• cümə, 26 Aprel, 04:36
  • Baku Bakı 16°C

Repressiya muzeyimiz niyə yoxdur?

01.11.17 12:00 1953
Repressiya muzeyimiz niyə yoxdur?
Keçən əsrin 30-cu illərindən başlayan repressiya və onun qurbanları Azərbaycan tarixinin "Qara dastan”ı kimi tarixiləşib. Faciə qurbanları həyatdan köçsə də, ailələrinin, qohumlarının xatirələri dinlənilir, yazılır. Onların haqqındakı əsərlər, bədii və sənədli filmlər öz dəyərini itirmir. Xalqımızın əl layiqli oğul və qızları repressiyanın qurbanı olub, "xalq düşməni” kimi damğalanıb. Sonradan bir çoxu bəraət alsalar da, taleləri qırılıb, alt-üt olub. Bu siyahıda görkəmli alimlərin, şair və yazıçıların, ziyalıların və neçə-neçə sadə insanların adları yer alıb. Postsovet məkanında – Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus və s. ölkələrdə repressiya qurbanlarının xatirəsinə açılan muzeylər o dövrün bütün faciəsini əks etdirməklə ziyarətçilərə təkcə repressiya illərinin dəhşətindən söz açmır, həm də gerçək tarixdən danışır.
Bizim ölkəmizdə isə hələlik belə bir muzey yoxdur. Haqqında nə qədər danışılsa da, yaradılması təşəbbüsü ilə bağlı çıxışlar olsa da, repressiya muzeyinin yaradılması hələ ki, gündəmdə deyil. Tarixçi alimlər, ziyalılar isə tariximizlə yaxından tanış olmaq üçün belə bir muzeyin yaradılmasına böyük ehtiyac olduğunu deyirlər.
Daim gündəmdə olan mövzu
Tarixçi alimlər tərəfindən dəfələrlə Repressiya muzeyinin yaradılması ilə bağlı təşəbbüs qaldırıldığını deyən professor Solmaz Tohidi əvvəl Bakıda böyük bir muzeyin açılması ideyasının olduğunu da söyləyir: "İstər soyqırımına, istərsə də repressiyaya məruz qalan insanların xatirəsinə həsr olunan muzeyin açılması il bağlı təşəbbüslər var idi. Təəssüf ki, həmin muzeyin açılması baş tutmadı”. Tarixçi alimin fikrincə, repressiya ilə bağlı ayrıca muzey açılmasa da, fəaliyyətdə olan digər muzeylərin tərkibində xüsusi bir guşə təşkil etmək olar. Çünki repressiya qurbanları ilə bağlı külli miqdarda sənədlərimiz var. Repressiyaya təkcə görkəmli insanlar məruz qalmayıb. O zaman Moskvadan gələn bir sifariş kimi repressiya olunan insanların içərisində kolxozçudan, qabaqcıl fəhlədən tutmuş, müəllimə, mühəndisə, alimə, yazıçı və şairə qədər bütün insanlar var idi. Bu baxımdan, onların xatirəsinə həsr olunan muzeyin açılması vacibdir”. Bu il repressiyaların, böyük qırğınların başlamasının 80 illiyinin olduğunu deyən S.Tohidi hər il Rusiyada repressiyalara həsr olunan davamlı konfransların keçirildiyini bildirir. Belə ki, bu, daim gündəmdə olan mövzudur”.
