• cümə, 26 Aprel, 10:09
  • Baku Bakı 12°C

Multikulturalizm alternativi olmayan həyat tərzidir

15.01.20 11:00 732
Multikulturalizm alternativi olmayan həyat tərzidir
Dəyərlərimiz öyrənilməli, mənimsənilməli, inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməlidir
Hər bir xalqın dünyagörüşünün, adət-ənənələrinin, milli-əxlaqi dəyərlərinin özünəməxsus xarakterik xüsusiyyətlərinin min illər ərzində formalaşması, qorunması, inkişaf etdirilməsi milli-mənəvi dəyərlərinə əsaslanır. Millətin milli-mənəvi dəyərləri, adət-ənənəsi isə onun dilində, tarixində, ədəbiyyatında öz əksini tapır.
Milli dəyərlər də torpaq kimi, Vətən kimi qorunmalı, nəsildən-nəslə miras kimi ötürülməli, yeni tarixi şəraitdə yeni nəsillər tərəfindən yaşadılmalıdır. Milli dəyərlərin itirilməsi həmin xalqın taleyinin, varlığının itirilməsinə gətirib çıxara bilər. Azərbaycan xalqının taleyində və tarixində misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyev siyasi rəhbərliyinin elə ilk illərindən milli-mənəvi irsimizə, mədəniyyətimizə, dilimizə, dinimizə xüsusi əhəmiyyət vermiş, milli şüurumuzun formalaşmasında böyük dəyişiklik etmişdir. XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan mədəni, mənəvi mühitin sağlamlaşması, elm və təhsilin inkişafı, ölkənin hərtərəfli inkişafına ciddi diqqət yetirilməsi, mədəniyyətə qayğı, milli-mənəvi dirçəlişə, milli özünüdərkə təkan verdi. Dahi lider hakimiyyətinin birinci dövründə böyük əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, ölkəmizin bütün dünyada tanınmasına çalışırdı.
Həmin dövrün mövcud siyasəti milli dəyərlərin inkişafı istiqamətində açıq müstəvidə fəaliyyət göstərməyə imkan verməsə də, xalqımızın musiqi və incəsənətinin, mədəniyyətinin inkişafı və dünyada təbliği sahəsində ciddi iş aparılırdı. Eyni zamanda, sovet rejimi xalqımızı dinindən, dilindən və milli-mənəvi dəyərlərindən uzaq salmışdı. Din xadimləri təqiblərə məruz qalırdılar. İslam dini ilə, tariximizlə bağlı böyük memarlıq və mədəniyyət abidələrimiz qəsdəndağıdılırdı. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin guya dini xarakter daşıması marksizm-leninizm ideyalarına zidd olması və sosializm quruculuğuna təhlükə yaranması bəhanəsi ilə sıxışdırılırdı. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 70-ci illərin əvvəllərində bu mənfi hallara qarşı kəskin mübarizə aparmağa başladı. Xalqımızın dahi oğlu milli-mənəvi dəyərlərimizin qorunması, milli əxlaqımıza zidd halların aradan qaldırılmasını çox vacib amil kimi şərtləndirirdi. O, bu məsələ ilə bağlı tarixi bəyanatında deyirdi: "Xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür mərhumiyyətlərə məruz qalmasına baxmayaraq, bu adət-ənənələrini unutmayıb”.
Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərin həlli artıq əvvəlki kimi deyildi. Ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yolu, o cümlədən müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın təcavüzü və sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycan ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoydu və hərtərəfli inkişafa başladı. 1994-cü ildən sonra bu siyasət Prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlamasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundu. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmaıarına şərait yaradıldı, müxtəlif konvensiyaların sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. Heydər Əliyev milli məsələlərlə bağlı fəaliyyətində beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Məhz buna görədir ki, Azərbaycanda etnomühitdə bu gün də sabitlik hökm sürür. Bu hər təbəqə nümayəndələrinin birinin digərinəolan münasibətlərinin birmənalı olaraq davam etdirməsinin göstəricisi, yeni topluma daxil olan istənilən millət nümayəndələrinə ictimai mühitdə yanaşma tərzinin ifadəsidir.
1995-ci ildə bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin III bəndində olduğu kimi Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır, heç kəs milli mənsubiyyətini dəyişməyə məcbur edilə bilməz.
Bu gün də ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın da artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması yalnız sosial - mədəni deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı – ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.
Bu gün Avropa ölkələrində Ümumdünya insan hüquqları bəyannaməsi, eləcə də insan hüquqları və azadlıqları barədə müxtəlif faktlar, xartiyalar, konvensiyalar qəbul edilirsə də, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulursa, bu, heç də avropalıların öz dinlərindən əl çəkməsi demək deyildir. Azərbaycan gerçəkliyində İslam amili danılmaz faktdır. Əsas olan odur ki, bizdə fanatizm və dini ekstremizm yoxdur. Nəzərə almaq lazımdır ki, İslam başqa dinlərdən fərqli olaraq yalnız dini etimad deyil, həm də həyat tərzi, əxlaqdır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Hər xalqın öz adət-ənənəsi var. Öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli mənəvi dəyərlərimizlə fəxr edirik. Həm də dini dəyərlər bizim həyatımızda ötəri, keçici bir şey olmayıb,davamlı, dayanıqlı bir məqamdır”. Nəticə etibarı ilə multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, bir sözlə, ədalətin bərqərar olması deməkdir. Ölkəmizdə heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur. Milli-mənəvi dəyərlərimiz müstəsna hallarda yad təsirlərə, kənar müdaxilələrə məruz qalır. Belə təsirlərin qarşısı ölkəmizdə, onun ayrılmaz parçası olan muxtar diyarımız Naxçıvanda da qətiyyətlə alınır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il Naxçıvan Muxtar Respublikasında "Milli-mənəvi dəyərlər ili” elan olunması milli-mənəvi dəyərlərimizin yaşadılması, qorunub saxlanılması, təbliğ edilməsi sahəsində əvəzolunmaz addımdır. Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli "Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar təşkilat komitəsinin yaranması haqqında” sərəncamından irəli gələn tədbirlərin nəticəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən məscid, ziyarətgah, imamzadə və türbə komplekslərində təmir, bərpa işləri aparılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında sərəncamından sonra ardıcıl olaraq olduqca maraqlı videoçarxlar, suvenirlər hazırlanmış, Naxçıvan şəhərində keçirilməsi artıq ənənə halı almış festivallarda bu səpkidə əl işləri nümayiş olunmuş, poçt markaları buraxılmış, İslam filmləri həftəsi təşkil edilmiş, habelə mədəni, idman, intellektual oyunlar və bu zəmində bir sıra tədbirlər keçirilmişdir.
Bu gün Naxçıvan Dövlət Universitetində rəngarəng etnik tərkibə, fərqli dini və məzhəbi mənsubiyyətə malik olan bir neçə ölkə vətəndaşlarının azərbaycanlı tələbələrlə eyni auditoriyada, yüksək dostluq şəraitində təhsil alması, elmi biliklərə yiyələnməsi milli və dini tolerantlığa mükəmməl nümunədir. Milli, dini dəyərlərimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması muxtar respublikada daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin rəhbərliyi ilə mənəvi dəyərlərimizin qorunub yaşadılması, dini abidələrin, ziyarətgahların bərpa edilməsi və yeni məscid binalarının tikilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 4 dekabr 2019-cu il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamAllahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində "Allahşükür məscidi"nin istifadəyə verilməsi və açılış mərasimində digər din nümayəndələrinin; Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin də iştirakı multikulturalizmin prioriteti olan dini birliklərin olmasından, fərqli dini yanaşmaların olmamasından xəbər verir. Muxtar diyarımızda xalqımızın uzun illərdən bəri mənimsədiyi islami dəyərlərin yaşadılması, mənəvi dəyərlərimizin gələcək nəsillər üçün qorunub saxlanılması, dini etiqad azadlığının həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2003-cü il 28 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası Nümayəndəliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə idarənin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, 28 dekabr 2017-ci il tarixdə isə Agentliyin tabeliyində "Mənəvi dəyərlərin təbliği Fondu” yaradılıb. 2014-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Həmin sərəncamın icrası ilə əlaqədar Muxtar Respublikanın bütün rayonlarında Multikulturalizm və Dini Məsələlər üzrə komissiyalar yaradılaraq, bu istiqamətdə fəaliyyət günü-gündən genişlənir. Əsasən dini dəyərlərin qorunmasında, milli-mənəvi dəyərlərin müasir dövrlə vəhdəti zəminində adət ənənələrimizin yaşaması, hər bir xalq nümayəndələrinin də milli mənəviyyatına, dəyərlərinə hörmətlə yanaşılması ilə əlaqədar təbliğat işləri həyata keçirilir.
2016-cı ilin ölkəmizdə Multikulturalizm ili elan edilməsi bir daha sübut etdi ki, xalqımız hər zaman insanlıq meyarını üstün tutur, keçmiş ənənələri müasir dövrdə yeni müstəvidə bütün dünyaya təqdim edir. Multikulturalizm bu gün bir fənn kimi dünyanın bir çox ölkəsinin nüfuzlu ali təhsil müəssisələrində, Azərbaycanın isə 20-dən çox ali məktəbində tədris olunur. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dünyanın tolerantlıq mərkəzi olmaqla, ölkəmizdə də multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Ona görə də budəyərləri öyrənməli, mənimsəməli, inkişafı üçün ardıcıl tədbirlər həyata keçirməli, tənzimlənməsində yaxından köməklik göstərməklə layiqli töhfələrimizi verməliyik.
Nurlan Səfərli
Naxçıvan MR Ordubad Rayon İcra Hakimiyyətində böyük məsləhətçi,
YAP Ordubad rayon təşkilatı Gənclər Birliyinin sədri, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
banner

Oxşar Xəbərlər