• cümə, 26 Aprel, 17:45
  • Baku Bakı 23°C

Parlament seçkisi böyük siyasi fəallıq şəraitində keçəcək

10.01.20 19:02 2044
Parlament seçkisi böyük siyasi fəallıq şəraitində keçəcək
Ekspertlər əmindir ki, Milli Məclisə növbədənkənar seçki Azərbaycan xalqının iradəsini ifadə edəcək

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək. Budəfəki seçkiyə həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə olduqca böyük maraq var. Buna ilkin misal olaraq, növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayının çoxluğunu göstərmək olar.Bu məqsədlə Mərkəzi Seçki Komissiyasında (MSK) Vətəndaş və İnkişaf, Yeni Azərbaycan, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Milli İstiqlal, Demokrat, Böyük Azərbaycan, Ana Vətən, Təkamül, Müsavat, Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Liberal Demokrat, Demokratik Maarifçilik, Müasir Müsavat və Vahid Azərbaycan partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb. Seçkiyə namizəd qismində qatılmaq üçün minlərlə şəxs müraciət edib. Namizədliyi təsdiqlənənlərin sayı yüzlərlədir. Bununla yanaşı, beynəlxalq təşkilatlar da seçkidə müşahidəçilik etmək barədə qərarlarını açıqlayıblar.


Siyasi şərhçi Aydın Quliyev hesab edir ki, seçkinin ilkin mərhələsində aktivlik müşahidə edilməsi müsbət tendensiyadır. Onun sözlərinə görə, bu, sonda seçkinin nəticəsinin tanınmasına və parlamentin nüfuzuna müsbət təsir göstərə bilər: "Seçkidə iştirak edən siyasi partiyaların, eləcə də namizədlərin sayının çox olması seçkinin mötəbərliyini, həmçinin cəmiyyətin bu prosesə marağını ifadə edən amillərdir. Çox maraqlıdır ki, indiyə qədər parlament və prezident seçkilərini boykot edən radikal müxalifətin müəyyən bir hissəsi də artıq seçkiyə qatılıb. Seçkiyə qatılmayan radikal kəsimin səsi bu səbəbdən eşidilməz olub. Əslində cəmiyyət həmin radikal kəsimin seçkiyə getməməsinin qətiyyən fərqində deyil. Seçkiyə qatılan müxalifət dairələrinin isə bu gün istifadə etdiyi ideoloji tezislər cəmiyyətə praktik şəkildə təsir göstərə bilmir. Beynəlxalq təşkilatların da Azərbaycanda keçiriləcək parlament seçkilərinə marağı açıq-aydın hiss olunmaqdadır. Azərbaycanın müraciət etdiyi beynəlxalq təşkilatların demək olar ki, hamısının seçkidə müşahidəçi kimi iştirak etmək istəyini ifadə etməsinin özü də müsbət tendensiyadır. Bu, seçkinin nəticəsinin beynəlxalq səviyyədə tanınmasında vacib rol oynayacaq”.


Siyasi şərhçi deyib ki, seçkidə iştirak edən namizədlərin və siyasi partiyaların sayının çox olması təbliğat-təşviqat dövründə xüsusi fəallıq olacağının ilkin əlamətidir: "Bu da o deməkdir ki, seçki zamanı böyük bir səsvermə fəallığı müşahidə ediləcək. Partiya və namizədlərin seçki prosesində çoxluğu ölkədə səsvermə günündə əvvəlki dövrlərlə müqayisədə yetərsayın xeyli dərəcədə fərqli olacağını proqnozlaşdırmağa əsas verir. Bütün bunlar müsbət amillərdir. Əsas məsələ budur ki, cəmiyyətin bu seçkidən gözləntiləri tam olmasa da, xeyli dərəcədə özünü doğrultsun. Cəmiyyət parlamentdən təkidlə yenilənmə, yeni simaların qanunverici orqanda olmasını gözləyir. Bu, cəmiyyətin müxtəlif təbəqələrini və müxtəlif siyasi partiyaları əhatə etmək baxımından baş verməlidir. Cəmiyyət bunu gözləyir. Əgər belə olarsa, əminlikdə demək olar ki, parlamentin həm cəmiyyətdə legetim qəbul olunması, həm də dünyada tanınması məsələsində əvvəlki dövrlərlə müqayisədə xeyli müsbət nəticələr əldə edəcəyik. Ümid edək ki, seçki böyük siyasi fəallıq şəraitində keçəcək, nəticələr Azərbaycan xalqının iradəsinə uyğun olacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu isə vurğulayıb ki, parlament seçkisi ölkə gündəmində olan əsas hadisələrdən biridir. Onun fikrincə, Milli Məclisə keçirilən bu seçki hər kəsin taleyinə təsir edə bilən, hər kəsi düşündürən, ilgiləndirən prosesdir: "Şəxsi müşahidələrim əsasında qeyd edə bilərəm ki, seçkiyə namizəd kimi qatılanların sayı çoxdur. Bu faktın özü də cəmiyyətdə seçkiyə olan marağın göstəricisidir. Seçicilər üçün hər bir seçki dairəsində alternativ namizədlər var. Belə olan halda, seçicilər düzgün seçim etməli, layiqli namizədə səs verməlidirlər. Çünki Prezident İlham Əliyev geniş islahatlar prosesinə start verib. Yeni formalaşacaq Milli Məclis bu islahatlara cavab verməli, islahatçı parlament olmalıdır. Ümid edirəm ki, yeni tərkibdə yeni simalar görəcəyik. Çox istərdim ki, yeni parlament xalqımıza, dövlətimizə uğur gətirsin. İnanıram ki, belə də olacaq. Bu seçkiyə beynəlxalq maraq var və onlar prosesi izləyirlər. Şübhə etmirəm ki, bu seçki beynəlxalq müşahidəçilərin yaddaşında normal, sivil, demokratik, şəffaf proses kimi qalacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər