• cümə, 26 Aprel, 09:05
  • Baku Bakı 12°C

Rusiya Belarusla konfederasiyada birləşir?

17.09.19 17:16 544
Rusiya Belarusla konfederasiyada birləşir?
Rusiya ilə Belarus arasında münasibətlərin o qədər də həlim olmadığı bir zamanda ortaya iki ölkənin konfederasiyada birləşməsi iddiaları atılıb. Bu iddianı Rusiyada nüfuzlu "Kommersant” qəzeti ictimailəşdirib. Qəzet hətta iddia edib ki, Rusiya və Belarusun iqtisadi inteqrasiyasına dair proqramla tanış ola bilib. Qəzetin yazdığına görə, söhbət iki ölkənin baş nazirləri arasında sentyabrın 6-da razılaşdırılmış plandan gedir. Məqalədə deyilir ki, bu proqramda faktiki olaraq 2022-ci ilədək konfederativ dövlətin yaradılmasından bəhs olunur. Bu proqram rəsmi qaydada dərc edilməyib və ona nə Rusiya, nə Belarus tərəfi şərh verib. "Kommersant” yazır ki, hələlik yalnız hökumət başçıları arasında razılaşdırılmış sənəd (prezidentlər bu proqramı dekabrda müzakirə etməlidirlər) "kifayət qədər radikaldır”, amma burada "konkretlik azdır”. Məqalədə deyilir ki, 2019-cu ilin noyabrın birinədək tərəflər iki ölkənin iqtisadiyyatlarının birləşdirilməsinin "yol xəritəsi”ni təqdim etməlidirlər. Bundan sonra 2020-ci ilin sonuna doğru bu inteqrasiyanın hüquqi sənədləri hazırlanmalıdır. Nazirliklərin "birləşmiş rejimdə” işləməsinə 2021-ci ilin yanvarından başlanmalıdır. Bu proqrama əsasən, Belarus və Rusiyanın vergi sistemləri birləşdiriləcək. "Kommersant” yazır ki, gömrük sistemlərinin faktiki olaraq tam birləşdirilməsindən söhbət gedir. Bundan başqa, sözügedən planda neft, qaz, neft emalı məhsulları və elektrik enerjisi sahəsində vahid siyasətin yürüdülməsi nəzərdə tutulur.
Sənəddə xalq təsərrüfatı sahələrinin inteqrasiyasından geniş söhbət açılır. Məsələn, 2020-ci ilin 1 iyunundan rouminq ödənişlərinin ləğvi nəzərdə tutulub. Lakin "Kommersant” yazır ki, bütün bunlara baxmayaraq, 2022-ci ilədək vahid dövlətin təşəkkül tapacağını demək olmaz. Üstəlik məqalədə deyilir ki, bu, ümumiyyətlə mümkün olmaya bilər. Sənəddə silahlı qüvvələrin birləşdirilməsindən, vahid polis sistemindən və xarici siyasətdən ümumiyyətlə söz açılmır. Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Nataliya Eysmont "Kommersant”da dərc edilmiş sənədə şərh verib. O deyib ki, bu "Kommersant”ın işlətdiyi dəbdəbəli "konfederasiya”, "federasiya” kimi terminlər jurnalistlərin "ştamplarından” başqa bir şey deyil, çünki inteqrasiya prosesinin əsasında Rusiya və Belarusun suverenliyini dayanacaq: "Bu müqəddəs məsələdir! Hər bir ölkənin müstəqilliyi və suverenliyi qırmızı xətlərdir. İnteqrasiya proseslərində biz iqtisadi baxımdan sərfəli olan addımları atırıq. Heç bir vahid orqan yaradılmayacaq. Ölkələr buna hazır deyillər”.
Müxalifət isə nəinki inteqrasiyanın dərinləşməsini istəyir, ümumiyyətlə, bundan imtinanı tələb edir.
Rusiyanın digər nəşri "Nezavisimaya qazeta” da məsələyə toxunub. Qeyd edilir ki, Belarus hakimiyyət orqanları inteqrasiyanın dərinləşməsi ilə bağlı müzakirələr zamanı Rusiyanın neft sahəsində vergi manevrləri nəticəsində itirdiklərinə görə kompensasiya tələb edəcəklərini bildiriblər. Lakin hər hansı bir konfederasiya yaradılmasından söhbət getmir.
Minskdə Dövlət Gömrük Komitəsinin rəhbəri Yuri Senkonu qəbul edən prezident Aleksandr Lukaşenko bəyan edib ki, Belarus və Rusiya neft sahəsində vergi manevrlərinə görə kompensasiya ödənilməsi məsələsinə qayıdacaq. "Daim böyük qardaşımızın qabağına sürünüb nəsə istəməyəcəyik ki? Hesab edirəm ki, yaxın vaxtlarda birgə fəaliyyət proqramını təsdiq edən zaman bu məsələyə qayıdacağıq”, - deyə Belta agentliyi prezidentin sözlərini sitat gətirib. Gömrük xidmətinin məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində Belarus büdcəsinə gömrük rüsumu kimi 6 mlrd. Belarus rublu daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azdır. Azalmaların da səbəbi Rusiyanın vergi manevrləridir. Belarus itkilərinin məbləğinin 12 mlrd. dollar olduğunu bəyan edib. Lukaşenkonun bu bəyanatı onu deməyə əsas verir ki, müttəfiqlərin inteqrasiya yollarında vahid mövqedən çıxış etmələrini demək hələ tezdir və ən əsası, Minskin əsas xahişləri yerinə yetirilməyib.
Yeri gəlmişkən, bu arada belaruslar Rusiya ilə İttifaq Dövləti yaradılmasına dair müqavilənin ləğvini tələb edən petisiya hazırlayıb. Petisiya artıq minlərlə insan tərəfindən imzalanıb. İttifaq inteqrasiyası müzakirələri ictimaiyyət səviyyəsində çox emosional olub. Lukaşenko siyasətinin əleyhdarları ölkənin müstəqilliyinin qorunmasına çağırış ediblər. "Müstəqilliyin qorunması naminə, antikonstitusiya kağızlarının imzalanmasına yol vermək olmaz. Aksiyaları noyabrın sonu, dekabrın əvvəlində keçirmək olar”, - deyə sosial şəbəkədə öz akauntunda müxalifət nümayəndəsi Pavel Severineç bildirib. Onun qənaətincə, Belarusda keçirilən seçki kampaniyasından müstəqilliyi qorumaq üçün istifadə etmək gərəkdir. "Belarus irəli” vətəndaş təşkilatı hələ avqustdan petisiya hazırlığına başlayıb. İqtisadçı Yaroslav Romançuk bildirib ki, "əgər imzalanacağı gözlənilən sənəddə sənaye, sosial, vergi, antimonopol və gömrük siyasəti vahiddirsə - onda sözsüz ki, bu, Rusiya tərəfinin uduşudur. Əgər vahid gömrük siyasəti olacaqsa, vergi xidmətləri birləşəcəksə, onda Belarus Tatarıstan, Başqırdıstan və yaxud Rusiyanın digər subyektlərindən nə ilə fərqlənəcək? Mən burada heç bir fərq görmürəm”. "Həqəqəti de” ictimai təşkilatının fəalı Andrey Dmitriyev hakimiyyətə ünvanladığı müraciətdə Rusiya-Belarus danışıqlar qrupu yanında ictimai şura yaradılmasını, eləcə də, müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə diskussiyalar keçirməyi təklif edib: "Məmurlardan xahiş edirəm ki, imza qoymağa tələsməsinlər. Burada yeddi dəfə ölçmək gərəkdir, suverenliyimizə zərər verə biləcək hər bir addıma qarşı çıxmalıyıq”, - deyə o bildirib.
İqtisadi ekspertlər isə o qədər də emosional görünmürlər. Onların qənaətincə, "iki ölkə - bir bazar” sxemi üzrə inteqrasiya siyasi birliyə gətirib çıxarmaya da bilər. Amma onlar da razıdırlar ki, dərin iqtisadi inteqrasiya subyektlərin asılılığını gücləndirəcək.
Politoloq Valeri Karbaloviç xatırladır ki, "müttəfiqlərin ticarəti belə təsəvvür yaradır – Belarus üçün ucuz enerji daşıyıcıları və Rusiya bazarı, Rusiya üçün isə siyasi birlik gərəkdir. Əldə olunan məlumatlara görə, tərəflər qeyd olunan məsələlər ətrafında razılığa gələ bilməyiblər. Hələ ki, söhbət ancaq iqtisadi inteqrasiyadan gedir. Bu, yalnız keçid mərhələsi olacaq”. O, əmindir ki, müttəfiqləri inteqrasiya mövzularında uzun və sonsuz diskussiyalar gözləyir. İstisna deyil ki, inteqrasiya hələ uzun müddət "yol xəritələri” səviyyəsində qalacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər