AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də nümunə göstərdi

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də nümunə göstərdi

Cəmiyyət
06 İyun 2020, 15:00 153
Azərbaycanda insanların sağlamlığının qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun prioritetini təşkil edir. Son 16 ildə hər bir ölkə vətəndaşı bunu gündəlik həyatında hiss edir və görür. Dövlət başçısının göstərişi ilə hər il 5 milyondan artıq insanın dövlət hesabına həkim müayinəsindən keçirilməsi, tibb ocaqlarının yenidən bərpa olunması və ən müasir ləvazimatla təchiz edilməsi, regionlarda müasir tələblərə cavab verən Diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi, Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə insan amilinə verilən dəyərin bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun direktoru Gülbəniz Bayramova bildirib.
G.Bayramova deyib ki, dünyanın başı üzərini koronavirus təhlükəsi alan gündən Prezidentimizin göstərişi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, iş yerlərinin müvəqqəti dayandırılması və əməkhaqlarının dövlət hesabına ödənilməsi, qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi, pandemiyanın sahibkarlara və fiziki şəxslərə vurduğu ziyanın əvəzində kompensasiyanın ödənilməsi insanların həyat tərzinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində atılan növbəti addımlardır. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünya ölkələri arasında pandemiyadan daha az itki verən ölkədir.
Son günlər xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edən bəzi vətəndaşlar qaydalara əməl etmədi və qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşdılar. Bunun da nəticəsində koronavirusa yoluxanların sayı sağalanların sayını üstələdi. Təbii ki, bu təhlükə dövlətimizin başçısını narahat etməyə bilməzdi. Bundan sonra təbii olaraq bir sıra sərt qərarların qəbul edilməsi məcburiyyəti ilə üzləşməli olduq. İlk növbədə, qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə məcburi oldu. Həmişə olduğu kimi, möhtərəm Prezidentimiz bu işdə də nümunə göstərdi. Bu çətin günlərdə regionlara səfərlərini davam etdirən, yeni müəssisələrin açılışını edən Prezident İlham Əliyev Tərtər və Ağcabədi rayonlarına səfərləri zamanı iştirak etdiyi tədbirlərdə tibbi maskadan istifadə etdi. Əgər ölkə Prezidenti tibbi maskadan istifadə edirsə, niyə digər vətəndaşlarımız bundan nümunə götürməməlidirlər? Deməli, tibbi maskalardan istifadə etmək vacibdir ki, dövlət başçısı bu addımı atıb və digərlərinə də nümunə göstərib.
Vəziyyətin gərginləşməsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah həftə sonlarında bir sıra qadağaların, məhdudiyyətlərin və sərtləşdirmələrin həyata keçirilməsi barədə qərar qəbul etdi. Bu, çox düzgün və düşünülmüş qərardır.
Çünki son vaxtlar yoluxma hallarının ciddi şəkildə artması hamını narahat edirdi. Buna bir çox vətəndaşlarımızın biganəliyi şərait yaratdı. Çünki hələ də koronavirusun ciddi fəsadlar törədəcəyinə biganə yanaşanlar var. Hətta bəziləri "belə bir virus yoxdur” deyərək gigiyenik qaydalara, o cümlədən Operativ Qərargahın qarşıya qoyduğu tələblərə əməl etmirlər. Nəticə göz qabağındadır. Ona görə də vətəndaşlarımız məsuliyyətsizlik, biganəlik göstərməməli, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciətlərinə, çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, onların tələblərinə bir nəfər kimi əməl edilməlidir.
"Bir faktı da qeyd etmək istərdim. Parlamentin sonuncu iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi və elə həmin gün də dövlət başçısı tərəfindən imzalanaraq qüvvəyə mindi. Bu dəyişikliklərə əsasən, tibbi maskalardan istifadə etməyənlər müəyyən məbləğdə cərimə olunacaqlar. Artıq bu prosesə başlanılıb və qaydalara əməl etməyənlərin cərimə olunmaları barədə məlumatlar eşidirik. Belə çətin günlərdə kimlərinsə cərimə olunmasını istəməzdik, ancaq bu, hər kəsin özündən asılıdır. Cərimə olunmaq, qınaq hədəfinə çevrilmək istəməyənlər qaydalara əməl etməli, tibbi maskadan istifadə etməlidirlər. Bu işdə hər birimiz mütləq möhtərəm Prezidentimizdən nümunə götürməli, tibbi maskalardan, əlcəklərdən istifadə edilməli, sosial məsafəyə riayət etməliyik.