• cümə, 26 Aprel, 04:34
  • Baku Bakı 16°C

Rusiyalı ekspertlər prezidentin son qərarlarını yüksək qiymətləndirirlər

25.10.19 17:34 4949
Rusiyalı ekspertlər prezidentin son qərarlarını yüksək qiymətləndirirlər
Rusiya mediasında və ekspert dairələrində Azərbaycanda həyata keçirilən son kadr islahatları və struktur dəyişiklikləri geniş müzakirə olunur. Ekspert dairələrində xüsusi vurğulanır ki, prezident Vergilər, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və s. qurumları İqtisadiyyat Nazirliyinin tərkibində birləşdirməklə mühüm dəyişikliyə imza atıb. Rusiyanın "Moskva-Baku” nəşri də diqqəti bu struktur dəyişikliyinə, prezidentin yeni təyin olunan və təqaüdə çıxan şəxslərlə keçirilən görüşlərinə diqqət ayırır və yazır ki, bu görüşlərin əsas tezisi Azərbaycanın siyasi müstəqilliyinin əsasında iqtisadi müstəqilliyinin dayanmasından ibarətdir. Rusiyalı politoloq İqor Korotçenko hesab edir ki, İlham Əliyev Azərbaycanın irəliyə doğru keyfiyyətli irəliləməsini qarşıya məqsəd qoyub. "İlham Əliyevin həyata keçirdiyi kadr islahatları, yerdəyişmələr milli iqtisadiyyatın və beynəlxalq bazarda rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlib”, - deyə politoloq vurğulayıb. Əlavə edir ki, bu gün Azərbaycan sənaye istehsalının bütün sahələrini, neft və qaz emalını inkişaf etdirir: "Tam aydındır ki, Azərbaycana yeni iqtisadi istiqamətli rəhbərlərin gətirilməsi müsbət bir amildir. Bu, yüksək texnologiya, innovativlik, müasirlik və 21-ci əsr iqtisadiyyatının tələblərinə adaptasiya olunma deməkdir. Prezident İlham Əliyevin təyin etdiyi şəxslər böyük idarəçilik məktəbi keçiblər və ən əsası, özlərini çalışdıqları sahələrdə məsuliyyətli tərəfdən nümayiş etdiriblər. Yəni, sübut ediblər ki, peşəkardırlar - bu planda onlara göstərilən böyük etimad sözsüz ki, özünü doğrultmalıdır. Biz görürük ki, dövlət başçısı sakit və dəqiq formada zəruri kadr təyinatlarını həyata keçirir, insanlar hansısa bir bəlli olmayan kriteriyalarla irəli çəkilmir. Əsas prinsip konkret nəticələr, peşəkarlıq, xalqa xidmətdir. Hesab edirəm ki, prezidentin qəbul etdiyi bu qərarların nəticələri Azərbaycanın qeyri-neft sektorunun, sənaye iqtisadi inkişafının, maliyyə sabitliyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq”. Rusiyalı ekspert bu qənaətdədir ki, bütün bunlar bir məqsədə xidmət edir – xalqın həyat şəraitinin yaxşılaşdırılması. "İlham Əliyev bu məsələnin əhəmiyyətini və zəruriliyini gözəl başa düşür və bu məsələni uğurla və effektiv şəkildə həyata keçirmək üçün əlindən gələni edir. Mən hesab edirəm ki, prezident tərəfindən ölkənin yeni inkişaf mərhələsinə keçmək planı çoxdan mövcud olub. Nə üçün belə qərarlar məhz indi qəbul edilir? Çünki, buna qədər Azərbaycan öz mövqelərini beynəlxalq aləmdə suveren dövlət kimi möhkəmləndirirdi. Ciddi uğurlara imza atırdı. Bu ona gətirib çıxardı ki, bu gün Azərbaycan rəngli inqilablar və daxili münaqişələr içində çabalayan bir sıra postsovet respublikalarından fərqli olaraq ayaq üstdə dayanıb. Bu planda Azərbaycanda hər şey əladır”, - deyə fikrini əsaslandırır. Onun qənaətincə, sözsüz ki, bütün bunlar Əliyevin şəxsiyyəti, siyasət, iqtisadiyyat sahəsində gedən müasir proseslərlə bağlıdır: "İlham Əliyev milli maraqlar, xalq naminə strateji məsələləri qarşıya məqsəd qoyan, onları həll etməyə çalışan dövlətin lideridir. Biz bu gün müşahidə edirik ki, dünya yeni siyasi və iqtisadi transformasiyalarla üz-üzədir. İnsanın dünyada mövqeyi köklü şəkildə artmaqda davam edir. Bu, tamamilə yeni kadrların cəlb edilməsini nəzərdə tutur. Robotlaşma, elmin və texnikanın bütün sahələri üzrə pilotsuz texnologiyaların inkişafı problemi var. Karbohidrogen ehtiyatları kimi malik olduğu milli sərvətdən tək pul əldə etmək yox, bu zənginliyi innovativ və rəqəmsal iqtisadiyyata çevirmək gərəkdir. Bütün bunlar Azərbaycanı keyfiyyətcə və sıçrayışla irəli getməsinə imkan verəcək”.
Politoloq Dmitri Verxoturov da diqqəti son illər prezident İlham Əliyevin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, dövlətin sosial istiqamətli xərclərini artırmasına yönəlik bir sıra sosial proqramlar həyata keçirməsinə yönəldib. Onun sözlərinə görə, sosial siyasət üçün pullar gərəkdir. "Əgər onlar yoxdursa, onda sosial siyasət də olmayacaq. Mənim qənaətimcə, prezident vergilər nazirini iqtisadiyyat naziri təyin edəndə vergi işçilərinin iqtisadiyyatı yaxşı bildiklərinə əsaslanıb. Məhz onlara iqtisadi fəaliyyət barədə informasiya axının daxil olduğunu bildiyindən bu addımı atıb. Bu şəxs də Azərbaycan iqtisadiyyatının imkanlarını bilən ən tanınmış simadır. Bu təyinatın da effekti olmalıdır”, -deyə bildirib. Əlavə edir ki, təqaüd yaşlı şəxslərin gənclərlə əvəzlənməsi, birincisi, qaçılmaz, ikincisi isə zəruridir: "Çünki, biz bilməliyik ki, yaşı 70-ə çatan şəxs nə qədər təcrübəli olsa da, artıq aktiv içşi deyil. O, artıq rəhbərlik etmir, işinin böyük hissəsi müavinlərinin üzərinə düşür. Məhz onlar da əsas işi yerinə yetirirlər. Belə olan halda, kimin nə etdiyi, cavabdehlik daşıdığı bəli olmur”. D.Verxoturov hesab edir ki, Azərbaycan hazırda qeyri-neft sektoruna, sosial proqramların reallaşmasına üstünlük verir. Çünki, bu illər ərzində Azərbaycan xeyli möhkəmlənib, beynəlxalq arenada çəki əldə edib. "Vaxtilə Heydər Əliyev əsas üstünlüyü neftə verirdi, çünki bu, qaçılmaz idi. Ölkəni qaldırmaq üçün kritik cəhətdən zəruri idi. Bu siyasət özünü tam şəkildə doğrultdu və Azərbaycanı bu gün müşahidə etdiyimiz və gördüyümüz vəziyyətə gətirib çıxardı. Lakin yalnız neftin üzərində oturmaq heç də rasional yanaşma deyil. Sözsüz ki, neft də satılacaq, öz gəlirini verəcək. Cəmiyyət istehsalla – məhsullar, xidmət istehsalı ilə qurulur. Nəsə yeni qurmaq cəhdi ortaya çıxır, rəqabətlilik yaranır və cəmiyyət də bütün bunların hesabına inkişaf edir. Neft ölkələrində gəlirin bir mənbəyi var – karbohidrogen ehtiyatları, rəqabət çox aşağıdır”, - deyə ekspert vurğulayıb. Sonda isə bildirib ki, "əgər Azərbaycan inkişaf etmək istəyirsə, özünün qeyri-neft sektorunu inkişaf etdirməlidir. Əgər neft-qaz boru xətləri qəfildən bağlanarsa, iqtisadiyyat bununla sona çatacaq və tam şəkildə iqtisadi, siyasi və sosial kollaps yarana bilər. Qeyri-neft sektorunu inkişaf etdirməklə isə ölkənin təhlükəsizlik yastığı olacaq. Bu səbəbdən də Azərbaycan rəhbərliyinin hesablamaları sözsüz ki, müdrikcəsinə qəbul edilən qərardır”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər