AZE | RUS | ENG |


Otel nə qədər ucuz olsa, turist də ölkədə o qədər çox qalar

Otel nə qədər ucuz olsa, turist də ölkədə o qədər çox qalar
Ekspertlər müxtəlif təbəqədən olan turistlərin ölkəmizə cəlb edilməsi üçün 2-3 ulduzlu otellərin sayının artırılmasının vacib olduğunu deyirlər

Turizmin inkişafı üçün tək maddi cəhətdən imkanlı olan deyil, müxtəlif təbəqədən olan turistlərin cəlb edilməsi istiqamətində işlər görülməlidir. Bu cəhətdən ölkəmizdə görülməli işlərdən biri də 2-3 ulduzlu otellərin inşasıdır.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm şirkətlərinin nümayəndələri ilə keçirilən toplantıda deyib ki, yaxın gələcəkdə 2, 3 ulduzlu otellər şəbəkəsinin yaradılması nəzərdə tutulur: "Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend otellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2, 3 ulduzlu otellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.
 
Turizm üzrə araşdırmaçı Əhməd Əlili qəzetimizə açıqlamasında bildirdi ki, avropalı turistləri cəlb etmək istəyiriksə, 2-3 ulduzlu otellərin sayını artırmalıyıq: "Sovet insanı, bir çox azərbaycanlı yanaşmasından baxanda turizm deyiləndə daha çox dəbdəbəli səyahət, maksimum lüks otellər nəzərdə tutulur. Pulun ala biləcəyi ən bahalısı, ən yaxşısı... Bizdən xarici ölkələrə gedən imkanlı adamlar xaricdə daha bahalı bir oteldə qalmağa çalışır. Amma Avropa insanı bir qədər ayrı cür düşünür. Onlar daha az büdcə ilə yatağı, duşu, səhər yeməyi olan bir oteldə qalmağa, büdcəsinə qənaət etməyə, həmçinin dünyanı gəzib müxtəlif yerlərin insanları ilə ünsiyyətdə olmağa üstünlük verirlər. Avropalı turistlər nəzərə alındığı üçün həm Yaponiya, həm də Asiya, xüsusilə cənub şərqi Asiya ölkələrində 2-3 olduzlu otellərin sayı kifayət qədər çoxdur. Avropa ölkərində isə belə otellər hədsiz çoxdur. Çünki avropalılar Avropa daxilində də tez-tez səyahət edirlər. Minimal şəraitləri, münasib qiyməti olan otellərə üstünlük verirlər. Bir gecə hardasa qalmaq üçün vacib deyil ki, lüks oteldə nömrə tutasan.
 
Ona görə də xüsusilə avropalı turistləri cəlb etmək istəyiriksə, 2-3 ulduzlu otellərin sayını artırmalıyıq. Avropalı turistlər elə çox pul xərcləməyi sevən adamlar olmasa da, onlar normalda səyahət edirlər, etibarlı turistlərdilər. Dünyanı gəzməyə marağı olan və bunun üçün maddi imkanı çatan turistlərdir. Azərbaycanda nəinki 2-3 ulduzlu, hətta ulduzsuz otellərin tikilməsi vacibdir”.
 
Ə.Əlili deyir ki, bu cür otellərin həm Bakıda, həm də regionlarda inşa edilməsi vacibdir. Bu həm də daxili turizmin inkişafına təkan verəcək: "Ölkəmizin hər bir yerində bu cür otellərin tikilməsinə ehtiyac var. Bakıda otellər kifayət qədər bahalıdır. Əvvəllər Azərbaycana səyahət edən turist 70-80 manatdan ucuz otel tapa bilmirdi. Bu indi də təxminən belədir. Vaxtilə bu, 100 dollara bərabər bir qiymət idi. İndi manatın məzənnəsindəki dəyişikliklə əlaqədar bir qədər azdır. Amma yenə də çox bahalıdır. Avropalı turist hansısa ölkəyə səyahət edirsə, münasib qiymətə otel tapa bilmirsə, deməli o yerə bir də səyahət etməkdə maraqlı olmayacaq. Bu problem bizdə Bakıda və regionlarda var. Bütün ölkə boyunca, xüsusilə turist axınından bir qədər əziyyət çəkən bölgələrimizdə bu cür otellərə ehtiyac var. Məsələn, cənub zonasında infrastruktur o qədər hazır vəziyyətdə deyil ki, ora ciddi turist axını olsun. Oraya istər-istəməz Azərbaycanın daxilindən az büdcəli insanlar gedirlər. Belə yerlərdə 2-3 ulduzlu otelləri tikməklə turist cəlb etmək olar.
 
Daxili turizmi inkişaf etdirmək, az büdcəli ailələrin də daxili turizmdə iştirakını təşkil etmək üçün ölkə üzrə hər yerdə 2-3 olduzlu otellərin tikilməsi vacibdir. Həm daxili, həm də avropalı turistləri cəlb etmək üçün bu cür otellərə ehtiyac var”.
 
Ə.Əlilinin sözlərinə görə 2-3 olduzlu otellərdə qiymət elə olmalıdır ki, turistlərə sərfəli olsun: "Hazırkı otel qiymətlərini Avropa ilə müqayisə edək. Avropada otel biznesi ciddi rəqabət qarşısındadır. Bu, otellərin bir-birindən üstün olması rəqabəti deyil, təbii ki. Adi insanlar müəyyən müddət ölkədən, yaxud şəhərdən kənara çıxırlarsa, qaldıqları evi icarəyə verirlər. Adi insanlar belə, xüsusilə az ulduzlu otellərlə bir rəqabət təşkil edirlər. Gürcüstanda öz evlərini turistlərə təklif edən kifayət qədər ev sahibləri var. Otaqlarının birini qonaqlama üçün hazırlayırlar. Turistlər minimal məbləğ - 20-30 manat ödəməklə orda qala bilirlər. Bunu nəzərə alsaq, Azərbaycanda 2-3 ulduzlu otellərin qiyməti 30-40 manat arasında olmalıdır. Bundan baha olması heç cür əl verməz”.
 
"Luna Travel” turizm agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, 2-3 ulduzlu otellərin tikintisi üçün bu işi görəcək adamlara şərait yaradılmalıdır. Kreditlər ayrılmalı, dotasiyalar verilməlidir. Bu işin görülməsi üçün güzəştlər olmalıdır. R.Quliyev bildirdi ki, əgər biz ekonom büdcəli turistə otel tikiriksə, ekonom büdcəli turisti cəlb etməyi bacarmalıyıq: "Ekonom büdcəli turist 20-30 dollarlıq otelə gələcəksə, bileti də ucuz almalıdır. Dubay-Bakı-Dubay, Tehran-Bakı-Tehran üçün ucuz biletləri nəzərdə saxlamalıyıq. Gərək xaricdən ölkəmizə gəlib geri qayıdan turistlərlə bağlı aviakampaniyalar, endirimlər təşkil edək. Brincini biletdən başlaya bilərik. Turistlər üçün qaynar xətt olmalıdır ki, onlar bu xidmətdən yararlana bilsinlər. Turistlər təhlükəsizliyinin təmin olunduğuna əmin olmalıdır”.
 
R.Quliyevin sözlərinə görə, otel nə qədər ucuz olsa, turist bir o qədər ölkədə çox qalır: "Otelin ucuz olması imkan yaradır ki, turist ölkəmizdə daha çox qalsın və daha çox pul xərcləsin. Əgər o, 5 gündə 500 avro xərcləyirsə, 10 gün qalıb 1000 avro xərcləyəcək. Çünki otelə çəkdiyi xərci başqa cür xərcləyəcək. Ölkədə daha çox qaldıqca, istər-istəməz o daha çox pul xərcləyəcək. Tax-free sistemi olsa, ölkədə daha çox qalan turist çox pul xərcləməyə də maraqlı olacaq. Valyuta dəyişmə problemi də həll olunmalıdır. Yəni az büdcəli turisti cəlb etmək üçün otellə yanaşı, müxtəlif addımların atılmasına da ehtiyac var”.
 
Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001