Qanunsuz olaraq övladlığa götürməyə görə cəza ağırlaşdırılır
Azərbaycanda qanunsuz olaraq övladlığa götürməyə görə cəza
ağırlaşdırılır.Apa-nın
məlumatına görə, bu, Cinayət Məcəlləsinin 174-cü (Qanunsuz olaraq övladlığa
götürmə) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə
əsasən, maddənin sanksiya hissəsində "100 manatdan 300 manata qədər” cərimə
"1500 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də
müzakirəyə çıxarılacaq. Qaydalar sərtləşdirilirsə, deməli, qanunsuz övladlığa
götürmə faktı çoxdur. Problemi yaradan səbəb nədir? Ümumiyyətlə, qanunsuz
övladlığa götürmə deyəndə nə nəzərdə tutulur? Cərimənin artırılması problemin
həllinə kömək edə biləcəkmi?
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov "Kaspi”yə açıqlamasında bildirdi ki,
qanunsuz olaraq övladlığa götürmə deyəndə tamah məqsədilə insanların uşaqları
övladlığa götürməsi nəzərdə tutulur: "Məcəllədə belə verilir ki, uşaqların
övladlığa götürülməsi, qəyyumluğa və ya himayədar ailəyə tərbiyə olunmaq üçün
verilməsi və bununla bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə.
Tamah məqsədi dedikdə övladlığa götürən şəxsin tanımadığı bir insanın uşağını
övladlığa götürməsi kimi hallar nəzərdə tutulur. Burada hər hansı bir tamah
məqsədi aşkar edilərsə, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması
labüddür”.
S.Məmmədovun sözlərinə görə, Azərbaycanda hələ ki qanunsuz övladlığa
götürmə faktı qeydə alınmayıb: "Qanunvericiliyə nəzər salsaq, statistik
məlumatlara baxsaq, görərik ki, qanunsuz övladlığa götürmə ilə bağlı hələ ki
fakt aşkarlanmayıb. Sadəcə ehtimallar var ki, belə hallar olur, bu kimi hallar
insan alverinin yaranmasına səbəb ola bilər. Ona görə də dövlət bununla bağlı
qabaqlayıcı tədbirlər görmək üçün cərimələrin miqdarını artırır”.
S.Məmmədov qeyd etdi ki, ölkədə övladlığa götürülmə ilk olaraq
normativ hüquqi aktların, Ailə Məcəlləsi, Mülki Prosessual Məcəllə, Nazirlər
Kabinetinin qərarı, beynəlxalq övladlığa götürmədə isə, beynəlxalq övladlığa
götürmə konvesiya və buna bərabər tutulan digər normativ hüquqi aktlarla
tənzimlənir. Azərbaycan vətəndaşı tərəfindən Azərbaycan vətəndaşı olan uşağın
övladlığa götürülməsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayəçilik
komissiyaları tərəfindən, beynəlxalq övladlığa götürmədə isə, Ailə Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənir.
Hüquqşünas
Ceyhun Cəfərli deyir ki, övladlığa götürmənin qanunvericilikdə
nəzərdə tutulmuş şərtlərinin sərt olduğunu demək olmaz: "Ağır deyil, sadəcə
olaraq bir şəxsiyyət kimi uşağın hüquq və mənafeyini dövlət əsas tutaraq, onun
övladlığa götürülmə şərtlərini çox konkret şəkildə müəyyən edib. Onun
sağlamlığından, maddi təminatından, mənəvi inkişafından tutmuş, mənzil
şəraitinin mövcudluğuna qədər. Hər bir şərt də konkret uşağın hüquq və
mənafeyinə uyğundur. Bu mənada qanunvericilik müxtəlif şərtlər irəli sürür. Hətta
övladlığa götürənlə götürülən arasındakı yaş fərqinə qədər.
Hazırda maksimum yaş həddini praktiki olaraq nəzərdən keçirirlər ki,
70 yaşlı şəxs 5-10 yaşlı uşağı övladlığa götürə bilməsin. Çünki övladlığa götürülərkən
bu halda sui-istifadə edirlər. Belə ki, uşağın sonradan pensiya təminatı üçün
bu addımı atırlar. Əslində uşaq bioloji valideynlərinin yanında tərbiyə alır,
böyüyür, sadəcə, rəsmi şəkildə nənə-babasının övladı kimi yazılır. Onlar da
qısa müddət sonra həyatdan köçürlər, nəvələri də övlad kimi pensiyasını alır.
Bu sui-istifadə halları olur deyə, övladlığa götürmə üçün yaş həddi də müəyyən
edirlər. Minimum isə qanunda var”.
C.Cəfərlinin sözlərinə görə, qanunsuz övladlığa götürmə ondan irəli
gəlir ki, insanlar həmin uşaqların öz ailələrində böyüməsindən sui-istifadə
edərək müəyyən imtiyazlar əldə etmək istəyirlər. Ümumiləşmiş təcrübə onu deməyə
əsas verir ki, bir sıra hallarda şəxslər həqiqi mənada övladlığa götürməni
həyata keçirmirlər, bu pərdə arxasında başqa niyyətlərinə çatmaq məqsədi güdürlər:
"Ona görə bu məsələdə cəzaların sərtləşdirilməsi nəzərdə tutulub. İstər maliyyə
cəzasının sərtləşdirilməsi, istər ictimai qınaqların formalaşdırılması və digər
tədbirlər görülə bilər. Uşaqların övladlığa götürülməsi ilə bağlı
qanunvericilikdə heç bir süni əngəl yoxdur. Düzdür, sənədlər siyahısı var, iş
məhkəmə qaydasında gedir. Amma bütün bunların hamısı uşağın hüquq və mənafeyinin
qorunmasından irəli gələn zərurət kimi ortaya qoyulur. Azərbaycan Respublikasının
Konstitutsiyasında qeyd olunur ki, hər bir uşağın hüququ dövlət tərəfindən
qorunur. Dövlət azyaşlılar qarşısında konstitusion öhdəlik götürüb. O
öhdəliklərin yerinə yetirilməsi üçün də əlbəttə, qanunvericilik qaydasında bir
sıra şərtlər müəyyənləşib. Bu münasibətləri xüsusiə Ailə Məcəlləsi tənzimləyir”.
Hüquqşünas qeyd etdi ki, cəzaların sərtləşdirilməsinin əhəmiyyəti
olur: "Tarixən bütün cəmiyyətlərdə, dövlətlərdə, dövrlərdə quruluşundan asılı
olmayaraq, cəza çəkindirmə məqsədi daşıyır. İstər cinayət cəzası olsun, istər
maliyyə sanksiyaları, istərsə də inzibati tənbeh növündə tədbirlər... Bunlar
sosial çəkindirmə funksiyasını həyata keçirir. İnsanlar törədəcəkləri əməlin
hüquqa, qanuna zidd olacağını bir daha nəzərlərindən keçirsinlər, bu barədə
düşünsünlər. Hesab edirəm ki, bu olacaq. Bir neçə on illiklər öncə Bakıda,
yaxud rayon mərkəzlərində, kəndlərdə ağac kəsilməsinə cəmiyyətdə heç bir
reaksiya yoxuydu. Olsa da, lokal xarakter daşıyardı. Hansısa ağsaqqal öyüdü
formasında ifadə olunurdu, deyirdi ki, ay bala, bu ağacı niyə kəsdin, kölgəsində
otururduq. İndi isə hamı bilir ki, bu, ekoloji cinayətdir, bir ağacın qanunsuz
kəsilməsinə hətta dövlət başçısı səviyyəsində reaksiya verilir. Məsələnin
aktuallığı ondan irəli gəlir ki, bir ağacın kəsilməsi təqsirli şəxsin ciddi
şəkildə maliyyə sanksiyası ilə üzləşməsinə səbəb olur. Artıq ona görə insanlar
əlində balta istədiyi yerdə, istədiyi işi görə bilmir. Nəinki sıravi insanlar,
hətta şirkətlər də zərurət yarandığında, lazımi yerlərə müraciət edib müvafiq
icazələri alırlar, ondan sonra kəsirlər, yaxud ağacların köklü olaraq çıxarılıb
başqa yerdə əkilməsini təmin edirlər. Bu nəyin nəticəsidir? İsanlar birdən-birə
ağacları sevdilərmi? Xeyr. Fikrimcə, daha çox çəkindirici fuksiya öz işini
gördü”.
Aygün