• şənbə, 27 Aprel, 03:34
  • Baku Bakı 14°C

Qarsda “Türk dünyası aşıqlıq sənəti” adlı simpozium keçirilib

27.09.16 11:27 1076
Qarsda “Türk dünyası aşıqlıq sənəti” adlı simpozium keçirilib
Qarsda "Türk dünyası aşıqlıq sənəti” adlı simpozium keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, üç gün ərzində keçirilən tədbir çərçivəsində öncə Türk, Borçalı və İran aşıqlarının iştirak etdiyi "Qarapapaq gecəsi” baş tutub və sonra simpoziumun rəsmi açılışı olub.

Tədbiri Dünya Qarapapaq Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoy açaraq simpoziumun məramı və məqsədi barədə ətraflı məlumat verib, Qafqaz mədəniyyətinin, Borçalı və Qars aşıqlıq sənətinin qorunması və inkişaf etdirilməsini, həmçinin aşıq Şenlik qolunun qorunub-saxlanılmasını vacib hesab etdiyini bildirib. Tədbirdə çıxış edən Qars Qafqaz Universitetinin rektoru Sami Özcan rəhbərlik etdiyi universitetin nəzdində "Aşıqlıq sənətinin araşdırılması” adlı fakültə açıldığını bildirib.

Simpoziumda Qars valisi Rahmi Doğan, Türkiyə BMM-nin Qarsdan olan məclis üzvləri, Kvemo Kartli bölgə qubernatorunun müavini Nuqzar Salia, Ərdahan universitetlərinin rektorları, professor, müəllim heyəti və tədbirə qatılan digər rəsmi şəxslər çıxış ediblər. Tədbirdə Gürcüstan nümayəndə heyətinin üzvü "Salam” Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova Qars bölgəsinin valisinə hədiyyələr təqdim edib və gələcəkdə belə məzmunlu simpoziumun Tiflisdə keçirilməsini təklif edib. Qars bölgəsinin valisi Rahmi Doğan isə Kvemo Kartli və Qars bölgələrinin gələcəkdə qardaşlaşması təklifini irəli sürüb.

Tədbir çərçivəsində "Əski Qarapapaq Türklərinin mədəniyyət tarixi” adlı elmi toplantı da keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən gələn aşıq və müğənnilərin, rəqs qruplarının, şairlərin ifalarında mahnılar, rəqslər, şerlər nümayiş etdirilib.
banner

Oxşar Xəbərlər