• şənbə, 27 Aprel, 07:41
  • Baku Bakı 12°C

Qarabağda yaradılacaq cənnət - FOTOLAR

08.01.21 14:30 769
Qarabağda yaradılacaq cənnət - FOTOLAR
Qafqazın incisi və sənət məbədi – qədim Şuşa şəhərinin tarixi kimliyi də özünə qaytarılacaq
Hələ ötən il noyabrın 8-də Azərbaycan xalqına Şuşanın işğaldan azad edilməsi barədə müjdəni verən Prezident İlham Əliyev Qafqazın incisi sayılan bu şəhərdə, eləcə də erməni terrorçularından təmizlənən digər yaşayış məntəqələrimizdə genişmiqyaslı quruculuq işlərinin aparılacağının anonsunu verdi. Noyabrın 17-də isə ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Sərəncam imzaladı. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birliyi Günü münasibətilə xalqa müraciət edən Müzəffər Ali Baş Komandan ölkəmiz üçün yeni dövr başladığını diqqətə çatdıraraq, gələcəkdə bizi böyük işlərin - torpaqlarımızın bərpası günlərinin gözlədiyini bəyan etdi. O, bu dövrün şərəfli dövr olacağını söylədi. Qeyd etdi ki, işğaldan azad olunan bütün rayon, şəhər, qəsəbə və kəndlər bərpa ediləcək, Qarabağ bölgəsində cənnət yaradılacaqdır. Cari il yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini xatırladan dövlətimizin başçısı bu il şəhərdə "Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə tapşırıqlar verdi.

Qarabağın gələcək inkişafı üçün vacib şərt
Ən nəhayət, Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən və 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı digər vacib layihələrdən də söhbət açdı. Dedi ki, artıq Toğanalı-Kəlbəcər yolunun tikintisinə start verilib. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yeni yol çəkilsin. Prezident İlham Əliyev Toğanalıdan Kəlbəcərə çəkiləcək yolun Laçın rayonuna da davam etdiriləcəyini diqqətə çatdıraraq vurğulayıb ki, bununla da həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq. Ölkə rəhbəri yaxın günlərdə Füzuli şəhərində beynəlxalq hava limanının tikintisinə başlanacağını, perspektivdə Laçın və ya Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanı tikiləcəyini söylədi. Bildirdi ki, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Prezidentin sözlərinə görə, bu infrastrukturun qurulması, nəqliyyat layihələrinin icrası Qarabağ bölgəsinin gələcək inkişafı üçün vacib şərtdir.

Qələbə ilə bitən müharibəmizin rəmzi

Milli Məclis sədrinin müavini Adil Əliyevmövzu ilə bağlı bildirib ki, bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsait nəzərdə tutulub. O, işğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yer tutduğunu da dilə gətirib. Qeyd edib ki, dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı: "Şuşa şəhəri, mübaliğəsiz, Azərbaycanın mədəniyyət beşiyidir. Bu şəhər Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların evi olub. Şuşadakı Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəyib, Xurşidbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılıb. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcək. Azərbaycan mədəniyyəti həm Şərqin qədimliyini, həm də Qərbin müasirliyini özündə ehtiva edən mədəniyyət nümunəsidir. Şuşa isə Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya günlərinin, "Xarı bülbül” festivalının bərpa olunması da böyük əhəmiyyətə malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən müharibəmizin də rəmzidir. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir! Artıq Qarabağımıza uzun illərdir gözlənilən yeni nəfəs gəlir. Xalqımızın qəlbində uzun illər bir yara kimi hər gün qanayan Qarabağ nisgili başa çatıb. Xalqımız öz qədim tarixinə, əzəli-əbədi torpaqlarına qovuşub. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Şuşa, Kəlbəcər, Laçın və işğaldan azad olunmuş bütün torpaqlarımızda genişmiqyaslı quruculuq, abadlıq işlərinin aparılması, dövlətimizin bu sahəyə böyük önəm verdiyinin bariz nümunəsidir”.

