• cümə, 26 Aprel, 08:43
  • Baku Bakı 12°C

Qarşı tərəf “İsgəndər” raketindən istifadə etdiyi üçün məsuliyyət daşıyır

06.04.21 22:00 1049
Qarşı tərəf “İsgəndər” raketindən istifadə etdiyi üçün məsuliyyət daşıyır
Qırx dörd günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutub. Gəncə, Bərdə, Tərtər şəhərləri böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulub. Bunun nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib, xeyli sayda dinc insan həlak olub. Yəni, Ermənistan kimi ölkələrə müasir dağıdıcı silahların verilməsinin mənfi nəticələri 44 günlük müharibə dövründə özünü bir daha göstərdi.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
S.Fətəliyeva qeyd edib ki, Ermənistanın qadağan olunmuş silahlarla cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə hücumlar həyata keçirib. Bu, onların faşist mahiyyətinin növbəti sübutudur. Şuşa şəhərində qalıqları tapılmış "İsgəndər-M” raketi ilə bağlı məsələyə gəldikdə, açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana "İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyə qət edə bilən "İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə "İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir. Amma belə olan halda, ortaya sual çıxır ki, əgər Rusiya Ermənistana "İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması nə ilə izah oluna bilər? Onu da nəzərə almaq lazımdır ki, həmin dövrlərdə Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməni əsilli Rusiya vətəndaşlarının iştirakı ilə bağlı fikirlər də səsləndirilirdi.
Deputatın sözlərinə görə, beynəlxalq qanunvericiliyə əsasən, müharibə zamanı münaqişə tərəflərinə belə silahların satılması qadağandır. Eyni zamanda, bu silahdan istifadə edilməsi də yolverilməzdir. Ona görə də, qarşı tərəf "İsgəndər” raketindən istifadə etdiyi üçün məsuliyyət daşıyır.
"Bu, onların növbəti cinayətidir. Hesab edirəm ki, müvafiq beynəlxalq təşkilatlar bu məsələdə səssiz qalmamalı, məsələni araşdırmalı və lazımi qiymət verməlidirlər. Hazırda Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə növbəti dəfə cinayət törədir. Bununla yanaşı, Şuşaya "İsgəndər” raketinin atılması ermənilərin növbəti cinayətidir. Beynəlxalq qurumlar tərəfindən bu silahın Ermənistana verilməsi və ondan istifadə olunması ciddi şəkildə araşdırılıb öz hüquqi qiymətini almalıdır”, - deyə S.Fətəliyeva vurğulayıb.
banner

Oxşar Xəbərlər