• cümə, 26 Aprel, 13:45
  • Baku Bakı 23°C

Politoloq: Xalqımız təhlükənin minimum həddini yaşamaqdadır

04.04.20 16:30 727
Politoloq: Xalqımız təhlükənin minimum həddini yaşamaqdadır
Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid mənbəyi qismində başlanğıcını Çinin Uxan şəhərindən götürən koronavirus pandemiyası mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də bu virusun təsir imkanlarını məhz pandemiya kimi müəyyən edib və "SOS” siqnalı verib. Antarktida istisna olmaqla, bütün qitələr bu pandemiyanın cəngindədir. Dünya koronavirusla müharibə vəziyyətindədir. Bizim qarşımızda İran, İtaliya, İspaniya kimi ssenarilər var. Son günlər Türkiyə və Rusiyada da virusa yoluxanların sayında kəskin artımı nəzərə alsaq, Azərbaycanda qarşıdakı iki həftənin ən təhlükəli olacağı istisna edilməməlidir. Etiraf etməliyik ki, ölkəmizdə koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir. Hər bir evdən çıxmaq, küçədə istər-istəməz olmaq potensial virus və ölüm deməkdir. Bu, yaxınlarını riskə atmaq, onlara qarşı məsuliyyətsizlik deməkdir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, hökumət koronavirusla əlaqədar bir neçə dəfə vətəndaşların ümumi davranışları ilə bağlı sərt qərarlar qəbul edib. Bu sərt qərarlar nəticəsində strateji yerlər istisna olmaqla, bütün obyektlərin fəaliyyəti dayandırılıb və hər kəsə zərurət olmadıqda küçəyə çıxmamaq tövsiyə olunub. Təbii ki, cəmiyyət özü də bilməlidir ki, onların küçələrə çıxması real təhlükədir.
Politoloq əlavə edib ki, Azərbaycan koronavirusun yayıldığı ilk günlərdən başlayaraq bəşəri bəlaya qarşı dövlət səviyyəsində mübarizəyə başlanıb. Belə ki, artıq yanvarın 30-da Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasında koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib. Fevralın 27-də isə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.
Z.Məmmədov vurğulayıb ki, koronavirusun regionda yayıldığı ilk gündən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində xalqımız mümkün təhlükənin minimum həddini yaşamaqdadır. Son aylar ərzində dövlətimizin başçısının verdiyi qərarlar bir daha göstərdi ki, hökumətin koronavirusa qarşı gördüyü tədbirlər sistemli və düşünülmüş xarakter daşıyır. Bu gün koronavirusun geniş yayıldığı bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan dövləti vaxtında tədbirlər görməklə vətəndaşların kütləvi şəkildə virusa yoluxmasının qarşısını aldı. Doğrudan da əgər bu tədbirlər olmasaydı, biz tamamilə başqa mənzərənin şahidi ola bilərdik.
"Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkəmizdə Koronavirus (COVID-19) pandemiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. İlk olaraq dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva birillik əməkhaqlarını bu fonda köçürüblər.
Hər bir Azərbaycan vətəndaşının, o cümlədən məmurların, iş adamlarının, sadə insanların yardımı ilə fondda artıq 100 milyon manatdan çox vəsait toplanıb.
Qeyd etməliyik ki, Azərbaycan Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratmaqla yenə də birincilik göstərdi.
Politoloqun sözlərinə görə, koronavirus dövründə Prezident İlham Əliyevin zəruri dövlət dəstəyi çərçivəsində 1 milyard manat vəsaitin ayrılması ilə bağlı imzaladığı Sərəncamı da qeyd etmək yerinə düşər. Sərəncam ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə, təxminən 12 fəaliyyət sahəsini əhatə edir. Sərəncam sosial təcrid tədbirlərindən təsirlənən sahibkarların diqqətindən kənarda qalmadığını göstərir. Müxtəlif istiqamətlər üzrə dövlət dəstəyinin və stimullaşdırıcı tədbirlərin təcili həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlar iqtisadi subyektlər üçün mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış işçi qrupun dəstək tədbirləri ilə bağlı təhlillərə başlaması onu deməyə əsas verir ki, bu tədbirlər geniş spektri əhatə edəcək.
banner

Oxşar Xəbərlər