"Mən qardaşımın yanında olacağam” ismarıcı
Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyir
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük
tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri
şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən
mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci
ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizə nəticəsində
Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Anadoluda Qazi
Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılanmilli mücadiləyə də azərbaycanlılar
maddi və mənəvi yardım göstəriblər. Azərbaycan Sovet Sosialist Respublikasının
rəhbəri Nəriman Nərimanovun əmri ilə 1921-ci ildən başlayaraq Türkiyəyə qardaş əli
uzadılıb. Bununla da Türkiyədəki Qurtuluş Savaşına (1923-cü il İstiqlaliyyət
Müharibəsi) böyük dəstək verilib. Daha sonralarMustafa Kamal Atatürk N.Nərimanova
bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində Azərbaycan rəhbəri
ona"Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz,
qardaş hər durumda qardaşının əlindən tutar” - deyə cavab göndərib.
Hərtərəfli əlaqələrin
inkişafına geniş yardım
Azərbaycan Sovet İttifaqının tərkibində olduğu
sonrakı illərdə də iki qardaş respublika arasında rəsmi münasibətlər davam
etdirilib. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və
1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri
bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb. Azərbaycan
1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu
tanıyan ilk dövlət məhz Türkiyə olub. Diplomatik münasibətlərin yaradılması iki
ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb. Hər
iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl
addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm
qoymuş Azərbaycanın səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına
geniş yardım göstərib.
Münasibətlərin bu
günü və perspektivləri
Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında,
regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi
və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın
genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən
hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını
təmin edib. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də
Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində
Prezident İlham Əliyev Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub.
Eynilə Türkiyənin dövlət və hökumət başçıları, digər dövlət rəsmiləri dəfələrlə
Azərbaycanda səfərlərdə olublar. Fəxrlə deyə bilərik ki, Mustafa Kamal
Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”
və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri artıq həm Türkiyədə,
həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və
perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Xarici güclərə qarşı
birgə mübarizə
Müasir dövrdə ölkələrimiz arasında əlaqələr Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası səviyyəsində davam etdirilir. Hər
iki dövlət başçısı arasında yüksək səviyyəli şəxsi münasibətlər də mövcuddur.
Bütün bunlardan irəli gələrək, Azərbaycan və Türkiyə dövlətləri, prezidentləri
daim bir-birini dəstəkləyir, müdafiə edir, xarici güclərə qarşı birgə mübarizə
aparırlar. Buna misal olaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyev
2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq
tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan
Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək,
qardaş ölkəni müdafiə edib: "Ermənistan prezidenti burada fürsətdən istifadə edərək
Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında
Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin
niyə bağlı olduğunu deyə bilərəm”.
Milli maraqlar ən
vacib məsələ kimi
Cari ilin 12-14 iyul tarixində Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı sərhəd ərazidə
təxribatlar törətməsi, sərhədlərin toxunulmazlığı barədə beynəlxalq hüququn
prinsiplərini kobud şəkildə pozmasından sonra Türkiyə də eynilə ölkəmizə açıq dəstək
nümayiş etdirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri
Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər bu təxribatın
Ermənistanın boyunu aşdığını əsas gətirərək, bütün hallarda, o cümlədən Dağlıq
Qarabağ münaqişəsinin istənilən yolla həllində Azərbaycana hərtərəfli dəstək
olacaqlarını bəyan ediblər. Bu cür qarşılıqlı dəstəyin davamı olaraq,
sentyabrın 2-də Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi nitq də diqqət çəkir.
İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il
diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu
qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq,
bir daha nümayiş etdirib ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir,
burada qapalı və qaranlıq heç bir məqam ola bilməz.
Yunanıstanın Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana
qarşı fəaliyyət göstərməsindən, hərbi əməkdaşlıq əlaqələrindən narahatlığını
dilə gətirən Prezident İlham Əliyev Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin
mövqeyini qəti şəkildə dəstəklədiyini bəyan edib. Beləliklə, Türkiyə qəti şəkildə
Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanında
olduğunu növbəti dəfə göstərib, qardaş ölkənin mövqeyinə bir daha dəstəyini
nümayiş etdirib.
Azərbaycanda və
Türkiyədə emosiya partlayışı
Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə
olduğunu xatırladan Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi şərhçi
Sahib Alıyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət
dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan
siyasət nümunəsidir: "Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin
olunmuş səfiri Nikolaos Piperiqkosa dedikləri Azərbaycanda və Türkiyədə əsl
emosiya partlayışı yaradıb. Bu, tam anlaşılandır. Çünki çox az hallarda hansısa
bir dövlətin başçısı digərinin təmsilçisiylə görüşdə diplomatik ibarələrə
varmadan ölkəsinin onların düşmən gözündə gördüklərinin yanında olduğunu və
olacağını deyir. Hətta buna bənzər hallar baş verdikdə belə, deyilənlər
kameralar qarşısında səsləndirilmir.Cənab İlham Əliyev isə bunu etdi. Onun
bu açıqlaması vurğuladığımız kimi, böyük emosiya doğursa da, heç də emosional
deyildi. Xarakter baxımından yetərincə səbrliliyi, soyuqqanlılığı ilə fərqlənən,
böyük məktəb keçmiş, təcrübəli bir dövlət adamı kimi Prezident İlham Əliyevə
emosional çıxış, hərəkətlər, ümumiyyətlə yaddır və o, populizmdən uzaqdır”.
"Biz savaşa hazırıq”
Millət vəkili deyib ki, dövlət başçımızın
Yunanıstan səfirinə dedikləri təkcə rəsmi Afinaya qarşı yönəlməyib. Onun
fikrincə, qeyd olunanlar reallığa və ənənəyə dayanır: "Nəyə görə təkcə rəsmi
Afinaya qarşı yönəlməmişdi? Ona görə ki, hazırda həmin görüşdə haqqında söhbət
gedən Şərqi Aralıq dənizi regionunda Türkiyə Yunanıstanla yanaşı, Minsk qrupuna
həmsədrlik edən Fransa və bir çox başqa ölkələrlə də üz-üzədir. Şərqi Aralıq dənizi
regionuna böyük həcmdə qüvvə yeridən və orada İtaliya, Yunanıstan, yunan
Kipriylə birgə hərbi təlimlər keçirən Fransa digər Avropa dövlətlərinə də təzyiq
edərək, Türkiyəyə qarşı sərt mövqe ortaya qoymalarını istəyir.Bildirdiyimiz
kimi, İtaliya təlimlərə qatılsa da, hələlik Fransanın arzuladığı qədər anti-Türkiyə
mövqeyində deyil. Avropanın Almaniya və
İspaniya kimi böyük çəkili dövlətləri isə vəziyyətin danışıqlar yoluyla həllindən
yanadırlar. Belə bir həlledici dönəmdə Azərbaycan Prezidentinin prinsipial
mövqe ortaya qoyması, fikrimcə, İtaliyanın və Avropanın bir çox digər dövlətlərinin
gələcək davranışlarına təsirsiz ötüşməyəcək.Demək ki, cənab İlham Əliyevin
Yunanıstan səfiriylə görüşdə səsləndirdikləri təkcə o ölkəyə yönəlik sözlər deyildi.
Bu, Şərqi Aralıq dənizi regionunda Türkiyəyə qarşı gövdə göstərənlərin hamısına
"Mən qardaşımın yanında olacağam” ismarıcıydı. Bu, həmən dövlətlərə xitabən
"Biz savaşa hazırıq” deyən cənab Ərdoğanı, Türkiyəni Azərbaycanın tək
qoymayacağının ən yüksək səviyyədə və qətiyyətlə vurğulanmasıydı”.
"Bütün məsələlərdə
Türkiyənin yanındayıq”
Millət vəkili bildirib ki,Azərbaycan üçün fərqi
yoxdur, Türkiyə ilə üz-üzə gələn kimidir, forpost Ermənistandır, elə də böyük çəkisi
olmayan Yunanıstanla Rum Kipridir, yoxsa dünyanın ən güclü dövlətləridir. Onun
fikrincə, Azərbaycan bütün hallarda qardaşlarımıza dəstək verməkdən çəkinmir və
çəkinməyəcək: "2014-cü ilin aprelində Praqda "Şərq tərəfdaşlığı” proqramının 5
illiyinə həsr olunan Zirvə görüşündə cənab İlham Əliyevin qardaş ölkəni ittiham
edən Serj Sarkisyanın cavabını verməsi, 2015-ci ildə Rusiyanın sərhəddi keçən hərbi
təyyarəsinin vurulmasından sonra Ankarayla Moskva arasında gərginlik yaranan
zaman digər türk dövlətlərinin tərəddüdlü davranmalarına, daha çox ikincinin
maraqlarına uyğun mövqe sərgiləmələrinə rəğmən, Azərbaycan Prezidentinin səsləndirdiyi
"Biz bütün məsələlərdə Türkiyənin yanındayıq” sözlərini xatırlayanlar yəqin ki,
var. Bunlar göstərir ki, Azərbaycan qardaşlarımıza dəstək verməkdən çəkinmir.
Çünki bu, bir reallıqdır və bu reallığı qanımız, genimiz, soyumuz, keçmişimiz
bizə diqtə edir. Bunu bizə diqətə edən birinci dünya savaşı zamanı Türkiyədəki
qardaşlarımızla çiyin-çiyinə döyüşərək şəhid olan 4 minə qədər azərbaycanlının
ruhudur. Əminəm ki, Yunanıstan səfirini qəbul edərkən verdiyi açıqlaması, ənənəyə
sadiqliyilə cənab Prezident onların müqəddəs ruhlarını bir daha
sevindirdi.Nə deyim, Tanrı uca millətimizi, tarixin bu son dərəcə mürəkkəb
dönəmlərində onun iki dövlətini eyni dövlətmiş kimi yönəldən böyüklərimizi
qorusun”.
Xarici siyasətin məntiqi
nəticəsi
Milli Məclisin Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva bildirib ki, Azərbaycan Şərqi Aralıq dənizində
Türkiyə və Yunanıstan arasında baş verən gərginliklə bağlı rəsmi Ankaranın
haqlı mövqeyini birmənalı dəstəklədiyini elan edən yeganə türk dövlətidir. O
qeyd edib ki, Prezident İlham Əliyevin Yunanıstanın yeni səfirini qəbul edərkən
söylədiyi fikirlərin Türkiyədə də əks-səda verməsi təsadüfi deyil: "Azərbaycan
Prezidenti İlham Əliyev bu görüşdə rəsmi Bakının bir müddət öncə Şərqi Aralıq dənizi
ilə bağlı yaydığı rəsmi bəyanatın şəxsən özünün iradəsi ilə verildiyini elan
etdi. Bu, birbaşa Prezident İlham Əliyevin simasında Azərbaycanın bütün məsələlərdə
Türkiyənin ədalətli mövqeyini birmənalı dəstəklədiyini göstərən olduqca mühüm
faktdır. Azərbaycan artıq regional gücə çevrildiyini, yaxın regionda baş verən
proseslərdən kənarda qalmadığını, milli maraqlarını hər yerdə beynəlxalq
normalara uyğun müdafiə etdiyini göstərir. Bu, əlbəttə ki, Azərbaycan
Prezidentinin apardığı xarici siyasətin məntiqi nəticəsidir”.
Qardaşının gücünə güc
qatan dövlət
Millət vəkili deyib ki, Azərbaycan Prezidentinin səfirlə
bu cür açıq danışması həm də böyük bir siyasi mesaj olmaqla, rəsmi Bakının
hazırkı statusuna da işarədir: "Bildiyiniz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına hazırda Azərbaycan sədrlik edir və Prezident İlham Əliyevin bu mövqeyi
öz simasında açıq şəkildə ifadə etməsinin arxasında TDƏŞ ölkələrinə mesajı da
dayanır. Hesab edirəm ki, bu münasibət, birlik, qardaşlıq mesajı öz ünvanına
çatdı. Eyni zamanda Azərbaycan Prezidenti Türkiyə ilə "bir millət, iki dövlət”
olduğumuzu növbəti dəfə bütün dünyaya elan etdi. Azərbaycan hazırda regionun
nüfuz sahibi olan, iqtisadi baxımdan inkişaf edən, Avropanın enerji təhlükəsizliyində
mövqe tutan və transmilli layihələr həyata keçirən dövlətidir. Şərqi Aralıq dənizində
öz hüquqları uğrunda cəsarətlə mübarizə aparan Türkiyə arxasında iqtisadi və
siyasi söz sahibi olan qardaş dövlətlərin dəstəyi ilə daha da güclüdür. Azərbaycan
qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi. Ümid edirəm
ki, bununla TDƏŞ ölkələri üçün mövqelərini açıq ifadə etmə yolunda bir yaşıl
işıq yandırıldı”.
Rufik İSMAYILOV