• çərşənbə axşamı, 19 mart, 06:57
  • Baku Bakı 8°C

Sənət, sənətkar və zaman üzərində düşüncələr

19.04.17 21:21 1610
Sənət, sənətkar və zaman üzərində düşüncələr
Dahi Puşkinə görə poeziya çox az, təbiətən şair doğulmuş insanlar üçün fövqəladə bir ehtiras olur, onların həyatındakı hər şeyi öz içərisinə alıb birləşdirir, yaşamının ayrılmaz hissəsinə çevrilir...
Bəzilərinə görə isə poeziya "qeyri-insani ağrılar doğurur və bu elə ağrıdır ki, sanki bütün dünya sənin daxilindən, ürəyindən keçir, səni min yerə parçalayır... və eyni zamanda böyük sevinc də gətirir...”
Söhbət poeziyadan getsə də, biz burada söz mülkünün memarı olan şairlərdən deyil, bu mülkə rəssam kimi min bir rəngdən naxış vuran, onu sirli-sehirli bir aləmə çevirən, elə şairləin özü kimi "söz ustası” adlandırılan sənətkardan, dədii qiraətçidən söz açacağıq. Onun da həyatının ayrılmaz parçası, "övlad tək canda bəslədiyi” varlıqdır poeziya... Söz ona, o, sözə vurğun... Məleykə Alıqızı...Söz sənəti dünyasının ən gözəl ifaçılarından biri, sözün həqiqi mənasında bir söz ustasıdır Məleykə xanım...
Billur kimi saf, təmiz səsi, gözəl diksiyasi ilə könlümüzdə taxt quran Məleykə xanım, uzun illərdir ki, televiziya ekranlarından, müxtəlif tədbirlərdən bizlərə yaxşı tanışdır.
Sənətkara "budağa qonmuş quş kimi ötməməyi” tövsiyə edən Hegelə görə sənətkarın böyüklüyü sənətində ruhu nə dərəcədə dərindən əks etdirə bilmək qabiliyyəti, zamanın və insanların ruhunu anlayıb tuta bilmə bacarığı ilə ölçülür... Ona görə predmet sənətkar qəlbində canlı olmalı, ruhən mənimsənilməlidir... Poeziya ilə könül bağı qurmağı bacaran, şeirin ruhuna qarışıb onunla bütünləşən sənətkardı Məleykə xanım. Ruhunda, qəlbində od olmayan ifaçı dinləyici ruhuna sirayət edə, onun qəlbini ovsunlaya bilməz, çünki, poeziya elə bir nəsnədir ki, o, boş hay-küyə çevrilməməli, qəlbdə od tutub yanmalı, yandırmalı və eyni zamanda "əbədi suallar haqqında düşünməyə” məcbur etməlidir...
Təbii ki, bu hər qiraətçiyə nəsib olmur. Çox az ifaçi var ki, əsl sənətkar səviyyəsinə qalxa, sənətini də özü ilə bərabər ucalda bilir. Bütün qəlbiylə, ruhuyla şeirləşən, şeirin ruhuna qarışıb onda əriyəndir Məleykə xanım. Qəlbində, ruhunda yanan odla sözləri isidib ruhumuza hərarət gətirir gözəl sənətkarımız...
Məleykə xanımın sənətinin gücü onun heç kimi təkrar etməməsində, özünəməxsus tərzinin, yolunun olmasındadır. Bu gün sənəti "altın bilərzik” sayanların səs-küylü bazarında təsəvvür və zövqlərin həqiqi dəyərlərə deyil, "moda və ümumi rəyin qanunlarına”, Platonun təbirincə desək "qaldırılmış əllərin miqdarına” əsaslanan bugünkü sənət dünyasında öz "münsifinin korlanmış zövqünə” uyğunlaşmamağa, bayağı zövqün fövqündə durmağa yalnız həqiqi sənətkarlar qadirdir. Məhz belə sənətkarlardandır Məleykə xanım. Şopenhauerin çox dəqiqliklə "saxta vəsiyyət üzərindən mülk sahibi olan biriləri” adlandırdığı sənətdə yamaq kimi görünənlərə bənzəmədi heç zaman, hər zaman sənətinin ülviliyini, ucalığını qorudu, sözün mayasına haram qatmadı.
Poeziyada əsas şey səmimi olmaqdır. Məleykə xanım ifa etdiyi hər şeirdə səmimidir, təbiidir. İnsanın daxili aləminə nüfuz edərək onun mənəvi aləmini araşdıran, Nəsiminin "xaliqi-cahan” adlandırdığı poetik söz – poeziya ilə qəlblərə yol tapır, bizləri duyğularımızın ən dərin qatlarına enməyə məcbur edir.
Qiraətçi ifa etdiyi şeirin fotosurətini çıxartmamalı, şair duyğularının tərcümanı olmalı, şeirdə bir çoxumuzun görə bilmədiyi mənanı görməyi bacarmalı, fikri daha dolğun, daha anlamlı olaraq dinləyiciyə çatdırmalıdır. Öz-özünü təkrar etməyi "mətbəxtdə kifsəmiş qoxunun icərisində əsir qalmaq” kimi dəyərləndirən U. Smitə görə əsl sənətkar öz-özünü belə ötüb kecməyi bacarmalıdır. Məleykə xanım da, daim axtarışda olan, hər ifasında yenilənən, monotonluğa yol verməyən, hər misra ilə könül bağı qurmağı bacaran sənətkar lardandır.
Hec birimizə sirr deyil ki, bu gün sənət dünyamızın vəziyyəti heç də ürək açan deyil. Həqiqi sənətdən uzaq, səviyyəsiz proqramlar, kütlə zövqünə hesablanmış verilişlər millə mədəniyyətimizə çox ciddi ziyan vururlar. Gerçək sənətin, xüsusən özündə həm dərin fəlsəfi təfəkkür, həm də bəşəri problemləri əks etdirən, böyük ictimai təsir qüvvəsi olan poeziyanın yeri çox daralıb. Poeziyanı son dərəcə gözəl müalicə sənətinə bənzədən Aristotelin fikrincə, insan iztirablarından poeziya vasitəsilə öz psixikasını şüurlu surətdə yenidən qurmaq əsasında xilas olur. Çünki ədəbiyyat, xüsusən böyük ictimai təsir qüvvəsinə malik olan poeziya, həyatın özü qədər gözəl, mənalı söz sənəti insanın psixikasına və onun bütün orqanizminə təsir etməklə insan şüurunda əsl çevriliş etmək, onu dəyişdirmək iqtidarındadır. Çox gözəl olardı ki, televiziya kanalları şit, bayağı verilişlərin yanısıra poetik verlişlərə də diqqət ayırsın, korladıqları zövqlərə təmiz hava kimi təsir edəcək poeziyadan da istifadə etsin, Məleykə xanım kimi bədii söz ustalarımızı publikaya geniş surətdə tanıtsınlar.
Məleykə xanım təkcə bədii qiraətçi kimi deyil, eyni zamanda yüzlərlə tələbə yetişdirən gözəl pedaqoq kimi də tanınır. Prinsipial, tələbkar, "güzəştə getməyən” müəllim kimi tələbələri tərəfindən sevilən, qiymətləndirilən bir insandır Məleykə xanım.
Təvazökar xarakterə malik olan Məleykə xanım uzun illər sənət fəaliyyəti ilə məşğul olsa da, hec vaxt şöhrət, ad arxasınca qaçmadı. Sənətinə olan sonsuz tutkusu ilə yorulmadan, təmənnasız özünəməxsus cığırla getdi... Bu gün də getməkdə, öz izini qoymaqdadır. Lessinq "bəzi insanlar ünlüdür, bəziləri də ünlü olmağı haqq edərlər” – deyirdi. Məleykə xanım bu ikincilərdəndir. ..
Yaşam dünyamızın bütün çağlarında əsl sənət və sənətkar dövrün və şəraitin "qanunları” səbəbindən heç də hər zaman öz layiqli qiymətini ala bilməyib, - "dəbdəbə ilə pis zövq ayrılmazdır” – deyən Russo haqlı olaraq göstərirdi ki, zövq təbii qabiliyyətdən, insanın yaşadığı cəmiyyətin mədəniyyət və formasından asılıdır, moda və ümumi rəyin axınına düşən "cəmiyyətdə moda zövqü boğur və sənətkarlar ehtiyac və unudulma qorxusu içərisində olmaq istəmirlərsə, dövrün ruhuna tabe olmağa məcbur olurlar”. Bu da adətən çox zaman ona gətirib çıxarır ki, sənətin xarakteri dəyişir və sənətkar da kütlənin zövqünə uyğunlaşmağa başlayır.
Lakin öz peşəsinin adını uca tutan Məleykə xanım, heç bir zaman nə bu günkü mövcud şəraitin "şou qanunlarına”, nə də ucuz zövqlərə köklənmiş verlişlərin tələblərinə uyğunlaşmamış, sənətkar onurunu qoruyub saxlamağı bacarıb.
Nə yazıq ki, bu günkü sənət dünyamızın pəncərəsindən baxdıqda heç də ürək acan mənzərə görünmür... Nə yazıq ki, Nitsşenin dediyi kimi: "Xalq yalnız özünü böyük göstərən bütün böyük aktyorları "böyüklüyünü” başa düşür, bütün böyüklər isə bazardan və şöhrətdən kənar gəzir”.
Pakizə Babayeva
banner

Oxşar Xəbərlər