Regionun ixrac imkanlarının genişləndirilməsi
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da hesab edir ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat və logistik xidmətlərin təmin edilməsi prioritet məsələlərdəndir. Millət vəkilinin sözlərinə görə, Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi də işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən biridir: "Bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa, işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Füzuli beynəlxalq hava limanı – Füzuli nəqliyyat qovşağında yerləşir, avia əlaqə mərkəzinə çevrilir, relyef və coğrafi imkanlar, beynəlxalq hava limanı statusuna uyğun infrastruktur qurmaq imkanları baxımından da ən ideal yerdir”.


Azərbaycanın mədəniyyət paytaxtı
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da bildirib ki, yaradılacaq yeni infrastruktur Qarabağı bütün regionun mədəni mərkəzinə çevirəcək: "Dövlətimizin başçısının tapşırığına əsasən, Füzulidə beynəlxalq aeroport tikiləcək. Oradan Şuşaya məsafə də yaxındır. Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün daha geniş imkanlar yaradacaq. Çünki Füzuliyə gəlib oradan qısa müddət ərzində Şuşaya getmək mümkün olacaq. Eyni zamanda, dövlət başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təqdirəlayiqdir. Şuşa tarixdə olduğu kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcək”.

Xalqımızın qəhrəmanlıq rəmzi
Milli Məclisin deputatı Sədaqət VəliyevaŞuşanın Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix olduğunu söyləyib. Deyib ki, Şuşanın yenidən bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq: "Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Bu mənada, Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan etməsi olduqca mühüm qərardır. Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi”.

"Kiçik Paris” və "Şərqin konservatoriyası”
Millət vəkili bildirib ki, bir zamanlar "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi” və "Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri haqqında danışan ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirib: "Ulu öndər deyirdi ki, "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”. Məhz Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır. Bu, olduqca qürurlu, fərəhləndirici haldır”.

Böyük yaşayış məntəqələrinin bərpası
Milli Məclisin deputatı Könül Nurullayeva isə bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə böyük inkişaf prosesi başlayır. O, azad olunmuş ərazilərin coğrafi baxımdan böyüklüyünü xatırladaraq, burada iqtisadiyyatın bərpasının fundamental proqramlar əsasında reallaşacağını diqqətə çatdırıb: "Azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması bu regionu inkişaf etdirəcək. Azad olunmuş ərazilərimizin münbitliyini və məhsuldarlığını nəzərə alsaq, aqrar sahənin inkişafı üçün də yaxşı imkanların olduğunu söyləmək mümkündür. Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş müşavirədə də qeyd etdiyi kimi, xüsusilə kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı az olub. Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri də bundan ibarətdir ki, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Təbii ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini məhz həmin ərazilərdə işləyərək təmin etməlidir. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada əkib-becərərək, yaxşı gəlir əldə etsinlər”.

Dayanıqlı iqtisadiyyata və yüksək rifaha doğru
Millət vəkili qeyd edib ki, dövlət işğaldan azad olunan ərazilərdə ilk növbədə təhlükəsizliyi ən yüksək səviyyədə təmin edir: "Bu proses ilk gündən start götürüb. Paralel olaraq, yol infrastrukturu qurulur, dövlət qurumlarının yerli bölmələri artıq öz sahələri üzrə fəal işə başlayıb. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə xarici investorların cəlb olunması da nəzərdə tutulur. Məlumdur ki, Azərbaycan bu prosesə ilk növbədə dost ölkələri təmsil edən şirkətləri cəlb edir. Artıq Türkiyə və İtaliya nümunəsində səmərəli əməkdaşlığa start verilib. Bu ərazilərdə perspektivli iqtisadi sahələrdən biri də dağ-mədən sahəsidir. Azərbaycan bu sahədə artıq mövcud olan təcrübəsini tətbiq etməklə böyük qazanc əldə edə biləcək. Biz işğaldan azad olunmuş ərazilərimizin bərpasına fundamental şəkildə yanaşmaqla, buranı dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevirməyi planlaşdırırıq. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan Qarabağda cənnət yaradacaq. Bununla da öz ata-baba yurdundan zorla qovulan soydaşlarımız 30 ildən sonra öz doğma torpaqlarına qayıdacaqlar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər