• cümə, 29 Mart, 09:40
  • Baku Bakı 5°C

Qora bişirən istilər erkən düşübsə...

25.06.19 11:00 894
Qora bişirən istilər erkən düşübsə...
Adətən, belə istilər iyul-avqust ayında müşahidə edilib. Bu aylarda havalar o qədər isti olur ki, elə arasında avqusta "qora bişirən ay” da deyilir. Amma deyəsən, qora bişirmək funksiyasını artıq iyun ayı da üzərinə götürür. Artıq bir neçə gündür ki, Azərbaycanda anomal istilər müşahidə olunur. Təkcə qora yoxdur ki, dəysin. Heç şübhəsiz, belə hava şəraiti insanların səhhətinə də təsirsiz ötüşmür. Düzdür, verilən məlumatda bildirilir ki, tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olsa da, mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da müsbət amildir.
Ancaq xəzri küləyinə bel bağlamaq da olmaz. Belə anomal istilər zamanı insanlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar ki, səhhətlərində hər hansı problem yaşanmasın. Amma "ehtiyatlı olun” deyənlərlə yanaşı, belə istiyə sevinənlər də var. Kimlər? Kimlər olacaq ki, turizm sektoru. Bəli, isti havada harda sərinləmək olar? Təbii ki, çimərliklərdə. Həkimlərin istilərlə bağlı tövsiyələrinə əməl etmək şərtilə, belə anomal istilərdə ən uyğun variant çimərliyə üz tutmaqdır. Bir sözlə, elə biz də həkimlərin və turizmçilərin mövqeyini öyrəndik. Həkimlər istidən qorunmağın yollarından danışdılar, məsləhətlərini verdilər, turizmçi də sevincini gizlətmədən istilərdən məmnun olduğunu bildirdi, hər kəsi çimərliklərə dəvət etdi.
Tibb üzrə ekspert, professor Adil Qeybulladeyir ki, havaların gözlənildiyindən daha tez istiləşməsi, əslində qlobal istiləşmənin təsiri kimi qiymətləndirilə bilər: "Hazırda qlobal istiləşmənin təsiri bütün dünyada hiss olunmaqdadır. Buzlaqların əriməsi, temperaturun həddən artıq yüksəlməsi, fəsillər arası fərqin itməsi məhz bu səbəbdən qaynaqlanır. Artıq insanlar və digər canlılar bu istilərə yavaş-yavaş adaptasiya olunur. Amma bu adaptasiya üçün müəyyən müddət lazımdır. Birdən-birə kəskin isti havalar insanların sağlamlığına ciddi zərər vura bilər. Ona görə də, isti hava ilə təmas müddəti minimuma endirilməlidir. Əks halda günvurma halları ola bilər. Bu da orqanizmdə istini təmizləyən mexanizmlərin pozulmasından qaynaqlanır. Normalda, hava istiləşdiyi zaman damarlar genişlənir və dəri vasitəsi ilə bədəndən maye xaric olunur. Həmçinin dəri tənəffüsü isti havalarda daha da güclənir. Bu proseslər bədən temperaturunu aşağı salmaq üçündür. Amma orqanizm buna bir müddət davam edə bilir və sonradan daxili temperatur yüksəlir. Daxili temperaturun yüksəlməsi ilə istivurma halları müşahidə olunur. Ona görə də, neqativ təsirlərdən maksimum uzaq olmaq lazımdır. Bayılma və halsızlıq müşahidə edilən şəxsləri dərhal sərin bir yerə aparmaq və ona ilk tibbi yardım göstərmək lazımdır. Xüsusilə yaşlılar, uşaqlar və hamilə qadınlar bu cür isti havalarda daha diqqətli davranmalıdır. Uşaq orqanizminin su tutumu az olduğuna görə, onlarda buxarlanma daha çox olur. Yaxşı olar ki, uşaqlar isti havalarda evdə, sərin şəraitdə olsun. Həmçinin, isti havalarda geyimə xüsusi diqqət etmək lazımdır. Belə havalarda dəri tənəffüsünü asanlaşdıran geyimlərə üstünlük vermək lazımdır. Sintetik parçalar, insan orqanizminə isti havalarda daha çox mənfi təsir göstərir. Təəccüblü olsa da, belə havalarda soyuqdəymə xəstəliklərinə də tez-tez rast gəlinir. Həddən artıq soyuq su, kondisioner havası, soyuqdəymə xəstəliklərinə səbəb ola bilir. Ona görə də, orqanizmi temperatur dəyişmələrindən qorumaq lazımdır. Çöldəki hava ilə içəridəki hava fərqi 10 dərəcədən çox olmamalıdır”.
Pediatr Kənan Qarayev söylədi ki, yay aylarında temperaturun yüksəlməsi uşaqların normal həyat şəraitinə müəyyən qədər mənfi təsir göstərə bilir: "Buna görə də, günün müəyyən saatlarında uşaqları günəşin təsirindən qorumaq lazımdır. Səhər saat 11-dən 5-ə qədər uşaqları çölə çıxarmaq olmaz. Bu saatlarda günəş şüalarının təsiri uşaq orqanizminə həddən artıq zərərli ola bilər. Çalışmaq lazımdır ki, belə isti havalarda uşaqlar tez-tez maye qəbul etsin. Çünki temperatur yüksəldikcə, uşaqların orqanizmi daha çox maye itirir. Bədəndəki maye balansını mütləq qorumaq lazımdır. Əks halda ürək-qan damar sistemində müəyyən problemlər, yaxud günvurma halları yaşana bilər. Belə havalarda uşaqları dənizə və hovuza aparmaq faydalı ola bilər. Amma diqqət etmək lazımdır ki, suyun tərkibi təmiz olsun. Çünki çirkli su uşaqlarda tez bir zamanda mədə-bağırsaq infeksiyası yarada bilir. Bu isə qusma və ishala gətirib çıxarır”.
Həkim-terapevt Məlahət Abbasova qeyd etdi ki, bu il isti havalar bir qədər tez başladığı üçün maksimum ehtiyatlı olmaq vacibdir: "İyun ayının əvvəllərindən temperatur həddən artıq yüksəldi. Belə havalarda sağlamlığımızın mütləq qeydinə qalmalıyıq. Günün müəyyən saatlarında, vacib olmadığı halda çölə çıxmamaqda fayda var. Vacib hallarda isə şlyapa və digər günəşdən qorunmaq üçün geyimlərdən istifadə edilə bilər. İsti hava ilə birlikdə bədənimizdəki maye buxarlanır. Yəni orqanizm çoxlu maye itirir. Ona görə də gün ərzində ən azı 3 litrə yaxın su içməkdə fayda var. Maye itirdiyimiz zaman qanımızda laxtalanma gedir və beyin qanla tam təmin olunmur. Bir çox insanlarda bayılma halları müşahidə olunur. Yay aylarında çoxlu meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Maye ilə bərabər, bədənimizdəki duzlar da xaric olunur. Ona görə də çoxlu vitaminli qidalar qəbul etməliyik. Çalışmaq lazımdır ki, isti havalarda yağlı və ətli yeməklərdən az istifadə edilsin. Qida rasionunda qarpız və yemişə xüsusi yer ayırmaq lazımdır. Çünki bu iki qida məhsulunun tərkibində xeyli sayda vitaminlər var. İstiyə dözümü olmayan insanlar tez-tez duş qəbul etməlidirlər. Metohəssas insanlar isə belə havalarda daha diqqətli olmalıdır. Belə insanlar ümumiyyətlə, isti havalarda çölə çıxmamalıdır. Günəş şüaları onların orqanizmində daha ciddi fəsadlara yol aça bilər. Günvurma halları olduğu zamani ilk növbədə həkimə müraciət etmək lazımdır. Həkimdən əvvəl isə qanı durulaşdıran dərmanlardan istifadə edilməli və bolluca maye qəbul edilməlidir”.
Turizm üzrə ekspert Elçin Rüstəmli bildirdi ki, isti havaların erkən başlaması yay turizminin inkişafına əlverişli şərait yaradır: "Havaların erkən istiləşməsi və 3 ay ərzində bu temperaturda davam etməsi turizm sektorunun inkişafına müsbət təsir göstərir. Bizdə hava ilə əlaqədar olaraq adətən mövsüm açılışı iyunun sonu, iyulun ortalarında olurdu. Bu il isə artıq çimərlik mövsümü iyunun əvvəlindən başlayıb. Bu məqam həm daxili, həm də gəlmə turizminə əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki turistlər isti ölkələrdə istirahət etməyə daha çox üstünlük verirlər. Ərəb ölkələrindən gələn qonaqların marağı daha çox Azərbaycanın təbiətinədir. Amma avropalı turistlər çimərlik turizminə meyllidir. Bu mənada çimərlik mövsümünün erkən başlaması bizim işimizə yarayır. Daxili turizmlə bağlı artıq müəyyən turlar üçün sifarişlər almışıq. İsti havaların erkən başlaması yay aylarının daha uzun davam etməsi anlamına gəlir. Bu isə həm daxili, həm gəlmə, yəni bütövlükdə ölkə turizminin inkişafında canlanma deməkdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər