Sehrli xalat, Qatır Məmmədin əşyaları...
Mütəxəssislər Azərbaycanda kino muzeyinin olmaması
ilə bağlı sualımızı əsaslı hesab edirlər
Kino bir həyatdır. İnsanı keçmişinə aparan, bu günü
ilə yaşadan, gələcəyindən xəbər verən ayrı bir dünyadır. Keçmiş filmlərimizlə
yaşayır, onların hər anını, fraqmentini beynimizə həkk edir, əzbər bilirik.
Hətta o filmlərdə hansı hadisələrin baş verəcəyini əvvəlcədən bilsək də, yenə
də ekran qarşısına həvəslə əyləşib, o nostalji hissləri sevərək yaşayırıq.
Bu gün köhnə filmləri izləsək də, onların
çəkilişində istifadə edilmiş əşyaları görmək və toxunmaq imkanımız yoxdur. Halbuki,
xarici ölkələrə səfərdə olarkən ilk görmək üçün müraciət etdiyimiz yerlədən
biri də köhnə filmlərdə istifadə edilən əşyaların qorunduğu kino muzeyləri
olur. Bəs görəsən keçmiş filmlərimizə belə bağlı olduğumuz halda, nə üçün ölkəmizdə
kino muzeyi fəaliyyət göstərmir? Filmlərimizdə tarixiləşmiş əşyalar haradasa
saxlanılırmı?
Mədəniyyət Nazirliyindən
qəzetimizə verilən məlumata görə, Azərbaycanda xüsusi kino muzeyi fəaliyyət
göstərmir: "Dövlət Film Fondunda əsas filmlər, arxiv sənədləri və şəkillər
qorunub saxlanılır. Şəkillər daha çox film zamanı və kadr arxası çəkilmiş
materiallardan ibarətdir. Filmlərdə istifadə edilən əşyalar, rekvizitlər
muzeydə deyil, kinostudiyanın rekvizit sexində saxlanılır. Filmlərdəki geyimlər,
silahlar, digər əşyalar kinostudiyada qorunur”.
Azərbaycan Dövlət
Film Fondunun baş mütəxəssisi Rəşad Qasımov deyir ki, arxiv tipli təşkilatların xüsusi
muzeyi fəaliyyət göstərir: "Dövlət Film Fondu muzey tipli təşkilat deyil, bir
növ, kino arxiv təşkilatıdır. Fondda özümüzə məxsus muzeyimiz var. Bu da muzey
tipli fəaliyyət hesab edilmir. Muzey tipli fəaliyyət o deməkdir ki, muzey
formasında olan qanunlara cavab verir və tələblərə riayət edir. Bizdə isə arxiv
təşkilatının tərkibində olan muzey olaraq fəaliyyət göstərir. Orda texnikalar
qorunub saxlanılır. Raritet texnikalar o deməkdir ki,
kütləvi istifadədən sonra köhnələnlər artıq muzey eksponatına çevrilir. Fondda
köhnə filmlərdə istifadə edilən əşyalar da qorunur. Misal üçün, "Sehrli xalat”
filmindəki sehrli xalat, "Qatır Məmməd” filmindəki Qatır Məmmədin obrazı üçün
istifadə edilən əşyalar və sair bizim fonddadır. Onlar fondda vətəndaşlara
nümayiş, ya da sərgi üçün qorunmur, arxiv üçün saxlanılır. Biz onlardan fondda
kiçik muzey düzəltmişik. Həmin əşyalardan xüsusi çəkilişlərdə, arxivə yolu
düşən, tədqiqat işi aparan insanlar tərəfindən istifadə edilir”.
R.Qasımov bildirir ki, dünyanın bir çox kino
muzeylərində olub və onların hər biri özəl müəssisə kimi fəaliyyət göstərir: "Kino
muzeyi dövlət tərəfindən maliyyələşmir və dövlətə məxsus deyil. Kino muzeyini
formalaşdırmaq üçün kolleksiyaçı olmalısan. Kino muzeyinə tələbat elə də böyük
deyil. Əslində bu, biznes məqsədi ilə açılan bir müəssisədir. Bütün kino
muzeylərində kiçik kino zalı var ki, orada daha çox retro filmlər nümayiş
olunur. Kafe, kino zalı olan bu bölmələr isə
ödənişlidir. Kino muzeyləri daha çox turizmin inkişaf etdiyi yerlərdə
fəaliyyət göstərir. Bizim muzeydə
1910-cu ilə aid Azərbaycanın ilk səssiz filmlərinin çəkildiyi kameralar var.
Hətta Jerar Depardye Bakıya gələndə, o da bu kameraları gördükdə təəccüblənmişdi
ki, Azərbaycanda belə qədim kameralar saxlanılır. Onu da qeyd edim ki, kino
texnikasının avadanlıqları dünyadakı muzeylərin kino texnikalarından geri
qalmır”.
Kinorejissor Tahir
Tahiroviç dünyanın müxtəlif kinostudiyalarının muzeylərinin
fəaliyyət göstərdiyini qeyd edir: "Mən bir neçəsində olmuşam və bu
möhtəşəmliyin şahidi olmaq başqa aləmdir. Amma və lakin bizdə bu işi atıblar
Film Fondunun üstünə. Onlar da əllərindən gələni edir. Bildiyim qədər, köhnə
texnikaları saxlayırlar. Düzdür, bu, birbaşa onların işi deyil. Kinostudiyada
yəqin ki, Azərbaycan filmlərində istifadə olunmuş rekvizit və geyimlər qalır.
Əslində "Azərbaycanfilm”in həyətində açıq muzey yaratmaq olardı. Təəssüf ki,
kinostudiyanın həyətində muzey yaratmaq üçün yer qalmayıb. Bir də ki, bu işləri
görəcək və fikirləşəcək kadrlar lazımdır”.
Gənc rejissor Kamla
Yaşar bildirir ki, köhnə filmlərdə istifadə edilən
əşyalar bir tarix və əfsanədir: "Bizim izləyərək böyüdüyümüz həmin filmlərdəki
əşyaları görmək, onlara toxunmaq, təbii ki, gözəl olardı. Ancaq o avadanlıqlara,
əşyalara istədiyimiz zaman gedib baxmaq imkanına sahib deyilik. Həmin əşyaların
bir qismi Dövlət Film Fondunda qorunur. Təəssüf hissi ilə qeyd edim ki, o
əşyalar tamaşaçılar üçün açıq deyil. Həmin əşyalar müəyyən günlərdə Film
Fondunun həyətində bir günlük nümayişə çıxarılır. Məsələn, ötən ilin
oktyabrında belə olmuşdu. Bir gündən sonra yenə əşyalar bazaya qaytarıldı.
Əlbəttə, daha yaxşı olar ki, onlar hamı üçün açıq nümayişdə də olsun. Bir gündə
yox kiminsə maraq dairəsində olsun. Buda dövlət dəstəyi ilə mümkün ola biləcək
bir şeydir. Bizdə köhnə filmlərin sifarişçisi elə dövlətin özü olub. Bütün istehsalat da məhz orda baş verib. Baza, yəni
film texnikaları hamısı yalnız bir yerdə olub. Tarixə boylananda isə, çox da qədimə
gedib çıxmır. Kino gənc sənətdir. Azərbaycanda müəyyən quruluşlar zamanına
düşüb. Bizdə də müstəqil kino çəkən olmayıb, çəksə də, onun avadanlığını hardan
tapacaqdı. O zamanlar hansı filmlər çəkilibsə, dövlətin dəstəyi ilə çəkilib. Ona
görə də bazada olan-qalan nə varsa, Film Fondundadır. Onu açıq muzey halına
sala biləcək qurum Mədəniyyət Nazirliyidir. Əgər bizdə kino muzeyi yaradılsa,
bu həm turistik baxımdan, həm də bizim
tamaşaçılarımız üçün maraqlı olar. Mədəniyyət Nazirliyinə bağlı fəaliyyət
göstərən əyləncə mərkəzləri də bu təşəbbüsü edə bilər. Belə ki, bura həm muzey,
həm də əyləncə mərkəzi kimi fəaliyyət göstərər. Hansısa sahibkar köhnə
filmlərdə istifadə edilən əşyaları, texniki avadanlıqları pul verib ala bilməz.
Çünki o əşyaların hamısı, avadanlıqlar dövlətin vəsaiti hesabına alınıb, onlar
dövlətin mülkü hesab edilir”.
Xəyalə Rəis