• cümə, 26 Aprel, 10:50
  • Baku Bakı 12°C

Rusiyalı deputatdan Ermənistana irad

29.10.19 16:06 2515
Rusiyalı deputatdan Ermənistana irad
Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində qoyulan xatirə lövhəciyi son vaxtlar siyasi dairələrdə və mediada geniş müzakirələrə səbəb olub. Qalmaqala səbəb, faşist əlaltısı, üçüncü Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə şəhərin mərkəzi yerlərindən birində qoyulan xatirə lövhəsidir. Özü də faşist, daşnak əlaltısına Sovet İttifaqı Qəhrəmanlarının abidələrinin yanında memorial lövhə qoyulub. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi məlum memorial abidənin mövcudluğu ilə bağlı faktı şərh edərkən bəyan edib ki, onlar bununla bağlı hesabat hazırlayıblar və onu da əsas götürürlər. Adıçəkilən sənəd "Nasizmin qəhrəmanlaşdırılması, neonasizm, rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlük kimi müasir formaların güclənməsinə səbəb olan digər bu kimi hallarla bağlı vəziyyət” adlanır. Həmin hesabatda Qaregin Njde birmənalı şəkildə "millətçi baxışlı siyasi xadim” adlandırılır. Onun faşist Almaniyası ilə əməkdaşlıq etdiyi barədə təkzibolunmaz faktlar var. Bu günlərdə isə "Change.org” saytında Armavir meriyası qarşısında sərt tələb qoyulub. Saytda təşkil edilən petisiyada bildirilir ki, Qaregin Njdeyə qoyulan abidə dərhal götürülməlidir. Petisiyada xüsusi vurğulanır ki, belə bir lövhəcik Böyük Vətən Müharibəsi veteranlarının xatirəsini təhqir edir. Maraqlıdır ki, elə həmin şəhərin kinoteatrlarında istirahət günlərində "Qaregin Njde - Vətəni qoruyarkən” bədii filminin nümayişinin keçirilməsi planlaşdırılıbmış. Anonslarda qeyd edilib ki, film iyirminci əsrin böyük erməni hərbi xadimi Qaregin Njdeyə həsr olunub. "Moskva-Baku” portalında dərc olunan məqalədə vurğulanır ki, oktyabrda MDB dövlət başçılarının Aşqabad sammitində bir sıra məsələlərlə yanaşı, Qələbənin 75 illiyinin qeyd olunması müzakirə edilib. Tədbirdə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin nasizmin və ona bənzər halların heç bir halda qəhrəmanlaşdırılmamasına çağırış edib.
Dövlət Dumasının Krasnodardan olan deputatı, hakim "Vahid Rusiya” fraksiyasının üzvü Aleksey Yezubov portala müsahibəsində Qaregin Njdenin şəxsiyyətinin qəhrəmanlaşdırılması məsələsini şərh edib: "İstənilən normal insan kimi, mən də hesab edirəm ki, nazismin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aparmaq gərəkdir. Bu, çox ciddi problemdir. Bu da ona görə belə olur ki, biz tarix barədə, nasizimin qəhrəmanlaşdırılması problemindən az danışır, az müzakirə aparırıq. Televiziya verilişlərində buna az yer veririk. Gənc nəslə başa salmaq gərəkdir ki, biz niyə nasizmin qəhrəmanlaşdırılmasına qarşı çıxırıq. Bunun səbəbləri geniş şərh edilməli, analizlər aparılmalıdır. Bu gün bir çox ölkələrdə, o cümlədən postsovet məkanında nasizmin qəhrəmanlaşdırılması hallarına rast gəlirik. Götürək, elə Ukraynanı. Orada Stepan Banderanın qəhrəmanlaşdırılması cəhdlərinə yol verilir. Belə hal çox ciddi məsələdir”. Deputat bildirir ki, belə hal tək Ukraynada baş vermir. "Biz hesab edirdik ki, Ukrayna qardaş ölkədir - heç nə olmayacaq. Nəticədə biz qardaş ölkəni itirdik. Bizim dövlət bu məsələ ətrafında çox ciddi çalışmalı, belə hallara yol verməməlidir. Bəli, mən təkzib etmirəm ki, bizdə faşizmin qəhrəmanlaşdırılması hallarına yol verilir. Lakin biz ona qarşı mübarizə aparırıq. Savadsız, irqi ayrı-seçkiliyə yol verən gənclərə rast gəlinir. Özlərini hamıdan üstün tutmağa çalışırlar. Lakin bu kimi halların olduğunu demək azdır”. Onun qənaətincə, bu kimi hallarla planlı şəkildə, dövlət proqramları ilə mübarizə aparmaq gərəkdir. Əlavə edib ki, çox vacib məsələdir ki, Rusiya prezidenti nasizmin qəhrəmanlaşdırılması problemini qeyd etməklə yanaşı, ona qarşı mübarizə aparılmasının zəruriliyini vurğulayıb: "Özü də tək Rusiyada deyil, bütün MDB məkanı, respublikalar üzrə aparmaq gərəkdir”.
Deputat digər erməni hərbçisi, Azərbaycanda doğulan İvan Baqramyanın abidəsi yaxınlığında daşnak, faşist əlaltısına xatirə lövhəciyinin qoyulmasına da etiraz edib. "Mən qəti şəkildə belə hərəkətlərə qarşı çıxıram. Lakin biz əvvəldən düşünməli idik ki, belə hallara yol verilməsin. Axı bu lövhəcik elə belə baş verməyib. Faşist əlaltılarına abidə qoyulur, sonra isə filmlər nümayiş etdiriləcəyi barədə xəbərlər dolaşır. Bütün bunlar ona görə baş verir ki, sadə insanlar az məlumatlandırılıb. Onlar bilmirlər ki, Qaregin Njde kimdir. Kimsə indi durub birdən deyir ki, Njde milli qəhrəmandır və insanlar da ona inanır. Başqa xəbərlər ortaya çıxanda isə bildirirlər ki, bəs bilirsinizmi, Qaregin Njde Üçüncü Reyxlə əməkdaşlıq edib. Əgər əməkdaşlıq edilibsə, onda hər hansı bir qəhrəmanlaşdırılmadan söhbət gedə bilməz”. Deputatın qənaətincə, Njdeyə əvvəlki hakimiyyətin dövründə abidə qoyulub. "Bu məsələdə də biz, ola bilsin, işimizi düzgün qura bilmədiyimizdən belə hadisə baş verib. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da biz günahkarıq. Münaqişə qızışanda o vaxtkı SSRİ rəhbərliyi, başda Qorbaçov olmaqla zəiflik nümayiş etdirdi. SSRİ-də bütün insanlar milliyyətindən asılı olmayaraq birlikdə yaşayırdılar, hər şey də normal idi. Sonradan münaqişələr, hadisələr baş verdi. Biz də zəiflik nümayiş etdirdik, hesab etdik ki, qoy özləri ayırd etsinlər. Ermənistan da Azərbaycan torpaqlarının bir hissəsini işğal etdikdə sərt münasibət göstərmək lazım idi. Demək lazım idi ki, işğalçı kimdir - lakin bizim tərəfdən heç bir reaksiya olmadı. Sonra isə Rusiyanın başı özünə qarışdı və bu zaman biz yeni vəziyyəti əldən verdik. Ermənistan isə hesab etdi ki, onlar düzdürlər və belə də olmalıdır. Demək istədilər ki, ələ keçirmişik və heç kim də buna etiraz etmir – bu da yaxşı haldır. Hər şey də undan başladı. İndi də biz görürük ki, millətçilik Ermənistanda mövcuddur. Lakin mən bilirəm ki, Ermənistanda elə insanlar var ki, onlar faşist əlaltılarının qəhrəmanlaşdırılmasına qarşıdırlar”, - deyə o fikrini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər