• cümə axşamı, 25 aprel, 18:56
  • Baku Bakı 21°C

Nəslin on yeddi hərbçisindən biri

24.10.20 16:27 1109
Nəslin on yeddi hərbçisindən biri
O, general-leytenant rütbəsi alan ilk azərbaycanlıdır
Mənbələrdə yer alan məlumata görə, Bakıxanovlar nəsli Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, fəlsəfəsi və hərbisinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu nəslin ən görkəmli nümayəndəsi kimi həmişə Abbasqulu ağa Bakıxanov xatırlanır. Onun Azərbaycan ədəbiyyatı, tarixi, fəlsəfəsi, maarifi sahəsində və rus ordusunda hərbi xadim kimi göstərdiyi əvəzsiz xidmətləri var. Dərsliklərdə, tədqiqat əsərlərində də Abbasqulu ağa Bakıxanov haqda xeyli məlumatlar yer alıb. Bakıxanovlar nəslindən olan hərbçilər haqqında isə oxucuların çoxu, demək olar ki, məlumatsızdır. Ən maraqlı fakt odur ki, ötən əsrdə bu nəsildə on yeddi hərbçi yetişib. Onların arasından Cəfərqulu ağa Bakıxanov, Həsən ağa Bakıxanov, Abdulla ağa Bakıxanov general rütbəsinə layiq görülüblər. Hətta Cəfərqulu ağa general-leytenant rütbəsinə qədər yüksəlib.
Qüsursuz hərbi xidmət
19-cu əsrin 20-ci illərində hərbi xidmətə başlayan Cəfərqulu ağa 1799-cu ildə (doğum tarixi ilə bağlı müxtəlif versiyalar mövcuddur) Qubada anadan olub. Hərbi təhsilini əvvəl Dərbənddə, sonra isə Peterburqda alıb. Kiçik zabit rütbəsi ilə hərbi məktəbi bitirən Cəfərqulu ağa Müşkür mahalının naibi təyin olunub. 1824-cü ildə Qafqaz canişini general Aleksey Petroviç Yermolov ştabs-kapitan Cəfərqulu ağa Bakıxanovun qüsursuz hərbi xidmətlərini nəzərə alaraq, komendantlıq dövründə alınıb dövlətin ixtiyarına keçirilən dədə-baba torpaqlarını Cəfərqulu ağaya qaytarır və Hacı Ərəb kəndini ona bağışlayır.
Yazıçı-tədqiqatçı, Azərbaycan generalları haqqında silsilə kitabların müəllifi Şəmistan Nəzirli həmçinin Cəfərqulu ağa Bakıxanov haqqında ilk tədqiqatların ona məxsus olduğunu, Sankt-Peterburqda, Xarkovda arxivlərdə işlədiyini bildirir. Bele ki,Cəfərqulu ağa Bakıxanov ilk döyüş sınağını 1826-28-ci illərdə Rusiya ilə İran arasında olan müharibədə keçir. Quba süvari dəstəsinin komandiri kapitan Cəfərqulu ağa Salyanı, Zərdabı və Kür çayı sahilini İran basqınçılarından təmizləyir. Şamxor (indiki Şəmkir) və Gəncə yaxınlığında gedən şiddətli döyüşlərdə Cəfərqulu ağa, süvarisi şah qvardiyasından olan bir dəstəni əsir alır. Həmin günlərdə komandan İvan Paskeviçə göndərilən raportda yazılırdı: "Azərbaycan döyüşçüləri misilsiz qəhrəmanlıq göstərir və həmişə də ön sıralarda getməyə icazə verilməsini tələb edirlər”. Bu döyüşlərdə əlli səkkiz azərbaycanlı döyüşçünün qəhrəmanlığı orden və medallara layiq görülür.

Müharibədən bir il sonra, 1829-cu il fevralın 8-də imperatorun sərəncamı ilə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, mayor Cəfərqulu ağa Bakıxanov üçüncü dərəcəli bantlı "MüqəddəsAnna” ordeni ilə təltif olunur.

Podpolkovnik Cəfərqulu ağa Bakıxanov uzun illər Dağıstan hərbi dairəsində qulluq edib. O, dairənin komandanı general M.Z.Arqutinski ilə yaxın dost olub. General M.Arqutinski öz qeydlərində Cəfərqulu ağaya, onun qardaşı şair Abbasqulu ağaya səmimi münasibət bəslədiyini və dəfələrlə Qubada onların evində qonaq qaldığını iftixarla yazır.

Abbasqulu ağa Bakıxanov isə "Gülüstani-İrəm”in yazılması səbəbi barədə” adlı şerində general Arqutinskini hörmətlə yad edir. 25 sentyabr 1848-ci il tarixli digər raportda knyaz Arqutinski qraf Vorontsova Aktam kəndi yaxınlığında Daniyal bəy və Hacı Muradın dəstəsilə döyüşün detallarını açıqlayır: "Düşmən təlaşa düşən kimi polkovnik Cəfərqulu ağa öz süvari qoşunu ilə düşmənin arxasına keçdi və qaçanlara cinahdan hücum etdi”.

Qraf Vorontsovun əlahiddə Qafqaz korpusu ilə bağlı əmrindən çıxarışda yazılır: «Turçi-dağa doğru irəliləməzdən əvvəl knyaz Arqutinski Ömərin dəstəsinə qarşı general-mayor Bakıxanovun rəhbərliyi altında 1 batalyon, 2 top, 200 kazak, 600 milis və Ağalar bəyin polkundan ibarət ehtiyat dəstə göndərmişdi. Ehtiyat qüvvələr qısa vaxt ərzində toplandı və bir gecəyə 50 verst keçərək düşməni gözlənilmədən Çiraxçay üzərində yaxaladı, onu döyüş meydanından qaçmağa məcbur etdi”.


Sonuncu Bakı xanının nəslindən
General-leytenant Cəfərqulu ağa 1867-ci ilin oktyabr ayında Qubada vəfat edib. Moskvadakı Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 191 saylı Yefremov fondunda həmin ildə "Vostok” qəzetindən köçürülmüş bir vərəq saxlanılır. Vərəqdə qeyd edilib: "Vostok” qəzetinin yazdığına görə, keçən ay Qubada general-leytenant Cəfərqulu xan Bakıxanov vəfat etmişdir. O, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindəndir. Hüseynqulu xanın nökəri 1806-cı ildə Sisianovu öldürmüşdür. Bakıxanovun cənazəsi Qubadan Bakıya Şıx vadisində dəfn olunmağa gətirilmişdir. Xanın dəfn mərasimi onun mənsəb və rütbəsinə layiq hərbi şərəflə təşkil olunmuşdur. Qubernator və onun şəxsi heyəti vidalaşmaq üçün Şamaxı yoluna gəlmişdilər. Mərasim hərbi matəm musiqisi və qaladan atılan yaylım atəşi ilə müşayiət olunmuşdur. Matəm dəstəsinin önündə bəziləri barabanlarla, bəziləri isə bayraq və müxtəlif ordenlərlə irəliləyirdilər. Onların ardınca mollaların müşayiəti ilə tabutda mərhumun cənazəsi aparılırdı. Cəfərqulu ağanın dəfni böyük hörmət və ehtiramla həyata keçirildi”.

Cəfərqulu ağanın oğulları Əhməd ağa və Həsən ağa da Rusiya İmperiyasının ordusunda xidmət edib, Qafqaz ordusunun komandanına tabe olublar. Əhməd ağa Kazak polkunun leyb-qvardiyasının polkovniki, Həsən ağa isə general-mayor olub. Abbasqulu ağa Bakıxanovun böyük qardaşı da polkovnik olub.

Hərb tariximizin bu cəsur nümayəndələri o dövrün şəraitinə uyğun çar imperiyasına xidmət etsələr də, Azərbaycan hərbçisi kimi adlarını tarixə yazdırıblar. Bu gün isə Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimiz sələflərinin rəşadətindən qüvvət alır, adlarını hərb tariximizə yazdırırlar.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər