Müasir milli təhsilin elçiləri - Fotolar
"Kaspi”
Təhsil Şirkəti (KTŞ) may ayında 10 illik yubileyini qeyd etməyə hazırlaşır.
"Mükəmməl milli təhsil amalımızdır” şüarı ilə fəaliyyətə başlayan təhsil ocağı
bu fikirləri əsas leytmotivinə çevirib. Ulu öndər Heydər Əliyevin ”Təhsil
millətin gələcəyidir” müdrik kəlamına söykənən təhsil ocağının onillik yolda
uğurları az olmayıb. Müasir təhsilin ən yeni metodlarını milli təhsil proqramı
ilə uzlaşdırmaqla yanaşı, təlim-tərbiyənin əsasında azərbaycançılıq ideologiyası
təməl dəyər kimi qəbul edilib. Dövlət başçısı İlham Əliyevin "Mən çox istəyirəm
ki, bizim bütün məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli
dəyərlərimizi unutmasınlar” fikirləri isə təhsil müəssisəsi üçün iş prinsipinə
çevrilib. Milli təhsili amala çevirən və fəaliyyətin bütün sahələrinin əhatə
olunduğu "Kaspi” Təhsil Şirkəti təhsil sektorunda özünəməxsus yer tutur.
Fəaliyyətinə
"Abituriyent”, "Kaspi-Kids”, daha sonra "Kaspi Qlobal” kimi başlayan təhsil
şirkəti abituriyentlərin hazırlığı ilə yanaşı, tələbələrin bakalavr və magistr dərəcəsi
üzrə təhsillərini davam etdirməsinə zəmin yaratdı. Beynəlxalq təhsil sərgiləri
keçirən ilk şirkət kimi də fəaliyyəti uğurlu oldu. Həm məktəbəqədər, həm orta
təhsil, həm də abituriyent hazırlığı sahəsindəki fəaliyyəti milli liseylərin
yaranmasına əsas verdi. Azərbaycançılıq ideyası üzərində qurulan məktəb
qarşısına ölkəsinin tarixini, incəsənətini, ədəbiyyatını öyrənmək, müasir
dünyanın tələblərinə cavab verən şagird yetişdirməyi məqsəd qoydu. Şagirdlərdə
yaradıcı düşünmə qabiliyyəti, tənqidi təfəkkürün formalaşdırılması, yeni
texnologiyalardan istifadə bacarığı, dil bilgilərini aşılamaq əsas hədəfə
çevrildi.
Liseylərə
daxil olub səliqəli və rahat dərs otaqları,
müasir tələblərə uyğun laboratoriyalar, zəngin kitabxana ilə, idman zalları,
dərnəklərlə tanış olduqca, şagirdlərlə, müəllimlərlə söhbət etdikcə hədəfə çevrilən məqsədin və
nəticənin harmoniyasının şahidinə çevrilirsən.
Dünya standartlarına uyğun təhsil
Təhsil
müəssisəsində tədris Təhsil Nazirliyinin standartlarına uyğun keçirilsə də,
müəllimlərin şagirdlərə fərdi yanaşma metodlarının zənginliyi ilə fərqlənir:
"Elə fənlər var ki, liseydə beynəlxalq standartlara uyğun tədris olunur”, – deyə "Kaspi”
Liseyin (Bakıxanov) direktoru Tural Əliyev bildirir: "İbtidai siniflərdən
başlayaraq ingilis dili hər gün keçirilir. Rus dili isə 3-cü sinifdən start
verilərək həftədə üç dəfə tədris edilir. KTŞ Kembric İngilis dilinin
qiymətləndirmə mərkəzi ilə əlaqə qurub. Mərkəzin lisenziyası əsasında şagirdlər
ingilis dilinə Kembric ingilis dili dərslikləri üzrə yiyələnirlər. Həmçinin
mərkəz müəllim və şagirdlərin qiymətləndirilməsini həyata keçirir. Uğurlu
şagirdlərə Kembric Universitetinin beynəlxalq sertifikatı verilir”.
Liseydə
dil bilgiləri ilə yanaşı, müasir texnologiyaların mənimsənilməsi məqsədi ilə
informatika dərslərinə də xüsusi önəm verilir. Bu sahədə ən son istifadə olunan
proqramlardan istifadə edilir.
Hazırda
Liseydə 450 şagirdin dərs aldığını deyən T.Əliyev təhsil ocağında I-XI siniflər
üzrə şagirdlərin oxuduğunu bildirir: "Üstünlüklərdən biri odur ki, siniflərdə
Təhsil Nazirliyinin Nizamnaməsində qeyd olunan 20 şagird tələbindən fərqli
olaraq 14-16 şagird təhsil alır. Bu da müəllimlərin şagirdlərlə fərdi
işləməsinə və ünsiyyətinə şərait yaradır. Siniflərdə birinci və ikinci müəllim
heyəti çalışır. İbtidai siniflərin hər birində tədris prosesinə iki müəllim
cəlb olunur. Məqsəd təhsil institutu olaraq müəllim yetişdirməkdə maraqlı
olmağımızdır. Biz Liseyə kifayət qədər müəllim cəlb edərək ali məktəblərin
məzunlarını tədris prosesinə cəlb etmək və müəllim kimi yetişdirmək məqsədi
qoymuşuq. Onlar iş prosesində təcrübə qazanır, mənəvi dəyərləri hiss edə-edə
formalaşırlar. Gənc müəllimlər gələcəkdə məktəbin qarşıya qoyduğu məqsədlərin
həllində bizə yaxından kömək edə bilərlər. Hər ikinci müəllimə gələcək əsas
müəllimimiz kimi yanaşırıq. Biz müşahidə komissiyası ilə birlikdə onların
dərslərində iştirak edir və boşluqları müzakirə edirik. Yayda onlar üçün həm
ünsiyyət, həm pedaqoji təlimlər təşkil edirik”.
T.Əliyev
söyləyir ki, keçən ildən başlayaraq Liseyin X-XI siniflərində KTŞ-nin "Kaspi
Abituriyent” modulunun genişləndirilmiş versiyası tətbiq olunmağa başlayıb. Bu
il artıq 25 məzundan ibarət şagirdlərin ilk buraxılışı olacaq: "Ötən bazar günü
onlardan 10 nəfəri 2-ci və 3-cü qruplar üzrə imtahanlarda iştirak edib.
İnanırıq ki, ümidlərimizi doğrultacaqlar. Biz Təhsil Nazirliyinin proqramına
uyğun olaraq 5 fənn üzrə şagirdlərin tədrisini təşkil etmişik. Onlar üçün aylıq
mövzu, sınaq imtahanları, həmçinin gündəlik, həftəlik və aylıq qiymətləndirmə
tətbiq olunur. Şagirdlərə ev tapşırıqları verilir və viktorinalar tətbiq
edirik”.
Liseydə
tədris təkcə şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə deyil,
həm də onların sosial fəaliyyətlərinin
səmərəli təşkili istiqamətində qurulub. Belə ki, günün ikinci yarısında
şagirdlər özlərinin və ya valideynlərinin seçimi əsasında müxtəlif idman - voleybol,
badminton, basketbol, stolüstü tennis, cüdo, gimnastika, şahmat və s. dərnəklərə
cəlb olunurlar: "Şagirdlər rayon üzrə keçirilən müxtəlif yarışlara qatılır,
çempionatlarda iştirak edir və qalibiyyət qazanırlar. Gələcəkdə Bakı şəhəri
üzrə keçirilən yarışlarda da iştirak etmək niyyətindəyik. Bu cür yarışlar şagirdləri
daha da həvəsləndirir. Fəaliyyətimizi şagirdlərə dünya standartlarına uyğun
biliklərin verilməsi, bacarıq və vərdişlərin formalaşdırılması, həmçinin
onların bilik və bacarıqlarına uyğun peşə yönümlü potensialın aşkarlanması
istiqamətində qurduğumuzdan, bunların nəticəsini görmək istəyirik”.
Direktorun
sözlərinə görə, Liseydə V-VIII siniflər üzrə müxtəlif fənn olimpiada qrupları
təşkil olunur. Məqsəd həm xaricdə, həm də ölkə daxilində keçirilən olimpiadalar
üçün şagird yetişdirməkdir: "Şagirdlər artıq müxtəlif fənlər üzrə final
mərhələsinə qədər yüksəliblər. Bizə olimpiada qalibləri yetişdirmək üçün 2-3 il
də lazımdır. Artıq bir sıra beynəlxalq olimpiada təşkilatlarına müraciətlərə
müsbət cavab alınıb”.
Liseydə
Robot dərnəyi də fəaliyyət göstərir. I-IV sinif şagirdləri üçün nəzərdə tutulan
"Foster” proqramı sırf yapon mütəxəssisləri tərəfindən hazırlanıb. V-XI
siniflər üçün "Genesis” proqramı üzrə müxtəlif yarışlar keçirilir. Şagirdlər bu
il Nyu-York və Kosta Rikada keçiriləcək elmi və robot olimpiadalarında iştirak
edəcəklər. Liseyin şagirdləri iki gün öncə Rumıniyada keçirilən "İnfomatiks-2017” olimpiadasında robotlar
üzrə 2-ci, elmi layihə üzrə 3-cü yerə layiq görülüblər.
Milli yaddaş
Liseyin
şagirdləri milli irs dərnəklərində də fəal iştirak edirlər. "Milli yaddaş” dərsləri onların vətənpərvər
və milli-mənəvi ruhda böyümələri üçün böyük rol oynayır. Layihə çərçivəsində
ölkənin görkəmli ədəbiyyat, incəsənət adamları, ictimai xadimləri ilə liseydə
görüşlər keçirilir. Millət vəkili, tarixçi alim Yaqub Mahmudov, Xalq yazıçısı
Anar, Xalq şairləri Nəriman Həsənzadə və Sabir Rüstəmxanlı, xalq artistləri
Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, rejissor Ayaz Salayev, Veteranlar Şurasının
sədri general-mayor Dadaş Rzayev, Qarabağ müharibəsi iştirakçıları, Milli
qəhrəmanlar layihə çərçivəsində Liseydə qonaq olublar: "Bu cür görüşlər
şagirdlərin yaddaşına yazılır, onların vətəndaş kimi yetişmələrinə, peşə
seçimlərini müəyyənləşdirmələrinə kömək edir”.
Beynəlxalq əməkdaşlıq
Lisey
şagirdlərin başqa xalqların tarixinə, mədəniyyətinə, dilinə və dininə hörmət
hissinin tərbiyəsi istiqamətində də layihələr həyata keçirir. Müxtəlif
ölkələrin məktəbləri ilə beynəlxalq əməkdaşlıq da bu məqsədə köklənib.
Gürcüstanın
Batumi şəhərindəki "Qanatleba” özəl məktəbi ilə Kaspi Liseyi arasında imzalanan
memorandumda qarşılıqlı səfərlər də nəzərdə tutulub. Keçən ilin oktyabr ayında
Liseydə qonaq olan və böyük təəssüratlarla ayrılan gürcü məktəbliləri və
müəllimlərinin dəvəti ilə Kaspinin 20 nəfər şagird və müəllimlərindən ibarət qrup
Batumiyə səfər edib: "Məqsədimiz xalqlarımız arasındakı əlaqələrin
möhkəmlənməsinə xidmət etmək, müxtəlif mədəniyyətləri şagirdlərə sevdirmək,
onların tolerant böyüməsinə kömək etməkdir. Bu, əlaqələr şagirdlərin müxtəlif
mühitlərə adaptasiyasını təmin edəcək. Gələcəkdə bu tip layihələri digər ölkə
məktəbləri ilə də davam etdirmək niyyətindəyik. Şagirdlər ölkəmiz,
mədəniyyətimiz, tariximiz haqqında məlumatları rahat şəkildə paylaşırlar. Bu
cür layihələr şagirdlərin dünyagörüşünün inkişafına kömək edir”.
Liseydə
kurikulum təlim metoduna əsasən şagirdlərin Ana dili və ədəbiyyat üzrə
fikirlərini müstəqil ifadə etmələri istiqamətində işlər görülür: "Müəyyən
dərnəklər və yarışlar var ki, şagirdlərin qabiliyyətini üzə çıxarır. Məsələn,
şagirdlər arasında tarixi günlər və bayramlarla əlaqəli inşa, şeir, hekayə və
rəsm müsabiqələri keçirilir. Rəsm dərsləri və dərnəkləri də şagirdlərin
istedadlarını üzə çıxarır. Lisey şagirdlərinin əl işlərindən ibarət rəsm
sərgiləri də təşkil olunur. Xeyriyyəçilik məqsədi daşıyan bu sərgilərdən əldə
edilən məbləğ kimsəsiz, fiziki qüsurlu, onkoloji xəstələr və ahıl insanlarla
bağlı müxtəlif sosial layihələrə yönəldilir: "Həmin layihələr şagirdlərin xeyirxahlıq, başqalarına hörmət və insanlara
sevgi hissinin tərbiyəsində mühüm rol oynayır”.
Dəyərlərin önəmi
"Kaspi-Ağşəhər” Liseyi 2015-ci ildə fəaliyyətə başlayıb. Bakının dinamik
inkişaf edən rayonunda yeni məktəbin açılması ərazidə yaşayan məktəbyaşlı
uşaqların və valideynlərin istəyi ilə səsləşib. Valideynlər "Milli təhsil
amalımızdır” şüarını dəyərləndirərək övladlarını bu təhsil müəssisəsinə etibar
ediblər. 155 şagirdlə fəaliyyətə başlayan Liseydə hazırda 360-dan çox şagird
təhsil alır.
Həftənin
beş günü, səhər saat 8.30-dan 16.10-dək davam edən dərs saatlarında şagirdlər
hərtərəfli bilik və bacarıqlara yiyələnirlər.
"Kaspi- Ağşəhər” Liseyinin direktoru Asif Əzizov söhbətimiz zamanı məktəbin fəaliyyətində əsasən milli istiqaməti önə çəkdi: "Milli
dəyərlərə söykənən təhsilə yiyələnmək, milli tarixini, dilini, ədəbiyyatını,
mədəniyyətini gözəl bilən vətəndaş yetişdirmək məqsədi ilə fəaliyyətə başladıq.
Dəyərlər çox önəmlidir. Müasir dövrdə yaşayırıq və qloballaşan dünyada simamızı
qorumaq çox mühümdür. Ona görə milli dəyərlərə sahib çıxan nəsil yetişdirmək
əsas məqsədimizdir”.
Liseydə valideynlərlə əlaqələrə xüsusi
diqqət yetirilir. Bu istiqamətdə məktəbdə xüsusi müəllimlər fəaliyyət
göstərir. Valideynlərlə əlaqə e-Kaspi vasitəsi ilə aparılır: "Əsas ünsiyyət
istiqaməti online həyata keçirilir. Həmçinin valideyn iclaslarında aktual
məsələlər müzakirə olunur. Valideynlərlə məktəbin bütün fəaliyyətini əhatə edən
suallar vasitəsi ilə sorğular aparılır. Məktəb üçün məlumat bazasının olması
önəmli məsələdir. Şagird-məktəb-valideyn üçbucağı mühüm faktordur”.
Liseydə
ev tapşırıqları məsələsinə kurikulim təlim metodunun tələblərinə uyğun
yanaşılır. Belə ki, kurikulum sinifdə analiz yönümlü dərsin keçirilməsi
olduğundan bütün uşaqlar dərsə cəlb olunur: "Bu, şagirddə özünəinamı
möhkəmləndirir. Ev tapşırığı məsələsi valideynləri narahat edən məsələ
olduğundan buna diqqətlə yanaşılır. Fəaliyyətin ilk günündən tapşırıqların 80
faizinin sinifdə edilməsi məsələsi tələb kimi qoyulub. Yazı tapşırıqları və
kömək tələb edən məsələlər məktəbdə həll edilir. Amma mövqeyimiz elədir ki,
şagird mütləq evdə də oxu tapşırıqları, müstəqil edə biləcəyi kiçik layihələri
hazırlamalıdır. Bu şagirdi mobil telefon, planşet və s. texnologiyalardan, TV
serialları izləməkdən uzaqlaşdırar. Həmçinin dərsə məsuliyyəti artırır”.
Şagirdlərin
fərdi qabiliyyətlərini üzə çıxarmaq üçün "Ana dili günü”, "Ədəbiyyat günü”,
"Bədən tərbiyəsi günü” və s. tarixlərlə bağlı inşa müsabiqəsi və ya hər hansı
yarış keçirilir. Liseydə rəqs, şahmat, xor, rəsm dərnəkləri fəaliyyət göstərir:
"Məqsədimiz şagirdlərin istedadlarını üzə çıxarıb onlara dəstək verməkdir. Bu
istiqaməti daha da genişləndirmək niyyətindəyik”.
Liseyin
şagirdləri üçün dil bilgiləri önəm daşıyır. Əcnəbi dillər arasında xüsusən
ingilis dilinə maraq böyükdür.
Liseyin İngilis dili üzrə fənn rəhbəri Elnurə İncə şagirdlərin ingilis dilinə maraqlarının yüksək
olduğunu deyir: "Bu maraq günümüzün tələbidir. İnternetdən istifadə də ingilis
dilini öyrənmələrini tələb edir. Onlar artıq həyatda ingilis dilinin rolunu
əyani olaraq görürlər. Bu baxımdan, ingilis dili onların ən çox sevdiyi
fənlərdən biridir. Xüsusən ingilis dilində danışığa üstünlük verirlər. Bunu
onların motivasiyalarından, maraqlarından görürük. Həmçinin "Yay məktəbləri”
layihəsi ilə şagirdlərin İngiltərəyə və ABŞ-a getmək imkanları var. Kaspi- də açılan Kembric Qiymətləndirmə Mərkəzi
beynəlxalq lisenziyalıdır. Burada şagirdlər müxtəlif səviyyələr üzrə imtahanlardan
keçə və sertifikat ala bilərlər. Şagirdlər bu təcrübəyə çox maraq göstərirlər.
İldə bir neçə dəfə imtahan sessiyaları keçirilir”.
Rəqs, şahmat, etüd...
Liseydə
nahardan sonra şagirdlərin fiziki sağlamlığı üçün müxtəlif dərnəklərin
fəaliyyəti nəzərdə tutulub. Şagirdlər kapoeyra – rəqs, idman və döyüş növünün
qarışığından ibarət dərnəkdə, eləcə də kikboksinq, stolüstü tennis
dərnəklərində məşğul olurlar. Həmçinin gün ərzində keçirilən dərslərin
möhkəmləndirilməsi üçün nəzərdə tutulan xüsusi Etüd dərsləri var.
Liseyin Kikboksinq dərnəyinin rəhbəri Sakit Məmmədovhesab edir ki, şagirdlərin fiziki hazırlıqları olmasa, onların dərsə
motivasiyası da olmayacaq: "Ölkəmizdə idmana qayğı göstərilir. Müxtəlif yaşda
olan uşaqlar idman növlərinə həvəs göstərirlər. Uşaqlar çox həvəslidirlər. Başa
düşürlər ki, fiziki tərbiyə çox vacibdir. Aralarında gələcəkdə böyük idmançılar
ola biləcək uşaqlar var”.
Kaspi liseylərinin nəzdində yaradıcılıq mərkəzi
fəaliyyətə başlayıb.Mədəniyyət və Turizm Nazirliyinə xüsusi lisenziya alınması ilə bağlı müraciət
də olunub. "Növbəti tədris ilindən peşəkar istiqamətdə şagirdlərin yaradıcı qabiliyyətlərinin
inkişaf etdirilməsi ilə məşğul olunacaq”.
Hazırda şagirdlərin
məktəbə qəbul prosesi davam edir. Liseydə ibtidai istiqamət üzrə 30 nəfərlik,
yuxarı siniflər üzrə də təxminən bu sayda müəllim şagirdlərin təlim-tərbiyəsi
ilə məşğul olur: "Siniflərdə, xüsusən ibtidai siniflərdə şagirdlərin sayına
xüsusi diqqət yetirilir. Valideynlərin də övladlarına fərdi yanaşma istəyi
nəzərə alınaraq sinif otaqlarının sahəsindən asılı olaraq hər sinifdə 16-18
şagird təhsil alır. İbtidai siniflərdə iki – birinci və ikinci müəllim işləyir”.
Liseydə
tədris ilinin əvvəlində tərtib olunan "İllik fəaliyyətlər – gəzintilər və
ekskursiyalar” planına əsasən, şagirdlər
Bakı ərazisində yerləşən muzeylərə, tarixi abidələrə gəzintiyə aparılır. Bu da
şagirdlərin tariximiz, mədəniyyətimizlə praktik tanışlığına kömək edir.
Azərbaycanlılar kimi dostumuz...
Yuxrıda
qeyd etdiyimiz kimi, Liseyin nümayəndə heyəti
bu günlərdə Batumidən səfərdən qayıdıb.
Batumidə
olduqları günlər məktəb şagirdlərinin yaddaşına xoş xatirə kimi yazılıb.
VII "B” sinif şagirdi Fərzalı
Abbasov maraqlı xatirələrlə geri döndüklərini deyir: "Batumi çox xoşuma
gəldi. Biz gürcü məktəbliləri ilə maraqlı günlər keçirdik. Tarixi yerləri
gəzdik, mətbəxləri ilə tanış olduq. Ölkəmiz haqqında onlara çoxlu məlumatlar
verdik. Həmçinin çoxlu dostlar qazandıq”.
VI "B” sinif şagirdi Nərgiz Bəşirova "Biz Nizami haqqında onlara, onlar sa Şota
Rustaveli haqda bizə danışdılar”, - deyə sevinclə dillənir: "Batuminin görməli
yerlərini gəzdik, onların mədəniyyəti və tarixi ilə yaxından tanış olduq. Biz
bu cür dostluq əlaqələrinin davam etməsini istəyirik”.
Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini
Namiq Əmirov layihəni
məktəblərarası əlaqələr, eyni zamanda milli mədəniyyətin, tarixin qarşılılıqlı
tanıdılması istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirdi: "Biz gürcülərə
bir daha azərbaycanlıların necə xalq olmasını göstərdik. Onlar bizimlə
dostluqdan çox razı qaldılar. Ola bilər ki, orada hansısa millətlər bizim
haqqımızda xoşagəlməyən məlumatlar yaysınlar, amma gürcülər Bakıya gəldikləri,
həm də bizimlə yaxından tanış olduqlarından məmnun qaldılar. Biz azərbaycanlıların
başqa millətlərə necə münasibət bəslədiyini sərgilədik. Bu görüş uşaqların
yaddaşında qalacaq. Hesab edirəm ki, bu cür dostluq əlaqələrimizi təkcə
Gürcüstanla deyil, başqa ölkələrlə də qurmalıyıq”.
Layihədə
iştirak edən Liseyin psixoloqu və
nümayəndə heyətinin qrup rəhbəri Məlahət Qazıbəyova səfərin uşaqlar üçün
önəmli olduğunu qeyd etdi: "Belə layihələrlə şagirdlər özlərini necə aparmağı
öyrənirlər. Onlar öz mədəniyyətlərini nümayiş etdirdilər. Həmçinin, dostluq
əlaqəsi yarada bildilər. Biz öz musiqimizi, rəqsimizi və onlara töhfə olaraq
"Sulikonu” təqdim etdik. Gürcülər çox məmnun oldular. Bu cür görüşlər
şagirdlərin dünyagörüşünü formalaşdırır, onlara başqa xalqlara hörmətlə
yanaşmağı öyrədir”.
Batumi
Liseyinin direktoru Ketevan Qoşseteliyani Kaspi Liseyinin rəhbərliyinə ismarıc
yazaraq qrup üzvlərinə heyranlığını gizlətməyib: "Xoşbəxtik ki, Azərbaycanda
belə bir dost məktəbimiz var”.
Lisey
direktorunun sözlərinə görə, Gürcüstanın başqa məktəbləri ilə, o cümlədən
Türkiyə və Rusiya məktəbləri ilə əlaqələrin qurulması nəzərdə tutulur: "Yəqin
ki yaxın gələcəkdə Avropa məktəbləri ilə əməkdaşlıq haqqında da düşünəcəyik”.
"Kaspi”
liseylərində "Uşaqlar bizim gələcəyimizdir” sözləri bütün dövr və zamanlar üçün
öz aktuallığını qoruyur. Liseylər yüksək mənəvi əxlaqi keyfiyyətlərə malik,
aydın düşüncəli, sağlam əqidəli və fiziki cəhətdən sağlam, dünyanın elmi tərəqqisinə
qoşulmağa qadir Azərbaycan VƏTƏNDAŞI yetişdirməyi əsas hədəfə çevirib. Liseyin
rəhbərliyi də, müəllimləri də milli mənsubiyyətin, milli-mənəvi dəyərlərin
qoruyucusu və daşıyıcısı olan vətənpərvər şəxsiyyət yetişdirmək arzularının şagirdlərin
uğurlu nəticələri ilə mükafatlandırılacağına əmindir.
Uğur
olsun!
Təranə Məhərrəmova