• cümə axşamı, 25 aprel, 06:31
  • Baku Bakı 14°C

Niyə öz kişmişimizi öz cibimizə tökə bilmirik?

05.11.19 11:00 1709
Niyə öz kişmişimizi öz cibimizə tökə bilmirik?
Ekspertlər deyir ki, quru meyvə sənayesinə ciddi yanaşmaq zamanıdır
Deyirlər ki, qara kişmişi cibə tökərlər. Yəqin ki, bu atalar sözü boş yerə deyilməyib. Heç şübhəsiz, bu meyvə qurusunun hədsiz faydaları atalarımıza hələ qədim dövrlərdən bəlli olub. Tərkibində B2, B3, tiamin, retinol, dəmir, kalsium, maqnium, mis kimi maddələr var. Əsəb sistemi, ateroskleroz, ürək xəstəlikləri zamanı, damaq qanamasında kişmişin faydası əvəzsizdir. 50 qram kişmiş insanın gün ərzində enerjiyə olan tələbatını ödəyə bilər. Digər çərəzlərlə müqayisədə kişmişin kalori dəyəri daha yüksəkdir.
Bu gün də mətbəximizdə gündəlik olaraq kişmişdən geniş istifadə olunur. Amma təəssüflər olsun ki, Azərbaycana kişmiş daha çox xarici ölkələrdən idxal olunur. Yəni hələlik yerli üzüm sortlarından əlavə dəyər formalaşdıra bilməmişik. Bəs görəsən bunun səbəbi nədir? Niyə öz kişmişimizi öz cibimizə tökə bilmirik?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, ölkədə istehsal edilən kişmiş hal-hazırda ölkənin daxili bazarının tələbatını ödəyə bilər: "Burada müxtəlif səbəbləri qeyd etmək olar. Əsas məsələ odur ki, meyvəçiliyin emal sənayesi geniş inkişaf etməyib və şaxələndirilməyib. Ona görə də bu sahədə idxaldan asılılığımız qalmaqdadır. Azərbaycana kişmiş əsasən İran və Orta Asiya ölkələrindən gətirilir. İllik tələbatımız isə təqribən beş min tona yaxındır. Quru meyvə bazarı inkişaf edən ölkələr arasında qardaş Türkiyə və İranı misal göstərmək olar. Amma bizdə bu sahədə vəziyyət yaxşı deyil. Düzdür, son illər ərzində Azərbaycanda üzümçülük sahəsi geniş inkişaf edib. Üzümçülük sahəsi artaraq 16 min hektardan çox ərazini əhatə edir. Bu, gələcəkdə meyvəqurutma sahəsinin inkişafına imkan yaradır. Əslində meyvəqurutma işi zəncir təşkil edir. Bunun üçün xammal tələb olunur. Emala gedən xammalın marketinq və satış işi təşkil olunmalıdır. Bu yaxınlarda bu sahə ilə bağlı Samux rayonunda maraqlı bir layihə həyata keçirildi. Yerli fermerlər birləşərək aqro-biznes dəyər zəncirinin həyata keçirilməsi istiqamətində addımlar atdı. Üzümün qurudulması, çeşidlənməsi və bazara çıxarılması ilə bağlı rayonun bəzi fermerləri birləşərək üzümün emal texnologiyasını həyata keçirdi. Üzümçülük Azərbaycanda ənənəvi sahələrdən biridir və perspektivləri genişdir. Salyan, Şamaxı, Cəlilabad, Gəncəbasar zonası üzümçülük bölgələridir. Yəni perspektivlər böyükdür. Amma meyvəqurutma bir qədər spesifik sahədir. Burada texnoloqların olması vacib məsələdir və bu iş bazar araşdırması tələb edir. Yəni bazarın tələbi əsasında bu işi təşkil etmək lazımdır. Həmçinin emal sənayesinin inkişaf etdirilməsinə ehtiyac var”.
Ekspert təəssüflə bildirdi ki, regionlarda fəaliyyət göstərən emal zavodları çox olsa da, meyvəqurutma işinə üstünlük vermir: "Emal sənayelərimiz daha çox cem və cem məhsulları, şirniyyat sahəsi üçün digər xamalların əldə olunması istiqamətində fəaliyyət göstərir. Amma quru meyvəyə Azərbaycanda tələbat çox böyükdür. Xüsusən Novruz bayramı ərəfəsində quru meyvələrə olan tələbat bir neçə dəfə artır. Buna görə də bazarda quru meyvələrin qiyməti kifayət qədər yüksəkdir. Əgər yerli istehsalın təşkilinə nail ola bilsək, meyvə qurularının, o cümlədən kişmişin qiyməti ucuzlaşar. Emal sənayesi formalaşarsa, qiymətlər də optimallaşar. Son illər bu sahədə müəyyən işlər görülüb. Amma önəmli olan sahibkarların təşəbbüsləridir. Sahibkarların böyük əksəriyyəti bu sahə üzrə məlumatsızdır. Bəziləri quru meyvə sənayesinə ciddi yanaşmır. Halbuki emal sənayesinin inkişafı üçün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri müəyyən güzəştli kreditlər də təklif edir. Ən ciddi problemlərdən biri də odur ki, biz meyvələrin təzə formada alınıb satılmasında maraqlıyıq. Amma meyvə elə bir nemətdir ki, ondan əlavə məhsul əldə etməklə əlavə dəyər zənciri yaratmaq mümkündür. Üzümçülük indi yeni inkişaf mərhələsindədir. Amma meyvəçilikdə ən ağır sahələrdən biri hesab olunur. Çünki xüsusi aqro-texniki qulluq tələb edir. Düşünürəm ki, satıla bilməyən üzüm emala cəlb oluna və ondan meyvə qurusu hazırlana bilər”.
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı xatırladır ki, bazarda ən ucuz kişmişin qiyməti beş manat təşkil edir: "Qonşu ölkə Türkiyə bu sahədə lider hesab olunur. Amma təəssüflər olsun ki, bizdə vəziyyət qənaətbəxş deyil. Bizdə meyvələr əsasən primitiv üsullarla qurudulur və çox az bir miqdarda olur. Kişmiş daha çox Azərbaycana idxal edilir. Əslində kişmiş perspektivli sahələrdən və böyük tələbat olan məhsullardan biridir. Hesab edirəm ki, biz xarici təcrübədən yararlanmalıyıq. Kişmişin hazırlanması üçün xüsusi emal texnologiyası və müəssisələr fəaliyyət göstərməlidir. Ayrı-ayrı bölgələrimizdə yerli üzüm sortlarımız əkilərək emal edildikdən sonra kişmiş hazırlamaq olar. Bununla həm yerli tələbatı ödəyə, həm də məhsul ixracını təşkil edə bilərik. Kişmiş elə bir məhsuldur ki, dünya bazarında ona tələbat çox böyükdür. Qiymətlər də kifayət yüksəkdir. Yəni gəlirli sahələrdən biridir. Bazarda ən ucuz kişmişin qiyməti beş manatdan başlayır. Ona görə də emal müəssisələri yaradılarsa, bu işin təşkilinə nail ola bilərik. Üzümün qurudulması çox əziyyətli və maya dəyəri baha olan prosesdir. İbtidai üsullarla böyük miqdarda məhsul əldə etmək mümkün deyil. Bunun üçün xüsusi texnologiya tələb olunur. Bu müəssisələr ölkəmizin müxtəlif rayonlarında yaradıla bilər. Çünki əksər rayonlarda üzümçülük sahələri mövcuddur. Digər tərəfdən, fermerlərin təşkilatlanmasına, bu sahədə maarifləndirmə işinin aparılmasına və onlara kreditlərin verilməsinə ehtiyac var. Əgər kişmiş istehsalına nail olsaq, ölkədən müvafiq valyuta axınının qarşısını ala bilərik”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər