• cümə, 26 Aprel, 22:47
  • Baku Bakı 22°C

Sarksiyan niyə razılaşmanı pozdu?

21.10.17 13:30 5305
Sarksiyan niyə razılaşmanı pozdu?
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar 20 ildən artıq bir dövrü əhatə edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistan ötən müddət ərzində danışıqlarda hər zaman qeyri-kostruktiv mövqe nümayiş etdirib.

Son olaraq, həmsədrlərin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Daha sonra isə həmin danışıqlarda əldə edilən razılaşma məhz Ermənistan prezidenti Serj Sarkisyan verdiyi açıqlama ilə alt-üst oldu. Hətta Azərbaycan rəsmiləri də məsələ ilə bağlı açıqlamalar verdilər. Lakin bir məsələni unutmayaq ki, Serj Sarkisyan prezidentlik dövründə atdığı addımlarla məsuliyyətsiz və qorxaq olduğunu sübut edib. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyi ilə seçilən Ermənistan prezidenti əvvəl bir söz, daha sonra başqa bir fikir səsləndirməklə özünə "imic” formalaşdırıb. Amma həqiqətən maraqlıdır ki, niyə Sarkisyan əldə edilən son razılaşmanı pozdu?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Sarkisyanın razılaşmanı pozmasında təəccüblü bir şey yoxdur: "Çünki o hər zaman əldə olunmuş razılaşmaları pozub. Sarkisyan Avropa İttifaqı ilə Ermənistan arasında assosiativ sazişin imzalanacağı ərəfədə bütün 3 illik danışıqların üstündən xətt çəkdi və onun hamısını pozdu. Əslində Sarkisyan elə bir insandır ki, hakimiyyətə öz xalqını gülləbaran etməklə gəlib. 2008-ci ilin mart ayında 10-dan yuxarı insan güllələndi və 100-dən çox adam yaralandı ki, o, hakimiyyətdə qalsın. Sarkisyanın əli həm də Xocalıda günahsız insanların qanına batıb və soyqırımı qatillərindən biridir. Belə bir adamın indi atdığı addımlar təbii ki, bizi təəccübləndirmir. Əslində ATƏT-in Minsk qrupu təəccüblənməlidir ki, gör kiminlə münaqişəni həll etmək istəyirlər, danışıqlara gedirlər. Bilirsiniz ki, danışıqlar məxfi xarakter daşıyır, onun konfedensial detalları açıqlanmır. Amma Sarkisyan Cenevrə danışıqlarının ardınca bütün razılaşmaların üstündən xətt çəkdi və erməni diasporu ilə görüşündə qeyd etdi ki, Dağlıq Qarabağ heç bir zaman Azərbaycan hüdudlarında qala bilməz. Onun hüdudlarından kənarda Qarabağın taleyi həllini tapmalıdır. Yəni, Sarkisyan bu açıqlaması ilə Dağlıq Qarabağın Azərbaycanın tarixi, hüquqi ərazisi olmaması ilə bağlı bir mövqe ortaya qoydu. Bu artıq 1988-ci illərin ruhunda verilmiş bir bəyanatdır. Bundan başqa, oktyabrın 18-i və 19-da Avropa Parlamentində Avropa ermənilərinin IV forumu keçirildi və həmin tədbirə qondarma rejimin nümayəndələrini cəlb etmək istəyirdilər. Lakin Azərbaycan dövlətinin atdığı müvafiq addımlar, səfirliyimizin, Xarici İşlər Nazirliyinin gördüyü işlər nəticəsində ermənilərin bu niyyəti baş tutmadı. Lakin Ermənistanın xarici işlər naziri Brüsseldəki çıxışında Sarkisyana istinad edərək qeyd edir ki, Dağlıq Qarabağ heç bir zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və bundan sonra da olmayacaq. Bax belə bir prezidentlə biz danışıqlar aparırıq. Həm Sarkisyanın, həm də Nalbandyanın belə bəyanatla çıxış etməsi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, həm həmsədrlər, həm də Azərbaycan Ermənistanın Dağlıq Qarabağla bağlı güzəştə getmək fikri olmadığını bilsinlər. Buna başqa ad vermək olmaz. Hesab edirəm ki, belə bəyanatlar çox kövrək sülh prosesinə arxadan vurulan zərbədir”.

E.Nəsirov vurğuladı ki, hadisələr bundan sonra istənilən mürəkkəb ssenari üzrə inkişaf edə bilər: "Bundan sonra bütün məsuliyyət Ermənistanın və onun himayədarlarının, eləcə də ATƏT-in Minsk qrupunun və beynəlxalq ictimaiyyətin üzərinə düşəcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Sarkisyan, danışıqların indiki gedişatı onlara sərf etmədiyi üçün razılaşmanı pozur: "Çünki danışıqlar mərhələli həll planı əsasında getməlidir və Minsk qrupunun son planları da elədir. Yəni bütün hallarda birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad edilməlidir. Amma Sarkisyan buna hazır deyil və qorxur ki, belə bir addım atsa, ölkə daxilindən ona təzyiq ola bilər. Ona görə də Sarkisyan yalandan vəd versə də, hər dəfə danışıqlardan sonra buna əməl etmir. Necə ki, bu, Cenevrədə baş verdi. Orada erməni diasporu qarşısında çıxış edərkən Qarabağın müstəqilliyindən geri çəkilməyəcəklərini qeyd etdi. Halbuki Cenevrədə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar getməyib. Əsasən danışıqları davam etdirmək, ilkin addımları müəyyənləşdirmək və sair haqda danışılıb. Bu isə ermənilərin maraqlarına cavab vermir və çalışırlar ki, danışıqları pozsunlar, mövcud status-kvo davam etsin. Çox təəssüflər olsun ki, həmsədrlər Cenevrə görüşünün nəticəsiz qalmasına görə heç bir məsuliyyət daşımırlar. Əslində bu görüşü onlar təşkil edirdilərsə, müsbət nəticənin əldə olunmasına çalışmalı idilər. Amma nəticəsiz qaldı və Sarkisyanın təxribatçı çıxışına heç bir reaksiya verilmədi”.

E.Şahinoğlunun sözlərinə görə, danışıqların nəticəsiz qalması o deməkdir ki, vəziyyət yenə də gərgin olaraq qalacaq: "Cəbhə bölgəsində də gərginlik davam edəcək. Halbuki, ötən ilin aprel savaşından sonra müəyyən ümidlər var idi. İki görüş keçirildi, amma o görüşlərdən də bir nəticə çıxmadı. Sonuncu görüşdən sonra da nəticə yoxdursa, bu o deməkdir ki, cəbhə bölgəsində atəşkəs daima pozulacaq. Hesab edirəm ki, danışıqlar masasında irəliləyiş yoxdursa, demək, biz əvvəlki kimi hərbi nöqteyi-nəzərindən işğalçıya təzyiqi artırmalıyıq”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər