• cümə, 26 Aprel, 12:29
  • Baku Bakı 23°C

Paşinyan “Qarabağ klanını” zərərsizləşdirməyə çalışır

08.01.20 18:00 854
Paşinyan “Qarabağ klanını” zərərsizləşdirməyə çalışır
Ekspertlər onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq strategiyasının mövcud olmadığını düşünürlər

İki aydan sonra qondarma "Dağlıq Qarabağ Respublikası”nda "prezident” və "parlament” seçkiləri keçiriləcək. Bu səbəbdən Azərbaycanın işğal altında olan ərazilərində nəzarət uğrunda Ermənistanın baş naziri Nikol Paşinyan və qondarma qurumun rəhbəri Bako Saakyan arasında gizli mübarizə gərgin mərhələyə daxil olur. Tərəflər ictimaiyyət arasında özlərini dost və mehriban göstərməyə çalışsalar da, əslində münasibətlərində gərginlik günbəgün qızışmaqdadır. Bəlli olduğu kimi, Saakyanın arxasında illər uzunu Ermənistanda hakimiyyətdə təmsil olunan "Qarabağ klanı” durur. Klanın liderləri keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryandır. N.Paşinyan bu təhlükəni nəzərə alaraq hər iki şəxsi çox ciddi təzyiq altında saxlamağa çalışır və buna müvəffəq də olur. Artıq R.Koçaryan həbsdədir. İkincisi isə bu yaxınlarda ev dustağı vəziyyətinə salınıb. Görünən odur ki, Ermənistanın yeni baş naziri Xankəndində başlıca postlara öz adamlarını yerləşdirməyə və bununla da "Qarabağ klanını” məhv etməyə çalışır. N.Paşinyanın qondarma qurumda rəhbər görmək istədiyi şəxs Araik Arutunyandır. Bu şəxsi erməni diasporunun böyük bir hissəsi də dəstəkləyir.
Yeri gəlmişkən, Rusiya nəşrlərinin bir qismi hesab edir ki, daxili siyasi gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinə də təsirsiz ötüşməyəcək. Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin hesab edir ki, Paşinyan bu məsələdə yalnız Minsk qrupunun təzyiqləri altında güzəştə gedə bilər. "Paşinyan vəziyyətdən asılı olan və kifayət qədər çevik bir şəxsdir. Onun ümumiyyətlə Qarabağla bağlı dəqiq strategiyası mövcud deyil. Baş nazir üçün əsas odur ki, qarabağlılar müxalifətdə qalmasın. Seçkilərin nəticələrinə uyğun olaraq Robert Koçaryanın tərəfdarlarının hakimiyyətə gəlməsi faktoru nəzərə alınmalıdır. Lakin Qarabağın taleyinə gəldikdə, hazırkı anda Paşinyan üçün əsas məsələ Minsk qrupu, xarici diplomatiya ilə münasibətlərdir. Paşinyan sadəcə istəyir ki, Minsk qrupu ona təzyiq göstərməsin, manevr etmək üçün meydan saxlasın”, - deyə ekspert "Moskva-Baku” portalına müsahibəsində bildirib. Lepexin xatırladıb ki, Ermənistan ciddi geosiyasi "dartınma” vəziyyətindədir - Rusiya və Qərblə eyni münasibətlər qurmağa çalışır. "Amerikalıların, britaniyalıların təsiri var, Kremllə strateji müttəfiq kimi münasibətləri qurmaq məsələsi var. Bax, mürəkkəb düyün belədir”, - deyə ekspert vurğulayıb. O, xatırladıb ki, Paşinyan 2018-ci ilin aprelində xarici qüvvələrin, ilk növbədə diaspor və qərb siyasətçilərinin köməyi ilə hakimiyyətə gəlib. "Əvvəlcə o Qarabağ məsələsi ilə hansısa bir çıxış yolu axtarıb tapacağını vəd edirdi və xəbərdar edirdi ki, bu qərar qeyri-populyar olacaq. Yəni, Bakı ilə kompromisin qarabağlılara xoş gəlməyə biləcəyini istisna etmirdi. Paşinyan ümid edirdi ki, inqilab dalğası altında Qərbdən böyük yardım ala bilər. Qərb, yəni Minsk qrupu onun Qarabağ məsələsində mövqeyini müdafiə edəcək. Və bu zaman öz şərtlərini yeritmək üçün Bakıdan kompromis əldə edəcək. Hesabda bu idi”, - deyə Lepexin bəyan edib. Lakin il ərzində başa düşdü ki, ölkədə daxili siyasi vəziyyət nə qədər mürəkkəbdir. İkincisi, Qərb heç bir halda ona kömək etməyəcək. Qərb yalnız Qarabağ ətrafında vəziyyəti qarışdırmaqla məşğuldur. Bu səbəbdən də Paşinyan hakimiyyətə gələndən bəri səsləndirdiyi bəyanatları artıq dilə gətirmir”, - deyə ekspert vurğulayıb.
Digər bir ekspert, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri” Ekspert qrupunun üzvü Aleksandr Perenciyev hesab edir ki, 2019 Qarabağ münaqişəsinin nizamlanması baxımından itirilmiş il kimi yadda qaldı. Səbəb də rəsmi Yerevanın vaxtı uzatmasıdır. Eksperti ən çox təəccübləndirən Ermənistanın Qarabağ ətrafında işğal etdiyi Azərbaycanın işğal etdiyi yeddi rayon mövzusunu diqqətə almamasıdır. Halbuki, bundan əvvəl həmin torpaqlardan qoşunlarını çıxaracağı barədə üzərinə öhdəlik götürüb. Bu məsələ Madrid prinsiplərində də əks olunub: "Bütün ili yalnız ikinci dərəcəli əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Bu səbəbdən də sülh prosesində hər hansı bir irəliləyişlər olmayıb. Bu şəraitdə mən Azərbaycan diplomatlarına yeni ildə aktiv şəkildə beynəlxalq hüquq prinsiplərinə söykənməyi təklif edərdim”. Onun sözlərinə görə, rəsmi Bakı ilk növbədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamənin yerinə yetirilməsinə nail olmalıdır. "Bununla bağlı beynəlxalq məhkəmələr qarşısında iddialar qaldırılmalıdır. Eləcə də, Yerevanın Madrid prinsiplərinin yerinə yetirmədiyi qabardılmalıdır. İkincisi, BMT Təhlükəsizlik Şurası qarşısında Ermənistanın Azərbaycanın yeddi rayonunu və Dağlıq Qarabağı işğal etdiyi barədə yeni təşəbbüslər qaldırmalıdır. Üçüncüsü, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini MDB miqyasında və tədbirlərdə müzakirəyə çıxarmaq, bu məsələni MDB daxilində prioritet məsələ kimi qaldırmaq gərəkdir”, -deyə Perenciyev bəyan edib.
Ekspert hesab edir ki, hansısa tanınmamış bir qurumda mart seçkilərinin gedişi deyil, beynəlxalq təzyiq Yerevanı Qarabağ məsələsində mövqeyini dəyişməyə məcbur edə bilər. "Hələ ki, Paşinyan Azərbaycanla işğal etdiyi ərazilərin Ermənistanda qalması şərti ilə saziş imzalamağa hazırdır. Əlbəttə ki, bütün bunlar Azərbaycan üçün heç bir halda məqbul sayıla bilməz. Bu baxımdan Yerevanın bu cür təklifləri bu il də irəli sürməsi heç nəyə gətirib çıxarmayacaq”, - deyə rusiyalı ekspert xəbərdar edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər