• cümə, 26 Aprel, 09:43
  • Baku Bakı 12°C

Orta məktəblər üçün əlavə gəlir mənbəyi

08.12.16 12:39 1224
Orta məktəblər üçün əlavə gəlir mənbəyi
"Təhsil İdarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayacaq”. APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva danışıb. O, bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, təhsil idarəsi hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır: "Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə müəllimlərlə də birgə fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədovdan aldığımız məlumata görə, ümumtəhsil məktəblərində birgə fəaliyyətin təşkili Nazirlər Kabinetinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” 19.01.2010-cu il tarixli qərarına əsasən həyata keçirilir: "Birgə fəaliyyətin təşkil edilməsi təhsilin inkişafına dəstək verilməsi, habelə təhsil işçilərinin sosial müdafiəsinin və təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda istifadə edilməklə, üçtərəfli birgə fəaliyyət müqavilələri əsasında sahibkarlıq fəaliyyəti növlərinin təşkil edilməsinə razılıq verilir. Əlavə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti növləri sırasına, dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən beynəlxalq təhsil proqramlarının tətbiqi, habelə təhsil müəssisəsinin profilinə və fəaliyyət istiqamətlərinə ziddiyyət təşkil etməyən iş və xidmətlərin göstərilməsi aid edilmişdir.
Təhsil eksperti Əjdər Ağayev hesab edir ki, hazırkı vəziyyətdə üçüncü şəxslərin məktəblə birgə fəaliyyətinə lüzum yoxdur: "Çünki bunun üçün hazırda elə bir imkan və şərait də yoxdur. Belə bir məsələ ilə bağlı fiziki şəxslərin müraciətinə gəlincə, bu, məktəbin nizamnaməsini, fəaliyyətini bilməməkdən irəli gəlir. Təhsillə bağlı hər bir fəaliyyət "Təhsil qanunu”na əsasən həyata keçirilir. Sözügedən qanunda isə belə bir şey yoxdur. Məktəbin nizamnaməsinə əsaslanırsa, nizamnamədə də belə bir şey yoxdur ki, məktəb üçüncü bir şəxslə hansısa birgə iş əlaqəsini yaratsın. Bu baxımdan, bunu tələsik addım hesab edirəm. İdman, yaradıcılıqla bağlı hər bir rayonda yaradıcılıq məktəbləri var. Bakıdakı Tofiq İsmayılov adına məşhur yaradıcılıq mərkəzində fiziki tərbiyədən tutmuş texniki, ədəbi yaradıcılıqla, incəsənətlə və s. ilə bağlı gözəl dərnəklər var. Eləcə də, Xətai, Nəsimi rayonlarında çox gözəl yaradıcılıq mərkəzləri var. Məktəbdənkənar təlim-tərbiyəyə xidmət edən bu müəssisələr olduğu halda, məktəbi yükləmək, öz nizamından çıxarmaq, tədris-tərbiyə şəraitini əlavə qüvvələrin ixtiyarına verməklə onu mürəkkəbləşdirmək məqsədəuyğun deyil. Məktəbin baş məqsədi vətəndaş hazırlamaq və o vətəndaşa estetik-fiziki, intellektual tərbiyə verməkdir. Bu, məktəbin sistemində, məzmununda da var. Məktəb repetitorların fəaliyyəti üçün şərait yaratmamalıdır. Ümumtəhsil məktəbinin səviyyəsini yüksəltmək lazımdır ki, oradakı müəllimlər texnologiyadan, metodikadan istifadə edərək şagirdlərin təlim-tərbiyə keyfiyyətini ildən-ilə yüksəltsin və ayrıca repititora ehtiyac qalmasın. Bax, buna çalışmaq lazımdır”.
Lalə
banner

Oxşar Xəbərlər