Azərbaycan tarixinin ətraflı öyrənilməsi üçün
AMEA Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovxalqımıza qarşı törədilən soyqırımı, repressiya cinayətlərinə qarşı böyük bir muzeyin olmasına ehtiyac olduğunu deyir: "Azərbaycan Tarix Muzeyində tariximizin müxtəlif dövrlərini əhatə edən guşələr fəaliyyət göstərir. Tarix İnstitutu bu məsələləri geniş tədqiq edir. İnstitut respublikamızın bir neçə şəhərində azərbaycanlıların soyqırımı məsələlərinə həsr olunan konfranslar keçirib. Hətta, biz təklif etdik ki, Şəhidlər Xiyabanının yanında, keçmiş «Dostluq sarayı» deyilən ərazidə muzey təşkil olunsun. Şəhidlər Xiyabanını ziyarət edənlər muzeyə də baxsalar, onlarda daha çox təsəvvür yaranar. Çünki repressiya soyqırımı siyasətinin tərkib hissəsidir. Çünki o insanlar siyasi sistemə etiraz edirdilər və 1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər – Azərbaycanda Sovet Hakimiyyətinin qurulması yolunda müqavimət hərəkatı baş verdiyinə görə 48 min nəfər güllələnib. 1937-ci ilin sonuna qədər isə repressiyaya məruz qalanların ümumi sayı 80 min nəfərdir. Bundan əlavə, 1948-53-cü ildə tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycandan 100 min nəfərin köçürülməsi haqqında sovet hökuməti qərar vermişdi. Bu hadisələr Ziya Bünyadovun «Qırmızı terror» əsərində öz əksini tapıb. Bu millətin qaymağı hesab olunan insanlar həmin siyasətin qurbanı olublar. Ona görə belə bir muzeyə ehtiyac var”. Repressiya muzeyinin yaradılması ilə bağlı təklifləri verdiklərini deyən alimin sözlərinə görə, müvafiq orqanlar bunu qəbul etməlidir: "Belə bir muzey olsaydı Azərbaycan tarixinin ətraflı öyrənilməsi məsələlərində böyük imkan yaranardı”.
Muzeylərdə ekspozisiyaların vacibliyi
Repressiya dövrünün sovet dövrü tarixinin içərisində işıqlandırılan bir mərhələ olduğunu bildirən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova xalqımızın tarixini işıqlandıran aparıcı bir muzeyin - Azərbaycan Tarixi Muzeyinin fəaliyyət göstərdiyini, onun ekspozisiyasında tariximizin müxtəlif mərhələlərinin öz əksini tapdığını deyir: "Amma binanın məkan baxımından məhdudluğu səbəbindən sovet dövrü tarixi həmin ekspozisiyada geniş əks olunmayıb. Bu, fərqli tematikalar şəklində, sərgi formasında, ya da səyyar sərgilər şəklində nümayiş etdirilir. Ancaq bu, böyük bir dövrdür və Azərbaycan xalqının tarixində çox mühüm bir mərhələni təşkil edir. Azərbaycanın sovetləşmə dövrü tarixinin ekspozisiyada işıqlandırılması çox vacibdir. Azərbaycanlılara qarşı soyqırımları özündə əks etdirən xüsusi bir muzeyin təşkil olunması daha çox arzulanan məsələdir”. Bu il 1937-ci ildə baş verən repressiyanın yubiley ili olduğunu deyən tarixçi alim hesab edir ki, keçmiş sovet məkanında repressiyaya məruz qalan insanların xatirəsini özündə əks etdirən muzeylərin olması nəinki lazımdır, həm də çox mühümdür: "Çünki onlar cəmiyyətdən kənarlaşdırılmış bir ailə aqibəti yaşayıblar. Azərbaycan xalqı da geniş repressiyalara məruz qalmış, başına müsibətlər gəlmiş bir xalqdır. Həmin tarixi özündə əks etdirən muzeylər olmalıdır ki, insanlar o məkanları ziyarət etsinlər və həqiqi tarixi öyrənə bilsinlər”. F.Əhmədovanın fikrincə, əgər o muzeyin yaradılması üçün məkan və ya maliyyə problemi varsa, ən azı, baş verənlər ümumi Azərbaycan tarixini özündə əks etdirən muzeydə bir guşə olaraq işıqlandırılmalıdır: "1917-ci ildən ta Azərbaycan SSRİ süqut edənə qədər xalqımızın yaşadığı mərhələ muzeylərimizdə demək olar ki, çox zəif işıqlandırılıb. Bu, heç də sovet dövrü ideologiyasını təbliğ etmək deyil. Sadəcə, yaşanmış tarixi xalqa, xüsusən gəncliyə çatdırmaq vasitəsidir. Bu baxımdan, belə ekspozisiyaların olması, muzeyin yaradılması çox mühüm məsələdir. Digər tərəfdən, müstəqil cümhuriyyətimizin tarixini özündə əks etdirən ayrıca bir muzey də yoxdur. Bu da çox mühüm məsələdir. Məsələyə köklü yanaşıldıqda Azərbaycan tarixini ən qədim dövrdən bu günə qədər əks etdirən yeni bir muzey tikilməlidir. Onda bütün dövrlər öz əksini tapar”. Bu il 1917-ci il rus inqilabının – həm Fevral inqilabının, həm də Oktyabr çevrilişinin 100 illiyinin postsovet məkanında beynəlxalq konfranslar şəklində qeyd olunduğunu deyən alim bizi də öz tariximizə biganə olmamağa çağırır.
Müştərək muzey
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi rəhbərlik etdiyi muzeydə repressiya qurbanlarının xatirəsinə həsr olunan daimi guşənin olduğunu deyir. Belə ki, guşədə 100-ə yaxın sənəd sərgilənir. Həmçinin muzeyin fondunda da çoxlu sənədlər var: «Fikrimcə, repressiya qurbanlarının xatirəsinə həsr olunan ayrıca bir muzeyin yaranmasına ehtiyac var. Noyabr ayının 23-də keçiriləcək «Qara dastan» sərgisində biz həmin sənədləri ilk dəfə təqdim edəcəyik».
Azərbaycan Tarix Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov muzeydə repressiya qurbanlarının xatirəsinə həsr olunan guşənin olmadığını bildirir: "Muzeyimizin ekspozisiya zalı qədim dövrümüzdən başlayıb 1920-ci ildə tamamlandığı üçün yalnız o dövrə aid hadisələr geniş şəkildə əhatə olunur. Repressiya illərinin - 1937-1953-cü illəri əhatə edən dövr bizim muzeyin ekspozisiyasında əks olunmur. Eyni zamanda, həmin dövrə aid olan bir bölmə də yoxdur”. E.Dadaşovun dediyinə görə, 1905-1918-ci il soyqırımları, eyni zamanda Xocalı faciəsi ayrıca bölmə kimi muzeyin eksponatlarında öz əksini tapıb. Buna baxmayaraq, muzeydə repressiya qurbanları haqqında tədbir keçirilir: "Fondumuzda repressiya qurbanları haqqında məlumatlar var. Sadəcə, muzey ekspozisiyalarının əhatə etdiyi dövr xronoloji məhdudiyyət yaradır. Həmçinin muzeyin binası o dövrləri sərgiləməyə də imkan vermir. Sovet dövrü yalnız bizdə bir guşə şəklində var. Repressiya qurbanları isə muzeyin fondunda qorunan materialların müəyyən bir hissəsini təşkil edir”. Şöbə müdiri Rusiyanın Tver şəhərində yerləşən repressiya qurbanlarının xatirəsinə həsr olunan muzeydən Azərbaycan repressiya qurbanlarına aid şəkillərin, sənədlərin sərgilənməsi ilə bağlı təklif aldıqlarını bildirir: "Hazırda sərgidə iştirak etmək üçün müəyyən hazırlıq işləri gedir. İctimaiyyətə də o barədə məlumat verəcəyik”. E.Dadaşov Repressiya muzeyinin yaradılmasını vacib hesab edir: «Bizdə bu mövzuda təkcə AMEA-nın nəzdində Hüseyn Cavidin ev muzeyi fəaliyyət göstərir. Bu muzeydə böyük şairin və oğlunun repressiyaya uğrayan talelərini əks etdirən sənədlər, fotolar və əsərlər yer alıb. Ancaq bu mövzuda digər sənədləri də bir yerə toplamaqla müştərək bir muzey yaratmaq olar”.
Xatırladaq ki, bu il repressiya qurbanlarının 80-ci ildönümüdür.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər