Minalanmış ərazilərin xəritəsinin verilməsi texniki məsələdir

İstənilən müharibə və ya münaqişə başa çatdıqdan sonra minalanmış sahələr, partlamamış hərbi sursat və əldəqayırma partlayıcı qurğular həmin ərazilərin əsas probleminə çevrilir. Qarabağdakı sonuncu döyüş əməliyyatları nəticəsində və Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan Ordusunun azad etdiyi ərazilərin partlayıcı maddələrdən təmizlənməsi milyonlarla maliyyə vəsaiti, minadan təmizləmə üzrə çoxlu sayda peşəkar heyət və böyük texniki ehtiyatlar tələb edir. Nəzərə alsaq ki, hələ İkinci Dünya müharibəsindən başlayaraq, son səksən ildə ən aktual problemlərdən biri də məhz bu təhlükəli minaların təmizlənməsi məsələləridir.
Kaspi.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert xatırladıb ki, Azərbaycan əraziləri otuz il ərzində işğal altında qaldığı üçün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən bütün ərazilərə, o cümlədən qəbiristanlıqlar, su hövzələri, cığırlar, keçidlər, mümkün ola biləcək sahələrə xeyli sayda mina və partlamamış mərmilər basdırılıb. Ermənistan tərəfinin bu minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi vəziyyəti xeyli çətinləşdirir. Bu minatəmizləmə proseslərinin həm sürətini aşağı salır, həm də onların aşkarlanaraq zərərsizləşdirilməsi işlərinin uzanmasına səbəb olur. Ermənistan ordusu Qarabağda əsasən Sovet İttifaqı istehsalı olan tank və piyada əleyhinə, eləcə də bu ölkədə istehsal olunan minalardan istifadə edib. Hava şəraitinin təsiri altında minaların zamanla sıradan çıxması və minalanmış sahələrinin yenilənməsi ərazidəki mövcud mina sıxlığının da artmasına səbəb olur. Belə ki, Qarabağda 10-20 santimetr dərinlikdə basdırılan minalar iqlimin təsiri ilə bəzən 35-40 santimetr dərinlikdə tapılır.
Ermənistan tərəfinin Azərbaycana minalanmış sahələrin sxemlərini və xəritələrini verməkdən imtina etməsinin mənfur düşmənin gələcəkdə Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamaq niyyətində olmadığından xəbər verdiyini bildirən hərbi ekspert deyib: "Belə vəziyyət qarşı tərəfin bu məsələdə hüquqi cəhətdən məsuliyyətini də artırır. Ermənistanın bu davranışı ciddi qınağa səbəb olmalıdır. Lakin bu, o demək deyil ki, Ermənistan tərəfinin vermədiyi müvafiq xəritələr minatəmizləmə proseslərinin davam etməsinə hansısa əngəllər törədir. Zaman baxımından bu, daha çox vaxt apara, mülki şəxslərin daha çox xəsarət almasına səbəb ola bilər. Ancaq Azərbaycan bu minatəmizləmə işlərini sürətləndirmək üçün tərəfdaş ölkələrin imkanlarından istifadə edir. Eyni zamanda, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ştat strukturu, Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunlarının mühəndis-istehkam bölmələrinin sayı artırılır. Bununla yanaşı, bu vəzifələri mümkün olan ən qısa müddətdə və təhlükəsiz şəkildə icra etmək üçün Türkiyədən və Avropa ölkələrindən mexaniki minatəmizləmə texnikası və vasitələri ölkəmizə gətirilib”.
Ədalət Verdiyev qeyd edib ki, ərazilərin çoxlu sayda mina və partlamamış hərbi sursatla çirkləndirilməsi nəzərə alınaraq, vətəndaşlarımız həmin ərazilərə dövlətin rəsmi dəvəti və icazəsi olmadan səfər etməməlidirlər. Qeyri-qanuni yollarla həmin ərazilərə səfər edilməsi vətəndaşlarımız üçün ciddi təhlükə törədir. Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onlar üçün ciddi təhlükə olması barədə müvafiq dövlət qurumlarının xəbərdarlıqlar etməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslər minalardan tam təmizlənməmiş sahələrə daxil olmağa çalışırlar. Vətəndaşlarımız ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməlidir. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər.
"Hazırda minatəmizləmə işləri ilə məşğul olan həm Müdafiə Nazirliyinin, həm də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin müvafiq istehkamçıları azad edilmiş ərazilərdə minaların zərərsizləşdirilməsi tədbirlərini fasiləsiz həyata keçirirlər. Böyük Qayıdışın iştirakçısı olaraq bizim hər birimizin işğaldan azad olunan ərazilərə getmək arzularımızın reallaşdırılması həmin istehkamçılardan asılıdır. Bu işdə onlara dəstək olmaq hamımızın borcumuzdur. Əgər partlamamış sursatın aşkarlanması ilə məşğul olan istehkamçılara dəstək verməyə imkanımız çatmırsa, təhlükəli vəzifələrini layiqincə yerinə yetirə bilmələri üçün onlara mane də olmamalıyıq”, - deyə hərbi ekspert vurğulayıb.
Ə.Verdiyev əlavə edib ki, minalanmış ərazilərin xəritəsinin verilməsi texniki məsələdir. Bu, zaman-zaman münaqişə vəziyyətində olan ölkələr arasında yaşanıb. Ancaq Ermənistan bu məsələni də siyasiləşdirib. Azərbaycanın müvafiq qurumları minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən ölkəmizə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Odur ki, mina problemi ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələyə münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər. Bu xarici təsisatlar imicini qorumaq naminə Ermənistana təsir göstərərək xəritələrin Azərbaycana verilməsində maraqlı olmalıdırlar. Amma təəssüf olsun ki, hələ də xəritə verilmir və mina hadisələri nəticəsindən insanlar həlak olur, xəsarət alırlar. Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarında kütləvi şəkildə yerləşdirdiyi minalar mülki insanları öldürür, şikəst edir. Martın 16-da altı mülki şəxsin Ağdamın işğaldan azad edilmiş ərazisindəki qəbiristanlıqda dəfn olunmuş yaxınlarının məzarını ziyarət edərkən piyada əleyhinə minaya düşməsi faktı da buna sübutdur. (Azərtac)
