• cümə, 26 Aprel, 22:23
  • Baku Bakı 22°C

Seriallarımız yay tətilinə çıxır

31.05.17 13:00 6546
Seriallarımız yay tətilinə çıxır
Artıq yay fəslinə daxil olmaq üzrəyik. Bu il isti hava şəraiti ölkəmizə bir az gec gəlsə də, indidən hər kəs yay tətili haqqında düşünməyə başlayır. Bildiyiniz kimi, bu fəsildə televiziya sahəsində də bir qədər durğunluq olur. Belə ki, mövsüm ərzində sərasər şəkildə çalışan bir sıra verilişlər və bütün seriallar istirahət etmək üçün mövsümə "əlvida” deyərək, yayıma son verirlər.

Sosial şəbəkələrdə seriallarımızın yaradıcı heyətlərinin "Mövsümün son çəkilişi” şərhi alında paylaşdıqları şəkillərdən də aydın olur ki, artıq onlar da çəkilişləri yekunlaşdırmaq üzrədirlər. Adətən televiziyada yayımlanan seriallar bir ay öncədən çəkilir. Hazır materiallar bir ay öncədən kanallara təhvil verilir. İllər ötdükcə yayımlanan seriallarımızın keyfiyyəti artır. Əvvəllər tamaşaçıların əksər hissəsi xarici seriallara baxırdılarsa, indi yerli seriallarımıza baxan tamaşaçı sayı da çoxalmaqdadır.

Serialsevərləri nəzərə alaraq, yerli seriallarımızın nə zaman tətilə çıxacaqlarını öyrəndik. Reytinqlərdə ön sıralarda yer alan serialların baş rejissorları ilə əlaqə saxladıq. Öyrəndik ki, bu mövsüm onlardan seriala yekun vuran da olacaq, növbəti mövsüm serialı davam etdirən də.
"Cehizsiz gəlinlər” bitir
"Xəzər” televiziyasında yayımlanan və reytinqlərdə öndə olan "Cehizsiz gəlinlər” serialının baş rejissoru Rüfət Şahbazov bizimlə söhbətində bildirdi ki, artıq serialın çəkilişlərini bitirmək üzrədirlər. Bir ildir ki, nümayiş olunan sözügedən serial bu mövsüm öz tamaşaçılarının intizarına son qoyacaq: "Bir ildir ki, tamaşaçıların ixtiyarına verdiyimiz "Cehizsiz gəlinlər” serialı bir mövsümlük nəzərdə tutulmuşdu. Serialı çəkərkən də biz bunu nəzərə almışdıq və hazırda işlər yekunlaşmağa doğru gedir. Hər il hansısa serial bitəndə, tamaşaçılar təəssüf edir ki, maraqla izlədikləri serial nə üçün bitir. Adətən tamaşaçılar serialdakı qəhrəmanlara öyrəşirlər, sonra onlarla vidalaşmaq bir qədər çətin olur. Ancaq yeni serial gəldikdə isə, tamaşaçılar köhnəni unudurlar. Hər serialın öz tamaşaçısı var. Yeni mövsümdən tamaşaçılarımızın görüşünə yeni serialla gələcəyik. Çəkəcəyimiz yeni serialın da mövzusu ailə dramından bəhs edəcək”.
O ki qaldı "Cehizsiz gəlinlər” serialının sonuna, rejissor deyir ki, bu haqda heç bir məlumat verə bilməz: "Sizə serialın sonu haqqında heç bir məlumat verə bilmərəm. Bunun üçün serialın baş ssenaristi Valeh Əhmədova müraciət edin”.

Rüfət Şahbazovdan nə üçün serialın belə qısa zaman ərzində bitməsini soruşduq: "Düşündük ki, bundan sonra artıq birillik layihələr edək. Siz bilirsiniz ki, biz uzunmüddətli seriallar da çəkmişik. Bu sahədə öz sözümüzü demişik. Serialın bölümlərini uzadıb, bir neçə mövsümlük də edə bilərik. Buna həm fiziki, həm də komanda olaraq gücümüz də çatır. Amma hesab edirəm ki, serial uzun müddət gedəndə onun dadı qaçmağa başlayır. Getdikcə münasibətlər və fikirlər də dəyişir. Layihə rəhbərimiz, ssenaristimizlə düşündük ki, hər il yeni bir serial çəkək”.
"Kölgə”serialına "Kurtlar vadisi”ndə rol alan aktyorlar gələcək
"Xəzər” televiziyasında yayımlanan, kriminal sevən tamaşaçıları ətrafında toplayan "Kölgə” filmi də iyunun ortalarında mövsüm sonuna çıxacaq. Serialın baş qəhrəmanını canlandıran və quruluşçu rejissorluğu öz öhdəsinə götürən Nasir Kərimi deyir ki, yeni mövsümdə tamaşaçıları maraqlı bölümlər gözləyəcək: "İyunun 17-dən 21-ci seriya ilə "Kölgə” serialı bir neçə aylıq öz tamaşaçılarına "əlvida” deyəcək. Serialın yaradıcı heyəti istirahətə gedəcək. Yeni mövsümdən daha maraqlı seriyalarımız olacaq. Yeni xətlər, yeni simalar, yeni hadisələr olacaq. Biz hər zaman yeniliklərin tərəfdarıyıq”.

Nasir Kərimi yeni mövsüm haqqında öncədən məlumat vermək istəməsə də, qısaca onu bildirdi ki, sentyabrdan etibarən "Kölgə”də Türkiyədə sevilərək izlənilən və uzun müddətdir ki, davam edən "Kurtlar vadisi”ndə çəkilən aktyorları görə biləcəyik.
"Bacanaqlar” 365, "Qız atası” 116, "Qardaşlar” 86-cı bölümlə...
ATV telekanalında yayımlanan "Qız atası”, "Eks bacanaqlar”, "Qardaşlar” seriallarının rejissoru Ramin Hacıyev isə söhbət zamanı bir çox suallarımızı cavablandırdı. Ramin bəy bizə serialların mövsüm sonundan və yaradıcılığındakı dönüş nöqtəsindən danışdı: "Artıq biz də mövsüm sonuna hazırlaşırıq. Bu mövsüm çalışdığımız "Bacanaqlar” serialı 365-ci, "Qız atası” 116-cı, "Qardaşlar” isə 86-cı bölümlə sezon finalına çıxır. Sözügedən seriallar yeni mövsümdən yeni formatda, maraqlı mövzuları ilə tamaşaçılarının görüşünə gələcək. Seriallarımız iyunun sonuna kimi nümayiş olunacaq. Son həftələrdə mövsümü bağlayacağıq. Sentyabr ayında seriallar tamaşaçılara yeni formada təqdim olunacaq. Ola bilər ki, başqa aktyorlar da olsun, başqa tanınmış simalar da seriallarımızda rol alsın. Serialların rəhbəri ilə yaradıcı heyəti mövsüm başlamazdan bir-iki ay əvvəl yığışıb seriallar barədə müzakirələr aparır. İlkin olaraq ideyanı ortaya qoyuruq. Elə mövzular seçirik ki, tamaşaçılar darıxmasın. Fikir verirsinizsə, 8 il bundan əvvəlki "Bacanaqlar”la indiki tamamilə fərqlidir. Nəinki "Bacanaqlar”, digər seriallar da. Mövsüm dəyişir, əgər biri serialda varlıdırsa, sonra kasıb olur”.

Uzun müddətdir ki, ATV-də komediya seriallarına rejissorluq edən Ramin Hacıyevi siz yeni mövsümdən "Xəzər” televiziyasında görəcəksiniz. Belə ki, artıq "Xəzər”də iki seriala rejissorluq edən R.Hacıyev bu dəfə yeni telekanaldan öz tamaşaçılarını salamlayacaq: "Artıq uzun müddətdir ki, rejissorluq etdiyimiz serialdan ayrılıram. Özümü başqa seriallarda və başqa formatda sınamaq istəyirəm. Prodakşın olaraq 2008-ci ildən, "Arı şou” vaxtından bu layihədə idim. Bizdə bir stereotip var ki, başqa bir kanala keçəndə olarsan düşmən. Ancaq ümid edirəm ki, mənə düşmən kimi deyil, peşəkar rejissor gözü ilə baxacaqlar. Çünki göstərdiyim işlər həmişə professional olub. Biz sivil insanlarıq. Sadəcə olaraq mən transfer oluram. "Xəzər” televiziyasında iki komediya filmi çəkəcəm. Yeni mövsümdən tamaşaçılara iki maraqlı komediya filmi təqdim edəcəm. Bu filmlərdin biri kənddə yaşanan macəralardan bəhs edəcək. "Xalxın evi” adlanan serialın tamaşaçılar tərəfindən seviləcəyini güman edirik. Digər serialımız "Aliəcanlı” adlanır. Bu serialda peşəkar aktyorlarla bərabər, çox maraqlı simalar yer alacaq. İndiyə qədər seriallarda görmədiyiniz simaları burda görəcəksiniz. Bu seriallar tamam başqa bir səpkidə olacaq. Düşünürəm ki, bacardığımı orada da təqdim edə biləcəm, ancaq bir az başqa rakursda. Seriallar iyunun sonunda bitir. Serialın reytinq verməsi serialın hər bölümünün bir mövzuya həsr olunmasındandır”.

O ki qaldı rejissorun aktyor kimi "Eks bacanaqlar” serialındakı tanınmış Məhəbbət obrazına, bu mövsümdən etibarən tamaşaçılar o obrazı bir daha həmin serialda görə bilməyəcəklər. Rejissor deyir ki, bu mövsümlə Məhəbbətin "Eks bacanaqlar”dakı macərası bitir.
"Vicdan haqqı”nın son bölümündə Dilarə geri qayıdacaqmı?
Serialların içərisində böyük tamaşaçı sevgisi qazanan, izlənildikcə daha çox insanın marağını cəlb edən seriallardan biri ATV-də yayımlanan "Vicdan haqqı” serialıdır. Serialın baş rejissoru Rövşən İsax bizimlə söhbətində gəzən söz-söhbətlərə son qoydu. Bildirdi ki, "Vicdan haqqı” serialının bu mövsüm finalı olmayacaq. Serial iyunun sonu mövsüm sonuna çıxacaq. Yeni mövsümdən isə seriala yeni xətlər, yeni obrazlar daxil olacaq.

Rejissora baş obrazlardan birini canlandıran Dilarənin yenidən seriala qayıdıb-qayıtmacağı sualını verdik. R.İsax gülərək: "Dilarənin yenidən seriala qayıdıb-qayıtmadığından mövsümün sonunda xəbər tutacaqsınız” dedi.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər