• cümə, 26 Aprel, 08:10
  • Baku Bakı 12°C

Qərb Poroşenkonu, yoxsa Saakaşvilini dəstəkləyəcək?

07.12.17 10:30 2526
Qərb Poroşenkonu, yoxsa Saakaşvilini dəstəkləyəcək?
Ukraynada sonuncu "Maydan” hadisələrindən sonra siyasi qalmaqallar bir-birini əvəzləməyə başladı. Hətta Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru oldu. Lakin Ukraynada ard-arda siyasi kataklizmlər dünya mediasının gündəmini zəbt etməyə başladı. Hətta bu günlərdə M.Saakaşvili ilə bağlı baş verən hadisələr yeni siyasi böhrana gətirib çıxarıb. Ukrayna hüquq-mühafizə orqanlarının keçmiş qubernator Saakaşvili ilə bağlı atdığı addımlar isə Qərbin heç də diqqətindən kənarda qalmayıb. Hətta bu bəyanatlarda açıq şəkildə olmasa belə, Saakaşvilinin dəstəkləndiyi hiss edilir. Halbuki, indiki prezident Poroşenko məhz Qərbin dəstəyi ilə iqtidara gəlib. Belə olduqda bir çox suallar ortaya çıxır: hazırda Ukraynada nə baş verir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, hazırda Ukraynada baş verənlər, sözün əsl mənasında, "demokratik” eksperimentdir: "Yəni, "Maydan” hərəkatı başlayanda Yanukoviç istefa verərək ölkəni tərk etdikdən sonra iqtidarı ələ keçirmiş qüvvələr özbaşınalıq vasitəsilə hakimiyyəti bölməyə başladılar. Eləcə də daxildə bir çox prosesləri yöndəmsiz şəkildə idarə etdilər. Bu vəziyyətdən istifadə edən Qərbin siyasi dairələri addım-addım Ukraynaya müəyyən qüvvələr yeritməyə başladılar ki, özləri üçün proseslərin bu və ya digər tərzdə getməsini təmin etsinlər. Əslində bu gün bizim Ukraynada müşahidə etdiyimiz proseslərin bir çoxu ilk dəfə baş verir. Rəngli inqilabların sxemini daha çox xarici qüvvələr tətbiq edir. Ukraynada daha çox ABŞ Dövlət Departamenti, eləcə də Qərb dövlətlərinin siyasi elitaları faktiki olaraq öz modellərini sınaqdan keçirirlər. Hakimiyyətdə olan qüvvələr də bundan istifadə edib, öz korporativ maraqlarını təmin etməyə başlayıblar. Məsələn, Ukrayna daxili işlər naziri vəzifəsində oturmuş Arsen Avakov bilavasitə siyasi prosesləri həm qarışdırır, həm də özü bu proseslərdə "kölgə adam” kimi moderatorluq edir. Bu isə artıq yolverilməzdir. Çünki güc strukturlarında olan rəhbər işçilərin siyasi proseslərə qatılmasını dəstəkləmək olmaz. Bütün zamanlarda dünyanın hər bir ölkəsində qaydalar belə olub. Siyasət siyasi dairələrin işidir. Biz görürük ki, Yanukoviç dövründən sonra Qərb dünyası faktiki olaraq, dalğavari bir tərzdə öz namizədlərini Ukraynaya yerləşdirməkdə davam edir”.

T.Abbasov qeyd etdi ki, M.Saakaşvili, belə desək, inqilabi və demokratik desantın nümayəndələrindən biridir: "O təsadüfən Gürcüstanda vaxtı ilə baş vermiş "qızılgül inqilabı”nın prinsiplərini Ukraynada yeritmir. Məsələ ondadır ki, vaxtı ilə Litvadan, Latviyadan, Polşadan, Slovakiyadan, ABŞ-dan və digər ölkələrdən bir neçə biznesmen, siyasi fiqur hakimiyyətdə olan komandalara daxil edildilər. İndiyədək də onların bir çoxu fəaliyyətdədir. Ancaq reallıqda Ukraynada hərc-mərclik müşahidə edirik. Prezident, baş nazir və Ali Rada hərəsi bir tərəfə çəkir, bir nöqtəyə vurmurlar. Onlarında arxasından boylanan oliqarxiya da var. Oliqarxlar isə siyasi cərəyanlarla yaxından sövdələşirlər, birgə planlar qururlar. Nəticədə də bütün bu bəlalı vəziyyətin ağırlığı Ukrayna cəmiyyətinin üzərinə düşür. Çünki siyasi proseslərdə sistemlilik yoxdur. İstisna etmirəm ki, yaxın vaxtlarda Ukraynanın cənub-şərqində olan separatizmin davamını görəcəyik. Ona görə ki, burada rumınlar, slovaklar, macarlar, polşalılar da məskunlaşıb. Bunlardan bəziləri artıq muxtariyyət məsələsini gündəmə gətirə bilərlər. Bu da ondan qaynaqlanır ki, mərkəzi hakimiyyət diqqəti strateji yox, taktiki məsələlərə yönəldib. Nəticə etibarı ilə bu da Ukraynanın dövlətçiliyi, gələcəyi üçün təhlükəli və arzuolunmaz haldır. Mərkəzi hakimiyyət özündə güc tapıb hadisələrə nəzarəti öz üzərinə götürə bilsə, hərc-mərcliyin qarşısı alınar. Hələ ki, bunun işartılarını görmürük. Görürük ki, xaos Ukraynada baş alıb gedir və ölkənin gələcək müqəddəratı çox dumanlıdır”.

Politoloq Qabil Hüseynli isə güman etmir ki, M.Saakaşvili Qərbin yeni planının bir hissəsidir: "Ukraynada yeni bir "Maydan” hərəkatının başlanması və Qərbin bunu dəstəkləməsi tamamilə mümkün olmayan məsələdir. Çünki burada qarışıqlıq olsa, daxili sabitlik pozulsa, bu, Rusiyanın dəyirmanına su tökmək kimi bir şey olardı. Ola bilməz ki, bunu aparıcı dövlətlərin beyin mərkəzləri düşünməsin və Saakaşvili kimi rasional bir adama dəstək versin, onun vasitəsilə Ukraynadakı siyasi vəziyyəti dəyişsin. Bu, mümkün deyil. Demirəm ki, Ukraynada hər şey qaydasındadır. Amma məsələ burasındadır ki, bu dəfə də sabitlik pozulsa, ölkə tamamilə Rusiyanın cənginə keçəcək. Lakin bu, baş verməyəcək. Saakaşvili də özünün avantürist hərəkətlərinə görə hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq”.

Q.Hüseynli əlavə etdi ki, Saakaşvilinin ətrafında olan insanların çoxu Rusiya xüsusi xidmət orqanlarının adamlarıdır: "Vaşinqtonda bunu bilməmiş deyil. İndiki halda Saakaşvilinin başlatdığı hərəkat Ukraynaya ziyandan başqa bir şey gətirmir və yalnız Rusiyanın mənafelərinə xidmət edir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər