir:
"Unutmamalıyıq ki, ölkəmizin, xalqımızın taleyüklü anlarında hər birimiz daha
çox məsuliyyətli olmalıyıq. İslamın da buyurduğu kimi insanlar bir-birindən məsuldular
və ona görə də hər birimizin təhlükəsizliyi üçün tətbiq edilən qaydalara əməl
etməliyik. Xüsusilə, yaşı 65-dən yuxarı olan ağsaqqallar, ağbirçəklər təhlükədən
uzaq, öz sağlamlıqlarını qorumaq üçün evdən çölə çıxmamalıdırlar. Bu gün
Prezident İlham Əliyev başda olmaqla dövlət qurumlarının hər biri yaşca kiçikdən
böyüyədək hər birimizin təhlükəsizliyi, sağlamlığının qorunması üçün bütün addımları
atır. Sadəcə olaraq, bəyan edildiyi kimi, hər birimiz evdə olmalı və bütövlükdə
Operativ Qərargahın tətbiq etdiyi
qaydaları yerinə yetirməliyik”.
C.Əzimbəyli
indiki çətin dövrdə əlindən gələni əsirgəməyən, gecə-gündüz xəstələrin sağlamlığına
qovuşması üçün çalışan səhiyyə işçilərinə də təşəkkür edib: "Bu çətin anda əziyyəti
olan həkimlər və bütövlükdə tibb işçiləri haqq sahibləridirlər. Əminik ki,
onların çəkdiyi bu əziyyət əbəs deyil. Eyni zamanda bu günlərdə hüquq-mühafizə
orqanları əməkdaşlarının asayişin qorunmasında rolu danılmazdır və onlar da
dövlət tərəfindən üzərilərinə qoyulan məsuliyyətli vəzifəni layiqincə yerinə
yetirirlər. Əlbəttə ki, görülən işlərin həm də bir mənəvi tərəfi var. Çünki
dünyanın heç bir tərəfindən olmayacaq qədər Azərbaycanda həyata keçirilən
operativ tədbirlərə əngəl olan bütün vətəndaşlar həm hüquqi, həm də Allah
qatında bir məsuliyyət daşıyırlar. Ona görə də onlar bunu unutmamalıdırlar. Hər
gün bəyan edildiyi kimi, evdə qalaq, sağlam olaq! Uca Allah bütün bəşəriyyəti
bu virus bəlasından hifz etsin!”
Kaspi.az