• cümə, 26 Aprel, 05:28
  • Baku Bakı 16°C

Məqsədyönlü lobbiçilik fəaliyyəti

28.05.13 10:06 2322
Məqsədyönlü lobbiçilik fəaliyyəti
“İnsan Haqları Uğrunda” İctimai Birlik “Qızıl balıq diplomatiyası” adlı hesabat açıqlayıb. Hesabatda 2010-cu ildə bir sıra beynəlxalq və yerli təşkilatların iştirakı ilə formalaşan qrupun antiAzərbaycan fəaliyyəti ilə bağlı ciddi müzakirələrə yol açacaq mülahizələr yer alıb. Hesabatda qeyd edilir ki, Nyu-York müşavirəsində donorlar problemli ölkələr siyahısındakı adların sayını 40-dan 9-a endirməyi qərara alıblar. Problemli ölkələrin siyahısının bu cür kəskin şəkildə ixtisara salınmasının əsas səbəbi bu və digər təşkilatların həmin ölkələrin ictimai həyatındakı iştirakı ilə bağlı idi. Yəni əslində Beynəlxalq tərəfdaşlıq qrupu üzvlərinin təmsil olunmadığı məkana nüfuz etmək qərarı verildi. Müşavirədə hər ölkə üzrə xüsusi fəaliyyət planı işlənib hazırlandı. Bu plan bu və ya digər təşkilatın boyuna o ölkələrdəki prosesləri idarə etmək üçün liderlik rolu da biçirdi. Bir sıra təşkilatlar bu planda iştirak etməkdən çəkindilər. Çünki onlar missiya formatında yox, ikitərəfli əsaslarla işləməyə üstünlük verirdilər. Beləliklə, Azərbaycan üzrə qrupa barəsində hesabatın birinci hissəsində danışılan həmin bədnam təşkilatlar (Bu qrupa Britaniyanın “Article 19” və “İNDEX on Censorship”, ABŞ-ın “Freedom House” və Jurnalistləri Müdafiə Komitəsi, Norveçin “Human Rights House” Fondu, Danimarkanın “Media Diversity İnstitute” təşkilatı, beynəlxalq təşkilatlardan isə “Human Rights Watch”, WAN-İFRA (Beynəlxalq Naşirlər və Redaktorlar Assosiasiyası), İPİ (Ümumdünya Mətbuat İnstitutu), Beynəlxalq Jurnalistlər Federasiyası və “Sərhədsiz reportyorlar”) daxil oldu.
Media ictimaiyyətinə dəstək konsepsiyası
Azərbaycan üçün əvvəllər Meksika, Tunis, Haiti və Liberiya kimi ölkələrdə sınanmış model seçildi. Xatırladaq ki, bütün bu ölkələrdə yerli KİV-ə və media ictimaiyyətinə dəstək konsepsiyası həyata keçirilmişdi.
Azərbaycanı heç də birmənalı reputasiyası olmayan ölkələrin eybəcər siyahısına daxil edən Beynəlxalq tərəfdaşlıq qrupu bu seçimi zamanı cəmiyyətin və hökumətin əməkdaşlıq baxımından nisbətən açıq olması mülahizəsinə əsaslanır, bu cür açıqlığı isə pozitiv nəticə əldə etməyin şərti sayırdı. Beynəlxalq tərəfdaşlıq qrupunun qənaətinə görə, Belarus və ya Özbəkistan kimi ölkələrlə işləmək bəri başdan iflas olmağa məhkumdur, çünki bu ölkələrdə vəziyyətə təsir göstərmək praktiki olaraq mümkün deyil. Yəni buradan belə nəticə hasil olurdu ki, beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq üçün daha əlverişli şəraitə malik olan Azərbaycan Belarus və ya Özbəkistandan fərqli olaraq beynəlxalq səhnədə permanent və müntəzəm hücumlara məruz qalmağa məhkum olmalı idi. Heç bir tənqidə dözməyən həddən artıq əcaib və məntiqsiz arqumentdir.
Məqsədyönlü lobbiçilik fəaliyyəti
Söz yox ki, bir ölkəyə hücumların təşkili, planlı və məqsədyönlü lobbiçilik fəaliyyəti, ölkələrin daxili həyatına fəal müdaxilə, pərdəarxası siyasi oyunlarda iştirak etmək Beynəlxalq tərəfdaşlıq qrupunun vəzifələri sırasına ilk günlərdən daxil deyil. Kopenhagen, Nyu-York və Paris razılaşmalarına əsasən bu qrup öz fəaliyyəti zamanı bir ölkəyə təzyiq göstərmək hüququna sadəcə olaraq malik deyil. Beynəlxalq tərəfdaşlıq qrupu öz missiyası zamanı yalnız “hökumətləri qıcıqlandırmadan və spekulyativ manipulyasiyalara əl atmadan” onlarla fəal dialoq metodundan istifadə edə bilərdi. Qrupun yaradıcıları olan iştirakçıların əldə etdiyi razılıq belə idi.
Rusiya da beynəlxalq monitorinqə məruz qalmalı olan ölkələrin siyahısından məhz buna görə çıxarılmışdı. Çünki Qərb QHT-ləri Rusiya hökuməti ilə dialoqun heç bir perspektivini görmür və “nöqtə diplomatiyası” xəttinə, yəni KİV azadlığı sahəsindəki ən kəskin problemləri vəziyyətə fəal müdaxilə etmədən həll etmək üsuluna üstünlük verirdilər. Beynəlxalq tərəfdaşlıq qrupunun bir sıra digər ölkələrə, o cümlədən Hindistan, İran, Belarus, İtaliyaya münasibətdəki mövqeyi də xeyli ziddiyyətli idi. Tərəfdaşlıq qrupu bütün mövcud alternativlər arasından yalnız Azərbaycanı “münasib” saydı və buradakı vəziyyəti “ifrat” kimi qiymətləndirdi. Elə məhz onun üstünə “qonmağa” qərar verdilər. Düzdür, koalisiya üzvləri məsələnin bu cür qoyuluşu ilə razılaşmırlar. Qeyd edirlər ki, Azərbaycanla yanaşı digər ölkələr üzrə də KİV-in diqqətini cəlb etməmək şərti ilə fəal iş aparılır. Belədirsə onda sual yaranır: yaxşı, bəs Azərbaycana qarşı niyə fəal təbliğat kampaniyası aparılır? Yaxud məsələni başqa cür qoymaq olarmı ki, Azərbaycan kütləvi hücum və basqılardan, lobbiçilik fəaliyyətindən yayına bilsin? Yoxsa burada da İrandakı, yaxud Çindəki sayaq qapalı cəmiyyət yaratmaq lazımdır? Bizim analitiklərin fikrincə, bu seçimdəki məntiq, daha doğrusu, məntiqsizlik Azərbaycanın üzərinə total ideoloji və təbliğati hücumun mütəşəkkil xarakter daşıdığını bir daha əyani şəkildə sübuta yetirir.
Beynəlxalq tərəfdaşlıq qrupunun pulları
Beynəlxalq tərəfdaşlıq qrupunun Azərbaycan üzrə layihəsinə çox orijinal şəkildə, özü də hökumət strukturları səviyyəsində maraq göstərən ilk ölkə Almaniya oldu. Alman hüquq müdafiəçilərinin, o cümlədən Almaniya hökumətinin ən qızğın tənqidçilərindən biri olan Yorq Henzelin verdiyi məlumatlara görə, Almaniya hökuməti Qərb QHT-lərini son illər çox fəal şəkildə maliyyələşdirməyə başlayıb. Məsələn, son üç il ərzində Almaniyanın hökumət mənbələrindən “Amnesty İnternational” beynəlxalq təşkilatının fəaliyyətinin dəstəklənməsinə 1 milyon avrodan çox vəsait ayrılıb. Yeri gəlmişkən, “Amnesty İnternational” təşkilatı Beynəlxalq tərəfdaşlıq qrupunun Azərbaycan üzrə ilk pilot tərkibində təmsil olunmasa da, sonradan bu qurum da Avropa Şurasında iş aparan lobbi qrupunun fəaliyyətinə çox aktiv şəkildə qoşuldu.
Əksər azərbaycanlı ekspertlər “Amnesty İnternational”ın Azərbaycana münasibətdə fəallaşmasının səbəbini Azərbaycanla Almaniya arasındakı münasibətlərdə son illər müşahidə olunan qarşıdurma ilə izah edirlər. Belə ki, müxalif mövqeli ekspert, müxalifətçi “Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın müşahidələrinə görə, “Amnesty İnternational” 2008-ci ilə qədərki dövrdə Azərbaycanda insan haqlarının pozulması problemindən yan keçməyə çalışırdı. X.Bahadır öz məqaləsində yazır: “2005-ci ildə biz Londonda “Amnesty İnternational”ın təşkil etdiyi bir konfransda iştirak edirdik. Azərbaycanda insan haqları probleminə elə təzəcə toxunmaq istəyirdik ki, bu təşkilatın nümayəndələri bizə bunu etməyə sadəcə icazə vermədilər. Bunun səbəbini izah etmək çox çətin oldu. Lakin görünür, bu, onunla bağlı idi ki, “Amnesty İnternational”ın donorlarından biri BP neft şirkətidir. BP isə Azərbaycan hökumətinin tərəfdaşıdır”. Donor dəyişildi. Bu da “Amnesty İnternational”ın Azərbaycanla bağlı aktiv fəaliyyətinə aparan yolu açdı.
Tərəfdaşlıq qrupuna ikinci nəfəs
Beynəlxalq tərəfdaşlıq qrupu ekspertlərinin sözlərinə görə, koalisiyanın fəaliyyətinin ilk mərhələsində çətinlik və uğursuzluqlar olurdu. Belə ki, kifayət qədər maliyyə imkanlarının olmaması qurumun lazımi qaydada fəaliyyət göstərməsinə maneçilik törədirdi. Prosesə cəlb olunmuş təşkilatlar yalnız quru entuziazm əsasında işləmək istəmirdilər. Soros Fondunun ayırdığı pullar qrupun Azərbaycan üzrə fəal işə başlamasına imkan vermirdi. Digər donorlar isə layihələrin maliyyələşdirilməsinə cəlb edilməmişdilər. Ona görə də Azərbaycan KİV-lərinin inkişafı və müdafiəsi istiqamətindəki bu və ya digər strateji plan və layihələr tez-tez kağız üzərində qalırdı. 2010-cu ilin sonlarında vəziyyət o yerə gəlmişdi ki, əksər Qərb QHT-ləri hətta qrupdakı fəaliyyətlərini dayandırmaq barədə düşünürdülər.
Alman hökumətinin xüsusilə də alman deputat K.Ştrasserin siyahısının lobbiləşdirilməsi prosesi çərçivəsində verdiyi strateji dəstək tərəfdaşlıq qrupuna ikinci nəfəs verdi. Qərb QHT-lərinin AŞ PA-dakı alman nümayəndə heyətinin hazırladığı və Angela Merkel hökumətinin lobbiçiliyini etdiyi qətnamə layihəsi ətrafındakı müzakirələr ərəfəsində qəfildən fəallaşması da görünür, elə bununla bağlıdır.
Lobbizmə qədərki və ondan sonrakı tərəfdaşlıq
Beynəlxalq tərəfdaşlıq qrupu öz fəaliyyətinin ilk illərində diqqətini doğrudan da Azərbaycanda ifadə azadlığı ilə bağlı əsas problemlərin həllinə dair iki əsas layihənin həyata keçirilməsinə yönəltmişdi. Söhbət iki hay-küylü və qalmaqallı cinayət prosesindən gedirdi. Bunlar jurnalist Eynulla Fətullayevin və bloqqerlər Emin Milli ilə Adnan Hacızadənin işləri idi. Beynəlxalq tərəfdaşlıq qrupunun üzvləri jurnalist E.Fətullayevin və bloqqerlər E.Milli və A.Hacızadənin hüquqlarını müdafiəsi kampaniyası çərçivəsində müstəqil QHT-lər, hüquq müdafiəçiləri, həmçinin iqtidaryönlü təşkilatlarla çoxsaylı görüşlər keçirdilər. Koalisiya öz missiyasının nəticəsi olaraq xüsusi hesabat və tövsiyələrlə çıxış etdi. Həmin tövsiyələrdə məhbus jurnalistin və bloqqerlərin dərhal azad olunmasına, jurnalistlərin təqib edilməsi, oğurlanması və təzyiqlərə məruz qoyulmasına dair çoxsaylı faktların qərəzsiz və ətraflı şəkildə araşdırılmasına çağırışlar var idi. Tövsiyələrin siyahısına həmçinin diffamasiyanın dekriminallaşdırılması, diffamasiya sahəsində mülki və cinayət qanunvericiliyinin beynəlxalq tələb və standartlara uyğunlaşdırılması məsələləri daxil idi. Missiya Azərbaycan hakimiyyətinə söz və ifadə azadlığı sahəsində islahatlar keçirmək təklifi ilə də müraciət etdi. Müraciətdə o da qeyd olunurdu ki, söz və ifadə azadlığı azad və ədalətli seçkilərin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan hökuməti özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Nyu-York və Paris razılaşmalarının nəticəsi olan və öz əksini Bakı deklarasiyasında tapan bütün bu tələbləri tam şəkildə yerinə yetirdi. Jurnalist E.Fətullayev 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə əfv olundu və cəzasının qalan hissəsini çəkməkdən azad edildi. Bundan əvvəl isə bloqqerlər E.Milli və A.Hacızadə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxmışdılar. Hər üç jurnalist vətəndaş cəmiyyətinə fəal şəkildə inteqrasiya olunaraq öz ictimai fəaliyyətlərini davam etdirirlər.
Öhdəliklərin yerinə yetirilməsi
Hökumət diffamasiya haqqında qanun layihəsini də işləyib hazırladı. Azərbaycan prezidentinin təsdiq etdiyi insan haqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə milli fəaliyyət proqramına uyğun olaraq bu yeni qanun parlament tərəfindən ən yaxın zamanlarda qəbul olunacaq. Bundan əlavə, 2012-ci ilin oktyabrında Ümumdünya İnternet Forumu məhz Azərbaycanda keçirilib. Bu mötəbər tədbir Azərbaycan hökumətinin azad internet imkanlarının təmin edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarını fəal şəkildə inkişaf etdirmək sahəsindəki qəti mövqeyini bir daha sübut etdi. Beynəlxalq və yerli ekspertlərin çoxunun qənaətinə görə, Azərbaycanda azad internetin fəaliyyət göstərməsi təmin olunub. Belə ki, internetdə ifadə azadlığı sahəsində hüdudsuz imkanların yaradılması əhalinin hətta müxalif əhval-ruhiyyəli hissəsinin tənqid və narazılığına səbəb olur.
İnternet istifadəçiləri öz fikirlərini ifadə etdiklərinə və ölkənin siyasi problemləri ətrafındakı diskussiyalarda iştirak etdiklərinə görə heç bir məsuliyyət daşımırlar. Ölkənin narazı (etirazçı) qüvvələrinin konsolidasiyası və birləşməsi üçün başlıca meydan məhz internet və ölkədə çox fəal surətdə inkişaf edən sosial şəbəkələrdir. Müxalifət və cəmiyyətin narazı kəsimi özlərinin fundamental siyasi azadlıqlarından, o cümlədən ifadə azadlığı hüququndan məhz informasiya-kommunikasiya texnologiyaları vasitəsilə istifadə etməklə yararlanır. Hökumətin öz üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəyinin daha bir sübutu 2012-ci ili ölkədə informasiya texnologiyalarının və internetin inkişafı ili elan etmiş prezident İlham Əliyevin bu təşəbbüsüdür.
Beləliklə, Azərbaycan hökuməti Beynəlxalq tərəfdaşlıq qrupunun ölkəmiz qarşısında irəli sürdüyü praktiki olaraq bütün tələbləri yerinə yetirib.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər