Rusiya regionda Azərbaycana üstünlük verir
Dünyada geosiyasi vəziyyət dəyişdikcə, Cənubi Qafqaz regionuna maraq
getdikcə artır. Əslində bu marağın yaranmasında Azərbaycan dövlətinin yürütdüyü
xarici siyasət və bu kontekstdə həyata keçirilən beynəlxalq layihələrin mühüm
rolu olub. Ölkəmiz qonşu dövlətlərlə də hər zaman münasibətlərin davamlı
olmasına üstünlük verib. Belə ki, bu günlərdə Azərbaycan Prezidenti İlham
Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə Soçi şəhərində görüşərək müxtəlif
məsələlər ətrafında müzakirələr aparması da təsadüfi deyil. Hər iki dövlət
başçısının görüşdən sonra verdiyi açıqlamalar Azərbaycan-Rusiya
münasibətlərinin gələcək inkişafından xəbər verir.
Prezidentlərin Soçi görüşünü "Kaspi” qəzetinə şərh edən Milli Məclisin deputatı, politoloq Hikmət
Məmmədov bildirdi ki, Rusiya-Azərbaycan münasibətləri regionun
təhlükəsizliyi və hər iki ölkənin strateji maraqları üçün olduqca əhəmiyyətli
münasibətlərdir: "Ona görə də Rusiya və Azərbaycan prezidentlərinin görüşü
təkcə region mətbuatı tərəfindən deyil, qlobal media tərəfindən də maraqla
izlənilir. İyulun 21-də Soçidə baş tutan görüş əvvəlcədən planlaşdırılmadığı
üçün daha çox diqqəti cəlb etdi və burada maraqlı məsələlər müzakirə edildi. Əgər
bu görüşün əhəmiyyətini Rusiya prezidenti Vladimir Putinin fikirləri ilə
qiymətləndirməyə çalışsaq, müzakirələrin çox geniş spektri əhatə etdiyinin
şahidi olacağıq. "Bir sıra regional məsələləri qlobal kontekstdə müzakirə etdik
və eyni zamanda heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin perspektivləri ilə bağlı söhbət
etdik. Yekun fikir bu oldu ki, hər iki ölkə arasında münasibətlərin inkişafında
birgə fəaliyyət üçün çoxlu imkan var” - deyə Putin vurğulayıb. Əslində, bu
fikirlər, görüşün əhəmiyyətinin nə dərəcədə böyük olduğunu göstərməklə yanaşı,
iki ölkə arasındakı münasibətlərin necə böyük perspektivə malik olmasını izah
edən fikirlərdir”.
H.Məmmədov qeyd etdi ki, hazırda regionda və dünyada çox mürəkkəb
hadisələr baş verir: "Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə
olması təkcə iki ölkənin əlaqələri baxımından deyil, bütövlükdə region
xalqlarının hamısının maraqları baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan mövqe
və güc etibarı ilə regionun ən böyük ölkəsidir və Cənubi Qafqazda Rusiyanın
tərəfdaşıdır. Bu istər həyata keçirilən meqa layihələr baxımından, istərsə də
ölkələrarası iqtisadi potensial baxımından belədir. Ona görə də iki ölkənin
münasibətləri regionda təhlükəsizliyin təminatçısı kimi çıxış etməklə, həm də
regionun gələcəyinin müəyyənləşdirilməsində əsas faktor rolunu oynayır. Bu
zaman isə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələlərin nə qədər aktual və zəruri olduğunun şahidi oluruq. Ona görə
də hazırkı mərhələdə bu münasibətlərin keyfiyyətini müəyyənləşdirən əsas
faktorlardan biri Dağlıq Qarabağ probleminin həllidir. Rusiya həm tarixi qonşu,
həm ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, həm də regionda işğalçı
Ermənistan və Azərbaycanla yaxşı münasibətlərə malik ölkə kimi Ermənistana
təzyiq üçün ən real rıçaqlara sahib olan ölkədir. Heç şübhəsiz ki, bu
müzakirələrdə status-kvonun qəbuledilməzliyinin bir daha qeyd olunması vacib
məsələlərdən biri idi. Düşünürəm ki, iki ölkə prezidentinin bu görüşü münasibətlərin
gələcəyi baxımından olduqca əhəmiyyətlidir”.
Millət vəkili vurğuladı ki, bəzi hallarda informasiya siyasi
proseslərə də təsir göstərir: "Yaxud informasiya ilə siyasi proseslərə təsir
etmə cəhdləri olur. Son günlərdə regional informasiya məkanında
Rusiya-Azərbaycan münasibətləri ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi.
Bəlli oldu ki, bu fikirlər əslində Rusiya-Azərbaycan münasibətlərinin yaxşı
olmasını arzu etməyən güclər tərəfindən informasiya dövriyyəsinə buraxılır. Belə
güclərin başında isə erməni lobbisi və Ermənistan dayanır. Çünki Rusiya ilə
Azərbaycanın münasibətlərinin yaxşı olması ilk növbədə Ermənistanın maraqlarına
ziddir Ona görə də iki ölkə prezidentlərinin yüksək səviyyədə görüşü uzunmüddətli
və etibarlı tərəfdaş kimi dostcasına bütün məsələlərin yenidən müzakirəsi, bu
münasibətlərin böyük perspektivinin olmasının qeyd edilməsi baxımından, eləcə
də informasiya ilə manipulyasiya edən və Rusiya-Azərbaycan münasibətlərinə
kölgə salmağa çalışan antiAzərbaycan, antiRusiya mərkəzlərinə layiqli cavab
oldu. Bəlli oldu ki, heç də bu münasibətlər erməni lobbisinin Rusiyadakı
fəaliyyətinə məruz qalacaq, yaxud da təsiri altında olacaq münasibətlər deyil.
Bu münasibətlər tərəfdaşlıq, strateji əhəmiyyətli və hər iki ölkənin milli,
təhlükəsizlik maraqlarına xidmət edən münasibətlərdir”.
Böyük Quruluş Partiyasının
sədri, millət vəkili Fazil Mustafa vurğuladı ki, Soçi görüşü
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından
böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya bir sıra
problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə
axtarmalıdır: "Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə
dəstəyin azaldılması istiqamətində danışıqların aparılması vacibdir. Digər
tərəfdən, sərhədyanı problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə
bağlı atdığı addımlar problemlər yaradır. Bunlar hamısı üst-üstə gələndə, ciddi
narahatlıq yaradan amillər ortaya çıxır. Bu baxımdan Azərbaycanla Rusiya
arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır.
Ona görə də Soçi görüşünün faydalı olduğunu düşünürəm, yəqin ki, müsbət
nəticələri olacaq”.
Deputat əlavə edib ki, Rusiyada yaşan azərbaycanlıların da problemləri,
eləcə də turizm və digər məsələlər var: "Bu məsələlərin həlli baxımdan bu
görüşlər çox faydalıdır”.
Politoloq Fikrət Sadıxov bildirdi ki,
Rusiya ilə Azərbaycan arasında strateji partnyorluq formatı mövcuddur və
inkişaf etməkdədir: "Bu kontekstdə Rusiya və Azərbaycan dövlət başçılarının
görüşü hər iki dövlətin maraqlarına cavab verir. Görüşdə müxtəlif məsələlər
müzakirə olunub. İlk növbədə burada iki dövlət arasında siyasi, iqtisadi və
humanitar sahələrin bundan sonra da inkişafı, bir sıra layihələrin həyata keçirilməsi
müzakirə olunub. Şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
problemi də ciddi şəkildə müzakirə edilib. Xüsusilə, Ermənistan tərəfindən
törədilən təxribatlar fonunda dinc əhalinin öldürülməsi kimi məsələlər
ətrafında fikir mübadiləsi aparılıb. Mətbuatda gedən fikirlərə əsaslansaq,
payızda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Belə
bir ərəfədə Azərbaycan dövlət başçısının prinsipial mövqeyini irəli sürməsi və
Rusiya prezidentinin diqqətinə çatdırması çox vacib məslədir”.
F.Sadıxov qeyd etdi ki, prezidentlərin Soçi görüşündən ermənilər çox
narahatdır və təşviş içindədir: "Çünki onlar başa düşür ki, Azərbaycan-Rusiya
münasibətlərinin hərbi-texniki əməkdaşlıq aspekti də var. Bu da onları çox
narahat edir. Biz Rusiyadan müasir silahlar alırıq və təbii ki, həmin silahları
anbarlarda saxlamayacağıq. Bunlar torpaqlarımızı azad etmək üçün ermənilərə
qarşı yönəlmiş silahlardır. Bunu da ermənilər çox yaxşı başa düşür.Həmçinin prezidentlərin görüşündə Rusiya Xarici İşlər Nazirliyinin
erməni mənşəli vətəndaşların Bakıya gəlməsində problemlərin yaranmasını
qabartması, Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin bərpa
olunması məsələləri ciddi şəkildə müzakirə edilib. Azərbaycan bu məsələlər
ətrafında qəti mövqeyini Rusiya prezidenti qarşısında qaldırıb”.
Bəxtiyar MƏMMƏDLİ