• şənbə, 13 Sentyabr, 07:22
  • Baku Bakı 17°C

Bankların biznes kreditlərinə marağı artıb

13.09.25 02:42 102
Bankların biznes kreditlərinə marağı artıb

Ekspertlər qeyd edirlər ki, bazarda özünü tutmuş biznes subyektləri ilə işləmək banklar üçün daha faydalıdır. Bu şəxslərin müştəri seqmenti olduğu üçün onlara kredit vermək az riskli sayılır. Banklar bu biznes subyektlərinə kredit verməkdə daha maraqlıdır.

Azərbaycanda bankların biznes kreditləri portfelinin həcmi 15 milyard 143,7 milyon manat təşkil edib. Biznes kreditləri portfeli son bir il ərzində (illik müqayisədə) 1 milyard 268,9 milyon manat və ya 9,1 faiz artıb. Portfel ötən ilin sonu ilə müqayisədə isə 356,5 milyon manat və ya 2,4 faiz böyüyüb. Aylıq artım isə 43,7 milyon manat və ya 0,3 faiz təşkil edib. Qeyd edək ki, iyunun 1-nə biznes kreditləri portfeli 15 milyard 100 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövründə  isə 13 milyard 874,8 milyon manat təşkil edib. 

“Bu sahələrdə kreditlərə daha çox tələbat var”

Maliyyə və bank məsələləri üzrə ekspert Emin Kərimov bildirdi ki, biznes kreditlərinin artması çox müsbət tendensiyadır: “Deməli biznes mühitində müsbət dəyişikliklər var. Bu həm ölkədə biznes mühitinin inkişafında, həm də banklarda biznes kreditlərinin verilməsində təkmilləşmələrin aparılmasının bariz nümunəsidir. Kreditlərin artım tempi ölkədə iqtisadi fəallığın artması deməkdir. Çünki sahələr üzrə rəqabətin güclənməsi, yeni tendensiyaların ölkəyə gətirilməsi, yerli bazara uyğun biznesin inkişaf etdirilməsi biznesə olan tələbatın güclənməsi ilə izah olunur”. 

E.Kərimovun fikrincə, biznes kreditlərindəki artım istehsal və xidmət sektorunda kreditlərə daha çox tələbat olduğunu göstərir: “Nəzərə alsaq ki, biznes kreditlərində inkişaf tempi daha yüksəkdir. Bu da o deməkdir ki, ölkədə biznes mühitinin stimullaşdırılması eyni zamanda gəlirli sahə olduğunu göstərən işlər görülür. Həm dövlət tərəfindən dəstəyin verilməsi, eyni zamanda özəl sektorda sağlam rəqabətin güclənməsi biznes kreditlərinə tələbi artırır. İstehsal və xidmət sahəsi biznes kreditlərindən daha çox istifadə edir”. 

“2025-2026-cı illərdə biznes kreditləri daha da artacaq”

Ekspert banklar üçün biznes kreditlərinin mənfi və müsbət tərəflərindən də danışdı: “Bazarda özünü tutmuş biznes subyektləri ilə işləmək banklar üçün də faydalıdır. Bu şəxslərin müştəri seqmenti olduğu üçün onlara kredit vermək daha az risklidir. Banklar bu biznes subyektlərinə kredit verməkdə daha maraqlıdır. Amma biznes başlayan və ya iflasa gedəndirsə, burada risklər mövcuddur. Həmçinin biznes kənar amillər nəticəsində zəifləyə və çökə bilər. Bu risklər həmişə mövcud olacaq. Çünki həm biznes, həm də banklar xarici amillərin təsirindən asılıdır”. 

E.Kərimov qeyd etdi ki, 2025-2026-cı illərdə biznes kreditlərinin daha da artacağı gözlənilir: “Çünki inflyasiya tənzimlənir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə əlaqədar logistika xidmətlərinin, yük daşımaların həcminin artması biznes mühitinə də müsbət təsirini göstərəcək”. 

“Alternativ maliyyə mənbələri inkişaf etdirilməlidir”

“İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev isə düşünür ki, sahibkarların biznes kreditindən başqa müraciət edəcəyi vasitə yoxdur: “Azərbaycanda bizneslərin əsas maliyyə mənbəyi bankların verdiyi vəsaitlərdir. Mikro sahibkarlıq subyektlərinin 45 faizindən çoxu maliyyə tələblərini ödəmək üçün banklara müraciət edirlər. Son dövrlər banklar tərəfindən verilən vəsaitlərin biznes üçün əsas maliyyələşmə mənbəyi olması bir neçə səbəbdən irəli gəlir. Çünki maliyyə bazarı gözlənilən şəkildə inkişaf etməyib. Xüsusən də qiymətli kağızlar bazarı. Bizneslər bundan vəsaitlərinin genişlənməsi üçün istifadə etmir. Həmçinin alternativ maliyyə alətləri var. Qanunvericiliyin tələblərinin uyğun olmaması və çeşidlərin azlığı səbəbindən bəhrələnə bilmirlər. Ona görə də bankların verdiyi kredit əsas maliyyə mənbəyi sayılır”.

R.Atakişiyevin sözlərinə görə, artımın səbəbi biznes kreditləri ilə bağlı bir sıra dövlət tədbirlərinin həyata keçirilməsidir: “Xüsusən də Şərqi Zəngəzur, Qarabağ zonasında aşağı həcmli vəsaitlərin götürülməsi ilə bağlı dövlət zəmanətinin verilməsinin həcminin artırılması, kredit vəsaitlərində faiz dərəcələrinin subsidiyalaşması, dövlət mənbələri hesabına vəsaitlərin verilməsi zamanı kredit faizlərinin aşağı olması, girovsuz vəsaitlərin verilməsinin həcminin genişlənməsi biznes kreditlərini artırıb. Amma hər bir halda alternativ maliyyə mənbələri inkişaf etdirilməlidir. Xüsusən də vergi kapitalı, İslam bankçılığı, qiymətli kağızlar bazarının inkişafına ehtiyac var ki, sahibkarlıq subyektləri təkcə bank kreditlərindən yox, digər vasitələrdən də istifadə edə bilsin”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər